Mənim ilk komandirim

 

 

Ömür boyu hər birimizin dilindən "Mənim ilk müəllimim" ifadəsi dəfələrlə səslənir.

Sözsüz ki, insan həyatında çox vacib rolu olan ilk müəllimimiz haqqında bu sözün qürurla, məhəbbətlə söylənilməsi çox xoşdur, ürəkaçan haldır. Mən isə bu yazımda İlk Komandirimdən söz açmaq istəyirəm. Elə bir Komandirdən ki, mən və mənim kimi minlərlə silahdaşım bu sahədə - hərbçi peşəsində məhz onu özümüzə İlk Müəllim bilirik. Sinifdə, auditoriyada dərslərini dinləməsək də, buna fürsətimiz, imkanımız olmasa da! Öz adımdan tam səmimiyyətlə, əminliklə deyə bilərəm ki, hələ lap gənc ikən atıldığım odlu-alovlu cəbhədə, erməni işğalçılara qarşı ölüm-dirim savaşında o, mənim həm ilk Komandirim, həm də qayğıkeş və tələbkar Müəllimim oldu...

1992-ci ilin avqust ayının ortaları idi. Ortakəndin solunda bir arx qədər suyu olan ensiz, dərin dərə üzüyuxarı uzanırdı. Yayın qızmarında hündür ağacların kölgəsi, sıx kolların yaşıllığı və axar suyunun şırıltısı xoş sərinlik verirdi. Gün tamam əyilmişdi.  Şər qarışana qədər çayın sağ sahilindəki Ortakəndlə Kaspet kəndinin ortasında yerləşən "N" yüksəkliyin aşağısına çatmalı idik. Çünki yüksəklikdə ermənilər müdafiə qurmuşdular. Deyilən vədədə nəzərdə tutulan yerdə qərarlaşdıq. Artıq hava da qaralmışdı. Aramıza çökmüş sükutu, - "Babək-44",  "Mən Çayka-19"am, səyyar rabitənin çağırış səsi pozdu (dialoq, o dövrün, şəraitin tələbinə görə, rus dilində xüsusi kodla aparılırdı). Baş leytenant Nazim Əhmədov ləngimədən:

- "Babək-44" eşidir, - deyə cavab verdi.

"Çayka-19":

- Siz deyilən vaxtda tapşırığı yerinə yetirməyə hazırsınızmı?

"Babək-44":

- Bəli, sizin əmrinizi gözləyirik, - dedi.

Rabitə xəttinin o başında olan briqada komandiri polkovnik-leytenant (podpolkovnik) Nəcməddin Sadıkov idi. O, tabora növbəti döyüş tapşırığı vermişdi. Bir aydan çox idi ki, Ağdərə rayon mərkəzi erməni vandallardan təmizlənmişdi. Bu müddət ərzində qarşımızdakı düşmən xeyli möhkəmlənmişdi. Yerləşdikləri mövqelər sanki, alınmaz bir qalaya çevrilmişdi. Azad edəcəyimiz yüksəkliyə günün işıqlı vaxtında yaxın düşmək qeyri-mümkün idi. Yalnız gecə düşəndən sonra düşmən üzərinə getmək olardı. Bizim də hücum əməliyyatımız axşama planlaşdırılmışdı. İlk həmləmiz uğursuz alındı. Düşmən mövqeyində sayıq idi.  Sanki duyuq düşmüşdü, biz gecə hücum edəcəyik.  Nəhayət, briqada komandirinin qətiyyətli təkidi ilə ardıcıl olunan hücumlara düşmən tab gətirmədi və itki verməklə mövqeləri tərk etdi. Düşmənin güclü müqavimətləri ilə qarşılaşaraq  Sərsəng su anbarı boyunca "Turbaza", Ayı heykəlinin yanı və Drmbon kəndinin aşağısına qədər irəlilədik. Bizimlə Tərtər, Goranboy, Bərdə, Xanlar və başqa özünü müdafə taborları döyüşərək irəliləyirdi. İrəlilədikcə daha böyük qələbəyə inamımız artırdı və bu uğurlarımızın başında briqada komandiri Nəcməddin Sadıkovu görürdük. Tabeliyində olan taborları məharətlə idarə edirdi. Bunun nəticəsi idi ki, ordumuz qısa müddətdə Vəngə qədər gedib çıxmışdı. Briqada komandiri qarşımızda duran düşmən haqqında geniş məlumata malik olmaqla onu hansı qoşun növü ilə məhv etmək lazım olduğunu yaxşı bilirdi. Onun qətiyyətli səsini daha çox səyyar rabitə qurğusunda eşidirdik. Verilən əmrlərin icrasına şəxsən nəzarət edirdi. Qəbul etdiyi hər bir qərar məhz buna görə uğurlu alınırdı.

