Mürşid ilə mürid
Bir sədaqətli mürid öz mürşidini görmək
üçün onun xanimanına gəlir, qapını
döyür.
İçəridən mürşidi soruşur: Kimdir? Müridi adını söyləyir. Mürşid qapını açmır, mürid bir
də döyür.
Mürşid yenə soruşur, mürid yenə
adını söyləyir. Fəqət
mürşid yenə qapını açmır.
Ağıllı mürid fikirləşir: Nəyi səhv edirəm?
Üçüncü dəfə qapını döyür,
kimsən sualını eşidəndə deyir: Mən sənəm.
Onda mürşid qapını açır.
Bu olay sufizmdə - hürufizmdə mürşid
və mürid münasibətlərini dəqiq ifadə edir.
Nəsimi yazıb:
Elmi-hikmətdən
bilirsən bir bəri gəl, ey həkim,
Sən Nəsimi
məntiqindən dinlə Fəzlüllahı gör!
Nəsimi məntiqi ilə danışan Fəzlullahdır. Nəsimidə
Fəzlullah görməsən, onu başa düşə bilə
bilməzsən. Biz də bu yazıda Nəsimi
poeziyasında Fərzullahı görməyə
çalışacağıq, yoxsa Nəsimi barəsində
yazdıqlarımız yarımçıq qalar.
Nəsimi
poeziyasının görkəmli Azərbaycan alimi, hürufizm
nəzəriyyəsinin banisi, "Cavidannamə", "Məhəbbətnamə", "Növmnamə", "Vəsiyyətnamə"
traktatlarının müəllifi Təbrizli Fəzlullah Nəimi
Nəsimi poeziyasından "Fəzli həq" kimi daxil olur.
Quranı, Allahı tanıyıb, müqəddəs
tutsa da, böyük hürufi şair Nəsimi (və digər
hürufilər) üçün Fəzl həq idi. "Məndə sığar iki cahan, mən bu cahana
sığmazam" deyən cahana sığmayan, filosof,
şairin iki cahanda da pənahı, istinadgahı Fəzlullah
idi.
Sultandır
iki cahanda şol kim,
Fəzli-həq
ola anın pənahı.
Nəsimi iki cahanda sultan olmasına görə Nəimiyə
borcludur. Ümumən, hürufilər, xüsusən Nəsimi
bu cahanda göründüyü kimi
yaşamadığını yalnız Fəzli həq ilə
vəhdətdə mövcud olduğunu söyləyir. O,
Fəzli həqi də Allahla bağlı olduğu
üçün qüdrətli hesab edir, şairə görə
o, həqqin Fəzlidir:
Fəzlinə
bel bağladım, ya vahidü fərdü Əhəd!
Cümlənin
məbudi sənsən daima heyyül-əbəd!
Oxuram
ismində "bismillahir-rəhmanir-rəhim",
Ey sifatindir sifati - "qül hüvəllahü-əhəd".
Nəsimi şeirində "Quran" surə və ayələri
məhz Fəzli həqin timsalı kimi verilir. Buna görə
də Nəsimi özünü Fəzlin eyni hesab edir.
Ən
azı:
Ey Nəsimi,
çün rəfiqin Fəzl imiş, yəni ilah,
Lütf ilə qəhr oldu vahid, həm həbib oldu rəqib.
Nəsimi poeziyasında Fəzli həq obrazının fəlsəfi
gücü və poetik gözəlliyi bundadır ki, o, tədricən
şairin lirik məninə çevrilir, onun estetik
konsepsiyasında həlledici yer tutur.
Nəsimi
ilahi gözəlliyə də, gözələ də, canana
da Fəzlin mənəvi prizmasından nəzər salır,
onu ilahi varlığının timsalı kimi qəbul edir və
deyir:
Favü
zadü lamdır Fəzli-ilah,
Fəzlinə qurban edəlim canımız.
Şairin-mürşidin Fəzli-həqə - müridə
çevirməsi haqqa qovuşmaq məqamı kimi tərənnüm
olunur. Buna poetik vəcd məqamı kimi də baxmaq olar.
Hər bir hürufi üçün, ələlxüsus da
hürufizmin lideri olan Nəsimi üçün Fəzlullaşmaq
ali vəhdət məqamıdır.
Nəsimi
poeziyasında Fəzli-həq, nuri həqlə parallel işlədilir,
ona bərabər tutulur:
Adım Nəsimidir,
bu gün oldum kəlami-natiq uş,
Həm ayinə, həm nuri-həq, həm Fəzli-yəzdan
olmuşam.
