Bakı Dövlət Universitetinin inkişafının ikinci mərhələsi - (1930-1941-ci illər)

 

 

Bakı Dövlət Universiteti-100

 

1930-cu ilin yanvar ayında təntənəli şəkildə Azərbaycan Dövlət Universitetinin 10 illik yubileyi qeyd olundu.

 

Yubileydən az sonra universitetin həyatında olduqca mürəkkəb hadisələr başladı. Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə universitetinin ayrı-ayrı fakültələrinin bazası əsasında yeni müstəqil institutlar təşkil olundu. Yeni institutların təşkil edilməsi ali təhsilin inkişafında mütərəqqi bir hal olsa da, universitetin bağlanması milli düşüncə və təfəkkürə ağır bir zərbə idi.

 

10 il müddətində universitetə intellektual səviyyəsi, əxlaqi-mənəvi saflığı, millətsevərlyi ilə seçilən milli ruhlu ziyalılar  toplaşmışdı. Onların düşüncələrində Sovet İttifaqına qarşı narazılıq ideyaları göyərməkdə idi. Ayrı-ayrı institut yaratmaqla aydın və işıqlı düşüncə sahiblərini bir-birindən ayırmaq, fikrimizcə, milli dövlətçilik təfəkkürünün formalaşmasına vurulan ağır zərbə idi. Universitetin bağlanması ali təhsil sisteminin genişləndirilməsi məqsədi ilə deyil, siyasi səbəblərlə bağlı idi.  Tədqiqatçıların fikrincə, sosializm sisteminin uğursuz quruluş, kommunizmin isə xülya olduğunu başa düşən ziyalıların böyük əksəriyyətinin toplaşdığı universitet hər zaman dövlət üçün siyasi partlayış mənbəyi kimi Moskvanı narahat edirdi. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayı, universitet divarları arasında milli kadrların sürətlə artması, Azərbaycanda latın qrafikasına keçilməsi və digər bu kimi amillər milli məfkurənin və milli özünüdərkin formalaşması kimi çox "təhlükəli" sindromlar yaradırdı. Bu işıqlı ideyaların mərkəzi isə universitet idi. Bu siyasət - universitetlərin bağlanması  mərkəzdə (Qorki, Perm, Sverdlovsk və s.) və milli respublikalarda (Bakı, Tbilisi, Yerevan və s.) eyni peşəkarlıqla aparılırdı. Fədakar ziyalılarımızın gərgin əməyi nəticəsində 1934-cü ilin may ayında Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Universiteti yenidən işə başladı və o, yenə də respublikada elmi-pedaqoji fikrin mərkəzinə, ziyalılığın məbədgahına çevrildi.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 10 iyun tarixli qərarı ilə universitetin ayrı-ayrı fakültələrinin bazasında aşağıdakı müstəqil sahə institutları yaradıldı:

1. İqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperasiya İnstitutu;

2. Pedaqoji fakültənin bazasında Ali Pedaqoji İnstitut;

3. Hüquq fakültəsinin bazasında Sovet Quruculuğu və Hüquq İnstitutu;

4. Tibb fakültəsinin bazasında Tibb İnstitutu.

5. Universitetin sənaye-iqtisad şöbəsi isə Neft İnstitutuna verildi.

Beləliklə, 1930/31-ci tədris ilində universitetin bazasında dörd müstəqil institut yaradıldı.

Universitetlərin fəaliyyətinin dayandırılması ümumittifaq miqyaslı səhv idi və çox tezliklə SSRİ Mərkəzi İcraiyyə Komitəsi "Ali məktəbdə və texnikumlarda dərs proqramları rejimi haqqında" 1932-ci il 19 sentyabr tarixli qərar qəbul etdi. Qərarda qeyd edilirdi ki, mövcud universitetlər ümumi elmi fənlər üzrə yüksək dərəcəli mütəxəssislər, habelə müəllimlər hazırlayan tədris müəssisələri kimi möhkəmləndirilsin və universitet olmayan respublikalarda universitetlər açılsın.

