Qələmsiz yazılanlar

Rəşad MƏCİD

Bir dəfə Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə cavab vermişdi: “bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”. Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək!

Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün  kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam! Axı dövr, zaman dəyişir və min illik ədəbi məhsulları barmaq boyda “yaddaş”a yerləşdirib özünlə daşıya bilərsənsə...

 Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi  hadisələrə münasibətimi  operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən   qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevirib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır...

Günün birində ağlıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, bu ideyanın gerçəkləşməsinə doğru ilk addım; son günlərdə paylaşdığım statusları, onları “status-esse” adlandırsam, daha dəqiq olar, “525-ci qəzet”in oxucularına təqdim etmək istədim!  Bu yazıları ardıcıl oxuyanda  hörmətli Kamal Abdullanın “Əvvəl axır yazılanlar” başlıqlı esselərinin təsirini açıq-aşkar hiss etdim! Bu stimula görə də Kamal müəllimə ayrıca təşəkkürümü bildirirəm!

Kamal Abdulla düşündürür... 

Yazdıqlarıyla da, söylədikləriylə də! Əsas da çoxqatlı mətnləriylə! “Unutmağa kimsə yox” - deyir! Yəni unudulası kimsə qalmayıbmı, hamı yaddadımı?! Amma “Kimsə yox xatırlamağa” da deyir axı... Bilmirsən “hamını unutmuşam” deməkdi bu, ya “dostlar hamısı yerindədi, unudulmalı kimsəm yoxdu!” - mənasındadı!))

Müəmmayla doldurur zehnimizi Kamal Abdulla, fərqli yollara işarə edir, bu yollarla cavablar axtarışına çıxırsan onunla birgə. Özü isə hər suala cavabında yeni suallar yaradır. Misraları, cümlələri dillərə düşür, az qala şüara çevrilir. Çox zaman heç sözlərinin dərininə gedilmir də!

Bir də görürsən sonadək dəyişməyənləri, etibarlı və faydalı olsalar da, maraqsız adlandırır!!!)) “Maraqlı olanlar dəyişən dostlardı!” - deyir. Yenə bir sualla üz-üzə qalırsan! Nə dedi bununla Kamal Abdulla?! Sadiq olanlar, etibarlı dostlar maraqsızdı?!)) Narahatlıq verənlər, etibarsız davrananlar orijinaldı, maraqlıdı yəni?!)) Yoxsa dostlarını hərəkətə, dinamikaya çağırır, diri olmaları üçün bu cür qıcıqlandırır?!)))

 “Yazmaq üçün təcrid əsasdır” deyib “sivilizasiyadan uzaq” bir guşəyə çəkilir tez-tez!  Sonra üzə çıxıb  yeni yazılarıyla düşünməyə mövzu verir! Bizi işıq axtarışına, sözlə ünsiyyətə sövq edir!..

Ramiz Rövşən qıcıqlandırır... 

Ramizin az qala bütün şeirlərini əzbər bilən dostum Nazim bir dəfə ərkyana giley bildirən təbəssümlə məndən soruşdu:

- Şair niyə bizə “it-qurd” deyir?!))

Təəccübləndim.

- Deyir ki: “Yazdığım söz mənim deyil, Hər itin-qurdun malıdı!”

Mən də gülümsədim...

Tikinti və daş işləriylə məşğul olan dostum Elxan da “şair bizi aşağılayıb” deyə  gileylənir:

 

- Çörəyin daşdan çıxırsa

Qab-qacağı neynirsən?!

Bir məclisdə yerin yoxsa

Qanacağı neynirsən?!)))

 

Hərəyə bir cür dəyir şairin misraları!

Lap elə “hərə bir cür gün qazanır  ya “Dünya qəfil işıqlansa” deyəndə də... Yaxud tapmacavari “Bu qəbirdə bir dərd yatır, Başdaşı da qorxur ondan!” - deyib  oxucunu diksindirir, o da  şeirin məğzinə yanaşmaqdan qorxub qurcuxa-qurcuxa qalır!

Amma resept də verir axı!!!

 Qalaların uçulanda,  sıxılmaqdan  əlin şişib, dırnağın ovcunu deşəndə”,  hirsin - qəzəbin yumruğunda düyünlənib əsəbin şahə qalxdığı, infarktın - insultun bir addımlığında olduğun zamanda yol da göstərir axı!!!

- Uçdu mən quran qalalar..

Yaxşı ki, var gül balalar,

Dedilər: “Ovcunda nə var

Gələk açaq yumruğunu?!”

