Daha bir manifest
Dekabrın
21-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan
Milli Kitabxanasında görkəmli yazıçı və
böyük ədəbiyyatşünas alim Mir Cəlal
Paşayevin “Ədəbi tənqid (1931-1974)” və “Publisistika
(1926-1977)” kitablarının təqdimatı keçirilib. “Publisistika (1926-1977)” kitabının ön
sözünü oxuculara təqdim edirik.
Uğurlu yazıçı ilə yaxşı oxucunu
birləşdirən nədir? Səmimi ünsiyyət! Oxucu ilə yazıçının ünsiyyəti
günlərlə, aylarla, illərlə davam edir. Yazıçı görüb-eşitdiklərindən,
oxuduqlarından, təsəvvür etdiklərindən oxucuya
danışır, onun dünyagörüşünə, savad
və təcrübəsinə töhfə verir. Oxucu isə həvəslə ona həyatın min bir
sirrini açan, gecə və gündüzünü
yaradıcılığa həsr edən həmsöhbətindən
- yazıçıdan yeni əhvalatlar gözləyir. O,
həm də yazıçının həyatı, fəaliyyəti,
yaşadığı mühit ilə maraqlanır. Belə məlumatlar isə ona oxuduqlarını daha
yaxşı izah edir, yazıçı ilə ünsiyyəti
daha da möhkəmlədir.
Mir Cəlalın
oxucuları belə bir sevinc hissini məhz bu məqalələr
toplusu ilə tanış olduqda
yaşayacaqlar. Yazıçının xatirələri,
ictimai-siyasi həyat barədə fikirləri, tarixi hadisələrə
münasibəti, gənclərə tövsiyələri mətbuat
səhifələrində - ədibin 1926-cı ildən 1977-ci
ilə qədər dərc etdiyi məqalələrində əks
olunub!
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal
6 romanın, 300-ə yaxın hekayənin, çoxsaylı elmi
əsərlərin müəllifi kimi böyük oxucu
kütləsinin qəlbini fəth etmişdir. Ədibin məqalələri
isə ilk dəfə toplu şəklində nəşr
olunur. Buna görə də, bu kitab ədibin
oxucuları üçün yeni təəssüratlar və
xoş oxu saatları vəd edir.
Mir Cəlalın publisistik məqalələrini əhatə
edən bu kitab XX əsr Azərbaycan ədəbiyyatının
və tarixinin 50 ildən artıq bir dövrünü öyrənmək
üçün əvəzsiz mənbədir.
***
Mir Cəlal publisistik fəaliyyətə 18
yaşında, 1926-cı ildə - Gəncə Darülmüəllimində
təhsil alarkən başlamışdır. O illərdə, Gəncənin
ədəbi mühiti Mir Cəlalın da yaradıcı fəaliyyətinə
zəmin yaratmışdır.
Ədib
1929-cu ildə, Bakıya təhsil almaq üçün gəldikdən
sonra 2 il “Kommunist”, 4 il “Gənc işçi” qəzetində müxbir kimi fəaliyyət
göstərmişdir. Bu illərdə o, Bakının ədəbi
mühiti ilə yaxından tanış
olmaq imkanı əldə etmişdir. Mir Cəlalın bir
sıra görkəmli şair və yazıçılarla, o
cümlədən, Mehdi Hüseyn, Hüseyn Cavid, Süleyman
Sani Axundovla tanışlığı da məhz “Kommunist” və
“Gənc işçi”dəki fəaliyyəti ilə bağlıdır.
Ədibin xatirələrindən məlum olur ki,
o, müxbirlik işini hər zaman yüksək dəyərləndirmiş,
mətbuatı “gözəl tərbiyə məktəbi”
adlandırmışdır (“Bakı görüşləri”,
1967). Eyni zamanda, belə ictimai əhəmiyyəti olan
peşə Mir Cəlala xalqla ünsiyyətdə olmağa,
onun qayğıları ilə yaxından tanış
olmağa imkan yaratmışdır.
Mir Cəlalın publisistik fəaliyyətə
başladığı dövr Azərbaycanda Sovet hakimiyyətinin
təşəkkül tapdığı, sosialistcə yenidənqurmanın
geniş vüsət aldığı illərə təsadüf
edir. Buna
görə də ədibin 1920-30-cu illərdə qələmə
aldığı məqalələrinin bir çoxu məhz həmin
dövr Azərbaycan cəmiyyətində mühüm yer tutan
mövzulardan bəhs edir: dinə münasibət, sənayeləşmə,
kollektiv təsərrüfatların yaradılması, mədəni
quruculuq, pioner təşkilatlarının formalaşması, marksizm-leninizm
ideyalarının təbliği və d.
