Azərbaycan Respublikasının Prezidenti 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir

İlk Cümhuriyyətimiz: olmuşlar və düşüncələr

Şirməmməd HÜSEYNOV

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 (Əvvəli ötən şənbə sayımızda)

TÜRK HARSININ RUS KOMUNİZMİNƏ MÜQAVİMƏTİ

Ədəbiyyatın və ədəbiyyat dərslərinin ictimai tərbiyədəki əhəmiyyətini qeyd etdikdən sonra Bakıda müntəşir “Komunist” qəzetəsi (¹ 261) Sovet məktəblərində ədəbiyyat dərsinin komunist məfkurəsi nöqteyi-nəzərindən çox naqis olduğunu təsbit ediyor. Hər şeyi qəbula mühəyya çocuq ruhiyyəsi üzərində müəssir olan ədəbiyyat dərslərində anlaşılan Marksizm və Leninizm metodunu əldə etmiş mürəbbilər (tərbiyəçilər) yoxmuş. Ədəbiyyat dərsləri “məəttəəssüf əski məfkurənin müməssilləri əlindədir” qeydilə qəzetə “bütün qəzalardakı ədəbiyyat müəllimləri, xüsusən orta məktəbdəkilər yeni proletar ədəbiyyatı və ədəbi cərəyanlar ilə tanış degildirlər. Daima bir Füzuli, bir Vaqif, bir Fikrət, bir Hamid və sair bu kibi şairləri öyrətiyorlar”, - deyə təəssüf etdikdən sonra, bu müəllimlərin “daima Türkiyə şairlərinin əsərləri ətrafında dolaşdıqlarından” çöx öfkələniyor. Bəlaya baxınız ki, bir çox müəllimlər “xalq və inqilab ədəbiyyatı” ilə qətiyyən hesab-laşmıyorlarmış!

Türkiyə şairlərinə, yəni “Füzuli ilə Vaqif, Hamid ilə Fikrət”ə müqabil ehmal edildigindən şikayət olunan “bu xalq və inqilab” ədəbiyyatı əcəba hankısıdır? Bu suala eyni fəqərənin (məqalənin) aşağıkı sətirlərində cavab buluyoruz. “Yaxınlarda ədəbiyyat haqqında bir çox məruzələr tərtib etmək istəyən bir cəmiyyətdə inqilabdan sonrakı ədəbi cərəyanlar haqqında da bir məruzə verilməsi təklifinə bəzi ədəbiyyat müəllimləri etiraz etmişlərdir.

Onlar Sovetlər İttifaqında, bilxassə Rusiyadakı inqilabi ədəbiyyat ilə hesablaşmaq lüzumunu unutuyorlar. Gözləri daima Türkiyə ədib və şairlərindədir”.

Azəri müəllimlərinin, ədəbiyyat dərslərində Rusiyaya degil Türkiyəyə baxdıqları bolşevik qəzetəçilərini qızdırıyor. Bu qızğınlıq yalnız qəzetə münəqqidlərində degil, bolşevik firqəçilərində də görülüyor. Ədəbiyyatda, mətbuatda və məktəbdə görülən Türkçülük cərəyanına dərhal Türkiyəçilik rəngi verilərək bunun oktyabr lisanına, inqilab əsasına, digər təbir ilə ruscanın təsiri ilə Rusiya hegemonyasına qarşı töcih edilmiş məfkurəvi bir təbiyə (hazırlıq) olduğu iddia olunuyor. Məsələn “Qəza təşviqat və maarif şöbələrinin müdirləri ilə qəza siyasi maarif idarələri müdirlərinin keçənlərdə vüqu bulan “müşavirəsindən” bəhs edən “Komunist” qəzetəsi (¹ 270) “komunizmə zid olan məfkurənin” əksəriyyət etibarilə “mədəni maarif müəssisələrində, ədəbiyyat cəmiyyətlərində və dərnəklərində mövqe tutaraq, bir çox məktəblərdə dəxi əski müəllimlər tərəfindən tərvic olunduğunu” təsbid ediyor.

Qızıl Rusiyanı buraxıb da hala Türkiyəyə baxan “komunizm əleyhdarı” tərbiyənin xassəsindən olmaq üzrə qəzetə, ərəb əlifbasını dəxi zikr ediyor. “Məktəblərdə dərslər hala əski üsul ilə veriliyor və ərəb əlifbasından istifadə olunuyor” deyə şikayət ediyor.

