Ərtoğrol Cavid: erkən bitmiş
ömür və bitməmiş əlyazmalar
Ərtoğrul
Cavid... Ümummilli Lider Heydər Əliyevin,
"yaratdığı əsərləri Azərbaycan
xalqının milli sərvəti", "gələcək
nəsillər üçün dərslik kitabı"
adlandırdığı, ədəbiyyatımızda əfəndiliyi,
ecazkar sənəti və sənətkar bənzərsizliyi ilə
seçilən Hüseyn Cavid əfəndinin
musiqişünas, filoloq-alim, tərcüməçi və rəssam
oğlu.
Bu adı
yazarkən bu gənc istedadın ömrünü necə kədərli
və faciəli bir sonluqla başa vurduğunu xatırlamamaq, zəngin
fəaliyyətini bu qısa ömrünə böyük bir
ustalıqla sığdırdığına heyrətlənməmək, 24
yaşında bu dünyadan köçüb getməsinə
heyrətlənməmək mümkün deyil.
Ərtoğrolun irsi zəngin olduğu qədər də
rəngarəngdir. Onun əldə olunmuş yazılarında bu qismətin, yarımçıq
ömrün izi hiss olunur. Yazdığı
şeirlər, bəstələdiyi musiqilər, çəkdiyi
rəsmlər onun istedadından xəbər verdiyi kimi, qələminin
hələ tamam-kamal cilalanmadığı-kamilləşmədiyi
illərdə yazdıqları yarımçıq taleyindən
də xəbər verir.
İlk dəfə,
1927-ci ildə, hələ 8 yaşında ikən əlinə
qələm götürən Ərtoğrol 1939-cu ildə, 20
yaşlı gənc ikən "İspan qadının dilindən"
laylanı yazıb. Bu, bir tərəfdən onun
"keçdiyi bu qısa bir zaman içində onun təkamülüdürsə",
digər tərəfdən babası Cavid əfəndi kimi
özünəməxsusluğunun, bənzərsizliyinin və
ədəbiyyata sevgisinin təzahürüdür. Bu sevgi onu 1936-37-ci ildə Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinə gətirmişdi.
Şübhəsiz ki, Ədəbiyyat
Ərtoğrolun sevdiyi, bağlandığı bir fənn
olmuşdu. Bu həvəs onda hələ
orta məktəbdə oxuduğu illərdən
yaranmışdı. Lakin bu sevginin ən
böyük mənbəyi isə sözsüz ki, hər
şeydən öncə babası Cavid əfəndi idi.
Ərtoğrolun ədəbiyyata olan sevgisini onunla birlikdə 3
saylı məktəbdə oxuyan Ətaulla Qasımovun sözləri də
təsdiq edir: "O zamanlar Bakıda ən hörmətli ədəbiyyat
müəllimlərindən olan Əliyar Qarabağlı Ərtoğrulun
xətrini çox istəyirdi. Təkcə onun
Cavidin oğlu olduğu üçün deyil, ədəbiyyata
böyük həvəs, meyl göstərdiyinə görə".
ADPİ-na daxil olduqdan sonra Ərtoğrolun həyatında
yeni mərhələ başlanıb. O, burada təhsil almaqla kifayətlənməmiş,
həmçinin, araşdırmalar aparmış, tərcümələr
etmiş və bədii əsərlər yazmış, rəsmlər
çəkmişdi. Onun ən sıx fəaliyyəti
demək olar ki, tələbəlik illərinə təsadüf
edir. Bu illərdə Ərtoğrul
yaradıcılıqla məşğul olmaqla yanaşı, həm
də güclü mütaliə ilə məşğul olur.
Babası Cavid əfəndi kimi onun da mütaliəsində bir
özünəməxsusluq hiss edilir. "Onun M.F.Axundov adına Dövlət kitabxanasından tələbnamə
ilə aldığı kitablar da bunu təsdiq edir. Məsələn,
onun oxuduğu
kitablardan biri rusca "Teymurləngin
avtobioqrafiyası"dır.