Məlumdur ki, cəmiyyətdə təməl dəyişikliklərinin
aparıldığı, siyasi-ictimai və mədəni həyatın
sürətlə yeni xarakter aldığı bu dövrdə
həm ziyalıları, həm də digər sıravi vətəndaşları
düşündürən suallar olmuşdur. Məhz belə
bir dövrdə Mir Cəlal bir ziyalı kimi yenilikləri
uzaqgörənliklə təhlil etmiş, eyni zamanda, bu yeniliklərin
xalqın həyatına gətirdiyi qayğıları da mətbuatda
qətiyyətlə işıqlandırmışdır.
Mir Cəlalın ilk publisistik məqaləsi “Dinsizlər
İttifaqı nasıl çalışmalıdır?”
adlanır və 1926-cı ilin iyun ayında Tiflisdə
çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur. Bir ay sonra,
eyni qəzetdə müəllifin “Məhərrəmlik
mövhumatı kimin əsəridir?” adlı məqaləsi də
işıq üzü görmüşdür. Mövhumatla mübarizə mövzusu ədibin
publisistik fəaliyyətinin ilk illərində ən çox
diqqət ayırdığı mövzulardan biri olmuşdur.
Bu məqalələrdə Mir Cəlal, o
dövrdə ölkədə mövhumat əleyhinə
aparılan mübarizənin
çatışmazlıqlarını üzə
çıxarmış, məsul müəssisə və
şəxsləri məhz xalqa nüfuz edib, kəndlilərin
“Nasıl allah yokdur, bəs nə var? Yer,
göyü, kim yaratmış?” kimi sadə suallarını
cavablandırmağa səsləmişdir.
O da qeyd
olunmalıdır ki, Mir Cəlal bu qəbildən olan məqalələrində
təkcə mövhumat əleyhinə aparılan mübarizə
prosesindən bəhs etməmiş, eyni zamanda, xalq arasında
mövhumatın yayılmasının tarixini tədqiq edib, onu
dini təfəkkürünün əsasları barədə
ayıq-sayıq salmışdır.
Ədibin 1920-ci illərdə Türkmənistanın
Aşqabad şəhərində çıxan “Zəhmət”
qəzetində də bir neçə məqaləsi çap
olunmuşdur.
Yazıçının xatirələrindən
məlum olur ki, onun böyük qardaşı bu illərdə
Aşqabadda yaşayıb və yerli qəzetləri ona
göndərirmiş.
Müəllifin “Zəhmət” qəzetində dərc
olunmuş digər məqalələri Gəncəyə
mühacirət etmiş iranlılar və onların məşəqqətli
həyatları ilə bağlıdır. Məqalədə Gəncədə,
bəhailiyin əsasən iranlı mühacirlər ətrafında
təbliğ olunduğundan, avam kütlə arasında
nüfuz qazandığından söhbət
açılır.
Ədibin Gəncədə məskunlaşan iranlı
mühacirlərlə bağlı yazdığı digər məqalələrdə
də önəmli məqamlar çoxdur. Məsələn:
mühacirlərin əksər hüquqlardan məhrum
olması, təhsil alması yolundakı çətinliklər,
mühacirlərin hətta “Şuralar İttifaqı”nda da
İran konsullarının təqibinə məruz qalması və
s. Müəllif “Azərbaycanda İran mühacirləri” (1927)
məqaləsində isə bəzi mühacirlərin qeyd
olunan əngəllərdən dolayı İrana
qayıtmağa məcbur olmasına, bunun isə öz növbəsində
onların həyatını tam alt-üst etdiyinə də diqqəti
çəkir.
Mir Cəlalın 1930-cu illərdə yazdığı məqalələrin
əhəmiyyətli hissəsi “mədəni inqilaba”,
xüsusilə maarif işinə, pioner təşkilatlarına,
müəllimlərə həsr olunub.
