Azərbaycanşünaslığa
sanballı elmi töhfələr müəllifi
Doğma Azərbaycanımızın ən qədim mədəniyyət
mərkəzlərindən biri də Naxçıvan
diyarıdır. Naxçıvan torpağı
böyük şəxsiyyətlər yetirmişdir.
Belə
şəxsiyyətlərdən biri Azərbaycan Milli Məclisinin
deputatı, parlamentin Elm və təhsil komitəsinin sədri,
AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Əkbər oğlu Həbibbəylidir.
Bu, görkəmli ictimai xadim əlli illik fəaliyyətinin,
elmi yaradıcılığının 40 ildən çoxunu
Naxçıvan diyarına həsr etmiş, diyarın elm və
təhsilinin, ədəbiyyat və mədəniyyətinin
inkişafına var qüvvəsi ilə xidmət göstərmişdir.
Akademik İsa Həbibbəyli Naxçıvan Muxtar
Respublikasının Şərur torpağında (16 oktyabr
1949) dünyaya gəlmişdir. Bəy nəslindən
olan atası Əkbər müəllimin nəcib, halal və zəhmətkeş
keyfiyyətləri onun övladlarına da genetik olaraq
keçmişdir. İsa müəllim o
zaman APİ adlanan indiki Azərbaycan Dövlət Pedaqoji
Universitetinin Naxçıvan filialını 1971-ci ildə fərqlənmə
diplomu ilə başa vurmuşdur. Hələ tələbə
ikən böyük istedad sahibi olması müəllimlərinin diqqətini
cəlb etmiş, onu bitirdiyi universitetdə işə dəvət
etmişlər. Hərbi xidməti başa
vurduqdan sonra 1975-ci ildə İsa Həbibbəyli tələbəsi
olduğu universitetdə ədəbiyyat müəllimi kimi fəaliyyətə
başlamışdır. O, 40 ilə yaxın
üzvü olduğu bu təhsil ocağının 17 il də bütün kollektiv tərəfindən
sevilən rektoru olmuşdur. Böyük təşkilatçılıq
qabiliyyəti, elmi nailiyyətləri ilə diqqəti cəlb
edən bu işıqlı insan 2013-cü ildə Bakı
şəhərinə işə dəvət edilmiş,
AMEA-nın vitse-prezidenti seçilmişdir. Eyni zamanda, bu gün akademiyanın Ədəbiyyat
İnstitutunun direktoru olan akademik İsa Həbibbəyli bu
institutun yenidən qurulmasına, keçmiş sanbalının,
şöhrətinin özünə qayıtmasına, onun ədəbiyyatşünaslıq
elminin bayraqdarına çevrilməsinə nail olmuşdur.
Azərbaycançılıq
ideologiyasını məslək işinə çevirən
institut kollektivi ədəbi prosesi türk dünyası
kontekstində tədqiq edir, beynəlxalq əlaqələri
yorulmadan genişləndirir. Cəsarətlə
deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında,
türk dünyası miqyasında akademikin elmi məktəbi
tam şəkildə formalaşmış, böyük
uğur qazanmışdır.
Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin
Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer
tutur. Mətləbə keçmədən öncə
qeyd edək ki, yuxarıda göstərildiyi kimi, o, ədəbiyyat
tarixi, ədəbi tənqid və ümumiyyətlə,
filologiya və mədəniyyətşünaslıq üzrə
bütün türk dünyasında böyük xidmətləri
olan elm xadimi kimi tanınır və qəbul edilir. Belə
ki, onun "Cəlil Məmmədquluzadə və müasirləri"
(2008), "Akademik Səməd Vurğun Vəkilov" (2015),
"Romantik lirikanın imkanları" (1990), "XX əsr Azərbaycan
yazıçıları" (1992), "Ədəbi-tarixi
yaddaş və müasirlik" (2007), "Ədəbi şəxsiyyət
və zaman"(2017), "Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri"
(2019), "Azərbaycançılıq konsepsiyası"
(2019), "Azərbaycan ədəbiyyatı tarixi" 10
cildliyinin birinci cildinə (2019) yazdığı 225 səhifəlik
giriş kimi əsərləri bu baxımdan diqqəti cəlb
edir.
