Mühacirət dramaturgiyamızda Abay Dağlı yaradıcılığının yeri və rolu

 

 4-cü yazı

 

 

 

Qərb ədəbiyyatında olduğu kimi, Şərq, o cümlədən, Azərbaycan ədəbi xəzinəsində də şərtilikdən, mif və əfsanə motivlərindən, metaforik obrazlardan, rəmzlərdən, cisim-ruh, ağ-qara kimi antonimlərdən istifadə ilə yaradılmış çox sayda nümunələr mövcuddur.

 

Şərti-metaforik üslubda işlənmiş obrazlardan geniş istifadə bir tərəfdən yazıçıya öz təfəkkür və təxəyyül bacarığından gen-bol, azad yararlanmaq imkanı yaradır, digər tərəfdənsə əsərin bədii təsir gücünü və sanbalını artırır, məkan və zaman məhdudiyyətini aradan qaldırır. Mühacirət ədəbiyyatında müşahidə etdiyimiz gizli imzalardan, şərtilik elementlərindən, simvolikadan, rəmzi obraz-lardan istifadə İkinci Dünya Müharibəsindən sonra böyük gücə və imkanlara sahib Sovet kəşfiyyatının təqiblərindən yayınmağa xidmət etməklə yanaşı, "qızıl müstəbidlərə qarşı mücadilənin min bir şəkillərindən biri" kimi də maraq doğurur. Bu ba-xımdan, Azərbaycan mühacirət ədəbiyyatının tanınmış simalarından olan Abay Dağlının zorakılığa söykənən, şəxsiyyətə pərəstişə rəvac verən, insan haqlarını, demokratik dəyərləri sıxışdıran sovet rejiminin ifşasına həsr etdiyi "Əsir ruhlar" tragikomik pyesi diqqəti çəkir. Yeri gəlmişkən qeyd olunmalıdır ki, mühacirət ədəbi irsində bu qəbildən olan bədii publisistik əsərlər yetərincədir. Abay Dağlının "Əsir ruhlar"ı bu mülahizə üçün ciddi əsasdır.

Mühacir ədəbiyyatşünas, sənətşünas, publisist Mustafa Haqqı Türkəqul kitaba yazdığı "Əsərin müəllifi haqqında bir neçə söz" adlı girişdə A.Dağlını "qatı türkçü və istiqlalçı", eyni zamanda, "xocam", "həyatını milli davaya həsr edən mücahid", "yazı mücadiləsində realist, səmimi və cəsur", "qayət mütəvazi, nəfsinə hakim, maddiyyətə nifrət edən, iradəli və ideallarına titizliklə sadiq dost" - deyə təqdim edir və yazır ki, o, Rus imperiyasına qarşı Avropadakı mücadilə həyatında çeşidli janrlarda yazdığı bütün yazılarında daima milliyyətçilk, Azərbaycan istiqlalını və türk xalqlarını əsarəti altına almış Rus imperialistləri ilə savaş davasını savunmuşdur.