Müəllif bu məqalələrdə o dövr maarif
işinin problemlərini böyük ustalıqla üzə
çıxarır, eyni zamanda, məktəblərin “kommunizm tərbiyyəsi
uğrunda” qarşısında duran vəzifələrini də
qeyd edir: möhvumatla mübarizədə daha çox fəallıq
və internasional tərbiyə uğrunda mübarizə. İkincini təhlil edən Mir Cəlal,
internasionallığın təkcə millətlər arasında
“qonaqlıq əlaqəsi”ndən - ildə iki dəfə
keçirilən əlaqə gecələrindən ibarət
olmadığını qeyd edir.
“Rekonstruksiya devrinin müəllimi” (1931) məqaləsində
isə ədib müəllimin, xüsusi ilə kənd müəlliminin
sosializm quruculuğu işində ən aparıcı qüvvələrdən
biri olduğunu qeyd edir. Müəllimin fəaliyyəti ilə
yanaşı, mühitin də məktəblinin
inkişafında, “yeni insan”ın formalaşmasında
böyük rol oynadığına diqqət çəkir.
Ədibin bu fikri bu gün də müzakirə
olunan interaktiv təhsil, dərsdənkənar ictimai fəaliyyət
məsələləri ilə həmahəng səslənir.
Qeyd olunmalıdır ki, 1920-ci illərin sonlarında Mir
Cəlal Gədəbəydə kənd məktəbində,
sonra isə Gəncədə müəllim işləmişdir. Ədibin
“Bakı görüşləri” (1967) məqaləsindən məlum
olur ki, o, Gədəbəydə təhsil quruculuğu ilə
məşğul olan ilk müəllimlərdən biri
olmuşdur. Ədib “qalstuk, qatdama köynək,
komsomal qayışı” geyinən “təzə müəllim”in
yerli camaat tərəfindən heyrətlə
qarşılandığını, eyni zamanda, onların isti
münasibətini, nəsihətlərini xoş
xatırlayır.
Mir Cəlalın həm müəllim, həm də
publisist kimi dövrün maarif işinin təşkilinə
öz layiqli töhfəsini vermişdir. Ədibin məqalələri
maarif quruculuğunun çatışmazlıqlarına əhatəli
şəkildə nüfuz edir: dərsliklərin natamam cəhətləri,
müəllimlərin dövri tələblərə
lazımınca cavab verməməyi, gənclərin mütaliəyə
cəlb olunması məsələsi, müəllimlər və
yerli idarə orqanları arasındakı yaranmış
konfliktlər, infrastruktur problemləri, mövhumatın
uşaqların məktəbə cəlb olunmasında
yaratdığı maneələr və s.
Mir Cəlal bu illərdə bir sıra məqalələrdə
dövrün digər ziyalıları ilə həmmüəlif
olmuşdur. Məsələn, Mirzə İbrahimov, Həmid
Araslı, Əbülhəsən, Mehdi Hüseyn və b. Şübhəsiz,
dövrün bir sıra problemləri ziyalıları ümumi
mövqe bildirməyə təşviq etmişdir. Məsələn,
ədibin Əbülhəsən və Mehdi Hüseynlə birgə
yazdığı “Bədii ədəbiyyat nəşrini tələblərimiz
səviyyəsinə” (1939) adlı məqalədə Azərbaycan
Dövlət Nəşriyyatının (Azərnəşr) fəaliyyəti
əsərlərin çapının ləngidilməsi ilə
əlaqədar olaraq tənqid olunur. Məqalədən
məlum olur ki, 1936-cı ildən bəri S.Vurğun, M.Rahim,
R.Rza, N.Rəfibəyli, O.Sarıvəlli kimi şair və
yazıçıların əsərləri, o cümlədən,
Füzulinin külliyyatı Azərnəşrdə növbə
gözləyir. Müəlliflər
Yazıçılar İttifaqının məsələnin
həllinə səy göstərməməsini isə
“biyabırçılıq” adlandırır, “gecikdirilən əsərlərin
tezliklə çap edilib oxuculara
çatdırılmasını” tələb edirlər.
Böyük Vətən Müharibəsi başlayana qədər
sosializm quruculuğu ilə bağlı mövzular Mir Cəlalın
publisistikasında aparıcı mövqeyini qorumuşdur. O, mətbuatda nəinki ədəbiyyat
və mədəniyyətlə bağlı, hətta
iqtisadiyyat və sosial həyat barəsində də mülahizələrlə
çıxış etmişdir.
Xüsusilə
vurğulanmalıdır ki, müəllif bu məqalələrdə
sosialistcəsinə yenidənqurmanın tərənnümündən
daha çox, bu proses zamanı ortaya çıxan əngəllərə
və çatışmazlıqlara yer ayırmışdır.