Bütün bunlarla yanaşı, bütün
varlığı ilə bağlı olduğu doğma torpaq -
Naxçıvanın insanı, onun bu günü və
keçmişi, ədəbi-mədəni mühiti mütəfəkkir
alimin yaradıcılığında qırmızı xətt
kimi keçir.
Akademik İsa Həbibbəyli doğulduğu diyara
bütün səmimiyyəti ilə bağlı olan, onun
inkişafına, uğurlarına sevinən, bu yolda
bütün enerjisini əsirgəməyən və
böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş
alimdir. İsa müəllim 40 ildən
artıq bir müddətdə bu qədim diyarın ədəbi
mühitini hərtərəfli şəkildə
araşdırmış, bölgənin ədəbi-elmi və
mədəni inkişafını mühüm ədəbi
qaynaqlar və arxiv materialları əsasında tədqiq
etmişdir. Elə akademikin 2015-ci ildə "Elm və təhsil"
nəşriyyatında işıq üzü
görmüş, qədim mədəniyyət mərkəzi
Naxçıvana həsr edilmiş 850 səhifəlik
"Nuhçıxandan-Naxçıvana" monoqrafiyası
dediklərimizi tam şəkildə təsdiq edə bilər
(3). Bu kitabda alimin qədim diyar, onun ədəbi-elmi
və mədəni mühiti haqqında yazıb nəşr
etdirdiyi qiymətli əsərlərin ancaq bir qismi öz əksini
tapmışdır. İsa Həbibbəylinin
bu kitabda Naxçıvan ədəbi mühiti, onun nümayəndələri
haqqında verdiyi geniş bir bölmə sanballı bir
monoqrafiya təsiri bağışlayır. Alim bu tədqiqatında Naxçıvan ədəbi
mühitinin yaranma tarixini, inkişaf mərhələlərini
ilk dəfə ümumiləşdirməyə təşəbbüs
göstərmiş və məqsədinə nail olmuşdur.
O, bölgənin ədəbi mühitini obrazlı şəkildə
"Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi"
adlandırır. Müəllif Naxçıvan ədəbi
mühitini iki istiqmətdə: klassik dövrün
Naxçıvan ədəbi mühiti və müasir
dövrün Naxçıvan ədəbi mühiti
bölgüsü əsasında araşdırır.
Məlumdur ki, Naxçıvanda hələ XI-XII əsrlərdə
ədəbiyyatın yaranması, Naxçıvanşahlar,
Atabəylər sarayında Qətran Təbrizi və digər
şairlərin fəaliyyəti tarixi mənbələrdə
öz əksini tapmışdır. Sonrakı əsrlərdə
Hinduşah Naxçıvani, Fəzlullah Nəimi, Nemətullah
Naxçıvani, Bayrək Quşçuoğlu, Mirzə Sadiq
Ordubadi, Hatəm bəy Ordubadi və başqa ədəbi
şəxsiyyətlər yazıb-yaratmışdır ki,
müəllif
Naxçıvanın ədəbi-mədəni və
tarixi məsələlərinə həsr olunmuş bu
kitabın irihəcmli bir bölməsində onlar haqqında ətraflı
məlumat verir. Bildiyimiz kimi, XIX əsrdə
dünya xalqlarının tarixində, mədəni
inkişafında bir canlanma meydana gəlmişdi. Bu canlanma Azərbaycan ədəbiyyatından, onun
Naxçıvan məktəbindən də yan keçməmişdir.