Yeni nəslin tərbiyəsində inqilab ünvanı altında rus tərbiyəsini idealizə edən rusçu komunistlər, yalnız “ədəbiyyat dərsləri” ilə “Ərəb əlifba”sından degil, ədəbiyyatdan da şikayətlidirlər. Keçən nüsxələrimizdə bir bolşevik münəqqidinin müasir Azəri şairlərinin inqilabdan mülhəm (ilhamlı) olmayaraq “ufaq burjuazi” məfkurəsinə məclub (cəlb) olduqlarından nə surətlə bəhs etidigini Mirzə Bala arqadaşımız təhlil eyləmişdi. Bu dəfə də “Tənqidçi” imzası ilə ədəbi təhlillər yazan birisi İsmayıl Hikmət Bəyin “Maarif və Mədəniyyət” məcmuəsində “tənqid və münəqqid” haqqında yazdığı məqaləsini “burjuazi” məhsulu bulduğu kibi, Bakı səhnəsində pək böyük müvəffəqiyyətlərlə təkərrür edən (təkrarlanan) şair Hüseyin Cavid Bəyin “Topal Teymur” nam əsərinə qarşı adəta (həmişəki kimi) müharibə elan eyləmişdir.

Şairin “hünər, kəlam ustadı və sənətkar olması” qarşısında təslim olmaq məcburiyyətində qalan Sovet müdirləri, zahirdə hər dürlü siyasətdən ari, sırf sənət məhsulu olan bu əsərlərdə komunizm məfkurə və metoduna muğayir fikirlər təsəvvür edilməsindən daima müstəğribdirlər (təəccüblüdürlər) “Topal Teymur”un nə kibi bir əsər olduğunu bilmiyoruz. Əsəri daha görəmədik. Fəqət “Tənqidçinin” məqaləsindən anlıyoruz ki, əsərdə, hər nə şəkildə isə Teymur idealizə edilmişdir. Anlaşılan bolşevik məfkurəçiləri bu idealizə keyfiyyətində mütləqa “milli romantizm” qoxusu duymuşlar və “gözləri daima Türkiyədə bulunan “ədəbiyyat müəllimlərinin bu “xəzinədən də istifadə edəcəklərini qorxu ilə tələqqi eyləmişlərdir.

Maarif komisarı Quliyev, “Topal Teymur”un Teymur kibi insan qafalarından ehramlar yapan bir tipi “idealizə” etsə də, “orijinal əsərlər azlığından” səhnəyə vəzinə müsaidə etmişsə də, mütəəssib “Tənqidçi” bu “müsalihəyi” (barışı) qətiyyən anlamıyor, pyesin Sovet səhnələrində oynanmasının mənini israrla tələb ediyor.

“Komunist” tənqidçisinin Cavid Bəyin əsərində bilduğu ən böyük nöqsan “Teymur kibi, müvərrixlərcə xunxarlığı mühəqqəq bulunan bir tipi elm və fənn dostu olaraq göstərməsi və kəndisində qüvvətli rəhm və şəfqət cənbəsi bulduğu” imiş!..

Tühəf (əcaib) deyilmi ki, tarixin bir mislini daha qeyd etmədigi xunxar bir “Çeka” vəhşətini təmsil edən komunist münəqqidləri siyasət tarixindəki vəhşətlərə qarşı istiqrah hissi duyuyor. “Qafalardan ehram yapan Teymur”larda elm şövqü ilə şəfkət hissi arayanları “muğfel romantizm” ilə ittiham ediyorlar. Halbuki bolşevik istibdadının qurşuna düzdürdigi zavallı qafalar bir araya gətirilərsə kim bilir bir qaç “ehram” meydana gələr. Həqiqət bu mərkəzdə ikən, bolşeviklər, dünyanın ən “mədəni və ən müşfiq” bir hökumət əsasını qurmaq qayəsindədirlər.

Aşikardır ki, məqsəd Cavidin, Teymuru tarixi ittihamlardan tənzihə mütəvəcceh təmayülünü xırpalamaq degildir. Böylə olsaydı bolşevik münəqqidləri əmələ ədibi Maksim Qorkiyi də tənqid edərlərdi. O da “Qadın ana” ünvanı ilə yazdığı hekayəsində oğlunu arayan zavallı bir qadına qarşı Teymuru rəqiq (rəhmli) və müşviq olaraq təsvir eyləmişdir. Halbuki qərbçiligində pək iləri gedərək bəzən yoldaşları tərəfindən icra olunan vəhşət və məzalimə qarşı üsyan edən Qorki bu nöqtədən tənqidə uğramışsa da, mövzu bəhs xüsusda kimsənin təərrüzünə hədəf olmamışdır. Olamaz da. Fəqət Cavid böylə degildir. Cavidin idealizə etmək istədigi tip ələladə bir tip degildir. Türk tarixinə təəllüq edən bir tipdir, milli tarixi, bu tarixdəki qəhrəmanlıqları təhəddür (əks) etdirəcək bir tipdir. Bu tipin vəhşətindən degil, rəhmindən, zülmündən degil, ədlindən bəhs etmək, komunist məfkurəçilərinin işinə gəlməz. Onlar maarifdə və sənətdə olduğu kibi, tarixdə də gözlərin Cənuba və Şərqə degil, daima Şimala baxmasını istərlər!..

