Xalq yazıçısı Anarın
yaradıcılıq yoluna bir nəzər
Bütün yaradıcılığını daim izlədiyim, əsərlərini sevərək mütaliə etdiyim Xalq yazıçısı Anara həsr etdiyim bu yazını poetik sətirlərlə başlamaq istəyirəm.
Bu
torpaqdan, sudan, oddan
Yaranmısan,
Azərbaycan.
Dədə
Qorqud kitabında,
Nəsiminin
xitabında,
Xətainin
gur səsində,
Füzulinin
naləsində,
Vaqifin
şux qoşmasında,
Vidadi
ağlaşmasında,
Mirzə
Fətəli dərdində,
Zərdabinin
qeyrətində,
Natəvanın
ismətində,
Ələsgərin
qismətində,
Acı
Sabir fəryadında,
Mirzə
Cəlil ah-dadında,
Hadinin qəmli
günündə,
Cavidlərin
sürgünündə,
Dözümdən
və mətanətdən,
Doğulmusan,
Ana Vətən!
Bəli,
məqaləmi "Beş mərtəbəli evin
altıncı mərtəbəsi", "Əlaqə",
"Vahimə", "Yaxşı padşahın
nağılı", "Otel otağı", "Mütləq
görüşərik", "Qırmızı
"Limuzin", "Gürcü familyası", "Dantenin
yubileyi", "Şəhərin yay günləri",
"Mən, sən, o və telefon", "Macal",
"Sizsiz", "Ağ qoç, Qara qoç" …kimi
onlarla məşhur nəsr əsərlərini dönə-dönə
oxuduğumuz yazıçı Anara məxsus "Vətən
marşı" ilə başlamağım təsadüfi
deyil. Bu sətirlər Azərbaycanımızın
tərcümeyi-halıdır və Vətənimizin
özkeçmişinin poetik ifadəsidir.
Azərbaycan
ədəbiyyatının elmi-bədii fikrində, nəzəri-fəlsəfi
düşüncəsində, oxucu sevgisi ilə deyim ki, Uca
Qalasını qurmuş Anar - yazıçı Anar ictimai-mədəni
həyatımızda həm də müdrik insan, el ağsaqqal
kimi tanınır, sevilir.
Mənim doğulduğum ildə "ölümdən
dönən" nəsil - yazıçılar, şairlər,
ədəbiyyatçılar nəslinin işığı
göründü. Onlar mübariz ruhda ədəbiyyata daxil
oldular. Milli ruh, milli özünüdərk,
milli özünütəsdiq, milli qürur əsərlərinin
ana xətti oldu.
Ədəbiyyatşünaslıqda 60-cılar deyə
tanınan bu nəsil nə və niyə istədiklərini, həm
də kimdən istədiklərini obrazların xarakterində,
mövzularının rəng və ritmlərində
yazdılar.
Onlar 37-38-ci il repressiyasında
doğranmış milli düşünürlərin ruhundan
doğulmuşlar idi.
Onların
ən parlaq, istedadlı nümayəndələrindən biri
də, əsərlərini elə 60 ildir ki, sevə-sevə
oxuduğumuz, mütaliə etdiyimiz, həyat dərsi öyrəndiyimiz
Anar müəllimdir - bu il ömrünün müdrik
yaşını 80 illiyini qeyd etdiyimiz Xalq
yazıçısı Anardır.
Bizim nəsil qorxulu illərin təsiri və tərbiyəsində
böyümədik, biz məhz yazıçı Anarın və
onun zamandaşı yazıçıların yazdıqları
mübariz ruhlu əsərlərin təsiri və tərbiyəsi
ilə böyüdük.
Dədə Qorqud əsərini dərsliklərdə
öyrənirdik, milli pasportumuz olan bu əsərin baş qəhrəmanı
Qaraca Çobanla fəxr edirdik, əməkçi obraz olaraq. Amma 60-cılar nəslinin
baş memarı Anar Dədə Qorqudda Bamsı Beyrəyi, Xan
oğlu Buğacın, Bəy oğlu Uruzun, Dəli Domrulun,
Qanturalının və digər igidlərimizin obrazını
qabartdı, üst qatda təqdim etdi. Ssenari
müəllifi olduğu və 1988-ci ildən tamaşa etdiyimiz
"Basatın igidliyi" filmi artıq kükrəyib
ayağa qalxmaq istəyən xalq üçün stimul oldu.