Azərbaycanda universitetin yenidən bərpası ideyası ölkə rəhbərliyi tərəfindən müsbət qiymətləndirildi və uzun sürən müzakirələrdən sonra 1934-cü il mayın 25-də Azərbaycan SSR Xalq Komissarlar Soveti "Azərbaycan Dövlət Universitetinin açılması haqqında" qərar qəbul etdi. Qərada deyilirdi:

1. SSRİ MİK-nin 1932-ci il 19 sentyabr tarixli qərarına uyğun olaraq, ümumi elmi fənlər üzrə yüksək dərəcəli mütəxəssislər, habelə müəllimlər hazırlamaq üçün 1934-cü il sentyabrın 1-dən Bakı şəhərində təhsil müddəti 5 il olan, aşağıdakı fakültələrdən ibarət universitet açılması zəruri hesab edilsin: 1) Fizika-riyaziyyat fakültəsi, 2) Biologiya fakültəsi, 3) Kimya fakültəsi, 4) Tarix fakültəsi.

2. 1934-cü il üçün universitetə qəbul kontingenti 210 nəfər müəyyən edilsin.

3. Dövlət Plan Komissiyasına tapşırılsın ki, universitet üçün bina tikilməsini 1935-ci ilin planına daxil etsin.

4. Dövlət bankının boşaldılmış binası universitetin təşkili ilə əlaqədar istifadə üçün Xalq Maarif Komissarlığının sərəncamına verilsin.

5. Dövlət Plan Komissiyasına və Xalq Maliyyə Komissarlığına tapşırılsın ki, Xalq Maarif Komissarlığı ilə birlikdə universitetin təşkilinin maliyyələşdirilməsi məsələsini işləyib hazırlasın.

6. SSRİ XKS-dən xahiş edilsin ki, Bakı şəhərində Azərbaycan Dövlət Universitetinin təşkilinə icazə verilsin.

1934-cü ildə bərpa olunanda Azərbaycan Dövlət Universitetinə sosialist inqilabının nüfuzlu xadimlərindən biri ilan Sergey Mironoviç Kirovun adı verildi. Həmin il Məmməd Kazım Ələkbərli universitetin rektoru vəzifəsinə təyin olundu. O, bu vəzifədə 1935-ci ilin yanvarına qədər işlədi. 1935-1937-ci illərdə Universitetə Bala bəy Həsənbəyov rəhbərlik etmişdir. 1937-ci ilin əvvəlindən həmin ilin noyabrına qədər universitetin rektoru vəzifəsini müvəqqəti olaraq Əziz Əliyev, A.Yusupov və A.Quliyev icra etmişlər. 1937-ci ilin noyabrından 1941-ci ilin iyun ayının 22-nə qədər Universitetin rektoru vəzifəsində Cəbrayıl Ələsgərov işləmişdir.

Bərpa olunmuş universitetdə professor Y.B.Lopuxin fizika-riyaziyyat fakültəsinin, dosent Məmməd Əmin Əfəndi kimya fakültəsinin, professor V.S.Yelpatyevski biologiya fakültəsinin, professor Boris Nikolayeviç Tixomirov tarix fakültəsinin dekanı vəzifəsinə təsdiq edildi.

Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi respublikanın həyatında mühüm hadisə oldu. 1934-cü il noyabrın 4-də bu münasibətlə təntənəli iclas keçirildi. İclasda Xalq Komissarları Sovetinin sədri Hüseyn Rəhmanov nitq söylədi.

1934/35-ci tədris ili üçün birinci qəbula ərizə verənlərdən 444 nəfəri imtahanlara buraxılmış, 218 nəfər qəbul edilmişdi. Onların arasında 127 azərbaycanlı, 28 rus, və 63 nəfər digər millətlərin nümayəndəsi var idi.

