Ötən il teatrlarımız
üçün uğurlu keçib
Geridə
qoyduğumuz 2018-ci il Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı üçün uğurlu premyeralar,
müvəffəqiyyətli qastrol səfərləri ilə
yadda qalıb.
Teatrın mətbuat xidmətinin rəhbəri Cavid
Zeynallı bildirib ki, teatrda yaradıcı əhval ilboyu
yüksək səviyyədə olub, səhnə əsərləri
istər böyük, istərsə də azyaşlı
tamaşaçılar tərəfindən maraqla
qarşılanıb.
"Teatr təkcə yaradıcı məkan deyil, eyni
zamanda, kassaya üz tutan tamaşaçı deməkdir. Sevinirəm
ki, bizim tamaşaçı repertuardakı uğurlu
tamaşaları görür, ətrafdakı insanlardan müsbət
rəylər eşidir və öz gözləri ilə
görmək üçün yollarını kassadan
salırlar. İl ərzində Akademik Milli Dram
Teatrında doqquz tamaşa hazırlanıb: "Sinif
yoldaşları", "Ah, bu uzun sevda yolu",
"Buratino", "Manqurt", "Bir, iki, bizimki",
"Gəl baharım, gəl yazım", "Qəribə,
çox qəribə əhvalat", "Şah Qacar" və
"Ninza tısbağalar". Rusiya-Azərbaycan
teatr əlaqələrində körpü rolunu oynayan
"Sinif yoldaşları" tamaşası Rusiyanın məşhur
yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri
əsasında hazırlanıb. Tamaşanın
müəllifi, quruluşçu rejissoru və rəssamı
Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
Xalq artisti Azər Paşa Nemətovdur. Əli
Əmirlinin eyniadlı əsəri əsasında qurulan
"Ah, bu uzun sevda yolu" tamaşası isə Mikayıl
Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli
Dram Teatrının kollektivi "İuda" tamaşası ilə
Qazaxıstanda, "Manqurt" tamaşası ilə
Qırğızıstanda və "Cəhənnəm sakinləri"
tamaşası ilə Türkiyədə qastrol səfərlərində
olub, tamaşalarımız beynəlxalq münsiflər heyəti
tərəfindən yüksək qiymətləndirilərək
mükafata layiq görülüb. İl ərzində
Balakən, Zaqatala, Qax və Şamaxıya qastrol səfərləri
təşkil olunub. Yola saldığımız ildə
Xalq artistləri Sofa Bəsirzadənin, Mehdi Məmmədovun,
Tofiq Kazımovun, Həsənağa Turabovun və
başqalarının yubileyləri qeyd olunub", - deyə
Cavid Zeynallı bildirib.
Azərbaycan Dövlət Musiqili Teatrının 108-ci
mövsümü uğurlu və əlamətdar hadisələrlə
yadda qalıb.
İlboyu Musiqili Teatrda bir çox beynəlxalq və
respublika əhəmiyyətli tədbirlər keçirilib.
Bir sıra tamaşaların premyeraları olub,
aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə
iştirak ediblər, müxtəlif rəsmi və
yaradıcı təşkilatların mükafatlarını
qazanıblar.
Teatrın
mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova deyib
ki, ötən il tamaşaçıları teatra cəlb etmək
üçün müasir dövrün tələblərinə
uyğun şəkildə addımlar atılıb:
"Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin
teatrlarının qatıldığı İran İslam
Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq
Teatr Festivalında "Ər və arvad"
komediyasını təqdim edib. Təbriz Teatrının rəhbəri,
aktyor və rejissor Babək Nəhreyn 2017-ci və 2018-ci illərin
Novruz bayramı günlərində 2 il
ardıcıl konsert proqramı ilə bizim səhnədə
çıxış edib. Bakıda keçirilən
İran Mədəniyyəti Günləri çərçivəsində
Titovak Teatrının aktyorlarının iştirakı ilə
"İlahi Komediya. Cəhənnəm"
tamaşası nümayiş olunub. Ötən il
teatrımız "Sərhədsiz teatr" III Şəki
Beynəlxalq Teatr Festivalı çərçivəsində
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
məşhur özbək yazıçısı İbrahim
Sadıqovun "Molla Nəsrəddinin beş arvadı"
ikihissəli komediyasını təqdim edərək
mükafata layiq görülüb. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının 100-cü
ildönümü şərəfinə təqdim etdiyimiz
"Nuri-didə Ceyhun" (Ə.Əmirli) tamaşasında
milli səhnəmizdə ilk dəfə Ceyhun Hacıbəyli
obrazının canlandırılması, "Qodonun
intizarında" (F.Qarayev, S.Bekket) absurd tamaşasının
premyerasının nümayişi teatr aləmində
böyük əks-səda doğurub".