Sonrakı illərdə çəkilmiş "Dədə
Qorqud dühası", "Dirsə xanın oğlu
Buğacın boyu", "Salur Qazanın evi talandığı
boy" filmləri bu qəbildəndir. Dədə
Qorqud nəslinin övladları olduğumuzu milli
düşüncəmizə xatırlatdı. Burla Xatun obrazı ilə Analarımızın,
türk qadınlarının namus-şərəf qəhrəmanlığını
daha bir boy ucaltdı. Ədəbiyyatımızda "Dədə
Qorqud" dövrünün başlanğıcına imza atan
Anar "Qobustan" jurnalı ilə dilimizin
saflığını da gündəmə gətirdi, bunlar əslində,
təkcə bədii əsər yazmaq, ədəbi jurnal nəşr
etdirmək istəyi deyildi, bu istəyin arxasında yuxarıda
dediyimiz milli mübarizə, milli mücadilə vardı. Ona görə də 1988-ci ildə milli müstəqillik
uğrunda mübarizə üçün xalq, millət olaraq
ayağa qalxanda Anara çoxdan inanmışdı, Azadlıq
Meydanında onun çıxışlarını bir
içim su kimi susamış qəlblərinə çəkdilər.
Anarın bütün əsərlərində
dilimizin saflığı, duruluğu qorunur, yeni gələn nəsil
üçün örnək və məktəb rolunu
oynayır.
O,
oxucularını "Dədə Qorqud" dili ilə, "Dədə
Qorqud" əxlaqı ilə ədəbiyyatda
yaratdığı yeni bir "Dədə Qorqud
dünyası"na dəvət etdi. Çox qəribədir
ki, bir zamanlar mütaliəsini əlindən qoymayan gənclik
bu əsərlərə təşnə idilər, biri-birinə
xəbər edərək oxuyurdular, bu əsərlər əl-əl
gəzirdi, nəticədə bütöv bir nəsil tərbiyələndi:
milli qürur, qeyrət, mücadilə, mübarizə
üçün canını qurban verməyə hazır olan
gənclik yetişdi.
Fikir verin, "Dədə Qorqud"dan yazan,
"Qobustan" jurnalı nəşr edərək yeniliklərlə
silahlanan yazıçı "Molla Nəsrəddin"ə
üz tutmaya bilmir. Çünki cəmiyyət hələ də
antimilli ünsürlərlə dolu idi. Onu
ruhdan salmağa min yollar aradılar, şər-böhtandan belə
çəkinmədilər. Amma Anar milli gerçəkliyi
ana südü ilə içinə çəkmiş Vətənin
qeyrətli oğlu idi. Bu məqam dünya siyasət
meydanında öz heykəlini qurmuş və təpədən-dırnağa
milli olan Heydər Əliyevin çıxışından bir
neçə sətri xatırlatmaq istədim: "... 20-30-cu
illərin repressiyalarında çox dəyərli ziyalılar
məhv edilmişdir. Onlardan biri də Nigar
xanımın atası Xudadat bəy Rəfibəyli - Azərbaycanın
ilk müstəqil hökümətində, Xalq Cümhuriyyətində
nazir vəzifəsini tutmuş bir insan, sonra repressiya qurbanı
olmuşdur. Ancaq tarix hər şeyi öz
yerinə qoyur. Xudadat bəy Rəfibəylinin
qızı Nigar xanım Rəfibəyli böyük bir yol
keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf
etməsi uğrunda çalışmışdır. O,
öz həyat yoldaşı - Azərbaycanın böyük
şairi Rəsul Rza ilə birlikdə Azərbaycan ədəbiyyatının
yüksəlməsində xüsusi rol oynamışdır və
məmnunam ki, onların övladı, Azərbaycanın
böyük yazıçısı, Yazıçılar
Birliyinin sədri hörmətli Anar da əcdadlarının,
anasının, atasının işini davam etdirir və Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin
inkişafına öz xidmətlərini göstərir".
Belə
bir ailədə doğulub-tərbiyə almış bir
yazıçının, illərdir ki, hər Yeni ildə
hamımızın gözümüzü ekrana dikərək
gözlədiyimiz bir tamaşa-əsəri var: "Ötən
ilin son gecəsi". Bu əsərdə tərbiyə var,
zamanın sınaq imtahanına çəkilmiş ənənəvi
milli ailə qanun-qaydalarına baxış var.
