Sabaha sevgiylə
PƏRVİN
Adama elə gəlir ki, bütün bayramlar uşaqlıqda qaldı... “Sevinc”
sözü də uşaqlıqla, balacalarla assosiasiya yaradır.
Zaman, lap ən
firavan həyat belə sevincləri korşaldır, yaxud ən azı “təəccüb” duyğusunu
zəiflədir. Əslində, müxtəlif ifadələr
axtarıb yumşaltmaq
istədiyim fikir odur ki, bayram
balacalardan ötrüdür.
Və bu günlərdə Gənc
Tamaşaçılar Teatrının
yeni il
şənliklərini izlədikcə
uşaqların sevincini,
marağını seyr
elədikcə bir çox məsələlərdə
onlara nə qədər “uduzduğumuzu”
bir daha anladım. Amma həm də
millətin uşaqlara
olan unikal, qeyri-adi münasibətindən,
həssaslığından təsirləndim. Teatrın
geniş foyesində uca və işıqlı
şam ağacı ətrafında klassik və müasir nağıl qəhrəmanları,
Şaxta baba, qar qız, bir
də uşaqlar... Üstəgəl, musiqi, rəqslər,
oyunlar. Balacaların sevinci, sevdikləri
cizgi filmi, tamaşa qəhrəmanlarına
qoşulub atılıb
düşmələri, oynamaları,
əylənmələri təbiidir.
Amma daha təsirli olan valideynin, böyüklərin münasibətidir.
Bu günlərdə övladlarını
səliqə ilə, həm də ardıcıl teatra gətirən, onların gözəl vaxt keçirməsi üçün
şərait yaradan valideynləri müşahidə
etdikcə işıqlı,
ümidli fikirlərlə
doluram və düşünürəm görünür,
millət olaraq əsas üstün cəhətlərimizdən biri
budur; balacalara diqqətimiz və mərhəmətimiz, hətta
çox vaxt aşırı sevgimiz. Bir də millətin
maariflənməsi üçün
çalışan, ömrünü
bu işə həsr edən ziyalılarımızın yerinə
sevinir adam;
niyyətləri baş
tutub, mübarizələri
boşa çıxmayıb,
yerinə yetib deyə... Axı, “oxutmuram, əl çəkin” zamanından
çox da uzun vaxt keçməyib,
amma indi məktəblilərin əlindən
teatrda ayaq qoymağa yer yoxdu...
Balacalardan ötrü əyləncə
olan, teatrın əməkdaşları üçün
işdir və bayram günlərində,
hamının istirahətə
zaman ayırdığı
bir vaxtda aktyorların necə həssaslıqla işləməsi,
bütün qüvvələri
ilə balacaları əyləndirməyə çalışması
son dərəcə maraqlı,
həm də düşündürücü məqamdı. Foyedəki tədbirdən sonra
“Qar kraliçası”
tamaşasına baxdıqca
da bu fədakarlığı
düşünürəm. Bir az əvvəl foyedə “Şirin” simasında üz-gözünü maviyə
boyamış Anar Seyfullayev tez-tələsik
qrimini silib, əynini dəyişib Kay
obrazını canlandırır
və bunu hər gün bir neçə seansda edir. Yaxud
teatrın başqa sevilən aktyorları Xaliq Bəkirov - Hörümçək adam,
Asya Atakişiyeva - Şahzadə, Xəyalə
Meydanova - Qırmızı
papaq simasında uşaqlarla oynayır, rəqs edirlər. Hələ əməkdar artist İlham
Əsədovun çevik,
şən Şaxta babası, Səbinə Məmmədovanın gülərüz
qarqızı da ayrı bir ovqat
yaradır balacalarda.
Hər seansda teatrın binasını balaca addımlarıyla, gülüşləriylə,
mehriban simalarıyla dolduran uşaqlara baxdıqca bütün bu əziyyətlərin boşuna olmadığını
başa düşürəm. Bu gün
valideynin, məktəbin,
teatrın birgə zəhməti nəticəsində
sadəcə əyləncə
təsiri bağışlayan
hadisə uşaqların
mənəvi dünyasına
ən gözəl töhfədi, faydadır.
Həm də axı hər şey Onlardan başlanır. Bu mənada
Korney Çukovskinin “İkidən beşə qədər” əsəri
son dərəcə qeyri-adidir.
Xeyli müddət müxtəlif yerlərdə
balacaları müşahidə
edib qəribə sözlərini, gülməli
ifadələrini qeyd edən müəllif sonda belə bir əsər qoyub ortaya və
uşaqların dediklərini
ardıcıl oxuyanda başa düşürsən
ki, əslində, bütün dünya, fəlsəfələr, elmlər,
sənət onların
dilində, onların təfəkküründədir, sadəcə bunu anlamaq, dərinliyini dərk etmək lazımdı. Əslində,
axı “insanşünaslıq”
şərti adı altında
ümumiləşdirə biləcəyimiz
bütün elmlər
təməlin, əsasın
uşaqlıqda qoyulduğunu,
xarakterə xas bütün üstün və naqis cəhətlərin
uşaqlıqla bağlı
olduğunu deyir. Qəddarsansa, uşaqlığın
sevgisiz keçib, kəmlik kompleksin varsa, uşaqlıqdan gəlir, rahat, açıq, özünəinamlısansa,
yaxşı tərbiyə
almısan və s. Əlbəttə, bunların
heç biri resept deyil və
şəxsiyyətin formalaşması
bir rüşeymdən
insan yaranmasından daha qəliz, daha çoxqatlı hadisədir. Amma bununla belə,
sənətin insana, onun tərbiyəsinə təsiri də danılmazdı.