Universitetdə işləmək üçün ən yaxşı elmi kadrlar cəlb edildi. Moskva və Leninqraddan professorlar dəvət olundu. Akademik işçilərin əksəriyyəti Azərbaycan dilində məşğələ aparırdı. Rus dilində oxunan mühazirələrin stenoqramı yazılır və Azərbaycan dilinə tərcümə edilirdi. Universitetə tələbə qəbulunu asanlaşdırmaq məqsədi ilə altı aylıq hazırlıq kursları təşkil edildi. 1934-cü ildə Universitet indiki İstiqlaliyyət küçəsindəki 6 nömrəli binada yerləşdirildi. Universitetə binanın ancaq yarısı verildi. Binanın o biri yarısında sənaye texnikumu və ibtidai məktəb yerləşirdi. Bütün binanın verilməsi haqqında universitet rəhbərliyinin xahişi beş ildən sonra yerinə yetirildi. 1939-cu ildə texnikumun yerləşdiyi binanı və sonralar respublika Ali Sovetinin yerləşdiyi binanın bir hissəsini universitetə verdilər. 1940-cı ildə ikinci növbədə dərs keçmək üçün o zamankı Sovet küçəsində yerləşən binada universitetə daha 10 otaq verdilər. Lakin bütün bu tədbirlər universitetin bina məsələsini həll edə bilmədi. 1934-cü ildən 1941-ci ilədək tələbələrin sayı 9 dəfədən çox artmış, professor-müəllim heyətinin və xidməti işçilərin sayı 400 nəfərə çatsa da, universitetin sahəsi demək olar ki, artmamışdı. 1941-ci ilin yanvarın 1-dək təqribən 100 min cild kitabı olan universitet kitabxanası cəmi 4 otaqda yerləşirdi. 1936-cı il dekabrın 30-da Azərbaycan SSR XKS-i "Bakı şəhərində universitet üçün tədris binalarının tikilməsi haqqında" qərar qəbul etdi. Lakin sonralar məlum oldu ki, tikinti üçün ayrılan sahə neftli sahədir və ona görə də tikinti işləri dayandırıldı. Tələbə yataqxanası sarıdan vəziyyət daha pis idi. 1937-ci ildə universitetin o zamankı Kolodeznaya küçəsində 39 nəfərlik, Ali Pedaqoji İnstitutun yataqxanasında 35 nəfərlik və Natavan meydanında 50 nəfərlik yataqxanaları var idi. Yataqxanalarda minimum mədəni rahatlıq şəraiti yox idi. Tədris binalarının və yataqxanaların vəziyyəti universitetin fəaliyyətinə mənfi təsir göstərirdi.

1939/40-cı tədris ilində universitetdə  sayca beşinci fakültə - Filologiya fakültəsi fəaliyyətə başladı. 1941-ci ildə Karl Mars adına Xalq Təsərrüfatı İnstitutunun Hüquq fakültəsi universitetin tərkibinə daxil edildi.

Fizika-riyaziyyat fakültəsində  riyaziyyat, fizika və mexanika ixtisasları üzrə elmi-tədqiqat institutları üçün mütəxəssislər və ali məktəb müəllimləri hazırlanırdı. Universitetin bərpasından sonra Fizika-riyaziyyat fakültəsinin dekanı təyin olunmuş professor Yevgeni Borisoviç Lopuxin bu vəzifədə bir ildən az işlədi. Ondan sonra fakültənin dekanı vəzifəsində Məmməd bəy Əfəndiyev (1934-1936), professor Aleksandr Adolfoviç Buxştab (1936-1939), dosent Mikayıl Xıdırzadə (1939-1941) və dosent Əşrəf Hüseynov (1941-1943) işləmişlər. 1936/37-ci tədris  ilində fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərirdi: Riyazi analiz (rəhbər professor A.A.Buxştab), Həndəsə (rəhbər professor Aleksandr Sergeyeviç Kovanko), Mexanika (rəhbər professor L.İ.Yelkin), Fizika (rəhbər dosent A.İ.Mixaylevski).

1940/41-ci tədris ilində Fizika-riyaziyyat fakültəsinin səkkiz kafedrası var idi: 1) Riyazi analiz, 2) Cəbr və funksiyalar nəzəriyyəsi, 3) Nəzəri mexanika, 4) Ümumi fizika, 5) Molekulyar fizika, 6) Nəzəri fizika, 7) Geofizika, 8) Astronomiya. 1941-ci ilin yanvar 1-dək fakültənin akademik heyəti 35 nəfərdən ibarət idi, onların 23 nəfəri azərbaycanlı idi. Akademik heyət 4 professordan, 20 dosentdən, 1 baş müəllimdən, 6 müəllimdən, 4 assistentdən ibarət idi. 