Saçının bir telini ağ, bir
telini qara hörən və təkbaşına 4 övlad
böyüdən Ana obrazı əsərin əsas
personajıdır. Çoxdur belə ailələlər
və o övladlar ailə-ocaq istisini, bayram süfrəsinin bərəkətini
unudurlarmı? - yox, sadəcə fərqinə
varmırlar. Anar bu əsərində həmin
ailə tablosunu açıb sərgiləyir, tamaşa elə
və özün nəticə çıxar.
Anar
tamaşaçısını güldürür: "Evləri
köndələn yar"ı xatırlayaq. Burada
nə qədər müxtəlif obrazlar var - bir yanda sevən
cütlüklər, bir yanda zəngin qohum eşqində olan
valideynlər, bir yanda şöhrətpərəstlik xəstəsi
olan valideynlər, digər yanda öz bazarının haqq-hesabını
saf-çürük edən valideynlər. Bu personajların hamısı real həyatda,
yan-yörəmizdə, qonum-qonşumuzdadırlar, amma bu
gülünc və acınacaqlı həqiqətləri bir
bayram ovqatı ilə bizlərə təqdim edir. Baxın və gülün. Mirzə
Cəlil sayağı.
"Dantenin
yubileyi"ni adam nə qədər oxuyar -
gah gülər, gah da yazıq Kəbirlinskinin taleyinə
acıyar, amma bu ironik gülüş deyil, işinin
başında olan sadə bir insanın - obrazın əsl
ziyalılığını təqdim etməsidir.
Anar valideynlərini itirəndə özü məşhur
yazıçı idi. Amma o, bu itkini - ağır itkini uşaq
hönkürtüsü ilə qarşıladı -
"Sizsiz"i yazdı. Bu əsər əl-əl
gəzdi. İki tanınmış xalq
şairi haqqında yazıçı oğlun bədii
elegiyası, bu həm də ədəbiyyatımızda
elegiyanın yeni səpgidə təqdimi oldu.
Ədəbiyyatımızda öz yeri və dəsti-xətti
olduğu kimi, çəkdiyi filmləri də, mərhum aktyor
Həsən Məmmədovun təbirincə desək, heç
də adi bədii filmlər deyil. Bunlar həm də
görkəmli sənətkarlarımız haqqında monumental
tədqiqat əsərləridir ("Üzeyir
ömrü", "Qəm pəncərəsi",
"Torpaq. Dəniz. Od.
Səma", "Gün keçdi", "Dədə
Qorqud" və s.). Ssenariləri əsasında çəkilmiş
filmlərə - "Sözsüz mahnı", "Evləri
köndələn yar", "İmtahan", "Əlaqə",
"Təhminə", "Otel otağı",
"Nigarançılıq", "Cavid ömrü",
"Sübhün səfiri", eləcə də,
"Aşıqlar", "Daş saatın səsi",
"Dağdağa rast gəlməz" və s. hər dəfə
ilk dəfə
baxırıqmış kimi tamaşa edirik. Anarın
yaradıclıq səhifəsini vərəqlədikcə
ssenariləri əsasında çəkilmiş televiziya filmləri,
əsərləri əsasında çəkilmiş bədii
filmlər, ssenariləri əsasında çəkilmiş
cizgi filmləri, ideyası əsasında çəkilmiş
filmlər,
haqqında çəkilmiş sənədli filmlər
kimi səhifələrin zənginliyinə təəccüblənməyə
bilmirsən. Sanki yazıçı bütün ömrü
boyu bir an dayanmayaraq
yazıb-yaratmışdır.
Anarın film yaradıcılığına bu qədər
maraq və əmək sərf etməsi heç də təsadüfi
deyildir.
Çünki yazıçı ilk ali təhsilini
indiki Bakı Dövlət Universitetində aldıqdan sonra,
1970-72-ci illərdə Bakıda və Moskvada Rejissor
emalatxanasında kino rejissorluğu sənətinə də yiyələnmişdir.
1991-ci ilin martında Yazıçıların IX Qurultayında
yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri
seçilən Anar 1997 və 2014-cü illərdə
keçirilən Yazıçılar Qurultaylarında da yenidən
Azərbaycan Yazıçılar Birliyinin sədri
seçilmişdir. O, fəal ictimai xadim kimi Azərbaycanımızı
dünyanın dörd bir yanında ləyaqətlə təmsil
edir. Dünyanın əksər dillərinə
tərcümə olunmuş biri-birindən gözəl və
oxunaqlı əsərləri, müxtəlif elmi-ədəbi
məclislərindəki nitqləri, məruzə və
çıxışları, müsahibə və məqalələri
ilə.