Belə ki, cəmiyyətdə özünü
göstərən yeniləşmə klassik ədəbi ənənələrə
də təsir göstərmiş, akademikin göstərdiyi
kimi, realist ədəbiyyat ədəbi prosesin aparıcı
istiqamətinə çevrilmişdir. XIX əsr
Naxçıvan ədəbi mühitini təhlil edən
müəllif Heyran xanımın, onun davamçısı
olan Qönçəbəyimin
yaradıcılığı haqqında, eyni zamanda, Ordubadda
yaranmış "Əncüməni-şüəra" ədəbi
məclisi və onun üzvlərindən Qüdsi Vənəndi,
Məmmədqulu Salik Ordubadi, Mirzə Hüseyn Bikəs, Zeynəlabdin
Nəqqaş, Məşədi Həsən Dəbbağ, Fəqir
Ordubadidən geniş şəkildə bəhs etmişdir. Onu
da qeyd edək ki, həmin məclisin Hacı ağa Fəqir
Ordubadidən sonra rəhbəri olmuş görkəmli pedaqoq,
maarifçi və ədib Məhəmməd Tağı
Sidqinin yaradıcılığı müəllifin diqqətini
daha çox cəlb etmişdir. O, milli məktəbin banilərindən
olan bu böyük pedaqoqun elmi-pedaqoji irsi haqqında geniş tədqiqat
aparmış,"Maarifçilik hərəkatının və
maarifçi ədəbiyyatın görkəmli nümayəndəsi"
adlı geniş həcmli bir məqalə yazmışdır
(3, s.266-284). Bununla yanaşı, İsa Həbibbəyli
görkəmli maarif fədaisinin ədəbi irsi tam şəkildə
xalqa çatdırılmadığına görə arxivlərdə
çalışmış, bu böyük pedaqoqun əvvəl
maarifçi əsərlərini toplayıb "Məktəb
hekayətləri" (1996) adı ilə, daha sonra isə
bütün əsərlərini (2004) ilk dəfə nəşr
edib geniş ictimaiyyətin istifadəsinə təqdim
etmişdir (16). Məlumdur ki, M.T.Sidqi maarif dünyası ilə, hətta
o dövr üçün böyük mədəni hadisə
olan Qori müəllimlər seminariyası ilə də sıx
əlaqələrə malik olmuşdur. Qori
müəllimlər seminariyası bir təhsil, maarif
ocağı kimi Azərbaycanda, o cümlədən,
Naxçıvanda maarifçi ədəbiyyat və mədəniyyətin
inkişafına əhəmiyyətli dərəcədə
müsbət təsir göstərmişdir. Diqqəti cəlb
edən cəhət ondan ibarətdir ki, İsa Həbibbəyli
arxiv araşdırmaları nəticəsində o dövrdə
bu seminariyanın iki müəlliminin: Azərbaycan
maarifçi-realist ədəbiyyatının
tanınmış nümayəndəsi Rəşid bəy
Əfəndiyevin (1863-1942) görkəmli pedaqoq Məhəmməd
Tağı Sidqiyə iki məktubunu (6, s.124-127) və ilk ədəbiyyat tariximizin
müəllifi F.Köçərlinin (1863-1920) 1913-1914-cü
illərdə Məhəmməd Tağı Sidqinin oğlu Məmmədəli
Sidqiyə (1888-1936) yazdığı iki məktubunu (3,
s.346-349) aşkara çıxararaq mətbuatda nəşr
etdirmişdir. Həmin məktublar
Naxçıvan maarifçi ədəbi nühitinin tarixini
araşdırmaq baxımından çox əhəmiyyətlidir.