Nəsimi poeziyasında özünüdərk aktı Fəzli
dərk prosesi ilə reallaşır və bu vəhdət rəmzlənir. Mövlana Cəlaləddin
Rumi deyir: "Onu bil ki, biz bu görünən bədəndən
ibarət deyilik. Biz bu bədəndən
savayı, Allah ilə bərabər yaşayırıq".
Belə bir duyum və deyim tərzi əksər
orta əsrlər mütəfəkkirləri, xüsusən də
sufilər və hürufilər üçün səciyyəvidir.
Allahı həmişə öz yanında görmək,
onunla birgə (vəhdətdə!) olmaq, İslamın
mövcud olduğu bütün areallarda rast gəlinən mənəvi
keyfiyyətdir.
Nəsimi poeziyasında ilahi ilə bərabər, Fəzli-həq
də bir mənəvi xilaskar, ilahi qüvvə kimi
mühüm yer tutur:
Natiq oldu
cümlə əşya Fəzli-həqdən aşikar,
Rəbbəna, ətməm ləna nurən təali
filcinan.
Çün
Nəsimi zülfü xalından oxur ümmül-kitab,
Kaşifi-əsrar olubdur ol zi Fəzli-müstəan.
Nəsimi yaradıcılığında Fəzli-həq
ilə bərabər Fəzli-ilahi də işlədilir. Hansı formada işlənməsindən
asılı olmayaraq dahi şair böyük Allahı uca tutur,
Quranı əsas kitabımız hesab edir:
Hüsnünə
səcdə qılmayana sənin,
Həq
dedi adını ki, şeytandır.
Əyyuhənnas
əlləməl-Quran,
Üzü təfsirdir, bu, Qurandır.
Nəsimi poeziyasının məxrəci "Ənəl-həq"
təliminin sübut etməkdir. Bunun üçün şair öz
mürşidi Fəzlullahın obrazından istifadə edir, nəticədə
belə bir düstur yaranır: "Ənəl-həq=Fəzil-həq".
Və bunun ardınca "Həq mənəm, həq
məndədir, həq söylərəm" həqiqəti gəlir.
Fəzlullahın gücü bunda idi ki, onda
Allahın nuru və kəlamı vəhdətdə idi.
O, hürufilər üçün canlı "Ənəl-həq"
idi və onlar Fəzil-həqə səcdə edirlər. Nəsimi
bir neçə yerdə özünü Günəşə,
Aya bənzədir:
Şəhd
ilə həm şəkər mənəm, şəms mənəm,
qəmər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana
sığmazam.
Tir mənəm,
kaman mənəm, pir mənəm, cavan mənəm,
Dövləti-cavidan mənəm, ayinədana
sığmazam.
Gərçi
bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Məndən
uludur ayətim, ayətə, şana
sığmazam.
Başqa
bir qəzəlində isə filosof-şair inamla belə
yazır:
Bir
günəşdir Nəsimi kim, anın
Neçələr zərrəsinə həsrətdir.
Ümumiyyətlə, Nəsiminin bənzətmələrində
"Ənəl-həq"in açımı əsas yer
tutur. Məsələn,
"Mən həqqə məkan, məkan mənəm mən",
"Zərrə mənəm, günəş mənəm",
"Nəzmi Nəsimi yəqin Allahü nurin şərhidir",
"Həqqin kəlamı məndədir, sanma mən həqdən
uzaq" və s.
Və bu
kontekstdə də Nəsimi Fəzlullah bütün ali sifətlərin
daşıyıcısı, haqqın sevimlisi və bəşəri-kamil
Fəzli-həq hesab edirdi.
Nunü
eynin həq kitabıdır, vəli
Surətin nəqşidürür Quranımız.
Eynilə də şair gözəlin hüsnünü həq
kəlamının təsviri olan müqəddəs kitab hesab
edirdi. Bütün bunlar "Qorxdular həq deməyə,
döndülər insan dedilər" deyilən
varlığın Allahın əmanəti olan ruhun
daşıyıcısı, Allahınən qiymətli əmanət
kimi etibar etdiyi insanın vəslinə xidmət edirdi ki, belə
insanlardan seçilən biri də dönməz iradə sahibi,
idrak simvolu Fəzlullah Nəimi idi. Nəsimi
öz poeziyasında ona əbədiyyət heykəli qoyub.
Can necə
tərk eyləsin, ey can, səni,
Çünki
canın canısan, ey canımız!
