Səhnənin
unutmadığı sənətkar: Kübra Əliyeva
Şahanə MÜŞFİQ
5 yanvar günü dünyaya göz açmış
tanınmış aktrisa, Əməkdar artist Kübra
Əliyeva haqqında doğum günü ilə əlaqədar
yazı yazmaq fikrinə düşəndə təbii ki, ilk
işim internetdə axtarış verib onunla bağlı bir qədər
müfəssəl bilgi almaq istəyi oldu. Amma min təəssüf
ki, ömrünün aşağı-yuxarı əlli ilini Azərbaycanın
teatr və kino sənətinin inkişafına həsr
etmiş, bir-birindən dəyərli, saysız-hesabsız
obraz canlandırmış sənətkarın bir neçə
cümləlik bioqrafiyasından və bir-iki müsahibəsindən
başqa əlimə heç nə keçmədi.
Əvəzində, çeşidli şou-biznes
saytlarında bir müddət öncə Kübra xanımla
hansısa bir gənc aktrisa arasında yaşanmış
qalmaqalın şişirdilmiş, bəzək-düzək
vurulmuş bolluca xəbərləri ilə üzləşdim. Həqiqətən
də kədərləndirici mənzərə idi.
İstedadı, xanım-xatınlığı, teatr səhnəsində
və televiziya ekranlarında canlandırdığı
müxtəlif xarakterli obrazlarıyla
tamaşaçının qəlbində mötəbər yer
tutan, balacadan böyüyə hər kəsin sevib dəyərləndirdiyi
bir aktrisaya belə laqeyd münasibətin şahidi ola biləcəyimi ağlıma da gətirməzdim.
Bu qədər laqeydliyin, soyuqluğun səbəbi
nədir, axı? Nəyə görə
ömrünü Azərbaycan incəsənətinə həsr
etmiş bir insan haqqında ancaq qalmaqallı xəbərlər
çoxluq təşkil eləməlidir, amma bioqrafiyası, səhnə
fəaliyyəti haqqında doğru-dürüst məlumat tapmaq
mümkün olmamalıdır? Axı Kübra xanım
heç zaman qalmaqal, şou arxasıyca gedən, onların
hesabına gündəmdə qalmaq üçün
çalışan sənətçilərdən olmayıb,
əksinə, daima öz davranışı və sənəti
ilə gənclərə nümunə göstərilə biləsi
bir həyat yaşayıb...
Həyat yoluna nəzər salanda görürük ki,
Kübra Əliyevanın nə şəxsi həyatı, nə
də yaradıcılıq yolu asan və hamar olub. O, hər zaman istəklərinə,
məqsədlərinə çatmaq yolunda
çalışıb, vuruşub, ağrılar, acılar
çəkmək məcburiyyətində qalıb. Bəs istədiyi
hər şeyə nail ola bilibmi? Bunu onun
bioqrafiyasına və müsahibələrinə nəzər
salanda daha yaxşı bilmək olur:
Azərbaycan teatr və kino aktrisası Kübrabəyim
Ağa qızı Əliyeva 1949-cu ilin 5 yanvar tarixində Gəncə
şəhərində doğulub. Burada 1966-cı ildə
21 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə
dörd il sonra Cəfər Cabbarlı
adına Gəncə Dövlət Dram Teatrında aktrisa kimi
başlayıb. Ənvər Məmmədxanlının
“Şərqin səhəri” dramının tamaşasında
Anjella Kovalini rolu onun aktrisa debütü hesab olunur. Sənətkar
bir müddət sonra fəaliyyətini Hüseyn Ərəblinski
adına Sumqayıt Dövlət Dram
Teatrının aktyor heyətinə daxil olaraq davam etdirib.
Hələ gənc yaşlarından həyatın onun
üçün hazırladığı müxtəlif
sınaqlara mərd-mərdanə sinə gərən,
qarşılaşdığı bütün maneələrə
rəğmən həyata, dünyaya, insanlara olan sevgisi, sənətinə
olan bağlılığı və güclü xarakteri onun
enişli-yoxluşlu həyat yollarını əmin
addımlarla keçməsinə köməkçi olub. Özünün də
dediyi kimi, həyatın bütün sınaqlarından
keçmək aktrisa üçün heç də asan
başa gəlməyib: “Mən də həyatda müsbət
xarakterli bir gənc olmuşam. Baxmayaraq ki, həyatım
özü şokolad kimi keçməyib, yəni qara olsa da,
şirin olmayıb. Demək olar ki, elə gənclik illərindən
böyümüşəm. Çünki həyat
böyüklər üçün nəzərdə tutulan
yükünü artıq o illərdə mənə hədiyyə
eləmişdi”.
