Azərbaycan Dövlət İqtisad Universitetinin "UNEC Extern" Mərkəzi

 

14 Nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə ali təhsil vermək imkanı

 

 

"Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa, daha məqsədəuyğundur".

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradov Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi" mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.

Professor Ədalət Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: "XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər. Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidən hazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər".

Beləliklə, göründüyü kimi, UNEC rektoru Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsini təklif edir. Hansı ki, inkişaf etmiş ölkələrdə bu təhsil formalarından artıq xeyli müddətdir istifadə olunur...

Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə, bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.

Ancaq distant təhsilin mahiyyəti, reallaşdırılması mexanizmləri ilə tanış olduqda görürsən ki, bunu qiyabi təhsillə müqayisə etmək belə düzgün deyil. Hətta bir çox komponentlərinə görə ali təhsilin distant forması əyani formasından belə yüksək əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, yaxın gələcəkdə distant təhsil əyani ali təhsilin alternativi kimi çıxış edə bilər.

Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu, universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini də mümkün edir.

Əlbəttə, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də bunun üçün hər bir şərait yaradılıb.

"UNEC Extern" Mərkəzində distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha mükəmməl infrastruktur yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan "UNEC Ekstern"in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir.

"UNEC Extern"də 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Mərkəz cəmi 14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani və qiyabi formada təhsil vermək üçün ən azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə) ehtiyac var.

Bu isə o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin sayını bir qədər artırmaqla il ərzində 50 min, 60 min, hətta 100 min tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür.

Ancaq təəssüf ki, Azərbaycanda bu qədər üstünlüklərə malik təhsil formasından istifadə olunmur. Distant təhsil "Təhsil haqqında" Qanunda təhsilin bir forması kimi təsbit edilsə də, universitetlərin bundan istifadə edə bilməsi üçün müvafiq mexanizmlər hazırlanıb, qəbul edilməyib.

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə tanınmış ekspert, professor Şahlar Əsgərov  Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab etdiyini, bu ideyanın reallaşdılması üçün hər cür şəraitin mövcud olduğunu deyir: "Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi üçün kifayət qədər baza yaranıb. Yadımdadır, 10-15 il bundan qabaq Azərbaycan məktəblərində 1030 şagirdə bir kompüter düşürdü. İndi hardasa 20-30 şagirdə 1 kompüter düşür. Ölkədə kompüteri olmayan, internetdən istifadə etməyən çox az ailə tapılar. Bu onu göstərir ki, biz informasiya-kommunikasiya texnologiyasından kifayət qədər də yaxşı istifadə edirik. Düzdür, mən internetin Estoniyadakı kimi ya pulsuz, ya da çox ucuz olmasını arzu edərdim. Belə olsa, internet daha kütləvi yayılardı. Ancaq biz bu gün də internetdən ali təhsil bilikləri əldə etmək üçün istifadə edə bilərik. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də nümunəvi şərait yaradılıb. UNEC rektoru, professor Ədalət Muradov Azərbaycanda distant təhsilin tətbiqi üçün böyük və uğurlu işlər görüb. Düzdür, əvvəllər də müxtəlif ziyalılarımız, müəllimlərimiz tərəfindən Azərbaycanda distant təhsildən istifadə edilməsinə çağırışlar olub. Hətta bu məqsədlə qrantlar da alınıb. Amma bunlar epizodik xarakter daşıyıb, real iş görülməyib. Hörmətli Ədalət müəllim isə UNEC-də distant təhsili ən yüksək səviyyədə həyata keçirmək üçün nə lazımdırsa edib. Ona görə də bu məsələni haqlı olaraq gündəmə gətirir. Təbii ki, mən bunu alqışlayıram. Çox böyük işdir". Ş.Əsgərov hazırda distant təhsilin Azərbaycan üçün çox böyük əhəmiyyətinin olduğunu vurğulayıb.

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə tanınmış ekspert Məlahət Mürşüdlü də distant təhsilin tətbiqinin vacib olduğu bildirib: "Bizim "Təhsil haqqında" Qanunda da təhsilin distant formasının həyata keçirilməsi var. Artıq Azərbaycan Universitetlərində distant təhsilə imkan verilməsinin vaxtı çatıb. Hətta mən deyərdim ki, bu sahədə biz qonşu ölkələrin universitetlərindən geri qalırıq. Düşünürəm ki, maddi-texniki bazası imkan verən universitetlərə artıq vaxt itirmədən distant təhsil tədbiq etməyə imkan verilməlidir.

Elə UNEC-in özündə distant təhsil üçün çox zəngin maddi-texniki baza, müasir tələblərə cavab verən ayrıca mərkəz, təhsil studiyaları, savadlı müəllim heyəti mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil formasından istifadə edilsin. Düşünürəm ki, Təhsil Nazirliyi bu istiqamətdə hərəkətə keçməli, distant təhsil tətbiqi üçün müvafiq mexanizmlər hazırlanaraq qəbul edilməlidir".