Bundan
başqa, sənət ocağında ssenarisi və quruluşu
teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus
olan "Əsarətdən cəsarətə" adlı
tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi və "Cəzaçəkmiş
qadınların cəmiyyətə
qayıdışı" İctimai Birliyinin təşkilatçılığı
ilə təşkil olunan müsabiqədə qalib olub, Quba və
Qusar rayonunda gənclər qarşısında nümayiş
edilib".
Teatrın
sözçüsü əlavə edib ki, hər zaman öz
repertuarında uşaq tamaşalarına xüsusi yer ayıran
Musiqili Teatr bu il də həmin ənənəyə sadiq
qalıb: "Musiqili Teatr Yeni il bayramına görə,
uşaqların tətil günlərində balaca
tamaşaçılarımızın görüşünə
Azərbaycan xalq nağılı "Cırtdan"ın
motivləri əsasında gənc rejissor Ayla Osmanovanın
quruluşunda hazırlanmış "Cırtdanın sərgüzəştləri"
nağıl-pyesi ilə gəlib. Dekabrın 28-dən
etibarən təqdim olunan tamaşanı balacalar yanvarın 6-dək
izləyə biləcəklər".
F.Aslanova teatrın gələnilki planlarından da
söz açıb. Bildirib ki, növbəti ildə premyeraları nəzərdə
tutulan "Balaca şahzadə", "Çarəsiz sərnişinlər",
"Buratino" tamaşalarının ciddi məşqləri
gedir.
Ötən mövsüm Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı üçün də məhsuldar
olub.
Bu barədə
məlumat verən teatrın mətbuat xidmətinin rəhbəri
Pərvin Nurəliyeva deyib: "Ötən il Gənc Tamaşaçılar
Teatrının 90 illik yubileyi keçirildi. Yubiley təntənəsinə
hazırlıq, yeni əsərlərin repertuara daxil edilməsi,
ölkə başçısının Sərəncamı
ilə bir sıra əməkdaşlarımızın fəxri
adlarla təltif edilməsi və bu kimi hadisələr 2018-ci ili teatrımızın həyatında
yaddaqalan ilə çevirdi. Tamaşaçılarımız
teatrın repertuarına son dərəcə maraqla
yanaşırlar. Belə ki, Əməkdar artist Nicat
Kazımovun quruluşunda hazırlanan "Bremen musiqiçiləri"
və baş rejissor Bəhram Osmanov tərəfindən
quruluş verilən "Don Kixot" tamaşası teatrın
ən uğurlu işlərindən oldu".
P.Nurəliyeva
ötən ilin əlamətdar hadisəsi kimi yubiley
tamaşasını da xüsusi vurğulayıb: "Yubiley tədbirimizdə
teatrımızın 90 ildə keçdiyi yola baxış sərgiləndi.
Vaqif Əsədovun quruluşunda hazırlanan
yubiley tədbirində ölkənin, xalqın taleyi ilə sənətin
taleyi paralel göstərildi".
Teatrın
2019-cu il üçün repertuar planlarını vaxtından əvvəl
açıqlamağı məqbul hesab etməyən P.Nurəliyeva
yalnız onu bildirib ki, növbəti ildə E.Şmidtin
"Tanrıya 14 məktub" əsərinin Nicat Kazımovun
quruluşunda tamaşaya qoyulması
planlaşdırılır.
2018-ci il Bakı Şəhər Mədəniyyət
Baş İdarəsinin nəzdində olan Bakı Uşaq
Teatrı üçün də səmərəli il kimi yadda
qalıb.
Teatrın
mətbuat xidmətinin rəhbəri Leyla Həşimova deyib
ki, ötən il teatrın yaradıcı
kollektivi üç yeni tamaşa hazırlayıb.
