"Suyu axtaran adam"ın müzakirəsi
olub
Əməkdar
elm xadimi, professor Tofiq Məliklinin bu günlərdə
işıq üzü görən yeni kitabı - "Suyu
axtaran adam" əsəri avtobioqrafik
romandır.
"Təknur"
nəşriyyatında çap olunan 384 səhifəlik romanda
bütün əngəllərə, çətinliklərə
baxmayaraq, "oddan qorxmayan suyu", yəni uğuru,
başarını, doğrunu, ədaləti, haqqı axtaran
adamın həyat hekayəsi qələmə alınmaqda, eyni
zamanda, qəhrəmanın yaşamı fonunda 70 illik zaman kəsiminin
real mənzərəsi öz əksini tapır.
Kitab müəllifin "Sözə başlarkən"
adlı ön söz əvəzi yazısı ilə
açılır. Burada T.Məlikli kitabı yazmaq səbəbindən,
avtobioqrafik romanın yaranma ehtiyacından söz açır:
"...mən də, bir çoxları kimi, öz həyat
yolumu, necə yaşadığımı, yenidən
dünyaya gələrsəm, bu yolu təkrarlamaq istəyib-istəmədiyimi,
vicdanımın rahat olub-olmadığını
düşünürəm". Müəllif, davam edərək,
düşüncələrinə aydınlıq gətirir:
"...geriyə yolçuluq edərək, keçən
günlərimi varaqlayaraq, "adam kimi yaşaya bildinmi?"
sualına dürüst cavab verməyə
çalışacağam. Bacaracağammı?
Bilmirəm. Amma
sınayacağam".
"Suyu
axtaran adam" bütünlüklə
"adam kimi yaşaya bildinmi?" sualına cavab axtarır, əslində.
Müəllifin həyat yolçuluğu on iki
bölümdən ibarətdir. Birinci bölüm
"Ot kökü üstə bitər" adlanır ki, burada
yazıçı uzaq keçmişə nəzər
salır. Bölmənin "Soyköküm haqqında
bir neçə söz" adlı
yarımbaşlığında "keçmişini unudan gələcəyini
görə bilməz" - fikrini əsas tutan professor, Hacı
Məlik tayfasının 300 illik tarixindən, ulu babası
Hacı Məliyin Gəncə xanlığındakı
böyük nüfuzundan söz açır, onunla
bağlı maraqlı tarixi əhvalatları
bölüşür. Sözügedən
bölmədə, həmçinin, Tofiq Məliklinin atası
Məlikov Davud Abbasqulu oğlu və anası Məlikova Yamən
İsmayıl qızı da yad edilir. Yazıçı
onları yüksək ehtiram və sevgiylə
xatırlayır, uşaqlıq illərinin ən gözəl
və qayğısız zamanlarına onların xatirələri
qanadında səyahət edir. Əlbəttə,
budəfəki səfərin yol yoldaşı biz oxucularıq.
Bölmənin digər yazılarında nənəsi
Dursun xanımdan, uşaqlığını keçirtdiyi Gəncədən,
gəncliyinin ilk şahidi Bakıdan, unudulmaz tələbəlik
illərindən söz açır. Müəllif o illəri belə
xatırlayır: "Ən parlaq uşaqlıq xatirələrimdən
biri də Novruz bayramıyla bağlıdır. Müharibənin
yenicə bitməsinə, vəziyyətin ağır
olmasına baxmayaraq, hamı bayrama hazırlaşır, evlər
təmizlənir, divarlar boyanır, məcməyidə, ocaq
üstündə paxlavalar bişirilir, küçəmizdə
tonqallar qalanır, üzərindən hoppanılır, məşəllər
yandırılırdı. Bu bayrama ən
çox da uşaqlar sevinirdi, çünki, məhz bu bayramda
onlara təzə paltar alınır və geydirilirdi. Mən
də, təzə paltarımı geyən kimi küçəyə
qaçıb, uşaqlara göstərmək, sevincimi paylaşmaq istəyirdim.
Unutmayaq ki, bizim uşaqlığımız
çox ağır illərdə- çörək növbələrinin,
yoxsulluğun, aclığın hökm sürdüyü bir
vaxtda keçmişdir".
Kitabın ikinci bölməsi "Elmə aparan yol"
adlanır.
Müəllif bu bölməni Konfutsinin məşhur aforizmi ilə
başlayır: "Biliyə, elmə aparan üç yol
vardır: düşünmək, təhlil etmək yolu ən
doğru yoldur, təqlid etmək ən asan yoldur, ən
ağrılı, acılı yol təcrübəyə
dayanan yoldur".
Bu bölmədə yazıçı Moskvada keçən
tələbəlik həyatından, aspirantura illərindən
danışır. O, həmçinin, Aydın Məmmədov, Əkbər
Babayev kimi həyatında və tələbəlik
dövründə iz buraxmış şəxsiyyətlərdən
də söz açır. Əsərdə
müəllifin - qəhrəmanın əsgərliyə
çağırılması, həmin dönəmdə
başına gələn əhvalatlar və "bir
günlük əsgərlik" həyatı da öz əksini
tapır.