İlk tədris ilində Kimya fakültəsi cəmi iki kafedra ilə fəaliyyətə başladı: 1) Qeyri-üzvi kimya kafedrası (müdir professor S.D.Hüseynov), 2) Fiziki-kimya kafedrası (müdir V.İ.Tixomirov). 1935-ci ildə fakültənin nəzdində daha iki kafedra: Üzvi kimya kafedrası (müdir professor K.A.Krausski) və Analitik kimya kafedrası (müdir dosent M.E.Əfəndi) fəaliyyətə başladı. 1936-1937-ci tədris ilində Üzvi kimya kafedrasına V.F.Kerr, 1937/38-ci tədris ilində isə M.A.İsgəndərov, Analitik kimya kafedrasına isə 1937/38-ci tədris  ilində dosent V.F.Neqreyev rəhbərlik etmişdir. 1935-ci ilin fevralında fakültədə Azərbaycan bölməsi açıldı.

1941-ci il yanvarın 1-dən Kimya fakültəsinin dörd kafedrasında 34 nəfər müəllim çalışırdı, onların 21-i azərbaycanlı idi. Fakültədə işləyən müəllimlərin 3-ü professor, 15-i dosent, 1-i baş müəllim, 1-i müəllim, 14-ü assistent idi. Kimya fakültəsində həm tədqiqatçılar, həm də ali məktəblər üçün müəllimlər hazırlanırdı.

Fəaliyyətinə dörd kafedra ilə başlayan Biologiya fakültəsi sonralar xeyli genişlənmiş və 1940-1941-ci tədris ilində onların sayı 9-a çatmışdı: 1) Ali bitgilərin təsnifatı və morfologiyası (müdir professor A.A.Qrossheym); 2) Bitkilərin fiziologiyası və anatomiyası (müdir professor D.A.Şutov); 3) Zoologiya (müdir professor V.S.Yelpatyevski); 4) Heyvanların fiziologiyası (müdir professor P.Y.Rostovsev);  5) İnsan anatomiyası (müdir professor Kamil Balakişiyev); 6) Genetika və darvinizm (müdir dosent Mirəli Axundov); 7) Biokimya (müdir professor H.İ.Səfərov); 8) Geologiya və paleontologiya (müdir professor V.V.Boqaçov); 9) Mikrobiologiya və ibtidai bitkilərin təsnifatı (müdir dosent S.Ə.Ələkbərov) idi. 1941-ci ildə fakültənin akademik heyətinə daxil olan 35 nəfərdən 25-i azərbaycanlı idi. Burada 5 professor, 16 dosent, 1 baş müəllim, 1 müəllim, 12 assistent işləyirdi. Fakültədə məşğələlər Azərbaycan və rus dillərində aparılırdı.

Tarix fakültəsi ali və orta məktəblər və elmi-tədqiqat institutları üçün "marksist əqidəli" ixtisaslı kadrlar hazırlamalı idi. Fakültədə qədim dünya tarixi, orta əsrlər tarixi, yeni dövr tarixi, SSRİ xalqları tarixi, Azərbaycan və Zaqafqaziya tarixi, Müstəmləkə ölkələrinin və asılı ölkələrin tarixi fənləri tədris olunurdu. Təlim kursu 5 il idi. I-III kurslarda tələbələr ümumi sosial-iqtisadi fənləri öyrənir, IV kursda ixtisaslaşma aparılırdı. Fakültə yaradıldıqdan 1937-ci ilədək dekan vəzifəsində professor B.N.Tixomirov, sonrakı illərdə professor Mehbalı Qasımov, professor A.K.Gerval, dosentlər M.C.Mahmudov və K.B.Lukyanov işləmişlər.

1936/37-ci tədris ilində Tarix fakültəsində altı kafedra fəaliyyət göstərirdi: SSRİ xalqları kafedrası (müdir professor Ə.S.Qubaydulin); Müstəmləkə ölkələrinin və asılı ölkələrin tarixi kafedrası (müdir professor A.Bukşpan); Ümumi tarix kafedrası (müdir professor İ.P.Tokin), Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası tarixi kafedrası (müdir dosent M.Məmmədov), Fəlsəfə kafedrası (müdir dosent A.Kazımov), Siyasi iqtisad kafedrası (müdir professor B.Hüseynbəyov).