Onun
sözlərinə görə, Ə.B.Haqverdiyevin eyniadlı
pyesi əsasında rejissor Elşən Zeynallının
quruluş verdiyi "Kimdir müqəssir?"
tamaşasının premyerası Dövlət Gənc
Tamaşaçılar Teatrının səhnəsində
reallaşıb. Daha sonra tamaşa müxtəlif
məkanlarda izləyicilərə təqdim olunub. 2018-ci ilin ikinci yeni tamaşası Arzu Soltanın
"Hərə olduğu kimi gözəldir" pyesi əsasında
rejissor İlhamə Əhmədovanın quruluş verdiyi
"Əyriqulaq dovşan" tamaşası olub. Cəmiyyətdə
hər kəsin bərabər münasibətə layiq
olması, fərqlilərin inteqrasiyasının önəmi
kimi aktual mövzuya həsr olunan səhnə əsəri
ötən il balacalar tərəfindən ən
çox izlənilən tamaşalardandı. Rövşən
Ağayevin "Bir gecənin nağılı" pyesi əsasında
İntiqam Soltanın quruluş verdiyi "Sevgi şimşəyi"
tamaşası ilin üçüncü premyerası kimi tarixə
düşüb".
"Noyabrın
13-25-də "Sevgi şimşəyi" tamaşası
Türkiyənin Bilecik şəhərində
keçirilmiş 13-cü Beynəlxalq Teatr Festivalında
tamaşaçılara təqdim edilib, sonra isə Bakıda
Teatr Xadimləri İttifaqının tamaşa zalında yerli
tamaşaçılara göstərilib. Ötən il ərzində Bakı Uşaq Teatrının
kollektivi repertuarda olan müxtəlif uşaq və
böyük tamaşaları ilə paytaxtda və regionlarda dəfələrlə
tamaşaçılarla görüşüb. Teatrın
yaradıcısı və rəhbəri İntiqam Soltan məhz
2018-ci ildə ölkə başçısının
müvafiq Sərəncamı ilə "Əməkdar
artist" fəxri adına layiq
görülüb.
Bundan
başqa, İntiqam Soltan Təhsil Nazirliyinin təhsildə
inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində
maliyyələşdirilmiş layihə çərçivəsində
"Görünməz dərs" metodundan istifadə etməklə
uşaqlar üçün teatr təlimləri
keçirib", - deyə Leyla Həşimova
vurğulayıb.
Abdulla
Şaiq adına Dövlət Kukla
Teatrı isə ötən il dörd yeni tamaşanı təhvil
verib.
Teatrın mətbuat katibi Həmidə Rüstəmova deyib ki, teatrların yaradıcılıq həyatı bu il də qaynar olub: "Ötən mövsümdə 4 yeni tamaşa təhvil verdik. Ərəb xalq nağılları əsasında hazırlanmış "Əlibaba və qırx quldur", Ceyms Barrinin dünyaca məşhur "Piter Pen"i, "Şəngülüm, Məngülüm" kimi tamaşaları xüsusi vurğulamaq istərdim. Ötən il festivallarda uğurlu iştirakla da əlamətdar oldu. Teatr təmsilçilərimiz oktyabrın 5-14-də Moskvada keçirilən S.V.Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında uğurla iştirak edib. Aprelin 22-30-də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən birinci "Cigi-Cigi" Beynəlxalq Perfomans və Sənət Festivalında da təmsil olunduq. Sentyabrın 22-24-də isə Rusiyanın Həştərxan Vilayətində keçirilən "Xəzərin sahili" adlı VI Beynəlxalq Teatr Festivalında da milli kukla sənətimizi təmsil etdik".
Həmidə Rüstəmova bildirib ki, sənət ocağının yaradıcı kollektivi növbəti ilə də xüsusi hazırlaşır: "Növbəti ilə maraqlı tamaşalar hazırlayırıq. Bu tamaşaların indidən məşqləri gedir. 2019-cu ildə hazırlanacaq tamaşaların planları tərtib olunub. Yeni təqvim ilində dörd yeni tamaşa hazırlanacaq. İlk premyera yanvarın sonuna nəzərdə tutulur".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2018.- 4 yanvar.- S.7.