Yuz Aleşkovski - 90
Bu günlərdə məşhur
rus yazıçısı,
şairi, ssenaristi, müəllif mahnılarının
ifaçısı Yuz
Aleşkovskinin (əsl
adı İosif Yefimoviç Aleşkovski)
90 yaşı tamam oldu.
Keşməkeşli həyat sürən, zaman-zaman sovet hakimiyyətinin qəzəbinə tuş gələn yazıçı
"Kış, İkiportfel
və bir həftə", "Kenquru",
"Elektrik qatarına
iki bilet", "Nikolay Nikolaiç" kimi məşhur uşaq ədəbiyyatı
nümunələrinin müəllifidir.
"Karusel", "Moskvada
ölüm", "Kiçik
həbsxana romanı",
"Birə tanqosu"
kimi böyüklər
üçün yazılmış
əsərləri ona
dünya şöhrəti
qazandırıb.
Yuz Aleşkovskinin ssenariləri
əsasında çəkilmiş
"Mənim kəndim",
"Əhvalatlar", "Kış və İkiportfel", "Sənə
nə olub?" və s. bütün yaş kateqoriyalarından olan tamaşaçıların
həmişə maraqla
izlədiyi filmlərdir.
"XX əsrdə rus
ədəbiyyatının aparıcı
simalarından biri"
kimi yazıçı
2001-ci ildə Alman Puşkin mükafatına layiq görülüb. "Kiçik həbsxana romanı"na görə
ona 2011-ci ildə
"Böyük nəsr"
nominasiyası üzrə
"Rus mükafatı"
verilib. Bu, dünya rusdilli yazıçılarının ən prestijli mükafatı sayılır.
1950-ci illərdə Sovet hərbi dəniz donanmasında xidmət edən yazıçı
"nizam-intizamı pozduğuna
görə" dörd
il həbsxana
həyatı yaşamağa
məcbur edilib. Azad edildikdən sonra
tikintidə fəhlə,
sürücü işləyib.
"Metropol" almanaxında
"Həbsxana mahnıları"
dərc etdirdikdən sonra ABŞ-a köçməli
olan Y.Aleşkovski A.Bitov, B.Axmadulina və M.Jvanetski ilə birlikdə məşhur "BaQaJ"
ədəbi birliyini təsis edib.
İ.Brodski onu "dilin Motsartı" adlandırırdı. Onun özünəməxsus
təhkiyəsi, bənzərsiz
üslubu müəllif
mahnılarında da qorunur. Dissident yazarın
"Gün işığı
görmədim", "Molotovun
mahnısı", "Belə
havalarda", "Payız
romansı", "Dəmir
çekist haqqında
mahnı" və s.
kimi onlarla bard nəğməsi hələ
də dillərdən
düşmür.
V.Vısotski, D.Vern kimi məşhur bardların repertuarında yer alan "Böyük
alimsiniz, yoldaş
Stalin..." mahnısı uzun
illər "xalq mahnısı" hasab olunurdu. Xalq mahnısı motivləri
ilə sovet poeziyasına porodiya elementlərini özündə
birləşdirən həmin
mahnının mətnini
diqqətinizə təqdim
edirik.
Etimad BAŞKEÇİD
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.14.