O,
bütün türk dünyasında tanınan
yazıçıdır. 1996-cı ildə
Bakıda Türk Dünyası
Yazıçılarının III Qurultayı Anarın
giriş sözü ilə açıldı. Türk dünyasındakı xidmətlərinə
görə Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı
- Türkdilli ölkələrin mədəniyyət səylərini
birləşdirən beynəlxalq təşkilatın -
TÜRKSOY-un "Şərəf" medalı ilə təltif
edilmişdir.
Daha çox təmasda olduğum Özbəkistan
haqqında deyim. "Mən sən, o və telefon"
adlı kitabını nəşr edən naşirin -
"Sizin Anarın yazmaq eşqi həvəsi heç tükənməsin
- həm kitabın xərcini götürdük, həm də
5 dəfə artığını". Və
həmin kitab mağazalarda bir gündən artıq
qalmamışdı. Qeyd edim ki, indiyəcən
Anarın Özbəkistanda 5 kitabı nəşr olunub.
Anarın müxtəlif ölkələrdə nəşr
olunan kitablarının ümumi sayı 60-a yaxındır. Yuxarıda
adlarını çəkdiyimiz məşhur əsərləri
və ümumiyyətlə, digər nəsr əsərləri
xarici ölkələrdə tərcümə edilərək
dönə-dönə nəşr edilmişdir.
Dünyanın dörd bir yanında Anar nəsri oxunur -
ideya məzmun xüsusiyyətlərinə, fəlsəfi
anlamına, millilik kontekstində bəşəri əxlaqi dəyərinə
görə.
Həm də tərcüməçi kimi ədəbiyyatda
öz yeri olan sənətkarımızdır. V.Şekspirin
"Fırtına" pyesini, A.Blokun, V.Mayakovskinin, S,Yeseninin və
B.Pasternakın (B.Pasternakı dilimizə ilk dəfə Anar
çevirib) şeirlərini, eləcə də başqa rus və
dünya şairlərinin əsərlərini, müxtəlif
epoxalara aid nəsr mətnlərini Azərbaycan dilində
Anarın tərcüməsində oxuyuruq.
Yazıçı rus dilində də qələmini
uğurla sınayıb. Məsələn, "Gecə düşüncələri",
"Yaşamaq haqqı", bir çox esselərini və ədəbi-tənqidi
məqalələrini rus dilində yazıb, hətta
"Əlaqə" povestini, "Mən, sən, o və
telefon" hekayəsi, "Şəhərin yay günləri",
"Səhra yuxuları" pyeslərini və daha bir
neçə əsərini rus dilinə özü
çevirib.
O,
bir-birindən maraqlı yol qeydlərinin müəllifidir.
Anar onun
millilik məktəbindən dərs alan gənclərin
taleyinə həmişə qayğı göstərib. İstər tarix səhifələrinə
köçmüş gənclər olsun, istərsə də
müasir zamanımızda boy atan gənclər. Azərbaycan Yazıçılar Birliyinin sədri
olaraq onlara Birliyin imkanları daxilində əl yetirir.
Əsərlərinin müzakirəsi, nəşri, tərcüməsi
və s. məsələlərdə dəstəyini əsirgəmir.
Yazıçılar Birliyinin 3-cü qatında
yerləşən Natəvan klubunun qapısı
yanındakı divarda Yazıçılar Birliyinə
heç ayaq basmayan bir gəncin şəkli
asılmışdır. Bu, 20
yaşında Vətən uğrunda şəhid olmuş bir gəncin
nakam taleyinə qayğıdır. Hər il
bir gənc hekayəçiyə onun adına mükafat təqdim
edir. "Min ilin yüz şairi" içində
ona yer ayırır, "1500 ilin oğuz şeiri"ndə
onun yerini bələdləyir. "Şəhidlər
dağı" essesində yazır: "Şəhidlər
muzeyi qurularsa, orada ... klassiklərdən tutmuş ta
çağdaş şairlərimizin,
yazıçılarımızın təsirli kəlamlarınacan
- bütün mətnləri dairəvi divarlarda həkk etmək
olar, mərkəzdə, mis dairənin üstündə isə
məncə, ikicə sətir yazılmalıdır. Bu sətirlərin
müəllifi gənc şəhid-şair dahilərin,
uluların, böyüklərin məclisində mərkəz
yeri öz halal qanıyla, taleyilə, qismətiylə
qazanıb! Onun sətirlərinin saf həqiqəti
qarşısında baş əyməliyik: "Həyat
üçün doğulmuşuq, Vətən
üçün ölməliyik!"