Böyük satira ustası Cəlil Məmmədquluzadə
XX əsrin əvvəllərində yetişmiş
Naxçıvan ədəbi mühitinin görkəmli
nümayəndələrindən biridir. İsa Həbibbəylinin
istər "XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası" adlı fəlsəfə doktoru
dissertasiyasında, istərsə "C.Məmmədquluzadə:
mühiti və müasirləri" adlı doktorluq
dissertasiyasında bu görkəmli satira ustası, "Molla Nəsrəddin"in
yaradıcısı, demokrat yazıçının ədəbi
portreti mühüm yer tutur. Təsadüfi
deyildir ki, İsa Həbibbəylinin
yaradıcılığının böyük bir hissəsi
bu böyük maarifçi tənqidi realizm nümayəndəsinin
irsinin tədqiqinə və nəşrinə həsr
olunmuşdur. Bu mövzuda hörmətli akademikin "Cəlil
Məmmədquluzadə" (1987), "Zamanın
dühası" (1993), "Seçkin Azərbaycan yazarı
Cəlil Məmmədquluzadə" (1994), "C.Məmmədquluzadə:
mühiti və müasirləri" (1997) adlı bir-birindən
qiymətli monoqrafiyaları ümumilikdə Azərbaycan ədəbiyyatşünaslıq
elminin mühüm nailiyyətlərindən sayıla biləcək
sanballı elmi əsərlərdir. Alimin bu tədqiqatları
ona bir nömrəli Mirzə Cəlilşünas titulu
qazandırmışdır. Bu
araşdırmalar "Azərbaycanda XIX əsrin sonları və
XX əsrin əvvəlləri ədəbi prosesinə
ümumiləşdirilmiş yeni bir baxışı" (14,
s.163) ifadə edirdi. İsa müəllim xüsusilə
sonuncu sanballı əsərində Bakı, Tiflis, Təbriz,
Kiyev, Ərzurum, Odessa, İrəvan, Naxçıvan, Qori,
Yasnaya Polyananın arxiv, muzey və kitabxanalarından əldə
etdiyi yeni material və sənədlərə istinad edərək
böyük demokrat C.Məmmədquluzadənin keşməkeşli
həyat yolu, zəngin bədii irsi, çoxsaylı müasirləri
ilə əlaqələri haqqında tam təsəvvür
yaratmağa nail olmuşdur. Müəllifin
araşdırmaları göstərir ki, Qori müəllimlər
Seminariyası Mirzə Cəlilin yetişməsində
xüsusi rol oynamışdır. Mirzə Cəlil
dövrünü Azərbaycan maarifçiliyinin xüsusi
inkişaf mərhələsi kimi səciyyələndirən
İsa Həbibbəyli dövrün məktəblərinin ədəbiyyatın
inkişafındakı rolunu araşdıraraq belə bir
düzgün nəticə çıxarır: "Məktəb
milli maarifçiliyin canını, cövhərini, müəllimlik
əsas qüvvəsini təşkil edirdi. Teatr, mətbuat və
ədəbiyyat isə məktəbdən, pedaqoji işdən
doğan, onu tamamlayan maarifçi fəaliyyət sahələri idi"
(3, s.242). İsa Həbibbəyli araşdırmalarında bu
kontekstdə Cəlil Məmmədquluzadənin fəal
müasirləri olan, Naxçıvan maarifçi ədəbi-mədəni
mühitin öndə gedən nümayəndələrindən
Eynəli bəy Sultanov (1866-1935), Məhəmməd
Tağı Sidqi (1854-1903), Məhəmməd ağa
Şahtaxtlı (1846-1931), Əliməmməd Xəlilov
(1862-1896), Mirzə Əbülqasım Sultanov (1866-1916), Mirzə
Ələkbər Süleymanov (1862-1921), Paşa ağa Sultanov
(1949-1902), Mirzə Cəlil Şürbi (1874-1915), Sadıq Xəlilov
(1864-1905), Tağı bəy Səfiyev (1878-1939), Məmmədqulu
bəy Kəngərli (1854-1905) və başqaları
haqqında yeni tədqiqatlarını elmi ictimaiyyətə təqdim
etmişdir.
Onu da qeyd
edək ki, İsa Həbibbəyli çoxillik
axtarışlar nəticəsində böyük satira
ustasının dördpərdəli "Ər" pyesini,
kiçikhəcmli "Lənət" və
"Oyunbazlar" kimi səhnə əsərlərini üzə
çıxarmış, 16 satirik şeirini, 35 məqaləsini,
170 felyetonunu ilk dəfə görkəmli
yazıçının 2004-cü ildə nəşr
edilmiş 4 cildlik külliyyatına daxil edərək
oxucuların istifadəsinə təqdim etmişdir. Çoxcildlikdə bunlardan əlavə, böyük
demokrat yazıçının özünün və ailə
üzvlərinin 50, eyni zamanda, başqa tanınmış
şəxsiyyətlərin elmi ictimaiyyətimizə bəlli
olmayan 44 məktubu ilk dəfə nəşr edilmişdir.
