MƏNİ GÜNAHIMA BAĞIŞLA, ALLAH...

 

Dərdim, bir çiçəyi qəhər eylədim,

Arının balını zəhər eylədim,

Dərdimi kəhərə yəhər eylədim,

Məni günahıma bağışla, Allah!

Gözlər mənə baxdı, mən qaşa baxdım,

Yanaqda yaşaran nəm-yaşa baxdım,

Çox erkən toxundu tən daşa baxtım,

Məni günahıma bağışla, Allah!

İstədim dirçələm yaz gəlib getdi;

Bir gözəl tapınca naz gəlib getdi,

Dost-tanış qapıma az gəlib getdi,

Məni günahıma bağışla, Allah!

Məni yola salan yolu unutdum,

Boynuma sarılan qolu unutdum,

Sağımı qorudum, solu unutdum,

Məni günahıma bağışla, Allah!

Getdi əlimizdən Vətən torpağı,

Geymədim əynimə kəfən torpağı,

Gücüm yox qaytaram gedən torpağı,

Məni günahıma bağışla, Allah!

Əllərim çatmayır paralarına,

Şerimlə duz səpdim yaralarına,

Şəhidlər almadı aralarına,

Məni günahıma bağışla, Allah!

Bağışla, barışım günahlarımla,

Qaynayıb-qarışım ün "ah"larımla,

Onlardan ayrılım uşaqlarımla,

Məni günahıma bağışla, Allah

 

MƏN ÇƏKƏN DƏRDLƏRİ SƏN BARI ÇƏKMƏ...

 

Mən dedim...

sən gəldin...

durdun önümdə,

Gözlərin çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə ün yetməz uzaq kimiydin.

qədər yaxındıq,  o qədər uzaq,

Sarsıldım, duyğulu baxışlarından.

bir qol qaldırdın, açdın qucaq,

Qorxdum, gözlərinin yağışlarından.

Sən ki, bənzəmirdin yada, özgəyə,

Bilirdim, sən məni duyub gəlmisən.

Şeir söylətməyə, söz eşitməyə,

Qəlbinin səsinə uyub gəlmisən.

Görən tapmısan şeirlərimdə,

Onların sevincdən kədəri çoxdu.

Elə sinəmdəki dərdlərimin ,

Qədəri varsa da, hədəri yoxdu .

Daha söyləyim bu payız günü,

Görürsən, yarpaqlar xəzələ dönüb.

Sənə deyəcəyim şeirlər, düzü,

Yaza bilmədiyim qəzələ dönüb.

Mənli hisslərini saxla özündə,

Axı, qəm dəniyəm, qəlbinə əkmə.

Yansam da çatdığın ocaq közündə,

Mən çəkən dərdləri, sən barı çəkmə.

Mən dedim...

sən gəldin...

durdun önümdə,

Gözlərin çağlayan bulaq kimiydin.

Ruhum ovsunlanan bu xoş günümdə,

Sən mənə əlyetməz uzaq kimiydin.

 

ƏLİNCƏ

 

Ürəkdə qan coşar, ilham çağlayar,

Bu qədim qalanı seyrə gəlincə.

Hər kəsi özünə qəlbən bağlayar,

Qurur mənbəyimiz məğrur Əlincə.

O adi dağ deyil, Nəqşicahanın,

Bütövlük, mətinlik, güc simvoludu.

Namərdlər önündə dik tutub başın,

Əyilməzlik rəmzi, haqqın yoludu.

Əlincə ən acgöz, zalım şahları,

Tanrıdan güc alıb, bələyib qana.

Bədniyyət, qaniçən Miranşahları

Qoymayıb illərlə girə qoynuna.

Qalada igidlər döyüş anında,

"Cəngi" səsləndirib, söz söyləyiblər.

Kimin gücü olub hələ canında,

Düşmənin üstünə od ələyiblər.

Burda sipər olub hər daş, hər qaya,

Düşmənin yolunu bağlayıbdılar.

Barıt qarışsa da torpağa, çaya,

Güllər öz ətrini saxlayıbdılar.

Daha qorxusu yox yad qüvvələrdən,

Bu yurda göz dikmək çətinləşibdi.

Bugünkü qayğıdan, saf məhəbbətdən, 

Əlincə daha da mətinləşibdi!

 

DƏRDLƏRİN BELİMİ ƏYDİ, AY VƏTƏN!

 

Mənim nəyim vardı, kənd uşağıydım,

Gəzərdim kədərsiz, dolaşırdım şən.

Elə ki, boy atıb səni tanıdım,

Dərdlərin belimi əydi, ay Vətən!

Bir sinə qədər paralanarmış,

Bir ürək qədər yaralanarmış,

Ana balasından aralanarmış,

Dərdlərin belimi əydi, ay Vətən!

Torpaqdan hədiyyə, pay ola bilməz,

Sivri qılınc dönüb yay ola bilməz,

Sənin taleyinə tay ola bilməz,

Dərdlərin belimi əydi, ay Vətən!

Savaşda güc gələn gücün olmadı,

Boyundan kəsdilər, yarın qalmadı,

Düşmənin çoxaldı, heç azalmadı,

Dərdlərin belimi əydi, ay Vətən!

 

Hər vaxt övladların şir biləklidi,

Hayıf ki, çoxusu var diləklidi,

Qoynun təlatümlü, sərt küləklidi,

Dərdlərin belimi, əydi, ay Vətən!

vaxt igidlərin dinib gələcək,

Sehirli xalçaya minib gələcək,

atın belinə sinib gələcək,

Dərdlərin belimi əydi, ay Vətən!

