Qafqaz Hərbi-Tarixi Muzeyi:
Naxçıvan tarixindən səhifələrin izi ilə
XVIII əsrin ortalarından etibarən Naxçıvan üçün ciddi sınaqlar dövrü başlandı. Yeni Naxçıvan tarixi
dövrünə qədər keçilən bütün
yüzilliklərin siyasi sınaqlarına Naxçıvan mərdliklə
sinə gərdi.
Ötüb gedən bu yüzilliklərdə orijinal tarix
səhifələri yarandı və doğma Azərbaycan
tarixinin parlaq bir səhifəsinə çevrildi. Bəzi tədqiqatçılar
cəhd göstərdilər ki, Naxçıvan tarixini Qafqaz
tarixindən təcrid etsinlər. Amma tarix
tarixdir və zamandan çox asılıdır. Zaman isə unutqanlığın qənimidir. Yəni hər bir tarixi dövr məsələni
öz həqiqi reallığına gətirə bilir.
Diqqət yetirsək, bu gün əksər dünya
ölkələrinin qafqazşünaslığında
Naxçıvan xüsusi yer tutur. Buna əsas səbəb
onun yerləşdiyi geosiyasi mövqe və
yaşadığı tarixi hadisələrdir. Ona görə də Azərbaycan tarixinin unikal bir
ensiklopediyası olan Naxçıvan tarixi bu gün də
Rusiya, Türkiyə, İran, Gürcüstan, Yunanıstan,
İngiltərə, Polşa
qafqazşünaslığında xüsusi diqqət çəkməkdədir.
Qeyd edək ki, erməni
qafqazşünaslığında isə obyektiv sənədlər
dəyişdirilərək hayların tarixi kimi yazılır
və əsassız ərazi iddiaları irəli
sürülür. Ancaq necə deyərlər,
yel qranit qayadan heç nə apara bilməz.
Yuxarıda adlarını sadaladığımız
ölkələrin arxivlərində Naxçıvan və
onun hərb tarixi, həmçinin, memarlığı ilə
bağlı tarixi sənədlər saxlanmaqdadır.
Naxçıvan xanlığının bəzi rəmzləri
bir vaxtlar Qafqazın baş şəhəri sayılan Tiflisdəki
Qafqaz Hərbi-Tarixi Muzeyində saxlanılıb və muzeyin
salonlarında nümayiş etdirilib. XIX əsrin
sonlarında yaradılmış bu zəngin hərbi muzey
“Şöhrət Məbədi” adını da
daşıyıb. Muzey haqqında bir az
ətraflı söhbət açmaq yerinə düşər.
Qafqaz Hərbi-Tarixi Muzeyi Tiflisdə Qafqaz Hərbi Dairəsinin
Qərargahının Hərbi tarix şöbəsinin nəzdində
Qafqaz müharibələrinin tarixi ilə əlaqədar
yaradılmışdır. Elə həmin ildə
Qolovin prospektində (indiki Rustaveli) yeni muzey binasının
tikilməsi qərara alınır. Muzey
binası 1885-ci ildə tikilsə də, onun rəsmi
açılışı 1907-ci ilin 11 fevralına təsadüf
edir. Arxiv sənədlərindən məlum
olur ki, muzey rəsmi olaraq 1906-cı ilin martından Qafqaz Hərbi
Dairəsinin Qərargahının tabeçiliyinə verilib.
Əvvəlki illərdə müxtəlif sərgilərin
təşkil edildiyi muzey tamaşaçıların diqqətini
elə də cəlb etmirmiş. 1905-ci ildə
Rusiya çarı qraf İllarion İvanoviç
Vorontsov-Daşkovu Qafqaza canişin təyin edir. O, işə
başlayan kimi unudulmuş, necə deyərlər, sahibsiz
qalmış muzeyin yenidən təşkilinə göstəriş
verir. Vorontsov-Daşkov Tiflisdəki Qafqaz Hərbi-Tarixi Muzeyinin
salonlarını zənginləşdirmək üçün
Qafqazın hər yerindən, o cümlədən, Azərbaycandan
da müharibələr vaxtı rus ordusunun əldə etdiyi qənimətləri
muzeyə toplamağı verdiyi əmrlərdə qərarlaşdırır.
Hətta Moskva və Sankt-Peterburq muzeylərinə
aparılan hərbi qənimətlər muzeydə
nümayiş üçün Tiflisə qaytarılır.