Pərdə
üzündən götür, ey surətin
Fəzli-ilahi ilə rəhmanımız.
Nəsimi poeziyasında Fəzli-həq artıq burada Fəzl
ilahi formasında çıxış edir. Beləliklə,
hürufi şair öz ustadının mürşidinə
Allahdan sonra ikinci ilahi hesab edir. Bu, sufizmdə
cəhd olunan haqqa qovuşmaq yolununun hürufizdə sadələşmiş
forması idi. Sufilər Allaha qovuşmaq
üçün bir neçə təkamül mərhələlərindən
keçirlər: şəriət, təriqət, mərifət
və həqiqət. Həqiqət məqamı
Haqqın dərgahında tamamlanırdı. Hürufizmdə isə Allaha qovuşmaq lazım
deyil, Allah insandadır, insanın özünə qovuşmaq
lazımdır. Hürufiz minifrat humanizmi də, sərt cəngavərliyi
də buradan gəlirdi:
Ey Nəsimi,
həq sənə oldu çü Fəzli-müstəan,
Şükri-əyyami-vüsalü rəhməti-rəhmanidir.
Allah Nəsimiyə Fəzl simasında qismət olub və
onun qəlbində Fəzli-həq kimi daxil olub. Nəsimi
şeirində Fəzli-həq sadəcə bir insan surəti,
lirik qəhrəman deyil, yalnız simvoldur. Buna görə də onun aurası - haləsi
çox böyükdür. O, həm insan surəti, həm
ali müqəddəs obraz, xüsusi
çəkisi, bədii-fəlsəfi tutumu olan simvoldur. Orta əsr şairinin öz ideallarını ifadə
etmək üçün yaratdığı bədii-fəlsəfi
təməlidir. Nəsimi şeirlərində ona
böyük inam və iman var. O, bir bütövdür, istinad
nöqtəsi, hər iki cahanı, həm canı, həm
cananı-yaradanı dərk etmək üçün bədii
vasitədir:
Əhsəni-surətmisən
ya, məzhəri-fəzli-ilah
Kim, camali-hüsnünə pirü cavandır canfəşan.
Vasil olan
ol həbibə buldu vəsli-daimun,
Aşiqü məşuq birdür, gör kəmali-aşiqan.
Ta
camalın müshəfin gördü Nəsimi, ey nigar,
Xalü xəttün sirrini əz Fəzli-həq
qıldı əyan.
Bu şeirdə hər şey Fəzlə nəzərən
əyara gəlir. Çünki bu "ərşdən gəlib",
"yaradanın mədhi-sənası, nəğməsidir bizə"
(Füzuli). Predmeti Allah kəlamı olan
şeiri ənənəvi qaydalarını təhlil etmək
olmaz. Onun təhlili və şərhi dərin
biliklər və xüsusi meyarlar, nəzəri metodlar tələb
edir. Nəsimi şeiri cəsarətli
hayqırtı, cəngavərlik marşıdır. Gücünü ilahidən alır, insanın
özü uğrunda döyüşə, özünüdərkə
səsləyir.
Nəimi və Nəsimi münasibətlərindən
yazmaq əslində, hürufizmdən yazmaq deməkdir. Nəsiminin
poeziyası hürufizmin nəzəriyyəsinin bədii-fəlsəfi
ifadəsidir. Ümumən orta əsrlər
Azərbaycan poeziyasının fəlsəfi təməlləri,
xüsusən onun vəhdəti-vücud fəlsəfəsi
üzərində bərqərar olur. Onun
bədii-fəlsəfi təkamülünü poetik fəlsəfədən
fəlsəfi poeziya istiqamətləndirir. Fəzlullahın təliminin ümumşərq
miqyasında yayılıb məşhurlaşmasında Nəsimi
şeiri misilsiz rol oynamışdır.
Fəzli-ilahə
canını eylə fəda, Nəsimi, sən
Olma məlul,
ayıtma kim, bəndü hasar içindəyəm.
Fəzli-həqə,
Fəzli-ilahiyə can fəda etməyi
şair öz idealını sədaqət rəmzi hesab edir.
Fəda olmaq sevməkdən daha gözəl və mənalıdır. Fəda olmaqda
bir ülviyyət məqamı var. Burada artıq tən bədən,
bir varlıq olaraq oradan çıxır, yalnız ruh
qalır.
Can fəda
qıldı Nəsimi əz dəmi-Fəzli-ilah,
Başını top eylədi, çövkanın
aldı çapdı.