Onlar istərlər, fəqət istədikləri olmaz. İnqilab və proletar şairlərini bəkləyib dururlar. Halbuki həyat kəndi müqtəziyatını görür. Cavidin əsərlərini təmsil edən türk səhnəsi xalqın rəğbətinə müqabilə olaraq “Topal Teymur”u təqdir edir durur.

Kəndisinə “tənqidçi”dən ziyadə “Çeka” ünsürü deyiləcək “Komunist” mühərririnin israrı ilə bu kibi əsərlərin tamaşası mən (qadağa) edilsə belə - ki ən son məlumata görə edilmişdir - həyat, təbii olmayan bir idarəyi qəbul etmədigi kibi onun yabançı məfkurələrini də slib atar, zira təbiəti qapıdan qovsanız da bacadan girər!..

M.Ə. (Məhəmməd Əmin)

“Yeni Qafqasiya”, 1 şubat (fevral) 1927, ¹8-9

KAZAN TÜRKLƏRİ

Kazan türkləri sabiq Millət Məclisi əzasından A.Battal Bəyin “Kazan Türkləri” namiylə nəşr etdigi kitabın elanı, vaxtilə “Yeni Qafqasiya”da təb edilmiş, fəqət nəşriyyatımızda zühur edən zəruri təvəqqüf (dayanma) saiqi ilə, bu kitab haqqındakı mütaliəmizin nəşri təxirə uğramışdı.

Kazanlı məsləkdaşımızın nəşr etdigi bu kitab, Azərbaycan ilə Türkiyə mətbuatında “Şimal Türkü”, Krım ilə Volğa boyu mətbuatında da “Tatar” namiylə yad olunan Türk elinin tarixi sərgüzəştini hekayə edən dəyərli bir əsərdir. Mühərrir, Volğa boyunda yaşayan bu Türk elinə doğru olaraq veriləcək yeganə ismin “Kazan Türkləri” ola biləcəgi davasında israr etməkdədir.

Bunun üçün də o, kitabına “Kazan Türkləri” namını vermişdir. A.Battal Bəycə “Şimal ayısı olursa da Şimal Türkü olmaz”. Kazanlı münəqqidlərin “Tatar Puşkini” deyə təqdir etdikləri məşhur şair Tukayın belə, vaxtilə Battal Bəyin də yaxalandığı “Tatar modası”na tabeən, kəndi qövmünə “Tatar” deməsini, “Kazan Türkləri” pək böyük bir xəta ədd ediyor.

Battal Bəyə görə Volğa və Kama nəhnrləri boyunda sakin Türklər vaxtilə bu hövzədə yüksək mədəniyyət sahibi olan Bulğar enqazi üzərində təəssüs edən qüdrətli Türk xanlığını təşkil etmişlərdi. Bu xanlığın ismi Kazan idi. Kazan, bu gün təsəvvür olunduğu kibi, yalnız bir şəhərə verilmiş isim degildir, idarə və hökumət mərkəzi olmaq həsəbiylə bu şəhərə tabe bütün məmləkətin ismi Kazandır. Kazan xanlığı yalnız bir şəhəri degil, vəsi bir məmləkəti və bu məmləkətdə yaşayan Türkləri ehtiva ediyordu. Demək, bu ölkənin tarixi ismi Kazandır. Buradakı Türklər də Kazan Türkləridir.

***

 “Tatar” ünvanı altında oyanan “milli intibah məfkurəsinin hədəfi “tarixi müqəddərata” baş əyərək, siyasi Rus hakimiyyəti altında “milli mədəni” mövcudiyyət qazanmaqdan ibarət idi. Kazan ismini ehya etməklə A.Battal Bəy, Volğa boyunda oyanan milli intibah cərəyanını “milli-mədəni” muxtariyyət məhdudluğundan milli istiqlalçılıq kibi siyasi geniş bir yola sövq etmək istiyor. “Tatarçılıq” rus demokratizminin cinahı (qanadı) altında bütün Rusiya müsəlmanlarının rəhbəri olmaq istərdi. “Kazançılıq” isə, digər ellər ilə bərabər Rus istilasına qarşı mücadilə bayrağı açıyor.