Ədibin "Ön söz"ündən məlum olur ki, o, Qərb ədəbiyyatının ruhlardan bəhs edən əsərləri ilə tanışdır. A.Dağlı oxucusuna müraciətlə yazır ki, pyesdəki ruh səhnələri sizə ruhların uzaq ulduzlara səyahətindən bəhs edən fantastik Amerika romanları xatırlatmasın, "bu yazı fantazi filan deyildir... dəmir pərdə içindəki mücadilələri yaxından görüb, təsvir etmək, dəmir pərdə dışında kommunizmə qarşı mücadilənin ən müəssir (təsirli - T.A.) şəkillərindən biridir". "...səhnə hekayəmiz haqqında qənaətlər iyi olursa, onun bir pyes şəklində təkmilləşdirilməsinə" çalışacağını vəd edən A.Dağlının "Əsir ruhlar" əsərinin başlıca ideyası Ana Vətənə, millətə tükənməz məhəbbət hissləri aşılamaq, eyni zamanda, diktatura, repressiyalar, qadağalar, fəlakətlər quruluşuna - sovet rejiminə nifrət hissi oyatmaqdır. Buradaca bir məsələni xüsusi vurğulamaq istərdik. Pyesin ideyası Afərinin təbirincə desək, yalnız "böyük, ən böyük, böyüklərin böyüyü, dahilərin dahisi, bütün dünya proletariyasının başkanı, dünya inqilabının baş generalı, hətta generalismusu, eşsiz öndər, yaman qəhrəman" Stalinin rejiminin antibəşər mahiyyətini göstərmək və ifşa etməyə yox, həm də onun ölümündən sonra da mahiyyət etibarı ilə dəyişməyən, əsərdə "əski hamam bir az badanalmağa (rəngləmək - T.A.), əski tas bir az qalaylanmağa başlayan kimi xarakterizə olunan sovet sisteminin çürüklüyünü bəyan və tənqid etməkdir. Bir təsadüf nəticəsində "əsir ruhlar" diyarından qurtulmağa müvəffəq olan, uzun və əzablı səyahətdən qayıdan Aylanın qardaşına müraciətlə Stalinin ölümündən sonrakı dönəmə işarə ilə dediyi "O qızıl cəhənnəmdə istibdad bir az daha şiddətlənmiş, dəmir pərdə bir az da qalınlaşmışdır" - cümləsi dramaturqun yuxarıdakı niyyətindən xəbər verir. Pyesin əvvəlində isə bacısı Aylanın cismini soyuducuda dondurub ruhunu Azərbaycana göndərməyə hazırlaşan fakültə məzunu Dəmirtaşla bacısı Aylanın dialoqu müəllifin Vətənə və millətə bağlılığını hiss etmək, dəyərləndirmək baxımından maraqlıdır.

Üç pərdədən, "Doğruya doğru uçan bir ruh", "Bir türk ailəsi", "Stalinçi idarəçilər", "Ölüm komediləri","Ruhlar, silahlar və insanlar", "Pərdə önündən bir söz" adlı 6 səhnədən ibarət pyesin qəhrəmanları müxtəlif təbəqələri təmsil edirlər: Bacısı lisə öyrəncisi Aylanın əsir ruhlar diyarına səyahətini həyata keçirən Dəmirtaş fakültə məzunudur, Mübarək İpligillərdənoğlu "dil avarası", istedadsız şair, Mübarək Zingirligillərdənoğlu "siyasət avarası", boşboğaz mühərrirdir. Əsir ruhlar diyarında oxucu Aylanın vasitəsi ilə "nə susaram, nə də cəlladlara müsafir olaram" - deyərək dövrana meydan oxuyan, saz, sənət aşiqi Daşdəmirin ailəsi ilə tanış olur. Daşdəmirin oğlu Xanoğlan hərəkət və danışıqları ilə əvvəlcə mənsəbpərəst, qəddar və qorxaq insan təəssüratı oyadır. Hadisələrin gedişi göstərir ki. əslində, o, belə deyildir və sistemin əleyhdarlarındandır. Aylanın əsirlər diyarında ilk qarşılaşdığı Daşdəmirin məktəbli qızı Afərindir. O, aşiq olduğu və xalq düşməni adı ilə güllələndiyi zənn etdiyi öyrətməninin intiqamını almaq niyyətindədir. Hər fürsətdə günahsız insanları xilas etməyə çalışan, satqın və simasızları neştərli ifadələrlə, acı, istehzalı, kinayəli atmacalarla nifrətini büruzə verən İxtiyar katib pyesin işıqlı obrazlarındandır. Yuxarıdan gələn bütün tapşırıqlara qəddarcasına, kor-koranə, qul zehniyyəti ilə əməl etməyə çalışan partiya, hökumət nümayəndəsi Savalan, əvvəllər çoban işləmiş, bir təsadüflə muxtar olduqdan sonra simasız, lovğa, təkəbbürlü və satqın kimi yadda qalan Dadaş, hər yerdə "xalq düşmənləri" ovu ilə məşğul olan partiya müfəttişi Qançuk Stalin üsul-idarəsinin yerlərdə icraçılarıdır. Bu tiplərin məhdud, dayaz düşüncəsi, cılız mənəviyyatı, həmçinin, günahsız insanlara münasibətində qəddar və amansız hərəkətləri oxucuda ikrah hissi doğurur.