Ümumən, fədakarlıq orta əsrlər
poeziyasında aşiqin ləyaqəti hesab olunur. Və bu sifət
ona hörmət gətir. Fəzli-həqəfəda
olmaq şairin tanrıya münasibənin ali
formasıdır. Bu iki cahana sığmayan
filosof şairin Allaha insanda reallaşdırmaq təntənəsi
ilə bağlıdır. Fəzlin
simasında Allahla - onun obrazı ilə insaneyni məkanda-mənkansızlıqda
bir araya gəlir.
Vəslinə
kim ki irmədi, dərdü əzab
içindədir,
Ləlini
kim ki sormadı, təşnə sərab
içindədir.
Nəsimi şeirində vəslin vəsfi əsas yer tutur. Nəsimi öz mürşidinə münasibəti onun yaradıcılığının ciddi fəlsəfi xətti kimi keçib gedir. Burada adi eşqdən söhbət gedə bilməz. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Fəzli-həq obrazı əslində, Allaha məhəbbət və ona olan eşqin insan sifətində ifadəsidir. Ən kamil hüsnün - Fəzlin vəsli şairə Allaha duymaq üçün imkan vermişdir. Burada vəslin vəsfi ilahi xarakter daşıyır.
Buldu bu gün vüsalını eşq ilə uş Nəsimi kim,
Vəslinə vasil olanın eyşi müqim içindədir.
Vəsl Nəsimi poeziyasında ümumiləşmiş bədii-fəlsəfi obrazdır. O da xatirə və xəyal kimi insan surətlərindən başlayır və dalğa-dalğa səmaya yayılır. Bu halda insan bəşər olmaqdan çıxır, insanlığın fövqündə dayanır. Dahi şair bunu çox yaxşı dərk edir və belə mənalandırır:
Surətdə gərçi adı bəşərdir Nəsiminin,
Mənidə gör ki, zati-mütəhhər degilmidir?
Nəsimi ilə Fəzli-həq Şərqdə onsuz da, sədaqət rəmzi olan mürid-mürşid münasibətlərin ən ali formasıdır. Burada məqam yerlə göyün sərhədində baş verir və Fəzlullah bəşəri olsa da, onda səmavi qüdrət var. Bu fikri bizə Nəsimi poeziyası təlqin edir. Bu poeziya hətta ifrata vararaq Fəzli bəşərin bir üzvü olmaq çərçivəsindən çıxarır, Allah səviyyəsinə qaldırır. Əlbəttə, bu, Nəsiminin arzusudur, tapındığı idealdır, bədii təxəyyülünün tarixi reallıqla birləşməsidir. Əmələ gələn bir bədii fəlsəfi obrazdır. Nəsimi poeziyasında Fəzlullahın ideyaları Allah kəlamı Quranla qovuşdurularaq yeni bir estetik platforma yaradılır.
Ey
camalın səhfəsində xətmi-Quran buldum uş,
Saçının hər tarəsində küfrü
iman buldum uş.
Ey Nəsimi,
vəchi-Allahın kəlamıdır üzün
Kim, bu vəchillah içində Fəzli-rəhman buldum
uş.
Dahi şair hara baxırsa, nəyi fəhm edirsə - həyatı,
cümlə-cahanı, kainatı, göyü, günəşi,
ayı, ulduzları və nəhayət insanı, orada Fəzli
görür.
Və bütün bunları Fəzli-həq
obrazından keçirərək dərk edir. Nəsimi şeirində Fəzli-həq bir
dünyagörüşü, maddi dünyaya baxış
bucağı, bütöv kainat görünən bir pəncərədir.
Bu pəncərədən görünənlər
Allah kəlamı ilə süslənir. Oradan
insan görünür - kamil insan və cahil insan. Bu, Nəsimi fəlsəfi konsepsiyası əsas yer
tutur. Nəsimi kamil insanı həq, cahil
insanınadan adlandırır.
Kim əzəl
tanımadı kəndi vücudu şəhrini,
Ol gədahimmət nə yoldan vara sultan istəyə?
Şair sevən aşiqi eşq əhlini (istər insan,
istərsə də ilahi!) kamil insan hesab edir. Onun şeirini
dərk (fəhm) etməyənləri isə cahil insan - nadan
adlandırır.
Nəsimi
kəşfi-əsrarını bildi,
Anı fəhm etməyən nadan deyilmi?
Nəsimiyə görə kamil insanların ən gözəli,
ən kamili və onun mürşidi Fəzli-həqidi və dahi
şair onu poeziyada əbədiləşdirir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
Filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 28 sentyabr.-
S.18.