“Şöhrət Məbədi” adını daşıyan
Qafqaz Hərbi-Tarixi Muzeyinin 1907-ci il
fevralın 11-də təntənəli
açılışı zamanı çəkilən
fotoşəkil bu gün də Gürcüstan Milli Arxivində
saxlanılır.
“Şöhrət Məbədi”nə ilk direktor görkəmli
rus hərb tarixçisi, Qafqaz Ordusunun Baş Qərargahında
Hərbi tarix şöbəsinin rəisi, “Qafqaz tarixinin
Nestoru” ləqəbini daşıyan general-leytenant V.A. Potto
(1836-1911) təyin olunur. V.A.Potto Qafqaz müharibələrinə
aid yazdığı məşhur beşcildliyin müəllifidir
(“Qafqaz müharibəsi ayrı-ayrı oçerklərdə,
epizodlarda, əfsanə və bioqrafiyalarda”, Tiflis, 1885-1891).
Onun əsərlərində Naxçıvan
xanlığının tarixi ilə bağlı xeyli qiymətli
məlumatlar vardır. Həmin tarixi faktlar
1826-1828-ci illərə aid bir sıra mübahisəli məsələləri
aydınlaşdırmaq baxımından olduqca orijinal hesab oluna
bilər.
“Şöhrət Məbədi”, əsasən, 3 salondan
ibarət idi.
Sağ salon, orta salon və sol salon. Demək olar ki, bu muzeydə
Rusiyanın Qafqazda, İranda və Türkiyədə
apardığı müharibələrdə iştirak edən
hərbçilərə məxsus şəxsi əşyalar,
döyüş səhnələrinin təsviri olan tablolar və
əldə olunmuş qənimətlər nümayiş
etdirilmişdir.
V.A.Pottonun vəfatından sonra onun köməkçisi,
hərb tarixçisi Semyon Esadze 1912-ci ildə həmin muzeyə
direktor təyin olunmuşdur. Məlumat
üçün deyək ki, Boris və Semyon Esadze
qardaşları hərb tarixçisi olmuşlar. Onların ikisi də zəngin hərbi yol
keçmiş və Qafqaz Hərbi Dairəsinin Baş Qərargahında
Hərbi tarix şöbəsində Pottonun köməkçiləri
kimi fəaliyyət göstərmişlər. “Qafqaz Ordusu”, “Qars” və digər hərbi qəzetlərin
redaktoru olan Boris Esadze 1914-cü ildə vəfat etmişdir.
Digər qardaş Semyon isə 1917-ci ilədək
Qafqaz Hərbi tarix şöbəsinin rəisi vəzifəsində
fəaliyyət göstərmişdir. 1921-ci
ilin avqustundan Gürcüstan Dövlət Arxivinin hərbi
bölməsinin, 1923-cü ildən 1927-ci ilədək Hərbi-Tarixi
Arxivin müdiri işləmişdir. Çoxlu
elmi əsərləri vardır. 15 noyabr
1927-ci ildə vəfat etmişdir.
Esadzelərin Gürcüstan Milli Arxivində çox zəngin
fondları mövcuddur. Onların yazdıqları əsərlərdə
əks olunan Naxçıvan tarixi ilə bağlı sənədlər,
epizodlar, Kəngərli süvarilərinin fəaliyyətləri
haqqında məlumatlar aktuallığı ilə diqqəti cəlb
edir.
Semyon
Esadzenin yazdıqlarından bizə məlum olur ki, I Ehsan
xanın süvarilərinə məxsus bayraq, Abbasabad
qalasının dəmir açarı, 1830-cu ildən sonra Kəngərli
süvarilərinin 300 nəfərlik dəstəsinə təqdim
edilən bayraq, döyüş mənzərələrini əks
etdirən tablolar və fotoşəkillər bu muzeydə
saxlanılırmış. Bu haqda ilk dəfə
o, 1907-ci ildə yazdığı “Qafqaz Hərbi-Tarixi Muzeyinin
bələdçisi” adlı kitabında məlumat
vermişdir. Qeyd edək ki, şahzadə Abbas Mirzə tərəfindən
Naxçıvan Kəngərli süvari dəstəsinə
verilmiş döyüş bayrağı da 1827-ci il iyulun 7-də
Rusiya qoşunları tərəfindən qənimət kimi
götürülmüş və Moskva Kremlinə -
Çudovaya monastrına aparılmışdır. Bu bayraq 1906-cı ildə Tiflisdəki hərbi muzeyə
gətirilmiş və 77-ci nömrədə nümayiş
etdirilmişdir. Yazılan sənədə
görə həmin bayraq 1914-cü ildə Yekaterinador (indiki
Krasnodar şəhəri) hərbi tarix muzeyinə
aparılmışdır. Bu, sırf Naxçıvan
xanlığına aid döyüş bayrağı deyil. Çünki Abbas Mirzə Abbasabad qalasında olan Təbriz
batalyonuna da belə döyüş bayrağı verib. Həmin bayraq da bu nömrədə Tiflisdəki hərbi
muzeydə nümayiş etdirilib. Bu məlumatlar
sənədlərlə rəsmiləşdirilmişdir.