Tofiq Məliklinin Moskva xatirələri bir bölmə ilə
yekunlaşacaq kimi görünmür. Onun kimi ünlü bir
alim, pedaqoq və başqa ölkələrdə də
imzası, adı ilə tanınmış ziyalının həyatı
təbii ki, hər zaman xarici ölkələrlə, qürbət
diyarlarla bağlı olacaqdı. Elə də
olur. Həyatının çox uzun
zamanını xarici ölkələrdə keçirən
professor 80-ci illərdə yenidən başlayan aktiv elmi fəaliyyətlə
bir daha Moskvaya üz tutmalı olur. Onun
ikinci Moskva səfəri və buradakı fəaliyyəti
kitabın "Yenə Moskva, yenə qaynar həyat"
adlı dördüncü bölməsində cəmlənib.
Bölmənin digər yarımbaşlıqlarında
Tofiq Məlikli ilk dəfə olaraq poetik
yaradıcılığından da söz açır. "Bir az da
poeziya: "Duyğuların ən gözəli"ndən
"Ayrılıq heykəli"nə" adlı
yazısında o, 1978-ci ildən 2012-ci ilə qədər
uzanan yoldan söz açır. 1978-ci ildə
Türkiyədə işlədiyi vaxt ilk şeirlər
kitabı "Duyğuların ən gözəli" 4500
tirajla çap olunur. Ondan uzun illər sonra
- 2012-ci ildə isə "Ayrılıq heykəli" Tofiq Məliklinin
şair kimi oxucularıyla ikinci görüşünə
çevrilir. İkinci kitabın
qazandığı uğur, rezonan şairin özünü də
yaxşı mənada təəccübləndirir. T.Məlikli
bu haqda yazır: "Hər yazıçı, şair,
yaradıcı adam üçün
yaratdığı əsərə məsləkdaşlarının,
peşəkar ədəbiyyatçıların obyektiv
münasibəti olduqca önəmlidir. Nə gizlədim,
"Ayrılıq heykəli"nin
yaratdığı rezonans mənim üçün də
gözlənilməz oldu. Afaq Şıxlının
"Qürbəti kimsə sevməzdi, Şairlər yazmadan
öncə...", Nəsib Nəbioğlunun
"Bizim də payımıza yazmaq düşüb"
yazıları, Südabə Ağabalayevanın "Ocaq
daşı" essesi yaradıcılığıma mənim
də gözlərimi açan qiymətli əsərlərdir".
Daha sonra müəllif yazıçı Təranə
Vahidin onun kitabı haqqındakı "Doğma
düşüncələr"ini təqdim edir.
Üçüncü bölmə sentimental və bir o qədər
də fərəhli duyğularla zəngindir. Bu bölmə
gənc Tofiq Məliklinin həyatının bəlkə də,
ən önəmli dövrünə - arzularının məmləkəti
Türkiyə ilə ilk görüşə həsr olunub.
Türkiyə ilə tanışlığı İzmirlə
("Salam, gözəl İzmir!") başlayan Tofiq Məliklinin
bu səfəri tarixi bir savaşla qəribə şəkildə
eyni günə təsadüf edir: "Türklərin Kipr
savaşı ilə. Müəllif özü də bunu elə
biz deyən kimi ifadə edir: "Kipr savaşının bizim
Türkiyəyə gəldiyimiz günü başlaması da
qəribə bir təsadüf idi".
Arzularının məmləkətinə növbəti
səfər isə paytaxt Ankaranın adı ilə
bağlıdır. Onun bu səfəri İzmirdə
olduğu kimi, tərcüməçilik fəaliyyəti ilə
əlaqədar olur. Ancaq ondan fərqli
olaraq, daha uzun müddətli, daha fərqli macəralarla zəngin.
Onun Türkiyə ilə bağlı xatirələrinin
qalanını kitabın doqquzuncu və onuncu bölmələrində
oxuyuruq. Doqquzuncu bölmədə yazıçı xatirələrindən
"İstanbullu günlərim" deyə bəhs edir.
Burada o, İstanbul universitetlərində pedaqoji
fəaliyyətindən, qardaş ölkədə Azərbaycanı
tanıtmaq üçün gördükləri işlərdən
söz açır və iki qitəni qovuşduran şəhərdən
"Sən bambaşqasan, gözəl İstanbul" deyə
bəhs edir.
Onuncu bölüm isə bütünlüklə
türkiyəli yazıçılara həsr olunub. Burada müəllif
türkiyəli yazıçı dostlarından Fazil
Hüsnü Dağlarca, Orxan Kamal, Oktay Akbal, Yaşar Kamal, Məlih
Cövdət Andayla olan bir az məzəli,
bir az kövrək, ancaq çox maraqlı və zəngin
bilgiyə sahib xatirələrini bölüşür.