Əslində, bu böyük qəlbin həyəcanı,
hönkürtüsü, ehtiramı və sevgisidir. Söhbət Ülvi
Bünyadzadədən - bizim evin körpəsi Ülvimizdən
getdiyini yəqin ki, hiss etdiniz. Bunun qayğı və diqqəti
üçün yazıçı Anara heç kim söz deməyib, xahiş etməyib, onun ailə
üzvlərini bəlkə də yaxından tanımır,
bilmir. Bu mübariz gəncliyə, şanlı qəhrəmanlıq
tariximizə minnətdarlıq işarətidir.
İllərdir ki, Əlişir Nəvai və ümumiyyətlə,
özbək ədəbiyyatı üzərində tədqiqatlarla
məşğulam. Əlişir Nəvainin "Məcalis
ün-nəfais" və "Nəsaim ül-məhəbbət"
təzkirələri üzərində
çalışırkən bir anlıq müasir
zamanımızda da belə mükəmməl təzkirələr
yazılırmı? - deyə
düşünərkən, Anarın
hazırladığı - yazdığı iki
biobiblioqrafiyanı - almanaxları xatırladım.
Bütöv Azərbaycanın ədəbi-bədii tarixini əks
etdirən "Min ilin 100 şairi" və bütün
türk dünyası ədiblərini - ədəbiyyat
dünyasının mənzərəsini yaradan "1500 ilin
Oğuz şeiri" əsərləri. Bu əsərlər
milli və ümumtürk ədəbiyyatımızın
tarixi xronologiyasıdır - mükəmməl, rəngarəng,
bir sözlə, zəngin xəzinə.
"Anar
yaradıcılığında biobiblioqrafiyanın elmi-nəzəri
aspektləri ("Min ilin 100 şairi" və"1500 ilin
Oğuz şeiri" almanaxları - biobiblioqrafiyaları əsasında)"
adlı irihəcmli məqaləmdə bu əsərlər
haqqında tam təfərrüatı yazdım, həmin
yazını da bu günlərdə çapa təqdim edəcəm.
Yazımızın əvvəlində Anarın həm də
şair kimi təqdim etmişdik. Altı cildlik "Əsərlər"inin
IV cildində təqdim etdiyi şeirlərini belə bir bəndlə
açır:
Şer
yazmaq bir həvəsdi,
Bilmirəm,
bəlkə əbəsdi,
Beş-on
şer mən də qoşdum,
Dedim ki, həvəsdi-bəsdi.
"Qürbətdə vətən həsrəti"
şeirində "Yaşamaq çətindi sənsiz, gözəl
elim - Azərbaycan" - deyə yazaraq Vətənin
şirinliyi, əzizliyi kimi könül eşqini əks
etdirib. Orada təqdim etdiyi "Klassik şeirlərlə səsləşmələr"
silsiləsindən yazdığı nəzirələr daha
çox ictimai məzmun daşıyır.
Sözümün əvvəlində səsləndirdiyim
"Vətən marşı"nın
tamamını diqqətinizə yetirirəm -
Məhəbbətdən,
cəsarətdən,
Ürəklərdə
sədaqətdən,
Diləklərdə
hürriyyətdən,
Şüurlarda
həqiqətdən,
Əməllərdə
ədalətdən,
İztirabdan,
əziyyətdən,
Göz
yaşından, əsarətdən,
Qovuşmağa,
birləşməyə
Ümidsiz
dəli həsrətdən,
Yer
altında hərarətdən,
Yer
üstündə bərəkətdən
Doğulmusan,
Ana Vətən.
Qalaların
vüqarı var,
Şahdağın
təmiz qarı var,
Göyçayının
çinarı var,
Qışı,
xəzanı varsa da,
Novruzu var, baharı var.
Doğma
yurdu hər gün, hər an
Yada salan Anarı var.
Bu yazımın sonunda üzümü sevimli yazıçımıza tutaraq demək istəyirəm ki, hörmətli Anar müəllim, bilin ki, sizi daim qəlbində sevən, anan oxucuların, xalqının ləyaqətli oğul-qızları, düşünən gəncliyimiz var. Ömrünüzün 90-nında, 100-ündə Sizinlə birgə yenə toplaşaq, inşallah!
Almaz
ÜLVİ
Filologiya
elmləri doktoru
525-ci qəzet.- 2019.- 4 yanvar.- S.6.