Deməli, Ramiz Rövşən hərəni bir cür qıcıqlandırır!)

Həm də hərəyə bir cür dəstək olur!

Oxucularını, sevənlərini ərki və ərköyünlüyüylə, paxılları çox sevilməsiylə, qorxaqları cəsarətiylə, düşmənləri təmkiniylə, əlacsızları reseptiylə...

Bir az eqositliyi də var, əlbəttə ... ))

Dostumu hirsləndirən misraları görün necə tamamlayır: “Yazmadığım sözlər mənə Yazdığımdan vəfalıdı!”

Ramiz yazmaqdıqlarını, gizlətdiklərini, üzə çıxarmadıqlarını daha vəfalı bilir! Məncə, əsl Şair Eqosudu bu!)) Bu Eqo isə keçmişdə və gələcəkdə yerini tutub yetərincə bərkidən, Sözündən  tam mənada əmin sənətkarlarda olur!

Aqil Abbas kövrəldir...

Bir dəfə yazmışam - indicə, yanında baş berən bir hadisənin ədəbiyyata çevrilməsi Aqilin əlində an işidir! Bizim görmədiyimizi görəcək, duymadığımızı duyacaq, gözünə biraz bədiilik, biraz təxəyyül qatıb hadisəni elə nəql edəcək, danışacaq ki, damarında qanın titrəyəcək, gözlərin yaşaracaq!!!

Fitrətən böyük yazıçı, xaraktercə kövrək, amma möhkəm ruhlu, müdrik insan!

Sadiq, etibarlı dost!

Dubna yadımdan çıxmır... 

Ötən ilin soyuq noyabr günlərində Dubnada keçirilən “Fizika-Lirika” konfransı sayəsində şam ağaclarının arasında aldığımız ciyərdolusu təmiz hava, Volqanın insanın içini titrədən sahili, narın qar və akademik İsa Həbibbəylinin şövqlə, gördüyü işdən aldığı zövqlə 2 gün ərzində tədbirlərə ayrı bir  hərəkət və emosiya qatması  hələ də yaddaşımın ən gözəl yerində öz təravətini saxlayır.

Bu səfərdən bir həftə öncə Şamaxıda Pirquluda  40-dan çox qonağın iştirak etdiyi konfransda da İsa müəllimin enerjisi, həvəsi, şövqü qonaqlara ruh verirdi. Hər qonaqla onun özünə uyğun danışması, hər kəsin xarakterini bilməsi, üstəgəl, əsl məclis adamı olması heç şübhəsiz ki, xüsusi məqamdı. Bir də İsa müəllim təbiət etibariylə təəssübkeşdir, təşəbbüskardır, novatordur... Bilirəm ki, hələ Naxçıvan Dövlət Universitetində rektor işlədiyi dövrdə tanınmış alimləri, ziyalıları Bakıdan dəvət edir, orada dərs demələrinə, çıxış etmələrinə şərait yaradırdı. Azad Mirzəcanzadə başda olmaqla, ölkəmizin bir sıra görkəmli alimləri, ziyalıları Naxçıvan Universitetində dərs deyiblər. Müxtəlif elm ocaqları, ayrı-ayrı elmi müəssisələr, tanınmış alimlər arasında hələ o vaxtdan bu cür bağlılıqlar, ünsiyyət körpüləri yaratmaq cəhdləri İsa müəllimin gələcəkdə görəcəyi, yəni hazırda gerçəkləşdirdiyi böyük işlərin müjdəsiydi. İsa müəllim artıq neçə ildir ki, Bakıdadır və onun AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, eləcə də millət vəkili, komitə sədri kimi çoxşaxəli, effektiv fəaliyyəti göz önündədir. Bu yaxınlarda Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə xarici ölkələrdən 50-dən çox qonaq gəlmişdi və Belarus Ədəbiyyat İnstitutunun direktorunun İsa müəllim haqqındakı fikirləri mənim lap ürəyimdən xəbər verdi. Həmin alim İsa Həbibbəylinin təkcə Azərbaycanda yox, bütün MDB məkanında ədəbiyyatşünaslıq elmini hərəkətə gətirdiyini deyirdi. Bu səmimi fikirlərdən çox təsirlənmişdim. Çünki artıq neçə illərdir, İsa müəllimin enerjisinin ətrafındakı adamlara da sirayət etdiyinin şahidiyəm. Rusiya alimləri, texniki sahənin adamları ilə bizim alimlər, yəni fiziklər və liriklər arasında belə möhkəm körpü yaratması da İsa müəllimin ədəbiyyatın təbliğinə, elmin daha geniş auditoriya qazanmasına gətirən böyük xidmətidir.