Məsələn, ədib “Sözlər” (1933) sərlöhvəli
məqaləsində Gəncənin ictimai yerlərində,
küçələrində mövcud olan natəmizliyi sərt
tənqid edir və səhiyyə işçilərini buna
qarşı mübarizədə fəal mövqe tutmağa
çağırır. Məqaləyə isə belə
yekun vurulur: “Yorulmayın, sizi yeməkxanalara, ümumi
yaşayış yerlərinə, xəstəxanalara
aparmıram. Hələlik bu qədər”.
Beləliklə, Mir Cəlal adı çəkilən
yerlərdə vəziyyətin daha da pis olduğuna işarə
edir. Ədibin bu dövrdə qələmə
aldığı bütün məqalələrində tənqidi
yanaşma ön plandadır.
Böyük Vətən Müharibəsi illərində
Mir Cəlalın publisistik fəaliyyəti yeni məzmun və
forma kəsb etmiş, daha da zənginləşmişdir. Ədib dahi
şair Səməd Vurğunun təsvir etdiyi kimi qələmini
süngüyə çevirmiş, bədii əsərləri
ilə yanaşı, publisistik məqalələri ilə də
xalqın döyüş ruhunu yüksəltmiş, mübarizə
əzmini möhkəmləşdirmişdir.
Yazıçı
“Xalqın ürək sözü” (1941) adlı məqaləsində
oxuculara “Məlik Məmməd”, “Qara vəzirin
nağılı” və “İbrahim” nağıllarından,
xalq nağılları qəhrəmanlarımızın divlər,
əjdahalar, yadellilər üzərində qələbəsindən
danışır. Qələbəyə inamını
yazıçı özünəməxsus şəkildə,
böyük bir səmimiyyətlə ifadə edir: “Vətən
müharibəsi döyüşçülərinin hər
birinə aydındır ki, bu gün
azadlığımızı, yurdumuzu, qələbəmizi
qorumaq, düşməni məhv etmək uğrunda fədakarlıq,
sənətə və əbədiyyata layiqdir. Düşmən
əzildikdən, vətən təhlükədən
qurtardıqdan sonra, bu fədakar oğulların,
qızların hər birinin adına
yeni-yeni dastanlar yaradılacaqdır. Vətən
qəhrəmanları haqqında mahnılar isə həmişə
xalqın ürək mahnıları olmuşdur”.
Mir Cəlal bu məqalədə xalq
nağıllarına müraciət edərək həm
orijinal bir məzmun yaradır, həm də
döyüşçülərə “yeni-yeni dastanlar” “vəd
edərək” onları ruhlandırır.
Ədib bu illərdə dərc etdiyi məqalələrdə
tarixi bir hadisəyə xüsusi diqqət ayırıb. Bu 1933-cü il may
ayının 10-da, faşistlərin hakimiyyətə gəldikdən
sonra “german ruhuna yad olan” “20 milyon cild” kitabı
yandırması hadisəsidir (“Faşizmə qarşı
alovlu döyüşçülər”, 1942). Maraqlıdır
ki, bu mövzu Mir Cəlalın diqqətini bir neçə dəfə
cəlb etmiş, o, məqalələrində hadisəyə
etirazını, təəssüf hissini ən kəskin şəkildə
bildirmiş, bu “çirkin cinayət”i törədənləri
günahlandırmışdır.
Bu illərin yazıları arasında, qələbə
xəbərini müjdələyən məqalələr də
nəzərə çarpır. Bu məqalələrlə müəllif həm də bu
böyük tarixi hadisədən doğan fərəh və
sevinc hissini gələcək oxuculara ərmağan edir, onlara
da bu bayram təntənəsindən pay ayırır. 1945-ci il
may ayının 9-da “Kommunist” qəzetində dərc
olunmuş “Unudulmaz gün” və bir gün sonra “Ədəbiyyat
qəzeti”ndə çıxmış “Cəhənnəmin
uçurulması” məqalələrində ədib, qələbəni
“XX əsrin ən böyük tarixi hadisəsi, müharibə
və mübarizə tarixində xalqımızın göstərdiyi
polad əzmin, müstəsna qəhrəmanlığın zəfərli
nəticəsi” adlandırır.