O zamanlar
Azərbaycan ədəbiyyatında adları bu gün də
hörmətlə çəkilən şairlərin Leninə,
Stalinə, kolxoza, pambığa, partiyaya şeirlər həsr
etdiyi bir zamanda, onun babası Cavid əfəndi Əmir Teymurdan
yazırdı. Ərtoğrulun yaşıdlarının isə,
Leninin, Stalinin əsərlərini və ya onlara
yazılanları oxuyub əzbərlədikləri bir zamanda o,
"Teymurləngin avtobioqrafiyası"nı
oxuyurdu. Qəribədir, - deyə düşünürəm,
ancaq məntiqcə bu, heç də qəribə deyil. Hətta bu, belə də olmalı idi, kökdən,
qandan gələn bir şeydi. Babası
kimi milliliyə, tarixi keçmişimizə hörmət və
ehtiram, sevgi onun da tale yazısı kimi alnına
yazılmışdı. Alın yazısını silmək
olmadığı kimi, onların qəlbindəki bu sevgini, bu
vurğunluğu "xalq düşməni" və "xalq
düşməninin oğlu" kəlməsi silib ata bilməmişdi.
Hüseyn Cavid illərlə "Topal
Teymur"da tarixi keçmişi ideallaşdırmaqla
qınandıqdan sonra Ərtoğrolun bu əsərə
münasibəti təsadüf sayıla bilməz. Bu ata və oğul Cavidlərin öz həyatları
bahasına olsa belə, tarixi keçmişimizə iftixar və
qürur mənbəyi kimi baxmasından irəli gəlirdi.
Müəllimləri sarıdan da onun bəxti gətirmişdi.
Ali məktəbdə oxuyarkən Ərtoğrola Azərbaycan
elminin nəhəngləri: M.C.Paşayev, Ə.Sultanlı, C.Xəndan,
M.Cəfər, Ə.Ağayev, F.Qasımzadə, Ə. Dəmirçizadə
kimi ədəbiyyatşünas və dilçilər dərs
demişdi. Onun formalaşmasında müəllimlərinin
də müəyyən təsiri olmuşdur. Lakin hər şeydən əvvəl Ərtoğrol,
Azərbaycan ədəbiyyatına yeni bir ab-hava gətirən
bənzərsiz sənətkarın - Cavid əfəndinin
oğlu idi. Cavid ocağının tərbiyəsini
almışdı.
O,
atasının istedadı sayəsində dolanmırdı, əgər
dolanmaq xatirinə yazsaydı, yəqin ki, nədən və
necə yazacağını bilirdi. Atası sənəti
hər zaman müqəddəs tutmuşdu. Buna görədir
ki, ədəbiyyatşünaslıqda Cavid əfəndi
haqqında belə bir fikir formalaşmışdı: "əqidəsindən
dönməyən", "sənətkar vicdanına xəyanət
etməyən", "böyük ədəbiyyat" naminə
və gələcək uğruna yazan sənətkar. O da Cavid əfəndi kimi, "istedadına görə
xüsusi imtiyaz iddiasında olmayıb, istedadının
gücünü kağıza, kətana, nota...
köçürmək üçün əzablı
axtarışlarda keçən ömür yaşayıb".
Filosof İ.Kanta istinad edən Ərtoğrol dəftərlərindəki
(Pedaqogika dəftəri) qeydlərindən birində yazır:
"Səbr et və özünü saxla. Bu əxlaqın
sonudur. İradə hissə qalib gəlsin".
Və ya: "Hamını öyrən, lakin kimsə səni
öyrənə bilməsin". Maraqlı məntiqdir;
"Hamını öyrən". Ölümündən
bir az əvvəl Naxçıvandan evlərinə
yolladığı məktubda yazdığı "Kimsəyə
salam söyləməyin", "Hamı
yalançı", "həm də etibarsızdır",
- sözləri Ərtoğrulun hamını öyrənməsindən
sonra hasil olmuşdu. Yalnız Ərtoğrol
deyil, Mişkinaz xanım da, Turan xanım da o qorxunc illərdə,
hamını öyrəndilər, "boz üzlər"lə
rastlaşdılar. Amma səbr etdilər,
özlərini, uca şəxsiyyətlərini saxlamağı
bacardılar. İnsanların bir gecədən
sonra necə dəyişdiyini görsələr də,
Ərtoğrol kişilik, Mişkinaz və Turan xanım qadınlıq
ləyaqətlərinə kölgə salınmasına izin
vermədilər.