Kübra
xanım 1972-ci ildə Mirzağa Əliyev adına
Azərbaycan Dövlət İncəsənət
İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi
şöbəsinə daxil olur və təhsilini 1977-ci ildə
başa çatdırır. Sumqayıtda işlədiyi beş il ərzində Kübra Əliyeva
bir-birindən maraqlı, ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilən silsilə rollarla
yaradıcılıq uğurları qazanır. Ş.Xusainovun
Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən
“Anam gəldi” əsərində Rasimə, G.Xuqayevin “Elbrus evlənir”
tamaşasında Gülbadam, C.Cabbarlının “Solğun
çiçəklər” faciəsində Gülnisə, Y.Məmmədovun
“Ana məhəbbəti” əsərində Adilə, İ.
Qasımov, H.Seyidbəylinin “Sən nə üçün
yaşayırsan” tamaşasında Pəri xala və s.
obrazları onun aktrisa kimi daha da püxtələşməsində
mühüm yer tutub.
Daha sonra aktrisa Azərbaycan Dövlət Musiqili Komediya
Teatrına gəlib. Burada işlədiyi illərdə o,
yaradıcılığı üçün yeni olan istiqamətdə
müxtəlif rollar yaradıb. Bunlardan
Gövhər xala (“Gözün aydın”, M.Əlizadə),
Balı (“Qızıl toy”, R.Heydər), Gülbadam (“Sevgilimin
anası”, G.Xuqayev), Sənəm (“Məşədi İbad”,
H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri”,
R.Əhmədzadə) kimi müxtəlif obrazlar
tamaşaçının yaddaşında və qəlbində
illər keçməsinə baxmayaraq, yaşayır.
Aktyorluq özü özlüyündə onsuz da
ağır, məşəqqətli peşədir. Həm psixoloji,
həm də mənəvi yükü çoxdur. Cilddən-cildə girmək, obrazdan-obraza dəyişmək,
öz xarakterini unudub canlandırdığın obrazın
xarakterinə bürünmək heç də asan məsələ
deyil. Hələ bunlar bu sənətin
görünən tərəfləridir. Bir
də onun görünməyən tərəfləri var ki, bəlkə
də, yaradıcı insanı ən çox yoran, ən
çox incidən məqamlar məhz orada - pərdə
arxasında gizlənib. Xüsusən
teatrda və kinoda aktrisa kimi çalışmaq çox
çətindir. Ümumiyyətlə,
yaradıcılıq sahəsində çalışmaq
qadın üçün ikiqat, bəlkə də
üçqat əziyyətlidir. Cəmiyyətdəki
söz-söhbət, istedadını, zəhmətini etiraf etməyə
ürəyi gəlməyənlərin gördüyün
işə, qazandığın uğura min cür “don geyindirmək”
cəhdləri iradəsi zəif hər kəsi yorur və
“oyundan kənara atır”. Bundan başqa, aktrisa həm
də sənətindən qaynaqlanan hər bir əziyyətə
dözməlidir. O, həm öz ailəsinin
qayğısına qalmalı, onu idarə etməli, eyni
zamanda, teatrda müxtəlif obrazlar yaratmalı,
tamaşaçılara obrazları
çatdırmalıdır. Kübra Əliyeva
da uzun illər həm ailəsində gözəl qadın, ana
olmağı, həm də səhnədə öz sənətini
layiqincə icra etməyi bacardı. Məhz
bu zəhmətlərin bəhrəsidir ki, Kübra xanım
yalnız sənəti ilə illərdir qazandığı
tamaşaçı sevgisini qoruyub-saxlayır.
Kubra xanım Əliyeva 1991-ci ildən Akademik Milli Dram
Teatrında aktrisa kimi fəaliyyət göstərməyə
başladı.
O, bu teatrın səhnəsində də bir-birindən dəyərli,
maraqlı rollar ifa etdi. Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə
(“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev),
Hayqanuş (“Hökmdar və qızı”, İ.Əfəndiyev),
Qaraqoyunlu ana (“Ağqounlular və Qaraqoyunlular”,
Ə.Əmirli), Firəngiz (“Ah,Paris… Paris!..”, Elçin), Ana (“Eloğlu”, A.Şaiq) kimi obrazlar onun adını bu
teatrın da tarixinə qızıl hərflərlə
yazdı.
Əvvəldə də qeyd etdiyimiz kimi, Kübra
xanım teatrdan əlavə televiziya ekranlarında da dəyərli
obrazlarla tamaşaçıların qarşısına
çıxıb. Onun müxtəlif teletamaşalarda
canlandırdığı obrazlar bu gün də
televiziyamızın arxivində dəyərli sənət əsəri
kimi qorunub saxlanır, zaman-zaman təkrarən nümayiş
edilir. “Evləri köndələn yar”da Bazarkomun
arvadı, “Analar”da Zərbuta, “İtkin gəlin”də Xədicə,
“Sabiqlər”də nazirin arvadı, “Sonuncu məhəbbət”də
Ümbülnisə kimi rollardır ki, balacadan böyüyə
hər kəsin qəlbinə yol tapıb.