Mir Cəlal bu illərdə qələmi ilə həm
yazıçı kimi, həm də publisist kimi ayağa
qalxmış, döyüşçüləri
ruhlandırmaqda, tarixin belə əlamətdar illərini mətbuat
səhifələrində əbədiləşdirməkdə
fəal iştirak etmişdir.
Ümumiyyətlə, Mir Cəlal Böyük Vətən
Müharibəsindən əvvəl və sonra da tarixi əhəmiyyətli
günlərdə, bayramlarda oxuculara müraciətlər
ünvanlamış, xoş arzularını
çatdırmışdır. Bu sırada, 1936-cı il SSRİ Konstitusiyasının qəbulu, 1 may
günü, oktyabr inqlabının yubileyləri, partiya
qurultayları münasibəti ilə yazılmış məqalələr
qeyd olunmalıdır.
Eyni zamanda, Mir Cəlal dövrünün bir çox ədəbi
görüşlərində və qurultaylarında iştirak
etmiş, əhəmiyyətli tədbirlərlə
bağlı təəssüratlarını oxucularla
bölüşmüşdür. Ədibin 1940 və
1950-ci illərdə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı
dekadaları və 1958-ci ildə Özbəkistanın
paytaxtı Daşkənddə keçirilmiş Asiya və
Afrika yazıçılarının konfransı ilə
bağlı xatirələrini əks etdirən
çoxsaylı məqaləsi dərc olunmuşdur.
Mir Cəlalın Sovet seçki orqanlarına keçirilən
seçkilər və namizədlərlə bağlı məqalələri
də maraq doğurur. Ədib 1948-ci il yanvarın 1-də
“Ədəbiyyat qəzeti”ndə Bakı Sovetinə deputat
seçilmək üçün namizəd olan Məmməd
Arif Dadaşzadəyə dəstəyini ifadə edir. Seçiciləri “cəsarətlə öz səslərini
layiqli namizədə” verməyə çağırır və
Məmməd Arifi “onların etimadını doğrulda bilən,
deputatlıq adını yüksəkdə tutan bir yoldaş”
adlandırır. Mir Cəlal 1951-ci il
5 fevral tarixində, “Ədəbiyyat qəzeti”ndə dərc
etdirdiyi digər bir məqalədə isə Cəfər Xəndan
Hacıyevin Azərbaycan SSR Ali Sovetinə deputatlığa
namizədliyini dəstəkləyir.
Mir Cəlalın məqalələri dövrün
ictimai-mədəni tarixinin öyrənilməsi
üçün əhəmiyyətli mənbə olmaqla
yanaşı, öz həyatı, dövri hadisələrə
münasibəti, xatirələri, yaradıcı fəaliyyəti
ilə bağlı zəngin məlumatları da özündə
ehtiva edir. Məsələn, “Bakı görüşləri”
(1967) məqaləsi ədibin Bakıya təhsil almaq
üçün gəldiyi illərdəki həyatını,
yaradıcılıq yollarında ilk addımlarını,
dövrün ziyalı şəxsləri ilə söhbətlərinə
işıq salır.
“Bloqnot qeydləri” (1933) adlı məqaləsində ədib
Mirzə Fətəli Axundovun yubileyi münasibəti ilə
Şəkiyə səfərini, orada
qarşılaşdığı bayram təntənəsini,
Axundovun qardaşı Mirzə Ələsgərlə
görüşünü qələmə alır.
“Qafqaza məktub” (1942) başlıqlı məqaləsində
isə müəllif Uzaq Şərqdə, müharibə illərində
ezamiyyətdə olduğu zaman azərbaycanlı
döyüşçülərdən, onların müharibədən
əvvəlki həyatlarından, igidiliklərindən və
döyüşdəki fərasətlərindən bəhs
edir. Məqalədə
azərbaycanlı gənclərin Uzaq Şərqdə,
müharibə şəraitində belə öz mədəniyyətlərinə
bağlılığından söhbət
açılır: “Onlar şeirsiz, mahnısız olmazlar. Çalıb-çağırmağa adət
etmişlər. Bəlkə də
bütün tarix boyu birinci dəfə olaraq Vladivostok şəhəri
“çargah” eşidir”.
Mir Cəlal 1955-ci ildə qələmə
aldığı “Tələbkar müəllim” adlı məqaləsində
“Kommunist” qəzetində ilk müxbirlik təcrübələrini
yada salır, onları “faydalı təcrübələr”
adlandırır. Ədibin Səməd Vurğunla xatirələrinin
əks olunduğu məqalələri isə çoxdur.