Battal Bəycə, çarizm tərəfindən məhv edilən müstəqil Kazan, tarixi və mədəni qiymətdən məhrum, Moskov Çarlığına nisbətlə səviyyəsi dün bir cəmiyyət və hökumət degildi. “Bolğar” mədəniyyətinin varisi bulunan Kazanın kəndinə məxsus mədəni bir qiyməti vardı. Müəllif, bu davasında Rus müəlliflərini istişhad (şahid) ediyor. Mütəəssib (təəssübkeş) Rus müvərrixlərinin (tarixçilərinin) “talandan başqa bir şey bilməz köcəbə vəhşilər ordusu” tələqqi etdikləri Kazanı Rus müvərrix və filosofu məşhur Solovyov “mədəniyyət ocağı” - deyə tərif eyləmişdir - diyor.

Kazan gəncliginin dimağında düşmənlərin də etiraf etdigi “Kazan qiymətləri”ni itilalandıran (aşkar edən) müəllif, 1917-də Kazanda elan olunan milli-mədəni muxtariyyat şüarını Kazan Türkləri üçün həqiqi bir məfkurə olaraq qəbul etmiyor. Bu qərarı verən Millət Məclisində siyasi muxtariyyət istəyən mühüm bir əqəliyyətin mövcud olduğunu bizə xəbər veriyor. Tatarıstan Cümhuriyyətinin muxtariyyətini elan edən Moskvalı bolşeviklər bu şərəfi kəndilərinə çıxmasınlar. Onlar, ancaq getdikcə qüvvətlənən bu siyasi cərəyanı tətmin etmək məqsədi ilə Tatarıstan Muxtariyyətini “yuxarıdan elan” eyləmişlərdir. Fəqət digər tərəflərdə olduğu kibi, burada da bittəbii, şəklən tətmin etdikləri bu hərəkatı felən öldürmək üçün nə lazımsa ehmal etməmişlərdir.

***

Rus Çarlığının, Şərqi istilaya tövcih olunan ilk zərbəsini Kazan Xanlığı yemişdi. Bu zərbənin dəhşət və dərəcəsini təsbit etmək üçün “Kazanın korxunc İvan kibi bir canavar tərəfindən zalimanə surətdə istila edildigini” söyləmək, müəllifcə kafidir. Faciəyi bu qısa cümlə ilə təqdir etmək xətasında bulunamayan qarelər müəllifin işbu istilayı təsvir edən səhifələrini oxusunlar. Tarixi vaqeələrə qarşı həssasiyyətlərini qeyb etməyənlərin bu fəci səhifələri soyuqqanlılıqla oxuyamayacaqlarına əminiz. Ələlümum çox mövsuq olan bu əsər, rus məzalimindən bəhs edərkən, vaqeələri rus mənbələrinə istinadən nəql edər ki, kəndisini “milli təəssüb” saiqi ilə ifrat və qərəzkarlıqda ittiham etmək imkanı da yoxdur. Öylə ikən, rus imperyalizminin ilk qurbanı olan bu Türk məmləkətinin uğradığı acı fəlakətlərin, bu kitab ən acı səhifələrini ehtiva ediyor!...

Rus Çarlığının Türk millətinə nələr etdigini bilmək istəyənlər Kazan Xanlığının “Qara yazısını” oxusunlar. Məzalim (zülmlər) tarixinin aləmşümul nümunələrin həp burada cəmdir. Kazan Türklügü yerindən olmuş, yurdundan qovulmuş, öldürülmüş, tənəssür (xaçpərəst) etdirilmiş, milli mədəni hər növü xüsusiyyətdən təcrid edilərək səfil bir “parəyə” (hissə) halına endirilmişdir.

Hissəsinə gələn bu fəlakət nəticəsində Kazan Türklügü çox qeyb eyləmiş, nüfusca azalmış, Türk əhali şəhərlərindən qovulmuş, Türk köylərinə rus mujiqləri oturdulmuş, Kazan köylüləri arasına rus köylüləri salınmış, xalq ruslaşdırılmış, bu ruslaşdırmanın Kreşin namı ilə vücuda gətirildigi hadisə Kazan Türklügünün məruz qaldığı din və vicdan təqibatını göstərən nə dilsuz bir vaqedir. İnsanlar feilən İslam, rəsmən xristiyan yaşamaq kibi əlim bir vəziyyət içərisində sənələrcə mücadilə etmiş, mənəvi iztirablar altında xırpalanmışlardır.