1937/38-ci tədris ilində Ümumi tarix kafedrası 3 müstəqil kafedraya: Qədim dünya tarixi (müdir dosent Mehdi İrəvanski) və Orta əsrlər tarixi (müdir professor P.K.Jüze), Yeni tarix (müdir baş müəllim Q.M.Həsənov) kafedralarına ayırdı. 1938/39-cu tədris ilində ÜK(b)P tarixi kafedrası, Fəlsəfə və siyasi iqtisad kafedraları birləşdirildi və onların bazasında ümumuniversitet Marksizm-leninizmin əsasları kafedrası yaradıldı. 1941-ci il yanvarın 1-nə olan məlumata görə, fakültənin akademik heyəti 16 nəfərdən ibarət idi. Onların 9-u azərbaycanlı olmaqla fakültədə 4 professor, 4 dosent, 1 baş müəllim, 7 müəllim işləyirdi. 1938-ci ildə fakültənin 21 nəfər IV kurs tələbəsi təhsil almaq üçün Moskva Dövlət Universitetinə göndərildi.

1939/40-cı dərs ilində Universitetdə Filologiya fakültəsi yaradıldı. Fakültədə Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı ixtisasları üzrə mütəxəssislər hazırlanırdı. Fakültənin tələbə kontingenti 120 nəfər müyyən edilmişdi. Hər biri 30 nəfərdən ibarət olan iki qrup azərbaycanca, hər biri 30 nəfərdən ibarət olan iki qrup isə rus dilində təhsil almalı idi. Filologiya elmləri doktoru, professor A.B.Baqri fakültənin dekanı vəzifəsinə təyin edildi. Fəaliyyətinin ilk illərində fakültədə Azərbaycan dilçiliyi kafedrası (müdir filologiya elmləri namizədi Y.Əliyev), Ümumi dilçilik kafedrası (müdir dosent Ə.Cəfərov), Azərbaycan ədəbiyyatı kafedrası (professor Mikayıl Rəfili), Azərbaycan dilinin praktik kursu kafedrası (müdir dosent Qasımbəyli), Rus dilçiliyi kafedrası (müdir dosent A.B.Bednyakov), Rus dilinin praktik kursu kafedrası (müdir professor H.Şahtaxtinski), Klassik filologiya kafedrası (müdir professor B.İ.Yablonko), Qərbi Avropa dilləri kafedrası (müdir professor P.X.Tumbil) kafedraları var idi. 1940-cı ilin 18 sentyabrında kafedraların strukturu dəyişiklik aparıldı. 1941-ci ilin yanvarın 1-nə olan məlumata görə, fakültənin akademik heyəti 35 nəfərdən ibarət idi. Onların 14-ü azərbaycanlı olmaqla, 5- i professor, 11-i dosent, 6-sı baş müəllim, 13-ü müəllim idi.

1940/41-ci tədris ilində Azərbaycan Dövlət Universitetində 33 fakültə, 5 ümumuniversitet (Marksiszm-leninizmin əsasları; Hərbi iş; Bədən tərbiyəsi; Pedaqogika; Xarici dil) kafedrası fəaliyyət göstərirdi.

SSRİ Xalq Komissarları Sovetinin 1939-cu il 11 aprel tarixli əmri ilə universitetlərin fakültələri üçün ixtisasların siyahısı aşağıdakı kimi təsdiq edilmişdi: Fizika-riyaziyyat fakültəsi riyaziyyat, fizika, coğrafiya üzrə, Biologiya fakültəsi botanika və zoologiya üzrə, Kimya fakültəsi üzvi kimya, qeyri-üzvi və analitik kimya, fiziki və kolloid kimya üzrə, Tarix fakültəsi tarix üzrə, filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlamalı idilər.

İllər ötdükcə universitetin akademik heyətinin sayı davamlı olaraq artırdı: 1935-si ilin aprelinə olan məlumata əsasən, onun tərkibinə 52 nəfər (onlardan 22-si azərbaycanlı) daxil idi. Həmin il universitetdə 10 professor, 14 dosent, 10 müəllim, 18 assistent işləyirdi. 1938/39-cu dərs ilində akademik heyətin sayı 180 nəfərə (91 nəfəri azərbaycanlı) çatmışdı, o cümlədən, 21 professor, 31 dosent, 37 dosent əvəzi, 63 nəfər müəllim, 28 nəfər assistent var idi. 1941-ci ilin yanvarın birinə olan məlumata görə, universitetdə 196 nəfər (onlardan 105 nəfəri azərbaycanlı idi)  professor-müəllim elm və tədris fəaliyyəti ilə məşğul idi.