Belə məqalələrdə ədib Vurğun
yaradıcılığına olan rəğbətini də
dilə gətirmişdir: “Səməd Vurğun adı qəlbləri
fəth edən bir addır. Sabirdən sonra ədəbiyyatımızda
Vurğun qədər xalq məhəbbətinə nail olan
şair tapmaq çətindir (ADU-nun Elmi əsərləri,
1956).
Ədib xatirə məqalələrində
yaradıcılıq planları barədə də məlumat
verir. Belə məqalələr Mir Cəlal irsinin tədqiqatçıları
üçün xüsusilə maraqlıdır. Məsələn,
1945-ci il 31 martda, “Ədəbiyyat qəzeti”ndə dərc edilən
“Gələcək kitablar”, eyni ilin 15 aprel tarixində
“Kommunist” qəzetində çap olunan “Yeni əsərim”
adlı məqalələrində Mir Cəlal müharibə
mövzusunda “Mənim respublikam” adlı roman üzərində
işlədiyini yazır: “Bu kitabda mən vəzifə,
mövqe, rütbə etibarı ilə kiçik, lakin daxilən,
ruhən böyük olan adamlardan danışmağa
çalışmışam”.
Məqalələrdən yazıçının bu əsəri
çapa hazırladığı məlum olur. Lakin bu əsər
hələ də işıq üzü görməmişdir.
Əsərin əlyazması isə Dövlət
Ədəbiyyat və İncəsənət Arxivində
qorunur. Bu mənada, tədqiqatçılar
Mir Cəlalın yaradıcılıq planları ilə
bağlı məqalələrdən tədqiqat
üçün faydalana bilərlər.
Ədibin gənclərə nəsihət, tövsiyə
xarakterli məqalələri çoxdur. Bu məqalələrdə
müəllif gəncləri məhsuldar əməyə, cəmiyyətə
xidmətə çağırır, mübarizə və zəhmətin
önəmini vurğulayır. Mir Cəlal eyni zamanda, gənclərə
vaxtdan səmərəli istifadə etməyi, “gənclik
baharı”nın bir də gəlməyəcəyini
unutmamağı məsləhət görür (“Gənclərə
sözüm”, 1958).
Mir Cəlalın
1958-ci ildə “Azərbaycan” qəzetində çap etdirdiyi
“Ən qiymətli nədir?” adlı məqaləsi isə məqalənin
çap olunduğu günlərdə qəzetdə müzakirə
olunan “həyatda ən əziz, ən şirin şey nədir”
sualına cavab olaraq yazılıb. Ədib digər publisistlərin
cavablarına - Vətən, cansağlığı, ana, gənclik,
dostluq, sülh, və s. məfhumlara nəzər yetirərək,
öz cavabını daha geniş müstəvidə
axtarır: “Həyat məfhumunun özü çox geniş və
mürəkkəb bir məfhumdur. Onu yalnız
bir nemətə, bir mətləbə bağlamaq kifayət
deyil. Həyat üçün hansı daha qiymətlidir:
sumu, havamı, yeməkmi, işıqmı?..
Kim bu məfhumların birini qəbul, digərini
rədd edə bilər? Çünki həyat
bunların birinə yox, hamısına bağlıdır”.
Ədib bu məqalədə həyati dəyərlərin
bütövlüyündən, yalnız bir arada dərin məna
kəsb etdiyindən bəhs edir, oxucuları böyük
amalların arxasınca gəlməyə səsləyir, “həyatlarının
əsl mənasını dar, məhdud şəxsi mənfəətdə
yox, yüksək və müqəddəs ictimai ideyalara xidmətdə
görən, böyük icadlar, ixtiralar, əsərlər,
fikirlər qoyub gedən simalar bəşəriyyətin ən
xoşbəxt adamlarıdır”- deyir.
Yazıçı,
alim, pedaqoq, vətəndaş kimi böyük zirvələr
fəth edən, xalqın sevgisini qazanan, bu gün dərin
hörmət və məhəbbətlə xatırlanan Mir Cəlalın
gənclərə, insanlara tövsiyələri oxucular tərəfindən
əsl tapıntı - mənalı həyat yaşamaq
üçün dəyərli məsləhətlər kimi qəbul
olunacaqdır.