Fəqət bütün bunlara rəğmən, Kazan Türkü tamamilə məğlub olmamış, mətanət göstərmiş, mücadilə etmiş, mövcudiyyətini müdafiə edə bilmişdir. Bu mücadilədə kəndisinə rəhbərlik edən zümrə din alimləri olmuşdur. Din alimlərinin Kazandakı rolu çox böyükdür. Bu rolun nədən ibarət olduğunu, müəllif rus mühərrirlərindən Firsovun təqdiratı ilə tövsiq ediyor (möhkəmləndirir). Firsov “Rus ortodoksları bəzi yerlərdə papazların üzünü pək nadir gördükləri halda, müsəlmanlar da hər köydə bir məscid, bir və yaxud bir qaç molla bulunduruyordu ki, bu mollalar məhəllə əhli ilə sıxı təmasda bulunuyorlardı. Bizdə (yəni Rusiyada) oxuma-yazma bilməyən cahil papaz (din xadimləri) az olmazdı. Halbuki onlarda (yəni Kazan Türklərində) molla demək alim deməkdi və bunlar lazım olan təhsili görmüş adamlar arasından seçilirdi” - diyor və “molla eyni zamanda dindaşlarının müəllimi, qazisi və hətta təbibi olurdu” - deyə təqdiratını təyid ediyor.

***

Kazan Türkləri kibi siyasi zümrəsini qeyb edən istilazədə millətlərdə dini müəssisələrin, millətin tutulacaq yeganə istinadgahını təşkil etdigi əmsalı ilə vaqedir. Şu təqdirdə cəmiyyətin yedigi müdhiş zərbələrə qarşı vəhdət və mənligini müdafiə və mühafizə edən dini zümrə, bütün mühafizəkarlığına rəğmən, afaqi (perspektivli) surətdə tərəqqi amili oluyor, tarixi çox müqəyyəd və müsbət rol oynuyor. Nitəkim Kazan Türklügündəki ilk intibah mübəşşirləri bu zümrədən yetişdigi kibi, bugünkü Kazan münəvvərlərinin kütleyi-əsliyyəsini dəxi Məhəmmədiyyə, Hüseyniyyə kibi mədrəsələrdən yetişən mollalar, müəllimlər, mühərrirlərlə camaat xadimləri təşkil etməkdədir. Hətta bugünkü halda komunist keçinən “xadimlər” arasında belə “kökləri mədrəsələrdə bulunanlar” az degildir.

Kitabın “Ədəbi və Milli İntibah dövrü” ünvanı altında yazılan səhifələri bizə Şahabəddin Mərcani, Qəyyum Nasiri kibi böyük mübaşirlərdən tutaraq müasirlərimizə varıncaya qədər, milli və ədəbi Kazan mühitində meydana atılan, yetişən camaat adamlarının bu zümrə içərisindən yetişərək milli intibah məfkurəsinə etdikləri hizməti tedad ediyor. Fəqət təəssüf olunacaq bir zəhət var ki, o da bu səhifələrin digər səyfələrə nisbətlə daha mücməl (qısa) olmasıdır. Könül istərdi ki, Battal Bəy bizə Kazan Türklügünün çarizmdən çəkdigini anlatdığı kibi bu Türklügün o mənhus çarlığa qarşı mücadiləsi demək olan intibah dövrünün vaqeələrini də eyni təfsilatla anlada idi.

***

Əsərin təsnifindəki təmayül, tarixcə bizə daha yaxın hadisələri daha uzaq hadisələrdən daha az təfsil ilə anlatmaqdır. Ədəbi və Milli İntibah fəsli haqqında qeyd etdigimiz bu xüsusiyyət “Tatar Cümhuriyyəti”nin bugünkü vəziyyəti fəslində bilxassə nəzərə çarpar. Şöylə ki, məcmui orta formatla 250 səhifə təşkil edən bu kitabın bugünkü vəziyyəti anlatan qismi ancaq 6 səhifədən ibarətdir.

Bu səhifələrdəki ifadəsi ilə mühərrir, bolşevik sistemi ilə Rusiya istilası əleyhində olmaqla bərabər, millətin bu sistem daxilində ümidsiz bir halda inqraz etməkdə olduğu fikrinə qətiyyən iştirak etmiyor. Biləks, bolşevik istilasına qarşı xalqda ciddi bir müqavimət əsəri görüldügünü iddia və XVII və XVIII əsrlərdə rus təmsil siyasətinə qarşı dinini sipər edərək müavimət edən və XIX əsrin sonlarına doğru və XX əsrin başlarında milliyyətini inkişaf etdirməyə çalışmış olan millətin şimdi də mənligini müafizə etmək uğrunda çalışdığını” təbşir ediyor.