"Əsir ruhlar" mühacirət irsində sovet rejimini, Stalin istibdadını, onun buxovlarını qamçılayan, dövrün hadisələrini, həqiqətlərini əks etdirən pyes kimi maraq doğurur, diqqəti cəlb edir. Vətən sevgisi, milli duyğular, türkçülük düşüncələri, bəşəri ideallar əsərin ruhuna hakimdir. Pyes ideya-məzmun baxımından müasir, aktual və əhəmiyyətlidir. Bütün müsbət məziyyətləri ilə yanaşı qeyd olunmalıdır ki, əsər sənət və sənətkarlıq nöqteyi-nəzərindən müəyyən tənqidi mülahizələr üçün predmet ola bilər: bir sıra epizodik obrazlar, məsələn, Mübarək İpligillərdənoğlu, Mübarək Zingirligillərdənoğlu kimi obrazlar mövzuya yamaq təsiri bağışlayır; çox ciddi problemdən bəhs edən səhnələrdə müəllifin qəfildən komik səhnələr, dialoqlar, situasiyalar yaratmaq cəhdi, istəyi (xüsusən "Qançuk" adı ilə bağlı məqamlar) yersiz və süni görünür; müəllifin macəraçılıqdan xilas ola bilməməsi əsərin realizminə və bədii dəyərinə qismən də olsa kölgə salır; A.Dağlının dramatik xarakter yaratmaq bacarığının hələ püxtələşməməsi əsərdə bədii ümumiləşdirmə probleminə də təsirsiz ötüşməmişdir.

Abay Dağlı maraqlı, mürəkkəb və zəngin bir yaradıcılıq yolu keçmişdir. Mövzu, ideyasına görə onun yaradıcılığını iki mərhələyə bölmək olar: mühacirətə qədərki və mühacirət dövrü. Mühacirətə qədərki mərhələni ilk qələm təcrübələri, sovet həyat və yaşayış tərzi ilə bağlı məqalələr, Azərbaycan və dünya klassiklərinin irsi ilə əlaqədar ümumi məlumat səciyyəli yazılar, şeirlər, mənzum əsərlər və s. təşkil edir. Salman Mümtaz adına Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin (MDƏİA) direktoru Maarif Teymurun tərtib etdiyi "Səslərəm səni" adlı kitabda Abay Dağlının şeirləri və ədəbi-tənqidi məqalələrinin bir hissəsi toplanılmışdır. Kitabda verilən poeziya nümunələri əsasən doğma el-obanın, Şuşanın, ana təbiətin füsunkar gözəlliyinin, saf, təmiz məhəbbətin, gözəllərin vəsfinə, məqalələr isə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığına həsr olunmuşdur.

Abay Dağlının mühacirət dövrü yaradıcılığı həm sənətkarlıq, həm də mövzu-ideya baxımından kəskin fərqlənir. Böyük Vətən Müharibəsi illərində qələmə aldığı bir sıra poeziya nümunələri milli legionun mətbu orqanında - "Azərbaycan" qəzetində dərc edilmişdir. Onlardan bəziləri ("Novruz", "Azəri türküsü", "Abbas Mirzə səslənərkən", "Azərbaycan", "Ay-ulduz əfsanəsi", "Yoxdur" və s.) Məmməd Cəfərlinin "Azərbaycan legion ədəbiyyatı" kitabında öz əksini tapmışdır.

Abay Dağlı ədəbi irsinin diqqətçəkən nümunələrindən biri olan "Okullular" pyesinə müraciətimiz dramaturqun yaradıcılığını konkret nümunələr əsasında, müasir dünyanı öz ağuşuna almış qloballaşma aspektində araşdırılması məqsədi daşıyır.

