Siseron -
natiqliyin sinonimi
Telman ORUCOV
Həyatın irəli
sürdüyü sınaqlar
Siseron qədim
Romanın dövlət xadimi, hüquqşünas alimi və
yazıçısı kimi Romada respublika quruluşunun qorunub
saxlanması üçün mübarizə aparmış, öz
dövrünün ən istedadlı natiqi olmaqla, afinalı
yunan Demosfen kimi bu intellekt fəaliyyəti sahəsini xeyli
zənginləşdirərək, bəşəriyyət
tarixində özünə şərəfli yer
tutmuşdur. Siseronun nitqlərii bu gün də, b.e.ə.
V əsrdəki böyük Afina strateqi Periklin Peloponnes
müharibəsində həlak olan həmyerlilərinin
dəfn mərasimində söylədiyi nitq kimi öz
dəyərini qoruyub saxlayır, onun bəzi kəlamları
zərb-məsəl kimi istifadə olunur.
Siseron böyük
uğurları ilə yanaşı, uğursuzluğa da
düçar olur, rəqiblərinin, əslində
düşmənlərinin əhatəsində irəli
çıxmaq, öz istedadını gur
işıqlandırmağa cəhd etməklə birlikdə,
onu məhv etməyə çalışanların səyi
ilə az qala izqoya çevrilirdi. Respublikanı
nəticə etibarilə məhv edən vətəndaş
müharibəsində o, beş əsrə qədər
ömür sürən respublika prinsiplərini əbəs
şəkildə müdafiə etmiş, hakimiyyəti
ələ keçirənlərin qarşısında zəif
mövqedə olduğundan, öz həyatını da
itirməli olmuşdu.
Lakin quduz
düşmənləri də onun böyük natiq
şərəfini məhv etməyi bacarmadılar. O,
hamıdan çox və daha yaxşı xatırlanan ən
böyük Roma natiqi olmaqla, Siseron ritorikası kimi tanınan
bir üslubun banisi idi.
Mark Tulli Siseron b.e.ə.
106-cı ildə Arpinumda (Arpino) yerli varlı bir ailədə
anadan olmuşdu. Romada və Yunanıstanda əla təhsil
almış, Qney Pompeyin atası Pompey Strabonun
başçılığı altında 89-cu ildə
hərbi xidmətdə olmuşdu və 81-ci ildə Kvintini
müdafiə etmək üçün ilk dəfə
məhkəmədə vəkil kimi çıxış
etmişdi. Onun 80-ci və erkən 79-cu ildəki parlaq
müdafiələrində (o vaxt o, Sikst Rossinini müdafiə
etmişdi) zərbəni dəf etməklə
məhkəmədə öz parlaq reputasiyasını
qurmağa nail olmuşdu. 75-ci ildə Qərbi Siciliyada
kvestor kimi ilk ictimai fəaliyyətə
başlamışdı. Kvestor maliyyə icrası ilə
əlaqədar vəzifə idi.
Onun vəkil kimi
qabiliyyəti 70-ci ildə ortodoks olmayan qaydada Siciliyanın
b.e.ə. 73-71-ci illərdə qubernatoru olmuş Qay Verresi
rüşvətxorluqda ittiham etməsi vaxtı daha yaxşı
şəkildə üzə çıxdı. O, qısa
çıxışlar etməklə ittihamı
möhkəmləndirmək üçün əsasən
şahidlərin şəhadətlərinə geniş yer
verirdi. Bu məhkəmədə Verresi çox sayda nüfuzlu
aristokratlar - onların içərisində senatorlar
da az deyildi, - müdafiə etsələr də, Siseron
məhkəməni udmuş və Verres sürgünə
yollanmışdı.
66-cı ildə
mühüm vəzifə kimi böyük
səlahiyyətlərə malik olan pretor
işləmişdi. Bu vaxt o, özünün ilk
mühüm siyasi çıxışını
etmişdi. O, çıxışında Senatda Katulun
və digər mühafizəkar elementlər olan optimatların
əleyhinə, Pont çarı Mitridata qarşı
yürüşə Pompeyin başçı təyin
edilməsinin isə lehinə
danışmışdı. Onun Mark Lütsi Krassa
qarşı Pompeyin nifrətinə şərik olması,
Pompeylə yaxın əlaqəsi əslində bundan yararlanmaq
və öz siyasi karyerasını bu yolla irəliyə aparmaq
məqsədini güdürdü.
