Göy üzündən yağan... Söz
Bu yaxınlarda arxivimə əl gəzdirəndə təxminən otuz il əvvəl qələmə aldığım bir yazı ilə rastlaşdım. Saralıb-solmuş vərəqlər məni xatirələrin qanadına alıb keçmişə apardı...
Ötən əsrin 80-ci illərinin sonları idi. Uzun müddət yaşadığım Ukraynadan Azərbaycana yenicə köçmüşdüm. Tamam başqa bir mühit, yeni insanlar, fərqli həyat tərzi... Darıxırdım. İçimdə qəribə bir tənhalıq hissi var idi. Bakıya heç cür isinişə, uyğunlaşa bilmirdim. Bu şəhər məni sıxırdı...
Tanrının qismətindən, demə, bu şəhərdə Ramiz Rövşən adlı bir şair yaşayırmış və onun "Göy üzü daş saxlamaz" kitabı yenicə işıq üzü görübmüş. Mən o kitabı oxudum və şair təxəyyülünün hüdudsuzluğundan, şair hisslərinin doğmalığından heyrətləndim.
Həmin günlərdə bu kitab dərdimə həmdərd, özümə qardaş, yoluma yoldaş oldu, bu "yad" şəhəri mənə doğmalaşdırdı.
Bu poeziya ilə tanışlığımızın üstündən uzun illər keçib. Mən bu gün də bu doğma şəhərdə çox şeyə o şeirlərin gözü ilə baxıram...
Ramiz Rövşənin şeirləri haqqında nəsə yazmaq, bəlkə, heç lazım da deyil. Gərək bu şeirləri tənhalaşıb şərab kimi içəsən, sonra təsirindən sərxoş olub sayıqlayasan...
... Bir dəfə də gəlmişəmmi?
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam, ölmüşəmmi -
Dünya mənə tanış gəlir.
Ən əvvəl təbiətin, Tanrının yaratdıqlarıdı. İnsanların yaratdıqları sonranın, daha doğrusu, var olanın davamıdı. Amma Ramiz Rövşənin elə şeirləri var ki, oxuyursan, elə bilirsən buna insan əli dəyməyib, onlar insan beyninin məhsulu deyil. Bu şeirləri sanki əsən yel gətirib, yağan yağış yerə endirib, torpaq da cücərdib. Şair də bir körpü - vasitəçi kimi onları bizimlə paylaşır...
İçimin-çölümün yuyulur pası,
Sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
Nə yaxşı ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
Bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
Heç kəs qınamasın, yoldu, nə olar.
Ramiz Rövşən şeirlərinə varlığındakı ruhu daşıya bilir. Şairin ruhunun köklənməsi ilə şeirinin havası, köklənməsi üst-üstə düşür - haradasa eyni bir yolun davamı kimi. Şair ruh adlı görünməzi şeirə çevirir, ona yeni bir ruh və ən əsası - can verir. Sonra bir oxucu kimi bu şeirlərin havası səni vurur və onların vasitəsilə özünü daha içdən dərk edirsən. O şeirlərlə birlikdə elə bil sən də yazılırsan, bütövləşirsən. Məhz buna görə də bu doğma ovqatdan ayrıla bilmirsən...
Bunun dağı-daşı tanış,
Bunun yayı-qışı tanış,
Gözlərimin yaşı tanış,
Dünya mənə tanış gəlir.
Belə insanlara vergili, işıqlı, hətta havalı adamlar deyirlər. O vergini, işığı varlığında idarə edə bilməsən, özündən azad edə bilməsən, əlbəttə ki, havalanarsan. Ramiz Rövşən istedadın ona dediklərini böyük ustalıqla bizlərlə bölüşür, özünün Söz səltənətini yaradır.
İşıqlandım, işıqlandım,
Kiməm, bilmirəm daha.
İşıqlandım, işıqlandım,
Baxın, görünmürəm daha...
və ya
Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür,
Dünya mənə tanış gəlir.
Bəzən şair fəhmin gücünü cilovlaya bilmir və insan düşüncəsi bütün sərhədləri aşıb şüurla təhtəlşüur arasında bir dünya yaradır...
Bu dünya özü də bir ətcə quşdu,
körpəcə, yumruca quşdu bu dünya.