Tələbə kontingenti də ildən-ilə artırdı. 1936-cı ilin əvvəllərində universitetdə 363 nəfər, 1937-ci ilin əvvəllərində 611 nəfər, 1938-ci ilin əvvəllərində 1214 nəfər 1939-cu ilin əvvəllərində 1556 nəfər tələbə təhsil alırdı.

1934-cü ildə universitetin bərpasından sonra 98 nəfərdən ibarət birinci buraxılış 1939-cu ildə oldu. Onlardan içərisində sonralar elm və təhsil sahəsində çox böyük uğurlara imza atmış akademiklər - bioloq S.M.Əsədov, kimyaçı Əli Quliyev, geoloq Şəfaət Mehdiyev, AMEA-nın müxbir üzvü ixtioloq Y.Ə.Əbdülrəhmanov, texnika elmləri doktoru Məcid Mərdanov, kimya elmləri doktorları A.A.Baxşızadə, Bilal Dadaşov, M.R.Qulubəyov, A.Q.Xanlarov, tarix elmləri doktorları Y.A.Tokarjevski, Zülfəli İbrahimov, Məmməd Qazıyev, Mehbalı Qasımov olmuşdur. 

Elmi-tədqiqat işi universitetin fəaliyyətinin mühüm sahəsi hesab edildiyindən bu iş əsasən kafedralarda və fərdi şəkildə həyata keçirilirdi. Fizika-riyaziyyat fakültəsində professorlardan A.S.Kovanko analiz sahəsində, P.P.Lukin tikinti mexanikası sahəsində, A.M.Amosov riyaziyyatın tədrisi metodikası sahəsində, L.İ.Jelkin mexanika sahəsində, B.Q.Pobedinski həndəsə sahəsində, A.A.Buxştab ədədlər nəzəriyyəsi sahəsində tədqiqat işləri aparırdı.

Gənc elmi işçilər hazırlamaq məqsədilə  onların rəhbərliyi ilə elmi seminarlar təşkil edilirdi. 1938-1941-ci illərdə fakültədə 8 nəfər: Zahid Xəlilov, Maqsud Cavadov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, X.Qayamov, Z.İ.Əlizadə, M.A.Kajlayev və Yaroslav Borisoviç Lopatinski namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi oldular.

Filologiya fakültəsində Feyzulla Qasımzadə, Əli Sultanlı, Əbdüləzəl Dəmirçizadə, Cəfər Hacıyev namizədlik dissertasiyaları müdafiə etdilər. Universitetin bir neçə əməkdaşı Moskva və Leninqradın ali məktəblərində dissertasiya müdafiə etmişdilər. Onlardan biri də Yusif Məmmədəliyev idi.

1938-ci il aprelin 5-də rektor Cəbrayıl Ələsgərovun əmri ilə universitetin nəşrlərini buraxmaq üçün 11 professor və dosentdən ibarət redaksiya komissiyası təşkil olundu. 1938-ci il noyabrın 25-də rektorun əmri ilə Azərbaycan və rus dillərində elmi "Əsərlər"in nəşri təsdiq edildi. 1939-cu ildə "Əsərlər"in birinci cildi çapdan çıxdı.

1940-cı il martın 7-dən 13-dək universitetdə birinci tələbə elmi konfransı keçirildi. Konfrans öz işini tarix, biologiya, fizika-riyaziyyat və kimya bölmələrnin plenar iclaslarında davam etdirdi. Konfransda yüksək nəzəri və praktik əhəmiyyəti olan 36 elmi məqalə dinlənilmişdi. 1941-ci il 5-10 aprel tarixlərində Universitet tələbələrinin ikinci elmi konfransı keçirildi. Konfransın filologiya, tarix, biologiya, kimya və fizika-riyaziyyat bölmələrində 54 məruzə dinlənildi.

