Əcnəbi yazarın hünəri
Son günlərdə "525-ci qəzet"də
Nəsimi ilə bağlı faktlara söykənən, çox
maraqlı iki yazı oxudum: Fəlsəfə elmləri
doktoru Xatirə Quliyevanın "İmadəddin
Nəsimi məqamının
bu günü" məqaləsini və şərqşünas alim,
professor İmamverdi Həmidovun
"Nəsimi haqqında
Suriya aliminin tədqiqatına dair qeydlər" məqaləsini.
Hər iki məqalədə dahi şairimizin həyat və yaradıcılığına
dair qiymətli fikirlər söylənir,
mülahizələr irəli
sürülür.
Xatirə
xanım uzun müddət tədqiqat apararaq ərəb yazarlarının Nəsimiyə
həsr olunan məqalələri ilə
tanış olmuş,
mətbuatda "Nəsimi
və Nəsimi ilinin çağdaş ərəbdilli tədqiqatlarda
əks-sədası" və
"Suriya alimi Əbdülfəttah Rəvvas
Qələçi və
Nəsimi irsi" adlı gərəkli məqalələrlə çıxış
etmişdir.
Bizə məlum olan o idi ki, Nəsiminin
uyuduğu məscidi
Sultan Qansuh əl-Quri təmir etdirib. Sonra isə
hansı hökmdarsa onu bərpa etdirib və həyat yoldaşı dünyasını dəyişəndə
orada basdırmışdır.
Vəssalam. Xatirə Quliyevanın
məqaləsində isə
oxuyuruq: "1501-ci ildə
Sultan (Qansuh əl-Qhuri)
tərəfindən təmir
edilmiş, 1821-ci ildə
qubernator Mustafa Paşa
onu yeniləmiş və həyat yoldaşını bu məsciddə basdırmışdır".
İnsan bir şeyə ürəkdən inananda, ağır zəhmətə
sinə gərəndə
mütləq ürəkaçan
nəticələr hasil
olur.
Məlum
oldu ki, fəlsəfə elmləri
doktoru Xatirə Quliyeva Nəsiminin çağdaş ərəbdilli
mənbələrdə işıqlandırılmasını,
xüsusən də, Nəsimiyə əsərlər
həsr edən Əbdülfəttah Rəvvas
Qələçi haqqında
“Facebook” sosial şəbəkədə məlumat
toplayarkən bir sıra Suriya-Hələb ziyalıları, o şəhərin
rəsmi qurumları,
o cümlədən, Hələb
şəhərinin baş
inşaat mühəndisi
- bu şəhərin
bir çox qəsəbələrinin, tikililərinin
qurucusu, hazırda Səudiyyə Ərəbistanında,
Ər-Riyad şəhərində
layihə rəhbəri
olaraq çalışan
Əbdülrəhman əl-Jasserlə yazışmalar
aparırmış. Həmin
məlumatları isə
belə bir adam - ömrünü
o sahəyə həsr
edən mütəxəssis
verə bilərdi. Xatirə Quliyevanın Əbdülfəttah
Qələçinin həyat
və yaradıcılığı
barədə tədqiqatı
böyük dəyər
kəsb edir.
Tədqiqatçını Əbdülfəttah Qələçinin
"Hələb yaqutu
İmaməddin Nəsimi
(1370-1417). Həyatı,
poeziyası, fəlsəfi
fikirləri" kitabının
taleyi düşündürür.
Filologiya
üzrə fəlsəfə
doktoru Səadət Şıxıyevadan aldığı
məlumata görə,
kitab ölkəmizdə
yalnız akademik Bəkir Nəbiyevdədir.
Burada onu deyim ki,
2008-ci il noyabr ayının 10-17-si arası
Hələb şəhərində
I Beynəlxalq Nəsimi
konfransında iştirak
zamanı (akademik Bəkir Nəbiyev,
professor Teymur Kərimli,
Səadət Şıxıyeva
və bu sətirlərin müəllifi)
həqiqətən də
həmin kitabı akademik Bəkir Nəbiyevə bağışladılar.
Bəkir müəllim
Bakıya qayıdan kimi onu filologiya
üzrə elmlər doktoru, ərəbşünas
alim İmamverdi Həmidova verdi
ki, tədqiqata cəlb etsin. Professor İ.Həmidov həmin kitab əsasında Bakıda keçirilən, Hələb
alimlərinin də iştirak etdiyi II Beynəlxalq Nəsimi konfransında məruzə
ilə çıxış
etdi. Onun qəzetdə çap olunan "Nəsimi haqqında Suriya aliminin tədqiqatına dair qeydlər" məqaləsi (bax:
"525-ci qəzet", 21.09.2019) Əbdülfəttah Qələçinin
həmin əsərinə
həsr olunub.
Akademik Bəkir Nəbiyevin Qələçinin "Hələb
yaqutu İmadəddin Nəsimi. Həyatı, poeziyası, fəlsəfi
fikirləri əsərini
də tədqiqata cəlb etdiyi "Nəsimi kəlamının
işığında" (Bakı, 2009) kitabının
redaktoru və Ön sözün müəllifi olduğumdan
hər iki əsərlə tanışam.
Qələçi xüsusi vurğulayır
ki, Nəsimi şeirlərində Allah sevgisini
tərənnüm edir.
Onun qənaətinə görə,
Nəsiminin təqibə
məruz qalması siyasi baxışlarına
görə baş verib. O, Nəsiminin heç vaxt hökmdarları mədh edən şeirlər yazmadığını da
vurğulayır. Qələçi
əsərində iki
məsələnin üstündə
ayrıca dayanır: Yaxın və Orta Şərq regionunda o zamankı ictimai, siyasi və mədəni durum; Nəsimi şəxsiyyətinin
mürəkkəbliyi və
zənginliyi.
Onu da bilmək böyük əhəmiyyət kəsb edir ki, professor Ə.Qələçi Nəsimiyə "Məlikül-işraq" ("Nur hökmdarı") adlı pyes də həsr edib. Mən bu barədə akademik Bəkir Nəbiyevin redaktoru olduğu, Ön söz yazdığı "Nəsimi haqqında araşdırmalar" (Bakı, "Qarabağ", 2010, s.91-93) kitabımda ətraflı yazmışam. Pyes 2006-cı ildə Hələbdə səhnəyə qoyulub və göstərilib. 1938-ci ildə anadan olan Əbdülfəttah Qələçi bir çox elmi və bədii kitabların müəllifidir.
Nəsiminin yaradıcılığı ilə bağlı Xalq şairi Rəsul Rzanın dəyərli kəlamı vardır: "Bu möhtəşəm əbədi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir".
Nəzərə alsaq
ki, Əbdülfəttah Qələçi
ən kiçik daşına, ən uzaq ulduzuna qədər
dinlə bağlı ölkədə yaşayır və orada hələ də Nəsiminin "kafirlikdə",
"dönüklükdə" suçlu
bilinərək edam edildiyinə inananlar vardır, alim-yazıçının
Nəsimi ilə bağlı təmənnasız əsərlər
yazması ən azı qəhrəmanlıqdır. Bunun üçün gərək Nəsimi kimi dönməz olasan,
hünər göstərəsən. Əbdülfəttah Qələçi
bizə görə belə şəxsiyyətlərdəndir.
Qəzənfər PAŞAYEV
Professor
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.14.