1917-ci ildən sonra Naxçıvana məxsus dövlət
rəmzlərinin haraya aparılması bizim əsas
axtarış məqsədlərimizdən biridir.
Axtarışlar zamanı məlum oldu ki, inqilab ərəfəsində
muzeyin əsas eksponatları Krasnodar-Stavropol-Moskva-Sankt-Peterburq
istiqamətində Rusiyaya aparılmışdır. 1830-cu ildən
sonrakı Kəngərli süvari dəstəsinin
bayrağı sonralar Milli Azərbaycan Tarixi Muzeyinə
verilmişdir. Amma 1828-ci ilədək
Naxçıvan xanlığına məxsus bayraqların
haraya aparılması hələlik məlum deyil. Bir məsələ var ki, Azərbaycan
xanlıqları işğal edilən kimi bayraqlar
Sankt-Peterburqun Petropavlovsk soboruna, yaxud Moskva Silah Palatasına
aparılırmış. Bu haqda Esadze
qardaşları yazmışlar. Bu istiqamətdə
ciddi axtarışlarımız davam edir. Naxçıvanın
canlı arxivi olan Matan xanım Nəsirbəyova öz
atasından eşitdiklərini bizə danışardı.
Onun dediyinə görə, I Kalbalı xanın
dövründə Naxçıvan xanlığının bayrağının
üzərində, yaxud haşiyəsində “Quran” ayələri
və hətta İmam Əlinin ikiuclu qılıncının
(Zülfüqarın) təsviri varmış. Hilal ayı və yaşıl ulduzu da bura əlavə
edirdi. Bunlar çox maraqlı məsələlərdir
və tariximizdir. Yəqin ki,
axtarışlar bizi sevindirəcək. “Şöhrət
Məbədi”ndən qalan eksponatlar, əsasən, Tiflisdəki
Gürcüstan Milli Tarix Muzeyində və Milli Arxivin nəzdində
olan fotoarxivdə saxlanılır.
Bir
neçə dəfə Canaşia adına
Milli Tarix Muzeyində olsaq da, şəxsən fonddakı
bayraqlara baxmağa icazə vermirlər. Rəsmi
sənədlər olsa da, bir nəfərin inadı
ucbatından saxlanılan bayraqlara baxa bilməmişik. Həmişə çalışmışıq
ki, nəsə yeni bir məlumat öyrənə bilək.
Fotoarxiv olduqca zəngindir. Burada Krım, Bəyazid
müharibələrinə və 1914-1918-ci il
Dünya müharibəsinə aid fotoşəkillər
saxlanılır.
“Şöhrət Məbədi” bağlandıqdan sonra bolşeviklər həmin şəkilləri bağlı fondlarda saxlamışlar, məhv etməmişlər: yəqin ki, Rusiya tarixi olduğuna görə. Fotoşəkillərin çoxu adsızdır. Xüsusi tədqiqata ehtiyacı var. Biz tam süvari generalı Hüseyn xan Naxçıvanskiyə məxsus olan 3 ədəd fotoşəkil aşkarladıq. Qafqaz Hərbi-Tarixi Muzeyi ilə bağlı yazılanlar bizim diqqətimizdədir. Çünki bu muzeydəki qənimətlərin əksəriyyəti osmanlılara və azərbaycanlılara məxsus olmuşdur. Siyahılar qalmaqdadır. Bunlar hamısı bizim tariximizdir. O tariximizdir ki, yadellilər bu gün də bizdən onu gizlədirlər. Amma gizlədə bilmədikləri bir həqiqət var ki, o, bizim axtarışlarımıza işıq salır. O işıq Naxçıvanın igid süvarilərinin cəsurluğu, dönməzliyi və Naxçıvanın şahə qalxan döyüş atlarının kişnərtisidir. Bunu dəfələrlə Tiflis arxivlərindəki sənədlər üzərində işləyərkən və fotolara baxarkən apaydın hiss etmişəm, duymuşam...
Musa
RƏHİMOĞLU (QULİYEV)
AMEA
Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2019.- 5 yanvar.- S.19.