İsa Həbibbəyli
böyük mütəfəkkirin bir neçə
tanınmış, ancaq az öyrənilmiş
naxçıvanlı müasirinin həyatı və irsini
daha geniş tədqiq etmiş, onların əsərlərini
ilk dəfə toplayıb kitab halında nəşr
etdirmişdir. Bu şəxsiyyətlərdən
biri Naxçıvan ədəbi-mədəni mühitinin
görkəmli nümayəndəsi Məhəmməd ağa
Şahtaxtlıdır. Məlumdur ki, Avropa
və Rusiyada böyük şöhrət qazanmış
M.Şahtaxtlı Azərbaycanın ən böyük maarif
xadimlərindən biri olmuşdur. Bu
görkəmli maarifçi ədibin ədəbi-elmi irsi sovet
dövründə birtərəfli, həm də səthi
şəkildə öyrənilmiş, əsərləri isə
demək olar ki, nəşr edilməmişdi.
Naxçıvan Muxtar Respublika Ali Məclisi Sədrinin
M.Şahtaxtlının 160 illiyi ilə əlaqədar
imzaladığı sərəncamdan sonra akademik İsa Həbibbəyli
ilk dəfə Məhəmməd ağa Şahtaxtlının
çoxsaylı əsərlərinin mühüm bir qismini
"Seçilmiş əsərləri" (2006) adı
altında 2006-cı ildə ilk dəfə nəşr
etdirmişdir. Bu kitabda XX əsrin ilk ana dilli mətbuat
orqanının naşiri olan qüdrətli maarifçinin
çoxcəhətli fəaliyyəti ilk dəfə sənədlər
və arxiv materialları əsasında geniş ictimaiyyətə
təqdim olunmuşdur (17). Həmin kitaba "Millətin
canlı heykəli" adlı sanballı bir giriş məqaləsi
yazan akademik naşirin əlibfa layihələrinin mətnlərini,
"Qafqaz", "Novoe obozrenie" kimi Rusiya qəzetlərində
rusca çap olunmuş günümüz üçün də
aktuallığını itirməyən maarifçilik
mövzusunda yazdığı "Müsəlmanlarda məktəb
həyatı", "İstanbuldan məktublar" adlı
sislsilə məqalələrini, "Şərqi-Rus" qəzetində
işıq üzü görən "Hər gün bir
az" adlı silsilə məqalələrini daxil
etmişdir.
İsa Həbibbəyli
Naxçıvan ədəbi mühitində fəaliyyətə
başlamış görkəmli tarixi roman ustası Məmməd
Səid Ordubadi haqqında yazdığı "Böyük ədəbiyyat
nəhəngi" (2012) monoqrafiyasında böyük
romançının yaradıcılığına müstəqillik
işığında yeni baxış sərgiləmişdir
(9).Eyni zamanda, M.S.Ordubadinin Naxçıvanın maarifçi ədəbi
mühiti haqqında yeni məlumat və faktlar ehtiva edən
"Həyatım və mühitim" (2012) adlı
memuarının tam mətni ilk dəfə Naxçıvanda
İsa Həbibbəylinin geniş müqəddiməsi ilə
nəşr olunması da ədəbiyyatşünaslığımıza
bir xidmət nümunəsi sayıla bilər (12).Təqdirəlayiq
haldır ki, bu kitaba həm də Ordubadinin "İki
cocuğun Avropaya səyahəti" povesti də daxil
edilmişdir. Onu da qeyd edək ki, həmin povest
1908-ci ildə "Tazə həyat" qəzetində
işıq üzü görmüş, ondan sonra sanki
unudulmuş, təkrar nəşr edilməmişdir. Halbuki Azərbaycan ədəbiyyatında Qərb-Şərq
ədəbi əlaqələrini öyrənmək baxımından
bu povest böyük əhəmiyyət daşıyır.