May-iyun aylarında ordumuzun Goranboy əməliyyatından sonra polkovnik-leytenant Nəcməddin Sadıkovun komandanlığı altında növbəti uğurlu hərbi əməliyyat həyata keçirildi. Həmin dövrdə döyüşən komandirlərə xalqda böyük inam vardı. Hətta "Xalq Ordusu" qəzetinin 20 iyun 1992-ci il tarixli xüsusi buraxılışında baş leytenant Etibar Allahverdiyevin "Tədbirli sərkərdə" başlıqlı yazısında deyilirdi: "Qarabağ cəbhəsində dönüş yaradan Goranboy əməliyyatının uğurlu nəticələnməsində briqada komandiri, podpolkovnik Nəcməddin Sadıkovun zəhməti və xidməti xüsusi qiymətləndirilməlidir. Bu bacarıqlı və istedadlı komandirin əməliyyatlara düzgün rəhbərliyi sayəsində Goranboy rayonu quldurlardan büsbütün təmizlənmiş və ümumi qələbəmizə inamlı bir addım atılmışdır".

Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Hafiz Ağamalıyev Sovet dövləti süquta uğradıqdan sonra yenicə müstəqilliyə qovuşmuş Azərbaycanda hərbi xidmətini davam etdirməyə gələn yüzlərlə oğullardan biridir. O, Azərbaycan Ordusunda hərbi xidmətə başladığı ilk günlərini belə xatırlayır:

"1992-ci il fevralın ortaları idi. O vaxtlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyində təcrübəli, peşəkar zabitlərə ehtiyac duyulurdu. Mən də keçmiş Sovetlər Birliyi süqut edəndən sonra doğma Vətənimə qayıtdım. Müdafiə Nazirliyində yenicə xidmətə başlayanda Silahlı Qüvvələrin Baş Qərargahı təzə-təzə formalaşırdı. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, polkovnik-leytenant Şikar Şikarov (Azərbaycanın Milli Qəhrəmanı) idi. Bir gün iş vaxtının bitməsinə yaxın o, məni yanına çağırdı. Dedi ki, mənim xidməti maşınımı götürüb hava limanına gedirsən. Saat 03:00-da Minskdən gələn sərnişin təyyarəsi limana eniş edəcək. Sərnişinlər arasında bir nəfər mayor rütbəli hərbi qulluqçu da olacaq. Onu qarşılayıb Müdafiə Nazirliyinə gətirməlisən. Mən də deyilən vaxtda hava limanında oldum. Təyyarə eniş edəndən bir qədər sonra sərnişinlər arasında səliqəli, gündəlik hərbi geyimdə olan boy-buxunlu qara diplomatlı zabitə yaxınlaşdım və polkovnik-leytenant Şikar Şikarovun əmri ilə onu qarşılamağa gəldiyimi dedim. Salamlaşandan sonra o dedi ki, çox gözəl, gözləyək, təyyarədə yüküm var, gəlsin, götürüb gedək. Qarşıladığım həmin mayor Qarabağ müharibəsində misilsiz xidmətlər göstərmiş, 1992-ci ildə Goranboy - Ağcakənd, Tərtər-Ağdərə istiqamətində hərbi əməliyyatlara rəhbərlik etmiş, hazırda Müdafiə nazirinin birinci müavini -  Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov idi".