63-cü ildə Siseronun
konsul seçilməsi, onu həm də rəqibi Katilinanın
inqilabı, əslində qiyama yol açan ideyalarından
qorxan optimatlara yaxınlaşdırdı.
Konsulluq fəaliyyəti
Siseronun taleyində həm müsbət, həm mənfi
çalarları ilə mühüm rol oynadı. Konsul
kimi ilk çıxışında o, Servili Rullun aqrar qanun
layihəsinə zidd çıxdı, bu vaxt birinci
növbədə o, Romada olmayan Pompeyin mənafeyini nəzərə
alırdı. Lakin onun baş mövzusu Katilinanın
şirnikləndirici niyyətlərinin üstünü
açmaq və ictimaiyyətə onları
göstərmək idi. O, Katilinanı 64-cü ildə
konsul seçkilərində məğlub etmişdi.
63-cü il konsul seçkilərində onlar yenidən
qarşılaşdılar. Siseron səsvermədə
irəlidə olmaqla yanaşı, öz
təhlükəsizliyi barədə ehtiyat etdiyinə
görə toqasının altından zireh
geyinmişdi. Katilina yenə də uduzdu. O, bu vaxt
İtaliyada və Roma ətrafında silahlı üsyan
qaldırmağı planlaşdırırdı.
Siseron artıq
yaxınlaşan təhlükə barədə Senatı
çətinliklə inandıra bildi, ancaq “sonuncu dekret”
(“Sanatos consiilium ultimum”) bir qədər hərbi qanun
proklamasiyasına bənzəməklə, 22 oktyabrda Senatdan
keçdi. 8 noyabrda isə öz həyatına olan
sui-qəsddən qaçıb qurtardıqdan sonra, o, Senatda
Katilina əleyhinə ilk çıxışını etdi
və təhlükə hiss edən Katilina gecə ikən
Romadan qaçmaq istədi. Lakin 2-3 dekabr gecəsi o, Qall
elçilərinin köməyi ilə Romanı tərk
etdikdə həbs edildi və 5 dekabrda Senatdakı
müzakirədən sonra - burada Kiçik Katon onun edam
edilməsi zərurəti barədə
danışmışdı, Sezar isə bunun əksinə
çıxmışdı, - Katilina və ona kömək
edənlər bilavasitə Siseronun məsuliyyəti altında
edam edildilər.
Siseron kütləyə
Katilinanın edam edilməsini elan edəndə
“vixerunt” (“onlar ölmüşlər”) kimi sadə bir söz
işlətdi. Bütün siniflərdən olanlar bu xəbəri
alqışlarla qarşıladılar. Bu vəziyyət onu
siyasətdə sonrakı addımı
atmağa - “concordia ordinium”-a - “siniflər
arasında razılıq” yaranmasınl səsləməyə
ilhamlandırdı. Katul onu “ölkənin atası” kimi
salamladı. Bu, Siseronun siyasi karyerasının kulminasiya
nöqtəsi idi.
Katilina qəsdi
açılanda o, böyük ustalıqla hərəkət
edirdi, hətta tənqidçiləri də onun
fəaliyyəti ilə
razılaşırdılar. Baxmayaraq ki, o, heç vaxt
qəsdçilərin edamına görə peşman
olmamışdı, ancaq həmin edamın qanuni
olmasının özü şübhəli idi. Bu
səlahiyyəti ona Senatdan keçən “son dekret”
vermişdi, lakin onun inzibati fərmanı ilk dəfə
b.e.ə. 121-ci ildə icra edilmişdi. Bu qayda edamdan
əvvəl Roma vətəndaşlarının
mühakimə edilməsi barədəki fundamental
haqqını inkar edirdi. Bu, populyarlar tərəfindən
heç vaxt bəyənilməmişdi, onlar isə hökumətə
Senatın ağalıq etməsinin əleyhdarları
idilər. 63-cü ilin yayında isə onlar Sezarın
köməkliyi ilə qətl mühakiməsi vaxtı
kənara çəkilmişdilər.
60-cı ilin sonunda
Siseron Sezar, Krass və Pompey siyasi ittifaqına - Triumvirata
qoşulmaq barədə Sezarın təklifini rədd
etdi. O, bu üçlük ittifaqını Konstitusiyaya
zidd hesab edirdi və həmçinin, Sezarın Qalliyadakı
qərargahında vəzifə tutmaq barədəki onun
təklifindən də imtina etdi.