 

Əvvəlki müqavimətində çarlığa mədyun (minnətdar) olmayan millət, bittəbii, şimdiki çalışmasında da komunizmə mədyun degildir. Müəllif bu qəziyyeyi təcbid etməyi də ehmal etməmişdir (əhəmiyyət verməmişdir).

Kazan Türklərinin bəzilərində, yaşadıqları acı tarixin bəzi zehinlərdə buraxdığı dərin infial (xəcalət çəkmə) üzündən rusluqla etilaf surətilə müdafiəyi mövcudiyyət üsulunu tərcih etmək meyli vardır. Kazan Türklügünü bu xətalı yoldan mən ilə tarixi düşmənə qarşı vəziyyət alaraq, digər Türk ellərilə bərabər istiqlal hədəfinə doğru sövq etmək niyyətilə qələmə alınan  “Kazan Türkləri” əsərini qarelərimizə hərarətlə tövsiyə edərkən, möhtərəm mühərririni də bu faydalı müfid (mənalı) əsərindən dolayı təbrik eyləriz.

M.Ə.(Rəsulzadə)

“Yeni Qafqasiya”, 15 aprel 1926, ¹11

TÜRKİYƏ-İRAN DOSTLUĞU

Keçən 2 həftə əsnasında zühur edən mühüm hadisələrdən biri də Türkiyə ilə İran arasında əqd olunan bitərəflik əhdnaməsidir.

Tehranda Türkiyə fövqəladə mürəxxəs (müvəkkil) və böyük elçisi Məmdux Şövkət Bəy ilə Tehran Rəsul-vüzərası Ağayi Mirzə Mühəmməd Əli Xan Füruği ilə xariciyyə vəziri Ağayi Mirzə Davud Xan Miftahi tərəfindən imza olunan bu müahidəyə nəzərən “Əsri hazırın hər iki millətə tövcih etdigi ehtiyac və zərurətlərdən mülhəm olan” iki qonşu millətin yekdigərlərinə qarşı silah istemal etməyəcəkləri ilə, hər hanki bir tərəf əleyhinə 3-cü bir və ya bir qaç dövlət tərəfindən hərb açıldığı zaman digər tərəfin bitərəf qalacağı və bu bitərəfliklərin müsəlləhən müdafiə ediləcəgi mütəqabilən təmin edilmişdir.

İki qonşu məmləkət bir tərəfin əmniyyət və asayişini ixlal və ya hökumətini devirmək qayəsini güdən təşəbbüs və təşəkküllərə kəndi topraqları daxilində müsaidə etməməgi təəhhüd eyləmiş, hər bir tərəf digərlərinin hüdudu üzərində təşəvvüşlər (qarmaqarışıqlar) yapmaq istidadında olan əşirətlərə qarşı tədbirlər alacağını qərarlaşdırmışdır.

Xülasəsi bundan ibarət olan müahidənin daha müfəssəl mətnini qarelərimiz yövmi qəzetələrdə görmüşlərdir. Bunun üçün biz, burada müahidənamənin mətni və maddələri üzərində duracaq degiliz.

Bizi ən çox sevindirən şey siyasi müqəddəratı yekdigərinə bağlı bulunan bu iki məmləkətin doğru bir yola girdiklərini görməkdir. Türkiyə ilə İranın müasir İslam Şərqi üzərindəki təsirləri məlumdur.

Bu iki dövlətin yekdigəri ilə anlaşaraq, əl-ələ verərək təcəddüd və istiqlal yolunda yoldaş olmaları Şərq dünyasının milli istiqlal hədəfinə doğru atdığı qədəmləri təsri edən (sürətləndirən) ən böyük amillərdəndir.

Türkiyədə zühur edən tərəqqi əsərlərinin İran üzərində daimi təsiri görülmüşdür. Türkiyədə məşrutiyyətin təəssüsü, İran məşrutiyyətinin təəssüsünə mucib olmuşdur. Sultan Həmidin halını mütəaqib Məhəmmədəli şah taxt və tacını qeyb eyləmiş, Əbdülhəmid Osmanın inqirazından (taxtdan salınmasından) sonra Qacar sülaləsi də münqəriz (nəsli kəsilmiş) olmuşdur.