"Fəlsəfə
və dindən yoğrulmuş bir məhzəb" olan sufizm
Cavid əfəndi kimi, Ərtoğrolu da cəzb edirdi. Bu səbəbdən
"mehriban olmağı və sevməyi prinsipi" sayan
Ərtoğrol, sufizmi və ərəb dilini öyrənməyi
düşünürmüş. Hətta o, "ərəbcə"
dəftərinin son səhifəsində yazmışdı:
"Mehriban olmaq və sevmək mənim prinsipimdir". Şəriətdən
təriqətə, təriqətdən mərifətə qədəm
qoyan Cavid əfəndi "Azər"də yazırdı:
Bir
aşiğəm feyz alarlar,
Məndən
irfan çobanları,
Bir
çobanam qaval çalar,
İnlədərəm vicdanları.
Cavid əfəndinin,
Ərtoğrolun yazdıqları hələ çox zamanlar
vicdanları inlədəcək, əlbəttə, vicdanı
olanları...
Ərtoğrol
sufizmlə
yanaşı, şahmat oynamağı da çox
sevirmiş. Onun bu qədim oyun barəsində
düşündükləri "Şahmat partiyaları dəftərində"
özünün bəzi oyunlarını təhlil edərkən
öz əksin tapır. Yazdıqlarından
belə məlum olur ki, o, şahmatı sadəcə bir oyun
kimi oynamır, oyunun dərin fəlsəfəsinə
varmağa çalışırdı. Şahmat
taxtasına bənzətdiyimiz həyat yollarından sanki necə
keçib getməyi planlaşdırırdı; "Tələsmədən,
fikirləşməyə çalışmalı".
Cavid əfəndi isə, "Azər" poemasının əlyazmasının
son vərəqində yazırdı: "Həyat mütəmadi
şahmatdır". Ata-oğul "həyatın
mütamadi şahmat" olduğunu bilirdilər. Lakin dövr elə dövr idi ki, məhz şahmatdan
baş çıxardan ağıllı başları məhv
edirdi. Mübariz insanlar şahmatı bilməlidirlər.
Baba oğul Cavidlər mübariz insanlar idi.
Mübarizlik, mübarizə aparmaq onların
alın yazısı idi. Alına
yazılanı isə pozmaq olmur.
Əmisi Şeyx Məhəmməd kimi, Ərtoğrolda folklora, xalq xəzinəsinə böyük bir məhəbbət, bağlılıq vardı. O, Xalq artisti Bülbülün rəhbərlik etdiyi Musiqi Elmi Tədqiqat Kabinetində çalışarkən 50-dən artıq folklor nümunəsinə elmi rəy, bəzi el sənətkarlarının dilindən yazıya aldığı çoxlu şeir nümunəsi, nota aldığı çoxlu xalq musiqi örnəkləri, dünya və rus klassik bəstəkarlarının mətnlərinin tərcüməsini etmişdi. Folklor nümunələrinə yazdığı bu rəylərdə Ərtoğrol "milli münasibətlərin həssas bilicisi kimi" diqqəti çəkir (Ərtoğrolun taleyində Ü.Hacıbəylinin də böyük əməyi olmuş, ona problemlərinin həll edilməsində köməklik göstərmişdi). Ərtoğrolun musiqi əsərləri, oyun havaları ilə bağlı rəyləri, "orijinal tədqiqatı xatırladır".
Bu dünyada cəmi 24 il yaşayan Ərtoğral xatirələrdə əbədiyyən yaşamaq haqqı qazanıb. Ərtoğrol Cavidi özünə "Böyük dost və müəllim" adlandıran bibisi Xurşid xanımın nəvəsi Rəşid Fətəliyev xatirələrində yazır ki, "Ərtoğrol, vaxtı ilə 200-dən artıq el havalarını, xalq mahnılarını toplayıb çapa hazırlayıbmış. Əfsus ki, onlar işıq üzü görməyib".
Cavid əfəndinin yaşadığı qorxunc və mürəkkəb zamanı (1920-37) nəzərə alsaq ki, bunu nəzərə almamaq mümkün deyil, Ərtoğrolun yazdıqlarının məlum səbəblərdən bizə gəlib çatmadığı aydın olur. Repressiya qurbanının oğlunun adı, bir çox rəylərdən, çap materiallarından bilərəkdən pozulub çıxarılırmış. Rəşid müəllim daha çox 1938-41-ci illəri əhatə edən xatirələrində yazır: "Ərtoğrolun alicənab və unudulmaz surəti mənim uşaqlığımla sıx bağlıdır. O, anamın dayısı oğludur. Lakin mən Ərtoğrola böyük dost və müəllim kimi baxırdım. Bu dövrdə Ərtoğrol bizə tez-tez gələrdi. Ərtoğrolun hər gəlişi mənim üçün bayram olurdu. Mən əvvəlcədən masa üzərinə rəsm albomu və rəngli qələmləri düzərdim. Ərtoğrol tez və gözəl şəkil çəkirdi. Mən nəfəs almadan, heyranlıqla, ağ vərəqin üzərində dovşan, canavar, ayı və digər heyvanların əmələ gəlməsinə tamaşa edirdim..."