Başlanğıcını orta əsrlərdən götürən, XX əsrin sonu, XXI əsrin əvvəllərindən geniş vüsət alan, sürətlənən, bəzən milli-mənəvi dəyərlərin bəlası kimi təqdim olunan qloballaşma müasir, modern texnologiyanın sayəsində cəmiyyət həyatının ən müxtəlif sahələrini bürüyən, hər cür milli, dini, regional sədləri, sərhədləri dəf edərək iqtisadiyyatı, ictimai-siyasi hadisələri, axınları, cərəyanları, ideologiyaları bir məcraya yönəldən tarixi prosesdir. Obrazlı desək, qloballaşma bir tərəfdən şirin su kanalları kimi torpağa can verir, iqtisadiyyatı, ona bağlı sahələri dirçəldirsə, digər tərəfdən kükrəyən dağ çayı kimi təbiətin və bəşər övladının əli və əqli ilə yaranan nemətlərin bir qismini məhv edir, dağıdır, viran qoyur. Hələ çar Rusiyası dövründə imperiya ərazisindəki müsəlman bacı-qardaşlarını tərəqqiyə, elmə, Avropa mədəniyyətinə sahib olmağa səsləyən maarifçilər öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi də unutmamağı tövsiyə edirdilər. Qərb həyat, təfəkkür tərzinə daha dərindən nüfuz etdikcə, bələd olduqca böyük maarifçi, naşir, redaktor, irsi və şəxsi həyatı ilə Azərbaycana bağlı İsmayıl Qaspiralının Avropa mədəniyyəti adı altında digər xalqlara insan haqları, yaxud vicdan azadlığı adı altında inteqrasiyasına, belə demək mümkünsə, bir sıra əxlaqdan kənar xüsusiyyətlərin sırınmasına, transferinə qarşı çıxmış, bədii və publisistik əsərləri ilə bu prosesə qarşı kəskin mübarizə aparmışdır. Bədii əsəri "Firəngistan məktubları"nda "Bu gün Avropadan geri qalmış millətlər Avropanı müəllim və xoca tutmalıdırsa da, Avropanın qüsurlarından, xətalarından ibrət alıb bundan daha səadətli yaşam tərzi qurmağa səy göstərmələri daha ziyadə vacibdir" - yazan İ.Qaspiralı "Avropa mədəniyyətinə bir nəzər" adlı publisistik əsərində qeyd edir ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!" Qloballaşmanın təcavüzünə məruz qalan milli-mənəvi dəyərlər, adət-ənənələr hər kəsi düşündürən ciddi problemlərdir. Bu baxımdan, Abay Dağlının "Okullular" pyesini dramaturqun "SOS" siqnalı, fəryadı kimi də qəbul etmək olar.

"Okullular" pyesini Abay Dağlı 1963-cü ildə yazmış, İstanbulda nəşr etdirmişdir. 3 pərdədən, 9 səhnədən ibarət əsərin mövzusu Türkiyə məktəblilərinin həyatından götürülmüşdür. Pyesin qəhrəmanları məktəblilər - Gülsər, Gülsərən, Yavuz, Yılmaz, Erol, Birol, Gürşad, Murad, eləcə də Lisey müdiri, Müəllimə, Məmur qız, Kasıb ana, Zəngin ata, Xadimə və kütləvi səhnələrin iştirakçıları - rəqqaslar, kitab alan məktəblilərdir. Yeri gəlmişkən bir məqama diqqət yetirilməlidir. Abay Dağlı ixtisas etibarı ilə pedaqoq olmuş, xeyli müddət Azərbaycan və Türkiyə məktəblərində dərs demişdir. O, məktəb mühitinə, müəllim-şagird-valideyn münasibətlərinə dərindən bələd olmuşdur. Müəllifin pyesə giriş əvəzi yazdığı ön sözdən də bu qənaətə gəlmək olar. "Məktəblər üçün seçilən pyeslərin həm məktəb, həm müəllim, həm də şagird və onların valideynləri ilə bağlı olması hər bir təhsil işçisinin dilədiyidir" - yazan Abay Dağlı qeyd edir ki, bu mövzuda əsərlər çox azdır və bu pyes, öz dünyamızdan, sırf məktəb həyatından götürülmüşdür. Əsərin müəllifi məqsədini belə bəyan edir: pis örnəkləri göstərib, yaxşı nəticələrə nail olmaq və bir yardımçı dərs kitabı kimi müəllim-şagird-valideyn üçlüyünə xitab etmək!

 

 

Abid TAHİRLİ

 

525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.20.