Bu yaxınlarda gənc yazarlar “hər yer ədəbiyyat” adlı kampaniya keçirtdilər. Mən onlara da deyirdim ki, bunu ədəbiyyat adamları arasında yox, geniş dairələrdə, məmurlar, nazirlik əməkdaşları, iş adamları arasında keçirtmək lazımdır. Bu mənada İsa müəllimin gördüyü mühüm işlər elə gənclərimizin arzuladığı məsələlərdi. Ədəbiyyatın, ədəbiyyatşünaslığın indiki təbliği İsa müəllimin gənc ruhunda, varlığında, enerjisindədi.

Dubnanın qarı, Şamaxının dumanı və hər fürsətdə ədəbiyyatımızı təbliğ edən İsa Həbibbəyli...

Təbrizi xatırlayıram...

İlk dəfə 2000-ci ildə redaktor həmkarlarımla birgə olmuşdum Təbrizdə. İranda səfərdəydik, proqramda nəzərdə tutulmasa da, israr etmişdik, mütləq Təbrizi görməliyik - demişdik, əlacsız qalıb bir günlüyünə aparmışdılar bizi Təbrizə! Ağdama bənzətmişdim onda Təbrizi. Yazı da yazmışdım o səfər barədə..

Bir də 2014-cü ilin sentyabrında Şəhriyarın anım günündə Vaqif Bəhmənliylə birgə rəsmi tədbirə qatılmaq üçün getdik! “El” gölündə, açıq havada keçirilən tədbirdə Azərbaycan heyəti adından Vaqif Bəhmənli çıxış edirdi! Dinləyicilər arasında türkcəni bilməyən bəlkə 3-4 nəfər olardı, o da Tehrandan gələn rəsmilər. Amma yenə Vaqif Bəhmənlinin Şəhriyar barədə hər cümləsini farscaya tərcümə edirdilər! Bu isə çox kədərliydi əlbəttə...

Həmin o 4 günlük səfərimiz asudəliklə, rahatlıqla qalıb yaddaşımda. Təbrizi arın-arxayın gəzə bilirdik! Şəhriyarın ev muzeyi, Şairlər məqbərəsi, sadə insanlarla ünsiyyət, qədim Təbriz bazarı, çayxanalar, bardaş qurub oturduğumuz aşxanalar ... bizi keçmişə, klassik ədəbiyyat personajlarının dünyasına aparmışdı... Yuxu kimiydi!

Bəlkə ona görə Bakıya dönəndən sonra da bir neçə ay yuxudan ayılanda elə bilirdim Təbrizdəyəm! Yaddaşıma köçmüş şəhər, bir tərəfində sazın, aşığın başına yığışıb söz - musiqi dinləyənlər, bir yanda gitarada şirin Təbriz ləhcəsində oxuyan cavanlar, çəmənliyə palaz salıb, samovar qalayıb ailəlikcə dincələnlər... Səmimi, saf aura, şirin danışıq, sadəlik. Elə biz də bu sadəliyə, rahatlığa qarışmışdıq, ayağımızı uzadıb çay içir, aş yeyir, nağıl yaşayırdıq. Qızların təbii gözəlliyinə xoruzun qıpqırmızı pipiyi kimi xələl gətirən aşırı dodaq boyası da yadımdan çıxmır.

Elə bu düşüncələrlə çatmışdıq Bakı aeroportuna. Və yalnız səfər yoldaşım Esmira Fuad necə qarşılandığımı görmüşdü, xoşbəxtliyimin şahidi olmuşdu! Bakı məni bütün həsrətlərə meydan oxuyaraq, bütün ayrılıqların sonu kimi, tikanlı məftillərin qənimi kimi qarşılamışdı!!! Nağıldan nağıla düşmüşdüm! Addımımı keçmişdən indiyə, regiondan paytaxta, platonik eşqdən real sevgiyə qoymuşdum, nəydi!? Bəlkə bu da Təbrizin ovsanatı idi, bilmirəm... Təbrizin aurası Bakıda uzun müddət yaşadı mənimlə... Öz sirli sadəliyi ilə, nostaljisiylə...

Amma elə indi də Vaqif Bəhmənlinin “Heydərbabaya salam”dan dediyi misralarını rahat dinləməyə qoymayan, farscasını beynimizə mismar kimi çalan tərcüməçinin səsi Təbrizə aid xoş xatirələrimə bir əlacsız kədər yükü qatır!

525-ci qəzet 2019.- 5 yanvar.- S.9.