M.Mürşüdlü də distant təhsilin tətbiqinin çoxlu sayda üstünlüklərinin olduğunu vurğulayıb: "Bu, təhsilin müasir bir formasıdır. Həm ölkə daxilində işləyən gənclərə, maddi vəziyyəti aşağı olan ailələrə ali təhsil almaq imkanının yaradılması, həm də xarici tələbələrin bizim universitetlərə cəlb edilməsi baxımından distant təhsil böyük əhəmiyyət daşıyır. Eyni zamanda, universitetlərin maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək bir təhsil formasıdır. Ümumiyyətlə, müasir dövrdə distant təhsil formasından istifadə etmək bizim gənclərimizin də haqqıdır, hüququdur. Bu hüququ onlara vermək lazımdır. Paytaxtdan uzaqda yaşayan, şəhərə gəlib yaşaya bilməyən gənclərimizin də təhsil almasına şərait yaradılmalıdır".

M.Mürşüdlünün sözlərinə görə, distant təhsil həm ali təhsil alan gənclərin sayını artıracaq, həm də ali təhsilin keyfiyyətini: "Bu, təhsilin yeni bir forması olaraq keyfiyyətin artmasına şərait yaradacaq. Bunun üçün universitetlərdə həm maddi-texniki baza, həm də peşəkar professor-müəllim heyəti yaradılmalıdır. Bu baxımdan UNEC-in distant təhsil üçün tam hazır olduğu qənaətindəyəm. UNEC-də hər bir şərait var".

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də distant təhsilin Azərbaycanda hələ tətbiq edilməməsinin doğru olmadığını bildirir: "Bilirsiniz ki, təhsilin müxtəlif formaları var. Onlardan biri də distant təhsil formasıdır. Təəssüf ki, Azərbaycanda distant təhsil formaları indiyə qədər tətbiq olunmur. Halbuki distant təhsil həm də fasiləsiz təhsilin alətlərindən biridir. Həm bu baxımdan və həm də ümumiyyətlə nəzərə alsaq ki, Azərbaycanda bütünlükdə ali təhsil alan şəxslərin sayı Cənubi Qafqazda ən azdır, distant təhsilin bir an öncə tətbiqinə başlamaq lazımdır...

Bir çox insanımızın hər gün gəlib dərsdə oturmaqla təhsil almağa imkanı yoxdur. Distant təhsil belə insanlara da ali təhsil əldə etmək imkanı verir. Burada əsas məsələ distant təhsili yaxşı təşkil etməkdir. Əgər proses yaxşı təşkil olunarsa, tələbələrin ya virtual, ya da auditoriyalarda birbaşa təhsil almasının heç bir fərqi yoxdur. Distant təhsildə də tələbə müəllimlə bilavasitə ünsiyyətə görə, suallarını verə bilir. Hətta bu zaman əlavə olaraq sualları müəllimə yazılı göndərmək də mümkündür. Məqsəd peşəkar kadr yetişdirmək, təhsil verməkdirsə, tələbənin auditoriyada birbaşa oturmasının və ya virtual olaraq auditoriyaya qoşulmasının heç bir əhəmiyyəti olmamalıdır. Çünki bunlar arasında elə ciddi fərq də yoxdur. Bu baxımdan hesab edirəm ki, müasir təhsilin formaları Azərbaycana da gətirilməlidir, tətbiq olunmalıdır".

Ə.Nuriyevin sözlərinə görə, distant təhsil üçün hazır olan ali məktəblər də var: "UNEC-də çox yaxşı bir imkan yaradılıb, bütün infrastruktur qurulub. Ona görə də, mən hörmətli Ədalət müəllimin fikirlərini tam bölüşürəm. Artıq bu təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir".

Ekspert bir çox məsələlərlə bağlı universitetlərə müstəqilliyin verilməsinin tərəfdarıdır: "Ali məktəblərə yeni təhsil formalarından istifadə etmək müstəqilliyi verilməlidir. Universitetlər gözləməməlidirlər ki, nə vaxtsa qanunvericilikdə dəyişikliklər baş verəcək, ondan sonra hansısa addımları atacaqlar. Mütərəqqi təhsil formalarına sürətli keçid baş verməlidir. Ümumiyyətlə, universitetdə akademik təhsilin təşkiliylə bağlı müstəqillik çox vacib bir məsələdir. Çox təəssüf ki, bu günlərdə Azərbaycan universitetlərində müstəqillik çatışmır. Nə akademik müstəqillik, nə də maliyyə müstəqilliyi təmin olunur. Bunu hələ də görə bilmirik. Mərkəzləşmədən qaçmaq lazımdır. Universitetin hər biri müstəqil təhsil mərkəzinə çevrilməlidir. İnzibati qaydada, bir mərkəzdən onların fəaliyyətini tənzimləməyə ehtiyac yoxdur".

Ə.Nuriyevin sözlərinə görə, informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin müxtəlif formalarının tətbiqi ölkədə ali təhsilin kütləviləşməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə də şərait yaradar: "Odur ki, mən UNEC rektoru, professor Ədalət Muradovun bu istiqamətdə təkliflərini dəstəkləyir və distant təhsilin tətbiqini vacib hesab edirəm. Ümid edirəm ki, müvafiq dövlət strukturları və təhsil ictimaiyyəti də bu ideyanın gerçəkləşməsinə lazımi dəstəyini nümayiş etdirəcəklər".

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.9.