"Suyu
axtaran adam" kitabının beşinci
bölməsində Türkiyənin böyük şairi Nazim
Hikməti yad edir. "Nazim Hikmət Ədəbi İrsi
üzrə Komissiyanın məsul katibi"
başlıqlı bölmədə "Komissiyanın
gördüyü işlər",
"Yaxşılığa yamanlıq", "Nazim Hikmət
və doktor Qalina" adlı yazılar daxil edilib. Sonuncu yazıda Nazim Hikmətlə həkimi və həyat
yoldaşı Qalina Kolesnikova arasındakı sevgidən,
bağlılıqdan, yeddi illik ailə həyatından
danışılır, Qalinanın sevgili ərinə olan sədaqətindən
söz açılır. Bu evlilik Nazimin
Vera adlı gənc qadına aşiq olması ilə
sonlanır. Ancaq humanist və içində
qadın ədaləti, anlayışı daşıyan zərif
ruhlu Qalina Nazimin yeni sevgisini ona bağışlayır.
Tofiq Məlikli söhbətlərinin birində bunu ondan
soruşanda isə belə izah edir: "Nazim dahi şair,
yaradıcı adam idi. Yeni əsərlər
yazması üçün ona yeni həyəcanlar,
duyğular, hətta streslər lazım idi. Mən bunları başa düşürdüm.
Ancaq bir həkim kimi də başa
düşürdüm ki, bu hadisə Nazimin həyatını
qısaldacaq, çünki o, ağır xəstə idi, daim
nəzarətdə olmalıydı". Bu
cavabdan sonra bir daha qadın hissləri qarşısında təslim
olmamaq, onun məhəbbətinə heyran qalmamaq əldə
deyil.
Kitabın altıncı bölümündə Tofiq Məliklinin
"Xaricdə pedaqoji fəaliyyət"i, yeddinci
bölümdə "Sovet Türkoloqlar Komitəsi sədrinin
müavini", səkkizinci bölümdə isə
"Ziyalı borcu"ndan danışılır. Bu bölmələrdə
oxucu müəllifin Venesiya, Strasburq, Türkistan və digər
yerlərdəki uğurlu fəaliyyətindən
danışılır.
"Suyu
axtaran adam" kitabının on birinci
bölümündə Moskva yenidən yad edilir. Burada yazıçı 90-cı ildən sonrakı
Moskva həyatından söz açır. Burada o,
"Moskva "Vəhşi kapitalizm"ə keçid
dövründə", "Moskva Dövlət Linqvistika
Universiteti", "Daha da alovlanan "OCAQ", "Hər
şeydən əvvəl-elm" yazıları ilə
özünün elmi fəaliyyətindən
danışır. Bölmədə, həmçinin,
Tofiq Məlikli "elmi fəaliyyətimi dəyərləndirmək
mənim işim deyil. Bunu bir çox dəyərli
rus, azərbaycanlı, xarici tənqidçilər, yazarlar,
şərqşünaslar daha professional şəkildə
etmişlər" - deyərək, Xalq
yazıçısı Anarın "Altmış beş
yaşlı "Altmışıncı" və türkiyəli
şair Ataol Bəhramoğlunun "Məliklinin "Nazim Hikmət"i"
məqalələrini oxuculara təqdim edir.
Tofiq Məliklinin avtobioqrafik romanı on ikinci
bölümdə "Yenə də Vətən
yaxşıdır..." başlığı ilə,
"Salam, doğma, Bakı" yazısı ilə
tamamlanır.
Uzun müddət vətəndən ayrı qalan, müxtəlif
ölkələrdə, şəhərlərdə elmi,
pedaqoji fəaliyyətlə məşğul olan
yazıçı vətənə qayıtmasının
tarixçəsinə belə başlayır: "Moskva
Dövlət Linqvistika Universitetində Türk dili və mədəniyyəti
bölümünü qurduqdan, bu quruma 20 il rəhbərlik etdikdən
və 70 illik yubileyimdən sonra yavaş-yavaş universitetdəki
vəzifələrimdən ayrılaraq Vətənə
dönməyi və orada sakit bir ortamda elmi işlərimlə
məşğul olmağı planlaşdırmağa
başladım".
"Suyu
axtaran adam"ın axtarışları
bu fikirlərlə tamamlanır: "İnsan oğlu
özünü dərk etdiyi andan etibarən "oddan qorxmayan
suyu", yəni su kimi şəffaflığı, təmizliyi,
dürüstlüyü, haqqı, ədaləti axtarıb
tapmağa çalışır. Rastlaşdığı
bütün çətinliklərə, əngəllərə
baxmayaraq, o, özünə yol edən su kimi, yaşamı
boyunca seçdiyi yoldan, formalaşdırdığı həyat
fəlsəfəsindən uzaqlaşmamağa səy edir və
axtardığı "suyu" tapdığı zaman "bəli,
mən həyatımı adam kimi
yaşadım", - deməyə haqq qazanır".
Və Tofiq Məlikli artıq vətəninə
qayıdır: "Atalarımızın gözəl bir kəlamı
var: "Su hər şeyi təmizlər, üz qarasını
təmizləməz". Uzun illərdən sonra vətənə
qayıdarkən, çalışmalısan ki, üzü
ağ dönəsən".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 27 sentyabr.- S.11.