Türkiyədə elan olunan cümhuriyyət və cümhuriyyətin mənzumeyi-əfkarını təşkil edən radikal islahat bütün əsasat və təfərrüatı ilə yeni İranda tətbiq edilmiyorsa da cümhuriyyət tətbiqini təcrübə etməklə başlayan Rıza Xanın icraatı İran xəqayiqi nöqteyi-nəzərindən, həddi zatında, müsbət şeylərdir. İləridə inkişafı mütəsəvvür birər tərəqqi əsərləridir.

Yeni sülalə təsisi ilə nəticələnən İran hərəkatının şəkli, cümhuriyyət sisteminə məfkurəvi bir əlaqə ilə mərbut olanları güldürməsə də, İran millətinin daxili işlərinə aid olan bu cəhətə qarışmaq Türk cümhuriyyətpərvərlərinin xatir və xəyalından keçməz. Yetər ki, onlar yeni idarənin həqiqi cümhuriyyət mahiyyətini təşkil edən yüksək düsturların inkişafını mən etməyəcəginə qane olsunlar.

Tehranda əqd olunub yaxında iki millət məclisləri tərəfindən təsdiq olunacaq bitərəflik müahidənaməsi siyasi Türkiyə məhfəllərində böylə bir qənaətin artıq təəssüs etdiginə dəlildir. Nitəkim Türkiyə-İran dostluğunun salifuz-zikr (yuxarıda xatırladılmış) müahidənin əqdindən əvvəl dəxi çox dəyərli bir əlamətini gördük. Məqsədimiz iranilərin türk qızları ilə evlənmələri məsələsidir.

Məlum olduğu üzrə türk qızı alan iranilər ya Türkiyə təbəəliginə keçməgə məcbur tutuluyor və yaxud hüdudi milli xaricinə çıxarılıyorlardı. Əksəriyyən məsələ tələqlə (boşanma ilə) həll olunuyor, sənələrdən bəri bərabər yaşadığı rəfiqəsini tərk etməklə bir iranlı, Türkiyədə yaşamaq haqqını qazanmış oluyordu. Türk qızı ilə evlənən iranilərin, bila-istisna iranlı türklərdən ibarət olduğunu nəzəri-diqqətə alırsaq bilməyiz xəzineyi-övrağun hankı bucağından bulunub da hankı “qeyrətli” məmurun “əsəri-zəkası” ilə tətbiqində inad göstərilən bu, hər cəhətcə mənasız bulunan “qanun”un gərək Türk dövlətinin və gərək hər iki məmləkətin ali mənfəətlərilə qonşuluq münasibəti üzərində nə fəna təsirlər icra etdigini anlarız.

Tehran müahidənaməsinin elanına təqəddüm edən (iləridə olan) və bizcə bir xeyir əlaməti olaraq tələqqi olunan şey iştə bu “əski qanun”un Millət Məclisi tərəfindən xüsusi surətlə ilğa (ləğv) olunduğu idi. Bundan sonra bir təbrizli, bir səlmaslı və bir xoylu kəmali sərbəstliklə bir istanbullu, bir ərzurumlu və ya trabzonlu qız ilə bilaşərt və qeyd evlənəcək, bir iranlı ərkəklə türkiyəli bir qız sərbəstcə ailə təşkil edəcəkdir. Çünki lisan birligi ilə hars yaxınlığının təbii qıldığı bu sehriyyəti işqal edən qanun süniligi artıq qalxmışdır.

Yeni İranın calibi-nəzər icraatından ən mühümmi, şübhəsiz, Şah Pəhləvinin vücuda gətirdigi İran ordusudur. Bu ordunun düşmənlər əlində bir alət olub, müşkül bir gündə, Türkiyə əleyhinə tövcih ediləcəgi haqqında bir taqım bədbinanə nəşriyyat vüqu bulmuşdu.

Ortada hərb və təhlükə havası əsən böylə bir zamanda mütəqabil bitərəflik təmininə aid əqd olunan bitərəflik müahidəsi bu kibi nəşriyyatın nə dərəcədə əsassız olduğunu göstərdi.

Qazi Mustafa Kamal Paşa həzrətləri tərəfindən gənc İran ordusunun müəssisi Rıza Xan həzrətlərinə surəti məxsusədə göndərilən mürəssə (qiymətli daş-qaşla bəzədilmiş) qılınc Türkiyənin bu tərəfdən dostluqdan başqa bir şey bəsləmədigini təmriz edər mənidar bir hədiyyədir...

