Türkiyədə nəşr
edilmiş "İmadəddin Nəsimi.
İrak divanı" təqdim olundu
VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında "Nesimi. İrak divanı" kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, əsər "Azərbaycan kitabının dünyaya tanıdılması" layihəsi çərçivəsində İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə Türkiyədə çap olunub.
Təqdimatda Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, akademiklər Nizami Cəfərov, Qəzənfər Paşayev və digər qonaqlar iştirak ediblər.
Akademik Nizami Cəfərov tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Nəsiminin yubileyini keçirməsəydi, Nəsimi istər Azərbaycanda, istərsə də dünyada bu qədər tanınmazdı: "Bu baxımdan Prezident İlham Əliyevin “Nəsimi ili”nin keçirilməsi ilə bağlı imzaladığı sərəncam da olduqca əhəmiyyətlidir. Mən akademik Qəzənfər Paşayevin tərtib etdiyi "Nesimi. İrak divanı"nın Türkiyədə nəşrini də yüksək qiymətləndirirəm. Bu kitab ərəb mühitində Nəsimi dilinin, Nəsimi yaradıcılığının necə qorunub saxlanılması haqqında əhəmiyyətli mənbədir. Buna görə Qəzənfər Paşayevə minnətdarlığımı bildirirəm".
Mədəniyyət naziri Əbülfəs Qarayev “Nəsimi ili” çərçivəsində ilin əvvəlindən müxtəlif tədbirlərin keçirildiyini qeyd edib: "Bizim musiqiçilər, rəssamlar Azərbaycan ədiblərinin əsərlərindən bəhrələnərək nə qədər yeni əsərlər yaradıblar. Qəzənfər Paşayevin ərsəyə gətirdiyi kitab da xüsusi əhəmiyyət daşıyır. Bəzən biz ədəbiyyatşünaslığın əhəmiyyətini layiqincə qiymətləndirmirik. Bu, olduqca vacib istiqamətdir. Sözsüz ki, bu araşdırmalar Azərbaycan xalqının kimliyini nümayiş etdirmək üçün çox vacib yoldur. Ümid edirəm ki, “Nəsimi ili” bitəndən sonra da bu tədbirlər davam edəcək".
Akademik İsa Həbibbəyli isə qeyd edib ki, AMEA-da bu il ərzində Nəsimi irsinə həsr olunmuş 16 kitab çap edilib. Nizami adına Ədəbiyyat İnstitutunda isə 11 kitabın çapı nəzərdə tutub, bunlardan 7-si artıq çap olunub. Belə nəşrlərdən biri də Qəzənfər Paşayevin tərtib etdiyi Nəsiminin İraq divanıdır. Bu kitab həm Azərbaycanda, həm də dünyada Nəsimişünaslıq elminə böyük töhfədir.
Daha sonra
kitabın tərtibatçısı, akademik
Qəzənfər Paşayev
çıxış edərək Nəsiminin uzun
müddət kafirlikdə suçlandırılaraq
yaradıcılığının kənarda
qaldığını bildirib: "Yalnız XIX əsrdə Türkiyədə Nəsiminin
divanından parçalar, 1926-cı ildə
Azərbaycanda Salman Mümtazın
araşdırması çıxdı. 1973-cü ildə isə
Heydər Əliyevin Nəsiminin yubileyinin
keçirilməsi ilə bağlı verdiyi
sərəncam sayəsində Nəsimi bütün
Azərbaycanda tanındı. Onun dünyada əlliyə qədər əlyazması
var. Ancaq Nəsiminin İraq divanı nüsxəsində 63 şeirini üzə çıxartdım. Bu kitabın Türkiyədə yenidən
çapını isə Nəsimi irsinin
tanıdılmasında böyük
addım hesab edirəm".
525-ci qəzet.- 2019.- 28 sentyabr.-
S.12.