R.Fətəliyev Ərtoğrolla birgə keçirdiyi bazar günlərini, Ərtoğrolun onun üçün şən melodiyalar çalmasını, onu Jül Vernin eyni adlı əsəri üzrə çəkilmiş "Sehirli ada" bədii filminə aparmasını, hər il anadan olan günündə ona çox orijinal "gül dəstəsi" - vəzəri cücərtilərilə örtülmüş butulkanın içərisində qırmızı qızılgül və arxasında təbrik sözləri olan fotoşəkil hədiyyə etməsini (Bu fotoşəkillərin hamısında pişiklər məktəbdə (nəğmə dərsi), əmək zamanı (ayaqqabı təmiri emalatxanası) və futbol meydançasında təsvir olunmuşdur) ağır qüssə və kədərlə xatırlayır. Və bu nəticəyə gəlir ki, bir məşhur latın məsələsində deyildiyi kimi, "həyat qısa, incəsənət əbədidir". Bu sözlər Ərtoğrul Cavidin taleyi və sənətini xarakterizə edir. Ərtoğrolun özündən sonra gələcək nəsillər üçün qoyub-getdiyi irsi əbədidir. Geniş dünyagörüşünə, çoxtərəfli istedada malik olan, hər zaman bizə yadiğar qoyub getdiyi fotoqraflardan bir gənc kimi boylanan Ərtoğrul Cavid haqqında ilk yazının müəllifi, Xalq yazıçısı Anar yazır: "Təbiəti və ruhu ilə şair olub orijinal şeirlər yazan Ə.Cavid, həm də gözəl musiqiçi, tərcüməçi və rəssam idi". Onun çəkdiyi rəsmlərdən biri A.M.Şərifzadə "Şeyx Sənan" rolundadır. Cavid əfəndinin yaradıcılığına dərindən bələd olan Ərtoğrol "Şeyx Sənan" əsərinə opera da yazmaq istəmişdir ki, bu da onun yaşadığı "ömrün maraqlı faktlarındandır". Ərtoğrolun "ömrünün maraqlı faktlarından" biri də onun əsl bir türk övladı olması, qorxmaz və mübarizliyi, nə atasının həbsinə qədər, nə də həbsindən sonra Cavid soyadını dəyişməyib Ərtoğrol Cavid kimi qalmasıdır. Onun haqqında bu sözləri qürur hissi ilə yazırıq. Düşünürük ki, halal olsun Ərtoğrula Cavid əfəndinin (haydı doğrul, ər ol) öyüdü, Mişkinaz xanımın verdiyi tərbiyə. Babasının və anasının verdiklərini acımasız dövran belə ondan ala bilmədi.
Yaşasaydı o, gözəl ədəbiyyatşünas,
musiqişünas, şair-dramaturq, folklorşünas, rəssam
olacaqdı. Yaşasaydı... Amma bir təsəllimiz var ki,
"bu qədim dünyada nə ölüm yeni deyil, nə də
yaşamaq". Bütün "Olum"ların sonu
"ölüm"dür. Lakin kimsə bu ölümün
vaxtını və yerini bilə bilməz. Hər
kəs ona verilən ömrü özünəməxsus
yaşayır. Ərtoğrol, heç bir zaman; nə əvvəl
"babasının (atasının) şöhrətinə
sığınmayıb", nə də sonra "xalq
düşməni"nin oğlu kimi kölgədə qalaraq
yaşamayıb. Atasının ona verdiyi adın
haqqını verib, ər oğlu ər olub. Bu cür
yaşamaq və ölmək əbədiyyətə
qovuşmaqdır - Ərtoğrol Cavid kimi...
Lütviyyə
ƏSGƏRZADƏ
Filologiya
üzrə fəlsəfə doktoru, dosent. AMEA Ədəbiyyat İnstitutu
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.13.