Universitetin aspiranturası 1936/37-ci dərs ilində yenidən fəaliyyətə başladı. Aspirantların birinci qrupu 13 nəfərdən ibarət oldu. 1937-ci ildə aspiranturaya daha 15 nəfər qəbul edildi. 1940/41-ci dərs ilində universitetin 93 aspirantı var idi. Onlarda 22 nəfəri Moskvanın, Leninqradın, Rostovun və Kazanın ali məktəblərində elmi-tədqiqat işlərini davam etdirirdilər. Aspirantların 50 nəfəri azərbaycanlı, 16 nəfəri rus, 27 nəfəri başqa millətlərin nümayəndəsi idi. Aspirantlar arasında 28 nəfər qadın var idi. Aspiranturanın elmi fəaliyyətində müəyyən  çətinliklər var idi. Onlar aspirantların təhsil və elmi hazırlıqlarının aşağı olmasından irəli gəlirdi. Aspirantların bir çoxu rus dilini və xarici dilləri zəif bilirdi. Bu, onların başqa dillərdəki ədəbiyyatdan istifadə etmələrini çətinləşdirirdi. Başqa bir çətinlik də yüksək ixtisaslı elmi rəhbərlərin: elmlər doktorlarının, professorların çatışmaması idi. Moskvadan, Leninqraddan və ölkənin digər şəhərlərindən mütəxəssislər dəvət edilsə də, yüksək elmi səviyyəli rəhbərlər çatışmırdı. Aspirantların əksəriyyəti aspiranturanı dissertasiya müdafiə etmədən bitirirdi. 1939-1940-cı dərs ilində yalnız 4 aspirant vaxtında dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdü.

Qeyd olunan çətinliklərə baxmayaraq, 1934-1941-ci illərdə Azərbaycan Dövlət Universitetində yüksək ixtisaslı mütəxəssislər hazırlanmasında və elmin inkişaf etdirilməsində müəyyən nailiyyətlər əldə edilmişdi.

30-cu illərin amansız repressiyası universitetin milli ruhlu kollektivindən də yan keçmədi. Bu illər universitetin müəllim və tələbə kollektivi üçün də qorxulu, səksəkəli illər oldu. Bu dövrdə neçə-neçə professor, müəllim və tələbəyə "xalq düşməni", "turançı", "pantürkist", "panislamist" damğaları vuruldu. Repressiya nəticəsində xalqımız millətin əqli sərvətini təşkil edən ağıl və düşüncə sahiblərini, intellektual potensialının mühüm bir hissəsini itirdi. 1934-1939-cu illərdə Azərbaycanda 27.458 nəfər "əksinqilabi" və "antisovet" fəaliyyətinə görə təqib, təzyiq və güllələnməyə məruz qalanlardan 50-dən çox professor, elmi işçi və müəllim, 20-yə qədər  tələbə BDU-nun təmsilçiləri idi. Yalnız 1937-ci ildə Universitetin iki dekanı, iki dekan müavini, dörd kafedra müdiri, kitabxana direktoru, elmi katib, xüsusi hissə müdiri, partiya və komsomol təşkilatlarının rəhbərləri, səkkiz professor, həmçinin, universitetin rektoru olmuş dörd görkəmli ziyalı (Tağı Şahbazi, Məmməd Kazım Ələkbərli, Balabəy Həsənbəyov, Maqsud Məmmədov) həbs edilərək ən ağır cəzaya - güllələnməyə məhkum edildilər. Azərbaycan elminin dəyərli nümayəndələri - professor B.Çobanzadə, professor Ə.Qubaydullin, professor B.N.Tixomirov, dosent Baba Əsgərov və dosent H.Biləndərli, professor Bukşpan, professor Çiçikalov, professor Safranoviç, dosent Əli Məmmədbəyov, dosent İsrafil Axundov, Ağamir Məmmədov, dosent Əli Məmmədbəyov, Əbdül Yusifov, Baba Babayev cəza maşınının təzyiqindən qurtara bilmədilər.

1939-cu ildə II Dünya müharibəsinin başlanması ilə dünya düzənində tarazılıq pozuldu. Beynəlxalq vəziyyət kəskin şəkildə dəyişdi. SSRİ-nin başı üzərini qara buludlar aldı. Mərkəz partiya və sovet rəhbərlərinə, elm, təhsil, mədəniyyət xadimlərinə, milli-mənəvi dəyər daşıyıcılarına, ziyalı elitasına qarşı "səlib yürüşünə", "düşmən axtarışına" son qoymaq məcburiyyətində qaldı.

 

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.10-11.