Xalq rəssamı Arif
Əzizin 75 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
Yanvarın 15-də Muzey Mərkəzinin sərgi qalereyasında Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri, Mədəniyyət və İncəsənət Universitetinin professoru Arif Əzizin və tələbələrinin “Maestro end Artists” adlı sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, konseptual sərgi silsiləsinin davamı olan sərgi, rəssamın 75 illik yubileyi çərçivəsində Azərbaycan və onun hüdudlarından kənarda təşkil olunan tədbirlər sırasında unikal mahiyyətli bir layihədir. Sərgidə Arif Əzizin və 100-ə yaxın tələbəsinin əsəri nümayiş ediləcək.
Qeyd edək ki,
müasir Azərbaycan incəsənətində
Arif Əzizin
yaradıcılığı xüsusi,
müstəsna yerə malikdir. Hələ keçmiş əsrin
70-ci illərindən başlayaraq Arif Əziz, dizayn,
dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr
dekorasiyası, moda, rəngkarlıq sahələrində
çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına
böyük təsir göstərib. İlk təhsilini
Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində
alan rəssam daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye
Məktəbində, “Qrafik dizayn” ixtisası üzrə təhsilini davam etdirib. 1971-ci ildən
bu günədək Mədəniyyət və
İncəsənət Universitetində pedaqoji
fəaliyyətlə məşğul olan
Arif Əzizin 48 il ərzində
yüzlərlə rəssam, dizayner, qrafik və xalçaçının
yetişməsinə böyük əmək
sərf edib.
525-ci qəzet.- 2019.- 4 yanvar.- S.7.