Azərbaycan Ordusu yarananda onun ilk əsgərlərindən olmuşam. Hərbi xidmətimizn ilk günlərini Biləcəridə, "Yaşıl şəhərcik"də, daha sonra Stalçayda dənizə yaxın hərbi hissədə hazırlıq dövrümüz keçib. O zaman briqadanın qərargahı  döyüş bölgəsinə, Goranboya köçmüşdü. Taborumuzdan da xeyli zabit, gizir və müddətdən artıq hərbi qulluqçu getmişdi. Bu elə bir dövrə təsadüf edirdi ki, Şuşa yenicə işğal olunmuş, Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar daha geniş xarakter almağa başlanmışdı. O zaman Şikar Şikarovun və Nəcməddin Sadıkovun birgə əməliyyat tədbirləri nəticəsində Goranboy-Ağcakənd əməliyyatı uğurla sona yetmişdi. Qarşıda Ağdərə rayonun azad edilməsi planı vardı. Döyüşlərin birində Tərtər yaxınlığında Torpaqtəpə adlanan ərazidə polkovnik-leytenant Şikar Şikarov düşmənin atdığı mərmidən səngərdə şəhid oldu. Yaxın dostu və silahdaşı Şikar Şikarovun ölümü Nəcməddin Sadıkova olduqca ağır təsir bağışladı. Növbəti döyüş əməliyyatlarına rəhbərlik etmək onun üzərinə düşən ağır yük idi. Tərtərə gələndən sonra Nəcməddin Sadıkova yaxından dəstək verən, onun hər bir döyüş əməliyyatına arxa duran Tərtər rayonun İcra Hakimiyyətinin Başçısı Sərdar Həmidov oldu. Onların o zamankı səmimi, dostluq münasibətləri hər birimizə yaxşı bəllidir. Sərdar Həmidov Tərtərin müdafiəsi üçün könüllü döyüşçülərlə düşmənin bütün hücumlarını dəf etmişdi. İndi isə onun bəxti gətirmişdi, hücum edən düşmənin mövqelərini darmadağın edərək, erməni quldur dəstələri və onlara dəstək verən arxacəbhəni məhv etməklə ərazilərimizi azad etmək üçün bacarıqlı, hərb işini dərindən bilən zabit onun yanında idi. Tərtərə olan düşmən təhlükəsi sovuşmuşdu. 

1993-cü ilin dekabr ayının son günlərində Madagiz kəndinin düşməndən azad edilməsi istiqamətində aparılan hücum əməliyyatı Müdafiə Nazirliyinin məsul şəxsi Nəcməddin Sadıkovun nəzarəti altında həyata keçirildi və əməliyyat uğurla sona yetdi. 1994-cü il aprel ayında düşmənin əsas strateji planı Tərtəri işğal etməklə Ağdam-Bərdə dörd yoluna nəzarəti ələ keçirmək olub. O zaman yenə Nəcməddin Sadıkov Tərtərə gələrək əsas qüvvələri Qapanlı kəndi istiqamətinə cəlb etməklə düşmənin növbəti işğalçılıq planın qarşısını aldı.

General-polkovnik Nəcməddin Sadıkovun vətən qarşısında xidmətlərini, Qarabağ müharibəsində göstərdiyi yüksək sərkərdəlik bacarığını, söz yox ki, bu qısa yazı ilə ifadə etmək çox çətindir. Onun adı hərb tariximizdə görkəmli sərkərdə kimi öz yerini tutub və böyük ehtirama layiqdir.

... İki il əvvəl Baş Qərargah rəisinin əmri ilə növbəti polkovnik-leytenat hərbi rütbəsinin verilməsi haqda əmr oxunanda çox sevindim. Axı, 1992-ci ildə hərbi xidmətə gələndə hərbi hissənin şəxsi heyətin bütün növ təminatlarına məhz Nəcməddin Sadıkovun əmri ilə daxil olmuşam.  Onun vətən qarşısındakı hərbi xidmətləri gözlərimin önünə gəldikcə qürur duydum və sonda bu yazını yazmaq qərarına gəldim. Bu, mənim ürəyimin səsi, həm də ilk komandirimə olan sonsuz minnətdarlığımın yığcam ifadəsidir.

 

Bəxtiyar ƏLİYEV

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.7.