Kübra Əliyevanın canlandırdığı rollar
içərisində ən yaddaqalanı “Şirbalanın məhəbbəti”
filmindəki Ümbülnisə obrazıdır. Çoxuşaqlı
ana olan Ümbülnisə həyat yoldaşı
Şirbalanın məhəbbət sərgüzəştərində
özünəməxsus xarakteri ilə fərqlənir. Özü etiraf etməsə də,
ayrıldığı Şirbalanı sevən və
qısqanan Ümbülnisə onu geri qaytarmaq üçün
min cür bəhanələrə əl atır. O, əsl
evinə, ailəsinə, övladlarına bağlı
qadın kimi sonda həyat yoldaşının -
Şirbalanın yenidən evlənməsinə də mane ola bilir. Ümbülnisə bəlkə
də illərdən, əsrlərdən bəridir həyat
yoldaşlarının xəyanəti ilə üzləşən
qadınların haqq səsi idi. Ona görə
də tamaşaçılar tərəfindən bu qədər
sevildi və qəbul olundu.
Onun “Sabiqlər” teletamaşasında
canlandırdığı nazirin arvadı obrazı isə
Ümbülnisənin tamamilə əksidir. Pul
düşkünü, vəzifədə olan ərinin
hesabına rahat, qayğısız həyat yaşayan,
heç kimi saymayan, maddi zənginliyi hesabına hər kəsə
yuxarıdan aşağıya baxan qadının əri bircə
günün içərisində işdən
çıxarılır və onların həyatı bir
andaca dəyişir. Bir teletamaşanın
içərisində aktrisa iki ən müxtəlif
situasiyanı canlandırmalı olur. Vəzifə,
pul, var-dövlət hesabına xoş həyat keçirən
qadın sonra pulsuz, cəmiyyətdə etibarı
sarsılmış, özünü içkiylə övudan
bir kişinin həyat yoldaşına çevrilir. Təbii
ki, burada onun iç üzü daha yaxşı
görünür. Tamaşaçı əvvəl
ona necə ikrah hissi ilə yanaşırdısa, bir yerdən
sonra hətta yazığı gəlməyə də
başlayır.
Kübra xanım Əliyevanın bu sənətə uzun
illərdən bəri xidməti dövlətimiz tərəfindən
də qiymətləndirilib. O, 2000-ci ildə respublikanın
Əməkdar artisti fəxri adına layiq
görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür.
Əfsuslar olsun ki, Kübra xanım uzun illərdir səhnədən, sənətdən uzaqlaşıb. Adətən sənətkar yaşa dolanda teatrı tərk edir. Amma Kübra xanımda bu belə olmadı. Hətta deyə bilərik ki, o, səhnələrin onun kimi sənətkara ən çox ehtiyacı olan zamanda sənəti tərk etmək qərarı aldı. Sənətkar müsahibələrinin birində bunu belə izah edir: “Mən həmişə deyirdim ki, 60 yaşım olanda səhnədən gedəcəyəm. Bunu bütün sənət yoldaşlarım da bilirdi. Elə də oldu. Mən vaxtilə teatrda korifey sənətkarlarla çiyin-çiyinə çalışmışam. O sənətkarlar ki, səhnəyə çıxanda yer titrəyirdi. Onların itkisi mənə çox pis təsir etdi. Sağıma baxdım gördüm ki, heç kim yoxdur, soluma baxdım gördüm ki, boşdur. Kiminlə oynayacaqdım? Ona görə də teatrı tərk etdim”.
İllərdən bəri çəkdiyi sıxıntılar, həyatın ona hazırladığı maneələr, ağır sənət, son illərdə ailəsindəki itkilər aktrisanın səhhətinə də təsirsiz ötüşmədi. Sənətkar bu dəfə də ağır xəstəliklə mübarizə aparmağa məcbur qaldı. Belə ki, səhnəni tərk etdikdən sonra sənətkar xərçəng xəstəliyinə tutulduğunu öyrəndi. Amma o, bunun da öhdəsindən gəlməyi bacardı. Onu yaralayan isə nə xəstəliyi idi, nə də gördüyü çətinliklər. Onu ən çox unudulmağı, yaddan çıxmağı narahat etdi. Bir neçə il öncə doğum günündə unudulması ilə bağlı sosial şəbəkədə giley, küskünlük dolu paylaşım etmişdi. Amma Kübra Əliyeva kimi sənətkarlar kimin yadından çıxsa da, tamaşaçısının, xalqının yadından heç zaman çıxmır, onların sənəti və yaratdığı rollar hər zaman yaddaşlarda, qəlblərdə yaşayır.
Sevimli aktrisamız Kübra xanım
Əliyevanı yeni yaşı münasibətilə təbrik
edir, ona cansağlığı arzulayırıq!
525-ci qəzet 2019.- 5 yanvar.- S.18.