 

OĞUZ TORPAĞIDIR ÖZÜ KƏRKİNİN

 

Şair dostum Vaqif Məmmədovun "Kərki xəritədən niyə silinib" adlı məqaləsinə cavab

Adı xatırlanmır, dərdi çəkilmir,

Deyilmir dünyada sözü Kərkinin.

Bir nöqtə boyda da şərti çəkilmir,

Yoxdu xəritədə özü Kərkinin.

Yağıya Tejgartək dağı qalıbdı,

Almalı, heyvalı bağı qalıbdı,

Nehrədə çalınan yağı qalıbdı,

Sönüb köksümüzdə odu Kərkinin.

Baxır Sədərəyə, görə bilməyir,

Söyür, söydüyünü söyə bilməyir,

Dizinə, başına döyə bilməyir,

Tutulub hər iki gözü Kərkinin.

Qalıbdı köməksiz yad caynağında,

Çəkir ürək yaxan dad caynağında,

Yaşayır gavurun ad caynağında,

Yamanca tutqundu üzü Kərkinin.

Adına ən gözəl kənd salınsa da,

Hər bir övladına ev alınsa da.

Boyu xəritədən lap salınsa da,

Oğuz torpağıdır özü Kərkinin.

Halı xatırlanmır, dərdi çəkilmir, 

Tarlası şumlanmır, düzü əkilmir,

günah eyləyib, şəkli çəkilmir,

Yoxdu xəritədə sözü Kərkinin.

 

ALIŞA BİLMİRƏM MƏN BU YOLLARA

 

təpədən keçir, dərədən,

körpüdən keçir, bərədən, 

Bir söz eşidirsən burda hərədən ,

Alışa bilmirəm mən bu yollara.

Yenə ərköyünü tumarlayırlar,

Kələ-kötürləri hamarlayırlar,

Yadı da dost kimi qamarlayırlar,

Alışa bilmirəm mən bu yollara.

Həyatda gördüyüm üzlər olubdu,

Dövlətdə var-yoxum sözlər olubdu,

Sərvətim, saf incim gözlər olubdu,

Alışa bilmirəm mən bu "dollara".

Mənim şor payımı qarım veribdi,

Quşların payını darım veribdi.

Evimin balını arım veribdi,

Alışa bilmirəm özgə "bal"lara.

Əlimlə tikdiyim qala varımdı,

Qalada beş qönçə bala varımdı.

Qönçələr bəsləyən ana varımdı,

Yaman alışmışam, vallah, onlara.

 

BU QIŞ XASİYYƏTDƏ MƏNƏ BƏNZƏYİR

 

Bu qış xasiyyətdə mənə bənzəyir.

Üzdə qaşqabaqlı, sözdə soyuqdur.

Dərdli bəndələri görüb inləyir,

Kədərdən sinəsi oyuq-oyuqdur.

Bu qış var-dövlətdə mənə bənzəyir,

Qarı yox, çəni yox yeli əsməyir.

O da mənim kimi aylıq gözləyir,

Neyləsin onun da əli kəsməyir.

Bu qış zərgərlikdə mənə bənzəyir,

Saldı cod saçlara naxışları.

Dilənçi əl açıb manat istəyir,

Cibimdə bağlayır buz baxışları.

Bu qış söz deməkdə mənə bənzəyir,

Atını dördnala çapır düzlərə.

Bilirəm, çoxunun xoşuna gəlmir

Sözümü qırmızı deyim üzlərə.

Bu qış xasiyyətdə mənə bənzəyir,

Onun da öz qəmi, sevinci vardır.

Hamını Novruzlu günə səsləyir,

Şaxtalı ömrünün sonu bahardır.

 

MƏNİ KÖVRƏLDƏCƏK KƏDƏR QALMADI

 

Yaman gileyliyəm özüm-özümdən,

Ürəyim deyənə bəxtim olmadı.

Şəvə saşlarıma ələndi dən,

Məni kövrəldəcək kədər qalmadı.

Elə bir zəmanə yetişib, Allah,

Bar verən ağac da başını əymir.

Torpağa səpdiyim toxumlar, vallah,

Tanrı yağışından sonra göyərmir.

Günəş istəyimə, Ay istəyimə.

Qara pərdəsini tutur bulud da.

Çəkdiyim zəhmətçin pay istəyimə,

Bu həyat verməyir bircə qurut da.

Əzabla yetdiyim qırxıncı qapı,

Yolumun üstündə qurur torunu.

Şeir kitabımın, illərdi çapı

Gözləyir xeyirxah sponsorunu.

Gecəli-gündüzlü nəfəs almadan,

Üyüdür ömrümü dəyirman daşı.

Ehtiyac araya pərtlik salmadan,

Soyudur evimdən dostu, yoldaşı.

Barışa bilmirəm özüm-özümlə,

Həyat qəm ovundan hava çalmayır.

Hər dərdə dözürəm böyük dözümlə,

Məni kövrəldəcək kədər qalmayır.

 

UNUT MƏHİ... MƏNİ UNUT...

 

Baxışların dalğın bulud,

Yanaqların yaşdı, qurut.

Hisslərini ovut, uyut,

Unut məni... Məni unut...

Köksündə qəm çağlasa da,

Kirpiyin nəm bağlasa da,

Qəlbin küsü saxlasa da,

Unut məni... Məni unut...

Mənə gələn yolun bağlı,

Sağın uçrum, solun bağlı,

Əlin açıq, qolun bağlı,

Unut məni... Məni unut...

Qucaqlayıb dizlərini,

Göyə dikmə gözlərini,

Eşid şair sözlərini,

Unut məni... Məni unut...

 

İbrahim YUSİFOĞLU

 

 

525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.23.