Tanınmış gəncəli rəssam haqda kitabın təqdimatı olub

 

"Nar Budağı" adlı kitab müasir Azərbaycanda Çini Miniatür sənətinin banilərindən olan Qalib Bağırovun həyat və yaradıcılığına həsr olunub

 

 

Gəncə Maarif Evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İsmayıl Abbasın "Nar budağı" kitabının təqdimatı keçirilib. Bu, bir neçə ay bundan əvvəl vəfat edən əməkdar rəssam Qabil Bağırovun həyat yaradıcılığından bəhs edən sənədli povestdir.

Görüşdə Gəncənin ədəbi mühitinin təmsilçiləri, ziyalılar, rəssamın yaxınları, eləcə gənc nəslin nümayəndələri iştirak ediblər. Çıxış edənlər böyük istedada, dərin intellektə malik olan Qalib Bağırovun yaradıcılığının klassik yenilikçi çalarlarından, təvazökar insani xüsusiyyətlərindən, Vətən təəssübkeşliyindən, sənət fədakarlığından danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

"Mən kitabda rəssamın Azərbaycan təsviri tətbiq incəsənətinə verdiyi əvəzsiz töhfələri ilə yanaşı, onun mənsub olduğu aristokrat nəsildən gələn insani zehni zənginliyinin genetik əsaslarını da diqqətə çatdırmaq istəmişəm. Qalib Bağırovun adının yalnız Azərbaycanda deyil, xarici ölkələrdə, xüsusən keçmiş SSRİ məkanında da yaxşı tanındığını, onun dünyanın dörd bir yerində sənət dostlarının olduğunu nəzərə alaraq, bu povesti rus dilində yazmışam", - deyə İsmayıl Abbas bildirdi.  

Rəssamlar İttifaqının Gəncə Bölməsinin rəhbəri, Əməkdar rəssam, Azərbaycanda çini üzərində miniatür sənətinin yaradıcılarından olan Qalib Bağırov bu ilin may ayında ürək tutmasında  74 yaşında vəfat edib.

1945-ci il may ayının 9-da anadan olan, elə adı da həmin Qələbə Gününün şərəfinə qoyulan sənətkar  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, 1971-ci ildə isə S.Q.Stroqanov adına Moskva Dövlət Sənaye-İncəsənət Akademiyasını bitirib. Elə həmin illərdən Gəncədə fəaliyyətə başlayan Çini Qablar Zavodunda baş rəssam kimi çalışaraq, Azərbaycanda müasir çini incəsənətinin yaranmasına böyük töhfə verib. Qalib Bağırov onun ətrafında toplanmış rəssamların əməyi ilə həmin müəssisədə yaradılan, hətta kütləvi istehsalı təşkil edilən əsrarəngiz naxışlı çini qablar nümunələri Rusiya, Çexoslovakiya, Yuqoslaviya kimi bu sənətə heç biganə olmayan ölkələrdə keçirilmiş sərgilərdən qalib kimi dönüb.

Zavodun fəaliyyəti dayandırıldıqdan sonra Qalib Bağırov Gəncədəki "Çökək hamam" Kompleksində Tətbiqi Sənət Mərkəzi yaradaraq,  burada Azərbaycan çini sənətinin ən nəfis nümunələrini qoruyub saxlaya bilib.

 

Zakir MURADOV

Gəncə

 

525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.4.