Naxçıvan maarifçi ədəbi mühitinin
görkəmli nümayəndələrindən biri də
publisist yazıçı Eynəli bəy Sultanov (1866-1935)
olmuşdur. Sovet dövründə
yaradıcılığı, tərcümeyi-halı demək
olar ki, öyrənilməmiş bu sənətkarın yenidən
müstəqillik dövrünün verdiyi imkanlar səviyyəsində
öyrənilməsində İsa Həbibbəylinin
böyük xidməti vardır. Zəhmətkeş
alimin uzun illər ərzində apardığı tədqiqatlar
nəticəsində aydın olmuşdur ki, "İrəvan
gimnaziyasında təhsil alarkən Eynəli bəy Sultanov rus,
fransız, yunan, latın dillərini yaxşı öyrənmiş
və tərcümələr etmişdir. Eynəli
bəy Sultanovun anadan olma tarixini, Tiflisdə yox, İrəvan
progimnaziyasında təhsil almasını, İrəvan Dairə
məhkəməsində məsul vəzifə
daşımsını da İsa Həbibbəyli müəyyən
etmişdir. Cəlil Məmmədquluzadənin
Eynəli bəy Sultanova xüsusi münasibət bəsləməsinin
səbəbləri də onun tədqiqatlarında
aydınlaşdırılmışdır. Eynəli bəy Sultanovun maarifçi-realist
ağırlıqlı tənqidi-realist yazıçı
olması haqqındakı nəzəri qənaətləri də
İsa Həbibbəyli irəli sürmüşdür"
(1, s.24). Eynəli bəy Sultanovun publisistik
əsələrinin həm rus, həm də Aərbaycan dilində
kitab halında nəşr olunması da akademik İsa Həbibbəylinin
fədakar əməyinin nəticəsidir (18).
Naxçıvan
ədəbi mühiti haqqında geniş araşdırmalar
aparmış İsa Həbibbəyli XX əsrin 20-30-cu ilərində
burada ədəbiyyat cəbhəsində böyük canlanma
olduğunu göstərərək ədəbi prosesdə C.Məmmədquluzadə,
H.Cavid, Ə.Qəmküsar sənətinin
davamçıları olan Məhəmməd Rəsizadənin,
Əli Məhbusun, Hüseyn Nadim Naxçıvaninin, Əyyub
Abbasovun, Əvəz Sadığın bədii
yaradıcılığında özünü göstərən
ədəbi meylləri ümumiləşdirmişdir. Müəllif
İkinci dünya müharibəsindən sonra, 50-60-cı illərdə
Naxçıvanda yetişmiş İslam Səfərli,
Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn Razi,
Kəmalə Ağayeva, Nağı Nağıyev, Məmmədəli
Tarverdiyev kimi qələm sahiblərinin əsərlərində
gözə çarpan ümumi meylləri təhlil etmiş,
müharibədən sonrakı dövrdə Naxçıvan ədəbi
mühitində ədəbiyyatın bütün janrları
üzrə canlanma və inkişaf baş verdiyini, bədii
yaradıcılıqda ideologiyadan, ictimai motivlərdən
insana, mənəvi aləmin dərkinə doğru əhəmiyyətli
addımlar atıldığını xüsusilə
vurğulamışdır (3, s.444). İsa Həbibbəyli
daha sonra XX əsrin 70-80-ci illərinin və müstəqillik
dövrünün Naxçıvan ədəbi mühitində
müşahidə etdiyi ədəbi inkişaf məsələləri
üzərində geniş şəkildə
dayanmışdır. Bu dövrdə nəsrə
meyllilik müşahidə edən alim yerli ədəbi
qüvvələrin önündə Xalq
yazıçısı Hüseyn İbrahimovun durduğunu qeyd
edərək bu görkəmli nasirin bədii
yaradıcılığını geniş şəkildə
təhlil etmiş və onu nəcibliyin keşiyində dayanan
söz ustası, şəxsiyyəti və sənəti vəhdətdə
olan sənətkar adlandırmışdır. O
yazır: "Nəciblik fəlsəfəsini şərtləndirən
daxili saflıq, müdriklik, əxlaqi kamillik və
bütövlük kimi mənəvi dəyərlərə
çağırmaq Xalq yazıçısı H.İbrahimov
üçün ciddi yazıçılıq və vətəndaşlıq
işidir" (4, s.356).
İsa Həbibbəyli
Naxçıvan mühitinin digər bir nümayəndəsi
şair və publisist Cavad Cavadlının poetik
yaradıcılığını dərindən tədqiq
etmiş, bu araşdırmaların nəticəsi olaraq
"Ədəbiyyat və mətbuat cəbhəsində"
adlı monoqrafiya meydana gəlmişdir. Bu kitabda
qeyd edildiyi kimi, "C.Cavadlının şeirlərindən
onun özünün təbii obrazı boylanır" (5,
s.26).