Siseronun əleyhinə
şəhadət verən Publi Klodi 58-ci ildə tribun
vəzifəsinə gəldikdə, Siseron onun
düşmənçiliyi hesabına artıq
təhlükədə idi və mart ayında Pompeyin ona
kömək göstərməkdən imtina etməsinə
görə ondan narazı qalıb, Romadan qaçmağa
məcbur oldu. Sabahısı günü Klodi Roma
vətəndaşlarının
məhkəməsiz edam edilməsinin
bütünlüklə qadağan edilməsi barədə
təklifi ifadə edən qanun layihəsini Senata təqdim
etdi. Klodi sonra ikinci qanun layihəsini də Senatdan
keçirdi. Leqallığı şübhəli olsa da,
həmin qanun Siseronun sürgün olunmasını xeyli
asanlaşdırdı. Klodi öz bandaları vasitəsi
ilə Siseronun Palatindəki evini, o, bu evi 62-ci ildə
almışdı, Tuskulandakı və Romadakı
villalarını dağıtdı.
Siseron əvvəlcə
Makedoniyadakı Fessalonikaya yollandı, sonra İllerikuma
getdi. 57-ci ildə Pompeyin fəaliyyəti və
xüsusən tribun Milonun hesabına o, 4 avqustda geri
çağırıldı. Brunduziyada həmin gün
sahilə çıxıb, Romaya qədər olan uzun yol boyu
hərarətlə salamlandı. Bir ay sonra isə Romaya
gəlib çıxdı. Onun Romadan getməsi,
əvvəllər ona peşmançılıq kimi
gəlsə də, indi romalılar üçün artıq
altruist qəhrəmanlıq kimi görünürdü.
57-56-cı illərin
qışında Siseron Pompeyi Sezardan uzaqlaşdırmaq
üçün uğursuz cəhddə bulundu. Pompey
Siseronun məsləhətinə məhəl qoymadı,
56-cı ilin aprelində Sezar Krass ilə əlaqəsini Lukada
bərpa etdi. Pompeyin təzyiqi altında Siseron razılaşmalı
oldu ki, hər iki siyasətçi ilə
münasibətlərini düzəltməlidir. Onun De
provinciis consularibus-u bu təzə ittifaqa girmək cəhdinin
əlaməti idi. O, öz köhnə
düşmənlərindən müdafiə olunmağa
məcbur idi və 58-ci ildə ictimai həyatı tərk
etməli oldu. Sonrakı bir neçə il ərzində “De
oratore” və “De republica” əsərlərini tamamladı
və 52-ci ildə isə “De Regibus” kitabını yazmağa
başladı.
52-ci ildə Milon Appi
yolunda baş verən sözləşmədə Klodini
öldürəndə, Siseron öz quduz düşməninin
sıradan çıxmasına çox sevindi. O, Milonun
məhkəmədəki müdafiəsini öz
üzərinə götürdü. Nitqlərinin çox
təsirli olmasına baxmayaraq, Milonun müdafiəsində o,
uğursuzluğa düçar oldu və məhkəmə
Milonu təqsirkar kimi məhkum etdi.
51-ci ildə onu
Kiçik Asiyadakı Kilikiya əyalətini bir illiyə
idarə etmək üçün oraya yollanmağın
vacibliyinə inandırdılar. O, özü ilə
qardaşı da daxil olmaqla qərargahının
üzvlərini də apardı. Bu əyalət
parfiyalıların müdaxiləsini gözləyirdi, lakin
həmin müdaxilə baş vermədi.Siseron da sakit
dayanmırdı. Amanus dağında bir neçə quldur
dəstəsini təslim etməyə müvəffəq
oldu. Buna görə Senat ona
minnətdarlığını bildirdi, lakin Siseron triumf
keçirməyə ümid edirdi. Triumf Romaya qayıdanda
şəhərə təntənə ilə girmək
demək idi. Hamının həm də yekdil rəyi ondan
ibarət idi ki, o, Kilikiyanı vicdanla idarə etmişdir.