Mir Cəlal
gənc oxucularla yanaşı, məktəblilərə
ünvanlanan məqalələr də yazmışdır. Məsələn, “Məktəb və məktəblilər
günü” (1963) adlı məqalədə müəllif yeni
dərs ilinin başlaması münasibəti ilə məktəbliləri
təbrik etmiş, onlara ülvi arzularını, məhəbbətini
ifadə etmişdir.
Mir Cəlalın publisistikasında gənclərlə, məktəblilərlə
əlaqədar mövzulara xüsusi yer ayrılması həm
də onun müəllim kimliyindən irəli gəlmişdir. Əvəllər Gədəbəydə
kənd məktəbində, sonra isə uzun illər Bakı Dövlət
Universitetində müəllim işləyən Mir Cəlal
yeni dövr ədəbiyyatşünasların yetişməsində,
gənc kadrların inkişafında müstəsna rol
oynamışdır.
Ədib
müəllimlik sənətini həmişə uca tutmuş,
bu sənətə olan dərin hörmətini məqalələrində
də ifadə etmişdir: “Cavanlıqda mən kənd müəllimi
olmuşam. Düzdür, indi mənim adıma, ədib,
professor, alim deyirlər, amma mən müəllim adı ilə
həmişə fəxr etmişəm və indi də edirəm.
Mədəni cəmiyyətin, mədəni ailənin,
mədəni vətəndaşın çox minnətdar
olduğu zümrə müəllimlərdir” (“Azərbaycan
müəllimi”, 1960).
Mir Cəlal publisistik fəaliyyətinin bütün
dövrlərində cəmiyyətin təhsil həyatını
narahat edən mövzularda məqalələr yazmış,
müəllimlərin qurultaylarında çıxış
etmiş və onların şəraitlərinin
yaxşılaşdırılması təşəbbüsündə
də olmuşdur.
Ədib, ona çox əziz olan Bakı Dövlət
Universitetinin 50 illik yubileyi münasibəti ilə
yazdığı məqalələrdə xalqın tərəqqisini
məhz universitetin - təhsilin inkişafı ilə əlaqələndirmişdir.
Mir Cəlalın yazıçı şəxsiyyəti
də publisistikasında həm mövzu seçimi, həm də
bədii üslub baxımından diqqəti cəlb edir. Bəzi məqalələrin
quruluşu publisistik yazıdan çox, elə kiçik bir
hekayəni xatırladır. Eyni zamanda, Mir
Cəlalın hekayələrinə xas olan yumor və
novellaçılıq məqalələrinə də yol
tapıb.
Ədibin
1959-cu il, 21 apreldə Mehdi Hüseynin anadan
olmasının 50 illik yubileyi münasibəti ilə “Kommunist”
qəzetində dərc etdirdiyi məqalə belə
başlayır: “Bizim bədii nəsrimizin Mahmud Eyvazov qədər
də yaşı yoxdur”. Mahmud Eyvazovun kimliyi ilə
maraqlanan oxucuya aydın olur ki, o, Lerikdə yaşayan 151
yaşlı uzunömürlüdür.
Mir Cəlalın məqalələrinin dili də
yazıçı peşəkarlığından, onun
güclü təsvir qabiliyyətindən bəhrələnmişdir. Publisistika, bədii
ədəbiyyatdan fərqli olaraq oxucuya daha tez - mətbuat səhifələrində
gəlib çatır, gündəlik həyatın qaynar
mövzularını müzakirəyə çıxarır.
Bu mənada, Mir Cəlalın publisistik məqalələrinin
yüksək bədii dil keyfiyyəti oxucu üçün
çatdırılan mövzunu-xəbəri daha əhatəli
təsvir edir, oxu prosesinə xüsusi zövq qatır:
“Axşam vaxtı göydən təyyarə ilə, dənizdən
gəmi ilə Bakıya yaxınlaşanlar yarımadanın
sahillərində daş umuzları ilə göylərə
yüksələn, qədəmləri ilə suyun dərinliklərində
duran ecazkar bir nəhəngin qol-qanaq
açdığını, onun arxasından isə yamaca minlər,
yüz minlərlə ulduz səpildiyini görürlər. Göydən yerə nur ələnmişdir!” (“Əsrin əlamətdar illəri”, 1960).