İsa Həbibbəyli bu gün də Naxçıvan
Yazıçılar Birliyinin fəaliyyətini davamlı
olaraq diqqət mərkəzində saxlayır. O, Asim Yadigar, Həmid Arzulu,
İbrahim Yusifoğlu, Muxtar Qasımzadə, Xanəli Kərimli
kimi istedadlı qələm sahiblərinin
yaradıcılığı timsalında Naxçıvan ədəbi
mühitinin ana xətlərini tədqiq edir, burada gedən ədəbi
prosesin inkişaf istiqamətlərini ümumiləşdirir.
İsa Həbibbəylinin
yaradıcılığında Naxçıvan ədəbi
mühiti ilə birbaşa və ya dolayısıyla
bağlı olan bu diyarda yaradıcılığa
başlamış, paytaxta yerləşmiş Xalq şairi Məmməd Araz, Xalq
yazıçısı Əkrəm
Əylisli, Adil Babayev, eləcə də ədəbi tənqidlə
məşğul olmuş akademik Məmməd Cəfər,
müxbir üzv Abbas Zamanov, uzaq Moskva şəhərində
yaşayıb-yaratmış professor Əziz Şərif kimi
tanınmış ədəbiyyat
və sənət adamlarının tədqiqi də
mühüm yer tutur.
İsa Həbibbəyli XX əsr Azərbaycan
poeziyasının sonuncu zirvəsi olan Məmməd Araz irsini
geniş şəkildə araşdırmışdır. Bu baxımdan
alimin "Xalq şairi Məmməd Araz" (1999) adlı
albom-monoqrafiyası Məmməd Arazşünaslığa
layiqli bir töhfə sayıla bilər (8).
İsa Həbibbəyli
Naxçıvan ədəbi mühiti ilə sıx şəkildə
bağlı olan akademik Məmməd Cəfər Cəfərovun
elmi irsini geniş şəkildə tədqiq etmiş, onu ədəbiyyatşünaslığımızda
elmi-nəzəri üslubu yaradan görkəmli elm xadimi
adlandıraraq bunu da xüsusilə vurğulamışdır
ki, "Fikrimizcə, ədəbiyyatşünaslıq sahəsində
xüsusi elmi məktəb yaratmaq şərəfi hələlik,
Firidun bəy Köçərliyə və Məmməd Cəfər
Cəfərova nəsib olmuşdur" (4, s.403). Alim eyni
zamanda, akademik M.C.Cəfərovun "İnsanlar və talelər",
"Get dolanginən, xainsən hələ" adlı bədii
əsərlərini, "Xatirələr" memuarını
və bir poemasını tapıb üzə
çıxarmış və nəşr etdirmişdir. O,
bununla da böyük ustadın, görkəmli elm xadiminin
yaradıcılıq dünyasının genişliyini
nümayiş etdirmişdir.
Naxçıvan ədəbi mühiti ilə bağlı olan görkəmli ədəbiyyat adamlarından biri də professor Abbas Zamanov olmuşdur. O, "İmperiya siyasətinə və bu siyasətə arxalanan ermənilərin ərazi iddialarına qarşı cəsarətlə səsini qaldıran, bununla da başına olmazın fəlakətlər gələn, lakin sınmayan, həm də şəxsən qalib gələn" (15, s.338) bir ziyalı, bütöv bir şəxsiyyət idi, dissident idi. Keçən əsrin 60-cı illərinin əvvəlində ermənilərin Naxçıvana ərazi iddialarının təhlükəli həddə çatdığını ziyalılara, elmi ictimaiyyətə qorxmadan bəyan etdiyinə görə o dövrdə onu partiyadan çıxarmışdılar. Heydər Əliyev hakimiyyətə gələndən sonra onun hüquqları bərpa olundu: birbaşa elmlər doktoru elmi dərəcəsi aldı, akademiyaya müxbir üzv seçildi. İsa Həbibbəyli çox doğru olaraq göstərir ki, yazıçı və müasirləri problemini bizim ədəbiyyatşünaslıq elmimizə Abbas Zamanov gətirmişdir. O, "Sabir və müasirləri" əsəri ilə bu sahənin əsasını qoymuşdur. Elə buna görə də İ.Həbibbəyli təxminən altmış ziyalı və elm xadiminin məqaləsindən ibarət "Müasirləri Abbas Zamanov haqqında" adlı kitab tərtib edərək nəşr etdirmişdir (11). Bundan əlavə, alim professor Abbas Zamanovun bircildliyini tərtib və nəşr etmiş, eyni zamanda, onun haqqında 5 sanballı eımi məqalə çap etdirmişdir.
