"Kitablaşan" ədəbi
mühit və ya "Şəkidən
"qalan" səslər"
1. Şəki ilə ilk tanışlığım
Yazı
Ramiz Orsərin tərtib edib topladığı "Şəkidən
gələn səslər"
kitabına həsr olunsa da, bu
gözəl - "ləhcəsi
bal dadan" məkanla
bağlı - ötən
əsrin 69-cu ildən
başlanan "Şəki
sevgisi"nə boylanmağı
vacib saydım...
O zaman Bakıdakı Respublika Kor uşaqlar üçün
orta internat-məktəbinin
rus bölməsində
oxusam da, azərbaycanlı "tale dostlarımla"
sıx təmasda idim. "Bakirə"
yaddaşıma şirin
ləhcəli, cır
səsli Saqibət müəllimə əbədi
həkk olundu - həssaslığı, qayğıkeşliyi,
savadı ilə.
Danışığının "duzu" onu digər müəllimlərdən
çox fərqləndirirdi...
Dolu bədənli, daima hərəkətdə
olan bu "toppuş" riyaziyyat müəllimi öz forma və məzmununa görə şagirdlər
tərəfindən "təkər"
ləqəbinə "layiq
görüldü" - bu,
gördüyüm ilk Şəki
təmsilçisi oldu
(ruhu şad olsun)...
80-ci illərin əvvəllərində
az-çox Azərbaycan
dilini bilən mən növbəti şəkili - şair Vaqif İbrahimlə tanış oldum: o, ədəbi gəncliyi bir araya gətirərək mütəmadi məşğələlər
vasitəsilə onları
sehrli Söz dünyasına aparırdı.
Namizəd Xalidoğlu
(Qoca Xalid), Bəxtiyar Bahabzadə, Aytəkin Alxaslı, Aydın Məmmədovla şəxsi tanışlığım
Şəki ziyalılığı,
Şəki mənəvi
etik əxlaqı - şəkinin genetik kodu ilə yaxınlaşdırdı
məni...
20-ci əsrin sonu Şəki və şəkililərlə əbədi
dostluq mərhələsinin
başlanğıcı oldu:
belə ki, Murad Nəbibəyov, Mübariz Məsimoğlu,
xasusən də Qiymət Məhərrəmli
və "Elimiz. Günümüz" qəzeti ilə
sıx ünsiyyətim
Şəki səfərlərimin
sayını, ardıcıllığını
artırdı. Beləcə
bu ədəbi-mədəni
"Məkkə" özünə
çəkdi məni
- Vaqif Aslanla, Rəsul İlməddinoğlu
ilə, Abbas Əmbala ilə Ramiz Orsərlə birgə...
İTV-nin "Carçıfilm"in
2009-cu ildə çəkdiyi
"Fosfor Adam" filmi
isə Şəki Dövlət Dram Teatrın
aktyorları - Xanlar Həşimov, Midhət Aydın, Əbülfət
Salamov, Lalə Məmmədova kimi sənət adamları ilə birgə çalışmağımıza - doğmalaşmağımıza
imkan yaratdı... və "ayılıb"
gördüm ki, Şəki və şəkililərdən aralı
duruş gətirə
bilmirəm.
... Şəki ədəbi mühiti ilə ardıcıl təmaslarım, şəhərin
mədəni tədbirlərində
tez-tez olmağım haqq verir ki,
mən də "Şəkidən gələn
səslər" ensiklopedik
nəşr barədə
düşündüklərimi qələmə alım.
2. Şair, müəllim, tədqiqatçı
Elə Ramiz Orsərlə də məni tanış edən "Şəki Bələdiyyəsi" qəzetinin
baş yazarı Murad Nəbibəyov oldu. Emosional danışığı, şairanə duruşu, əsl pedaqoq davranışı diqqətimi
o dəqiqə çəkdi...
və biz dostlaşdıq.
Verdiyi kitablar, tədbirlərdə
birgə iştirakımız
hafizəmdə onun şair-müəllim obrazını
əbədi həkk etdi.
Sonralar ayrı-ayrı
qəzet və dərgilərdə "boy göstərən"
Ramiz Orsərin elmi-tədqiqat xarakterli araşdırmaları onun
alim-vətəndaş potensialını
üzə çıxardı. Nəhayət,
2018-ci ilin iyununda işıq üzü görmüş "Şəkidən
gələn səslər"
ensiklopedik nəşr
- bir mükəmməl
toplu, sanballı araşdırmanın məhsulu
geniş oxucu kütləsinin, ziyalı
ordusunun "malına"
çevrilərək milli
tədqiqat tariximizdə
öz layiqli yerini əbədi olaraq tutdu. Bir
institutun görəcəyi
işi üzərinə
götürmüş Ramiz
müəllim Şəkini
ədəbi-mənəvi, tarixi-geneoloji
abidəsini ucaltmış
oldu - var olsun!
Hər bir tarixi fakta, tapdığı
nadir məxəzə, mənbəyə
həssas və məsuliyyətli yanaşma,
xronologiyaya sadiqlik bu Əsərin dəyərini, gərəkliliyini
artırmaqla bərabər,
Ramiz Orsərin vətənpərvərliyini açıqca
biruzə verməkdədir.
"Şəkidən gələn
səslər"in əks-sədası
bizi qədim, zəngin, mənvi-əxlaqi
keçmişimizə baş
vurmağa - böyük və müdrik Sözə, Cumalı Saza qaytarır - ta çağdaş poeziyaya
uzanan möhtəşəm
körpü ilə inamla addımlamağa, Şəkini tanımağa
və tanıtmağa
çağırır cümlə
ziyalıları, sıravi
oxucuları. Kitabın öz çəkisi
- Söz çəkisi
araşdırmanın uğurundan
xəbər verir.
Oxuculara
"yol yoldaşı"
olan filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, onlara Şəki poetik dünyasının qapılarını
taybatay açan tərtibçi, faktları
irdələyib ortaya qoyan müəllif hamını Cənab Sözün və Fikrin "səyyahlarına"
çevirir - bu çətin işin öhdəsindən məharətlə
gəlir. Şəki doğumlu qələm əhlinin heç birinin "xətrinə dəyməyərək", hər
birinə kitabda yer ayıraraq, əbədi "yaşam"
pasportunu səxavətlə
"paylayır"...
844 səhifədə "yerləşən" tədqiqatçının
alın təri və gözünün nuru Şəkinin dünənindən sabaha işıq aparmaqdadır...və bu işıq
heç vaxt sönməyəcək, çünki
"Şəkidən "qalan" səslər"
buna imkan verməyəcək. Ramiz Orsərin
ziyası isə həmin işığı daha
gur edəcəkdir.
... Bu, bir oxucu - Azərbaycan ədəbiyyatının dostu, Ramiz Orsərin arkadaşının kitaba bildirilən "Söz təşəkkürüdür". Əbədi ol - qədim Şəki ədəbiyyatı kimi. Növbəti uğurlarını paylaşanadək.
Giya PAÇXATAŞVİLİ
525-ci qəzet 2019.- 8 yanvar.- S.8.