Mir Cəlal onilliklər ərzində yazıçı
və şairlərin, bəstəkarların, görkəmli mədəniyyət
xadimlərinin yubileyləri, vəfatı, fəxri ad alması
ilə bağlı təbriklər, ithaflar yazaraq həmin əlamətdar
günləri xatirələrdə əbədiləşdirmişdir. Onun Cəlil Məmmədquluzadə,
Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy
Haqverdiyev, Maksim Qorki, Cəfər Cabbarlı, Həzi Aslanov, Məmməd
Səid Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn,
Süleyman Rüstəm, Lev Tolstoy, Anton Çexov,
Bülbül, Adil İsgəndərov və digər görkəmli
şəxsiyyətlərə ithaf etdiyi məqalələr həm
ədibin ölkənin mədəniyyət həyatındakı
fəal iştirakından xəbər verir, həm də XX əsr
Azərbaycan mədəniyyət tarixinə işıq
salır.
Mir Cəlal
1948-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin
vəfatı ilə əlaqədar “Ürəklər fatehi”
adlı məqalə çap etdirmişdir. Bu məqalədə
xalqın sevimli bəstəkarına olan məhəbbəti,
Üzeyir Hacıbəyli sənətinin əzəməti, əbədiliyi
böyük ustalıqla izhar edilmişdir: “7 yaşlı bir
uşaq isə hər iki gözdən məhrum olan
atasının əlindən tutub gətirmişdi. Kor kişi heç bir zaman böyük bəstəkarı
görməmişdir və görməyəcəkdir. Ancaq Üzeyirin qəlbləri oxşayan və fəth
edən qüdrətli musiqisini eşitmişdir və
sevmişdir”.
***
Mir Cəlalın bədii yaradıcılığı,
elmi əsərləri və mətbuat fəaliyyəti
çox əhatəlidir. Ədibin
romanlarında, hekayələrində Azərbaycan
xalqının tarixi, düşüncə tərzi, adət-ənənəsi,
gündəlik həyatı, məişəti dolğun şəkildə
təsvir olunmuşdur. Mir Cəlalın
elmi əsərləri isə zənginlik etibari ilə bir
salnamə hesab oluna bilər. Burada dahi Füzulidən
böyük Səməd Vurğuna qədər ədəbiyyat
tarixinin müfəssəl təsvirini görmək
mümkündür.
Belə çoxcəhətlilik Mir Cəlalın mətbuat
fəaliyyətinə də aiddir. Ədibin məqalələri onun həyat
və yaradıcılığı, eyni zamanda, XX əsr
tariximizin 50 ildən artıq bir dövrü - ədəbi
proses, siyasi-ictimai mühit, tarixi hadisələr, cəmiyyətin
inkişaf yolu barədə geniş məlumatlar verir.
Təsvir
olunan əhatəlilik anlayışı ilə yanaşı,
Mir Cəlalın mətbuat fəaliyyətini onun
yazıçı, alim, pedaqoq və vətəndaş şəxsiyyəti
ilə birləşdirən digər bir cəhət də var:
bütövlük.
Mir Cəlalın bədii əsərlərində
də, elmi əsərlərində də, publisistik və ədəbi-təniqidi
məqalələrində də eyni dəyərlər - sadəlik,
xəlqilik, səmimiyyət, həqiqət,
dürüstlük, əməksevərlilik təbliğ olunur. Ailə,
təhsil, humanizm ən ali məfhumlar kimi qəbul olunur.
Ədib yaradıcılığının bütün istiqamətlərində,
o cümlədən, məqalələrində Mirzə Fətəli
Axundovu, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim
bəy Haqverdiyevi, Mirzə Ələkbər Sabiri, Səməd
Vurğunu oxuculara, şair və yazıçılara
nümunəvi şəxsiyyətlər kimi təqdim edir.
Belə bir bütövlük Mir Cəlal irsinin pərəstişkarlarında qeyri-adi bir təəssürat yaradır: sanki sadalananlar Mir Cəlalın yaradıcılığı üçün aparıcı mövzu olmamış, əksinə Mir Cəlal bütün bu ali dəyərləri, görkəmli şəxsiyyətləri yaşatmaq, sevdirmək, xalqın yaddaşına həkk etmək, oxuculara həyatın dərin məna və məzmununu aşılamaq üçün yazıçı, alim və pedaqoq olmuşdur.
Bu mənada, Mir Cəlal
yaradıcılığının hər bir nümunəsi,
o cümlədən, ilk dəfə toplu şəklində
oxucuların ixtiyarına verilən məqələləri
onun öz yüksək həyat amalının manifesti deyilmi?!
Elnur
İMANBƏYLİ
525-ci qəzet 2019.- 5 yanvar.- S.14-15.