Məlumdur ki, mətbuat ədəbiyyatın, söz sənətinin təbliğində həmişə böyük əhəmiyyət kəsb edir. Bu mənada Naxçıvanda nəşr olunan "Şərq qapısı" qəzetinin buradakı ədəbi mühitin inkişafında öz yeri var və ədəbiyyat məsələlərinin burada həmişə geniş şəkildə işıqlandırılması təsadüfi deyildir. Həm də təsadüfi deyildir ki, İsa Həbibbəylinin rəhbərliyi altında bu mövzuda dissertasiya müdafiə edilib kitab şəkilində nəşr edilmişdir (13). O da qeyd edilməlidir ki, İ.Həbibbəyli yaradıcılığında bu məsələyə xüsusi diqqət yetirmiş, Naxçıvanda mətbuatın tarixi, onun inkişaf yolları, orada ədəbi düşüncənin, publisistikanın əks olunması haqqında 3 sanballı məqalə yazıb mərkəzi mətbuatda nəşr etdirmişdir.
Bunlardan əlavə, akademik İsa Həbibbəylinin "Naxçıvan xalçaçılığı: ənənə və müasirlik" (7), "Duzdağ mozaikası" (2) kimi monumental kitabları bölgədə milli mənəvi dəyərlərimizin qorunub inkişaf etdirilməsi və qədim tətbiqi sənətlərimizin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.
Bir məsələni də qeyd etmək istəyirəm ki, İ.Həbibbəyli Naxçıvan Dövlət Universitetinin rektoru işləyərkən AMEA-nın Naxçıvan Bölməsinin elmi inkişafına da hərtərəfli kömək göstərmişdir. Hətta o, Ali Məclis Sədrinin tövsiyəsi ilə 10 ilə yaxın bölmənin İncəsənət Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinə ictimai əsaslarla rəhbərlik etmiş, gənc kadrların hazırlanması və Naxçıvan ədəbi mühitinin elmi şəkildə öyrənilməsi işinə öz töhfəsini vermişdir. Şöbəyə rəhbərlik etdiyi illərdə İsa Həbibbəylinin təşəbbüsü ilə taleyi və sənəti seriyasından bu ədəbi mühitin 14 nümayəndəsinin irsi tədqiq olunaraq kitab halında nəşr edilmişdir.
AMEA-nın vitse-prezidenti kimi də akademik
İsa Həbibbəylinin yaradıcılığında digər
mövzularla, fərqli elmi problemlərlə yanaşı,
Naxçıvan mövzusu özünəməxsus yer tutur. Son illərdə onun, Naxçıvanın qədim
və müasir tarixinə, indiki yüksək inkişaf səviyyəsinə,
ədəbi-tarixi şəxsiyyətlərinə həsr
olunmuş əsərləri aktuallığı, yeniliyi,
elmiliyi və müasirliyi ilə səciyyələnir. İsa
Həbibbəyli üçün Naxçıvan mövzusu azərbaycanşünaslığın
ayrılmaz üzvü tərkib hissəsidir.
Siyasi-ideoloji görüşlərinə görə azərbaycançı
olan akademik İsa Həbibbəyli elmi baxışları
etibarilə yeni tarixi epoxanın əsas azərbaycanşünas
alimlərindən biridir. Onun Naxçıvan haqqında
yazdıqları da azərbaycanşünaslığa
sanballı elmi töhfələrdir.
Əbülfəz
QULİYEV
AMEA-nın
müxbir üzvü
525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.14-15.