Siseron Romaya qayıdan
vaxt Pompey ilə Sezar arasında tam hakimiyyətə sahib olmaq
üstündə mübarizə gedirdi. 49-cu ilin
yanvarında Sezar Rubikonu keçib İtaliyaya müdaxilə
edəndə, Siseron Romanın kənarında idi. Yanvarın
17-də Siseron Pompeylə Roma ərafında
görüşdü və Kampaniya əyalətindən
əsgərlər yığılmasına nəzarət
etmək vəzifəsini öz üzərinə
götürdü. Onun qətiyyətliliyi heç də
inanılası deyildi, lakin Pompey strategiyasını tənqid
etməsi də onun təcrübəsizliyindən xəbər
verirdi.
Siseron 28 martda Sezarla
söhbətində öz şərtlərini elan
etməklə, əlbəttə ki, cəsarətini
nümayiş etdirdi. O, Sezarın Pompeyə qarşı
heç vaxt müharibəyə başlamayacağı
barədə Senata təkliflə müraciət
edəcəyini bildirdi, baxmayaraq ki, Sezar Pompeylə elə bir
şəraitdə idi ki, o, bu təklifi heç cür
qəbul edə bilməzdi.
7 iyulda o,
Pompeyə birləşmək üçün Qetadan gəmi
ilə yola düşdü. 48-ci ildə o, özünün
xəstəliyinə görə Pompey
düşərgəsini tərk edib, Dirraxiyaya yollandı.
Farsalda Pompeyin məğlubiyyətindən sonra respublika
qüvvələrinə komandanlıq etmək
təklifindən imtina etdi və 48-ci ilin oktyabrında, öz
təhlükəsizliyi barədə Sezardan təminat aldıqdan
sonra İtaliyaya qayıtdı. O, Sezarın diktaturasını
bəyənmirdi, həm də anlayırdı ki, 45-ci ilə
qədər davam edən döyüşlərin uğurundan
sonra, zəfərlərə ardıcıl olaraq imza atan
Sezarın düşmənləri sırasındakı
qurbanlarının birincisi yəqin ki, Siseronun özü
olacaqdır. Bu, onun intensiv ədəbi məhsulları
istehsalının qızğın ikinci dövrü idi. O
dövrdəki əsərlərə 46-cı ildə
yazılan “Brutus”, “Paradox”, “Orator”, 45-ci ildəki “De finibus”
(“Ali”) və 44-cü ildə Sezarın qətlindən sonra
başa çatdırılmış “Tusculanae disputationes”
(“Tuskulan disputları”), “De natura deorum” (“Allahların
təbiəti haqqında”) və “De officiis” (“Borc
barədə”) əsərləri daxildir.
Siseron Sezarın 15
mart 44-cü ildə qətl qəsdinə cəlb
edilməmişdi və o, öldürüləndə Siseron
heç Senatda da olmamışdı. 17 martdakı Senatda
isə ümumi amnistiyanın lehinə danışdı, lakin
həmin vaxt özünün fəlsəfi əsərlərini
yazmağa qayıtdı. Bu vaxt o, Afinada oxuyan oğlunun onun
yanına gəlməsinə sevinirdi. Avqustun sonunda isə
Romaya qayıtdı və onun 14 Filippika nitqləri (onlar
Demosfenin Makedoniyalı II Filipp əleyhinə
çıxışlarının - “filippikaların”
təqlidi kimi belə adlanırdı) Mark Antoniyə
qarşı idi. Onlardan birincisi 44-cü ilin 2 sentyabrında
səslənmişdi, sonuncusunu isə 43-cü ilin 21
aprelində etmişdi. Bu, onun yenidən
cəsarətlə siyasi səhnəyə qayıtmasının
əlaməti idi. Onun bu dövrdəki siyasəti
mümkün olan hər şeyi etmək idi ki, Sezarın
götürmə oğlu Oktaviandan istifadə etsin.Onun kamil
bacarığını o, ciddi surətdə
qiymətləndirmirdi və Senatın kompromissə
güclü meyl etməsinin əksinə, onun Antoniyə
qarşı müharibə elan etməsinə
çalışırdı. Antoni isə Sezarın
ölümündən bilavasitə sonra hadisələrə
nəzarət edirdi və bu vaxt Sizalpin Qalliyasında
Sezarın qatillərindən birinin arxasına
düşmüşdü.
(Ardı
var)
525-ci
qəzet 2019.- 5 yanvar.- S.22.