M.Ə. (Rəsulzadə)

“Yeni Qafqasiya”, 15 may 1926, ¹13

LENİN ÖLDÜKDƏN SONRA

Lenin aləmşümul iddiası etibarı ilə qeyb etmiş bir sosyalist, məhəlli icraatı etibarı ilə qazanmış bir ixtilalçıdır.

Tərifimizdə təzad görülməsin: Lenin Bolşevik Firqəsinin lideri olaraq yapdığı ixtilalda - kəndisi müdrik olsun-olmasın - Rusiya köylü ixtilalının iqtiza (tələb) etdigi radikal bir müvəffəqiyyəti əldə etdi: Pək müthiş və amansız bir surətdə əski feodal baqiyatından ibarət bulunan dvoryanlıq və əsilzadəlik rişəsini ta kökündən kəsib atdı. Əski mənasilə, Çarizmə bir daha övdət imkanını buraxmadı. Fəqət o, Rusiyanın bulunduğu mərhəleyi-tarixiyə ilə mütənasib bulunan bu məqsədlə iktifa etmədi. Həqiqətdə köylü ixtilal firqəsinin vəzifəsini görür ikən, ruhunun bütün inikasatı ilə əski rus idealistlərinə təvarüs (varislik) edərək mütəxəssis inqilabçılar nəzəriyyəsini ortaya atan bu adam, Marksizm metodunu təsahüb (himayə) etməsi və nəzəriyyatını bu məktəb istilahatına uydurması ilə şəklən sosyalist və aləmşümul bir ixtilal dahisi kibi göründü.

Yeni iqtisadi siyasət tətbiqatı ilə başlayan ricət (geriyə dönmə), Rusiya ixtilalının ədəmi-müvəffəqiyyətə uğramış xəyaldan, imkan daxilində bulunan həqiqətə qarşı yapılan bir ricət idə. Bu ricət lüzumunu Leninlə bərabər bəlkə sairləri də təqdir ediyorlardı. Böylə bir ricətin lüzumunu məmləkətdəki köylü müqaviməti, Kronştadt üsyanı şəklində təzahür edən israrı ilə, zatən təlqin ediyordu. Fəqət bu ricətin başlanması və onun müvəffəqiyyətlə icrası heç şübhəsiz ki, Leninin firqə üzərindəki qəti nüfuzuna mədyundur. Bu ricət, halı-hazırda şiddətli bir böhran keçirməkdə, firqə içərisində dərin bir ixtilafı, ənüd bir mücadiləyi dəvət etməkdədir. Bu böhranı atlamaq üçün afaqi iddialarını fəda ilə həyatın şəni tələblərinə doğru daha ziyadə təkamül göstərmək zərurətində bulunan Kominist Firqəsi, görən gözü və dərk edən əqli hökmündə bulunan Lenini qeyb etdikdən sonra haqqı ilə dərk edə biləcəkmi?

Buna, komunistlər cavab veriyorlar: Leninin bir sənədən bəri zatən işlərə müdaxiləsi yoxdu. Halbuki Komunist Firqəsi yıxılmadı. Əvvələn, bu bir sənədə Komunist Firqəsinin yıxılmasını təsri edəcək hadisələr az degildir. Sonra bir sənəlik qeybubəti əsnasında Leninin hər zaman iş başına övdət edə bilməsi ehtimalı, ruhi pək böyük bir amil olmuşdur. Halbuki şimdi bu ruhi amil tamamilə zail olmaqla bərabər onun yerinə digər bir amil qaim olmuşdur. Bu amil Leninə vərəsət məsələsidir. Firqədə ikinci Lenin yoxdur. Leninlik iddiasında bulunanlar isə az degildir. Bunlar arasındakı rəqabət üçün firqə içərisindəki mücadilələr dəxi az zəmin hazırlamamışdır.

Leninin ixtilalçı olmaq sifətilə həqiqi müvəffəqiyyətlərindən birisi də inzibati möhkəm bir firqə “mütəxəssis ixtilalçılar kastı” vücuda gətirə bilməsidir. Fəqət əksərən bu kibi kastların vəhdəti baş rahibin vücudu ilə qaim olur, baş getdikdən sonra ixtilaflar başlar. Lenin daha xəstə ikən başlayan ixtilaf kim təmin edər ki kəndisinin vəfatından sonra daha ziyadə inkişaf etməsin.

M.Ə. (Rəsulzadə)

“Yeni Qafqasiya” 1 şubat (fevral) 1924, ¹9

 (Ardı var)

525-ci qəzet  2019.- 5 yanvar.- S.20-21.