Hələ ötən əsrin 70-ci illərinin sonunda kiçik bir video-sənədli film dünya
kinematoqrafını yaxşı
mənada hərəkətə
gətirmiş, təəccübləndirmişdi. Bu, Qers Frankın “On dəqiqə daha yaşlı” filmi idi. Film ilk baxışda
çox sadə, adiydi, amma bu
onca dəqiqədə
insana aid emosiyalar “buketi” cəmlənmişdi
sanki. Kukla teatrında gizlin
kamera ilə çəkilən film sadəcə
uşağın üzünü,
gördüklərinə reaksiyasını
iri planda göstərirdi və əslində, səhnədə
nə baş verdiyini bilməyən izləyici elə uşağın üzündən
oxuya bilirdi hər şeyi. Əsasən
balaca tamaşaçılardan
birinin, amma bəzən də digərlərinin reaksiyalarını
göstərən film bütöv
bir insan ömrünün, insan qəlbinin, hisslərinin təsviri kimi qavranır. Zahirən heç nə
baş vermir sanki, sadəcə balaca uşaq kukla teatrı tamaşasına baxır.
Və sanki böyüyür bu on dəqiqədə.
Doğrudan da videoya təkrar-təkrar baxdıqca
balacanın baxışlarının
necə dolğunlaşdığını,
dərinləşdiyini, bəzən
sevincin, bəzən kədərin, bəzən
qorxunun, bəzən narahatlığın gözlərindən
necə oxunduğunu görürsən. “On dəqiqə daha yaşlı” filmi dünya kinematoqrafına təsir edib, dəfələrlə on dəqiqəlik
filmlər çəkilib,
kinoalmanaxlar yaranıb.
Amma heç bir film bu qədər təsirli, bu qədər uzunömürlü
olmayıb. Çünki doğrudan da məhz balacaların reaksiyası ən təbii, ən maraqlı, ən dərin sənətdir.
Xatırlayıram, bir neçə
il əvvəl
hələ internetin təzə-təzə dəbə
düşdüyü vaxtlarda
xarici jurnallardan birinin keçirdiyi sorğu saytlarda yayılırdı. Balacalardan “sevgi
nədir?” - deyə soruşmuşdular
və cavablar sadəcə heyrətamiz idi. O cavablardan birini heç unutmuram... “Atam anam üçün kofe hazırlayır və dadına baxır ki, şirinliyi o istəyən
kimi olsun... Sevgi budur!” Əslində, uşaqlar bizim
fikir vermədiyimiz, ən sadə məsələləri deyirlər,
görürlər və
həyatın mənası
da, insan hisslərinin ən ibtidai ifadəsi də elə budur. Bu mənada
səhnədə baş
verənləri Qers Frankın filmindəki kimi onların üzündən, reaksiyalarından
oxumaq ayrı bir zövqdü, işdi, hadisədi.
Gənc Tamaşaçılar Teatrının ən müxtəlif uşaq tamaşalarında da balacaların reaksiyalarını müşahidə etdikcə bir sual rahat buraxmır adamı, heç cür anlamaq olmur ki, insan nə zaman, harda korlanır. Axı hər dəfə zaldolusu uşaq müsbət qəhrəman dara düşən kimi hay-küy salıb kömək etmək istəyirsə, yanlışlıq edən, pis əməl törədən birini bağışlamaq məqamı gələndə mərhəmət göstərirsə, ürəkdən sevinə, ürəkdən gülə bilirsə, zala enmiş aktyoru qolların açıb qucaqlaya, başın sığallaya bilirsə... İnsanı dəyişən, qəddarlaşdıran nədir? Böyüdükcə harda, necə itirilir bu nəcib duyğular?! Bütün bunlar tarix boyu mütəfəkkirlərin, alimlərin, qələm adamlarının düşündüyü və hələ də cavabını tapmadığı suallardır. Və sənətin faydasından söz düşən kimi müharibələri, terrorları yada salanları da qınamaq olmur. Amma bütün hallarda, heç şübhəsiz ki, sənət olmasaydı, hər şey daha pis, daha dözülməz olardı...
Bəlkə elə bu
düşüncəyə görə bayram
günlərində zamanını ayırıb teatra gələn, övladlarının mədəni
istirahətini düşünən valideynlər
yaddaşımda çox işıqlı
yer tutdular. Hələ
bir-birinin sözünü
kəsə-kəsə teatrdan
çıxan, gördüyü
tamaşanı yenidən anasına, xalasına, nənəsinə
danışan balacalar da
ayrıca sənət əsəridirlər... Bir
də onları aldatmaq olmur
axı... Dəfələrlə uşaq
tamaşalarında oynayan aktyorlardan
eşitdiyim fikir budur ki, balacaların
qarşısında çıxış etmək daha çətindi, çünki
onları inandırmaq sadə deyil. Görünür, elə böyüklərin,
məktəbin və teatrın əsas missiyası budur, onları daha gözəl həyata, daha
işıqlı gələcəyə inandırmaq... Bayram isə sadəcə fürsətdir!
525-ci qəzet 2019.- 5 yanvar.- S.17.