Arvadlı-kişili, itli-pişikli
bir gün görəcəksən uçdu bu dünya...
və ya
Nə yaxşı tapdım özümü,
Böyrümdən keçib-getmədim.
Ardınca bu şeirlərdən olan ayrı-ayrı misralar oxucunun təsəvvüründə zərb-məsələ çevrilir: "Öpüş qayıtmaz yanaqdan, söz qulaqdan dönən deyil", "Ömür bir bulanıq suymuş deməli, ömür azaldıqca durulur adam", "Dünyayla dalaşmaq asanmış demə, çətini dünyayla barışmaq imiş", "Bildim ki, dünyanın yox mənə borcu, mən nə birinciyəm, nə də sonuncu", "Üzməyi öyrənmək gecdi yol dənizə dirənəndə"...
Həmçinin, bu şeirlərin havasından tam fərqli aforizmlər yaranır: "Dünya mənə tanış gəlir", "Burax gedim, ay işığı", "Öldür məni, oynamaram bu toyda", "Ürəyim qaşınar qəmdən", "Qəbrim damır, ağlama", "Nə çəkirsə başım çəkir, bəs niyə qorxur ayağım?", "Qəbrim də yoxdu ki, deyəm, üstünə bir gül dər apar"...
Bu gecə gen dünya mənə darıydı,
Ürəyim sinəmi sancan arıydı...
və ya
Sevincdən
ürəyi atdana-atdana,
Kürəyində
hörüyü atdana-atdana
qaçdı Sona, nə qaçdı!..
yaxud da
Kiridim, tamam kiridim,
Bu qıfılım, bu kilidim,
Örtüldüm qapı kimi.
Gözləmədiyin fikir kələfinin içindən qəfil gözünü açırsan
ki, qəribə qafiyələr yağışına
düşmüsən. Baxırsan
sözlər də mənaca bir-birinə uzaq olan sözlərdi:
"darıydı" - "arıydı", "ürəyi"
- "hörüyü", "kiridim" - "kilidim"
və s. Amma həm də yaxındı. Çünki hamısına Ramiz
Rövşən harmoniyası,
musiqisi hopub.
Bu misralar isə hər bir kişiyə
ən ağır vaxtlarında dayaq ola biləcək
gücdədir:
Dişlərinin arasından ah çəkər,
ah çəkib yerinə girər gecələr.
Hərdən yuxusunda şaqqanaq
çəkər,
hərdən yuxusunda
gülər gecələr.
Diksinib yuxudan qalxar arvadı,
o, elə güldükcə qorxar arvadı,
oyadar,
oyadar,
oyada bilməz,
Axırda hönkürüb ağlar
arvadı.
Ağlamaq səsinə açar
gözünü,
oyana-buyana baxar bu kişi.
Özü də diksinər
öz gülüşündən,
Dişini-dişinə sıxar bu kişi...
və ya
Bu dünyada,
bəlkə, sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.
Ramiz Rövşən dərdin, fəlakətin özünü də qəribə poetik çərçivələrə sala bilir...
Oğulları dava uddu,
Nəvələri şəhər aldı.
Oğulları davanın udması təbiidir, amma şəhərlərin oğulları, nəvələri alması, udması, bəlkə, birincidən də böyük ağrıdır. Şəhər təkcə onları almır, onlarla birlikdə neçə min illərin adət-ənənələrini də içində yox edir.
Bu kitabda Ramiz Rövşənin elə şeirləri də var ki, onlara, necə deyərlər, yaxın düşmək çətin məsələdi. "Ay işığı", "Bulud", "Gəmi", "Bir adayam, qərib ada", "Başı kəsik gözəl kötük", "Qocalıq", "Yaylığını yel aparır", "Ah, bu qızın barmaqları", "İlan balası", "Gəlin açın yumruğumu", "Apar", "Bu qışı da saldım yola", "Tək adam" və s. yalnız oxucunun canına, varlığına hopdurulmaq üçün yazılıb.
Və sonda... nə yaxşı ki təkcə bizim yox, bütün dünyanın şairi olan Ramiz Rövşən Azərbaycanımızın qismətinə düşüb. Deməli, Ramiz Rövşən Tanrının istəkli bəndəsi, Azərbaycan isə Tanrının nəzərində olan məkandı.
1989-cu il
Rüstəm Dastanoğlu
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.11.