"Bakıdan sevgilərlə"
MOSKVADA YAŞAYAN
YAZIÇI, ƏDƏBİYYATŞÜNAS SOYDAŞIMIZ
SAMİD AĞAYEVƏ AÇIQ MƏKTUB
Məmməd ORUC
Ötən ilin son günlərində,
daha doğrusu, dekabr ayının 22-də
Bakı Kitab Mərkəzində mənə
avtoqrafla bağışladığın
"Bakıdan sevgilərlə"
romanında bir haşiyə dərhal diqqətimi çəkdi.
Şaşırdıcı informasiya 1918-ci ildə Bakıda mart qırğınları
- daha doğrusu, Bakıda müsəlman əhalinin soyqırımı
günlərində müsəlman
bolşeviklər-Nəriman Nərimanovun və Məşədi Əzizbəyovun
harada gizlənmələri
ilə bağlı idi. Oxucunu intizarda saxlamaq istəmirəm: Sənin də vurğuladığın kimi,
onlara öz mənzilində sığınacaq
verən Şaumyan olub. Doğrusu, romanın bu yerində bir qədər fikirləşdim:
"hər məlum faktı açıqlamaq nə dərəcədə
məqsədəuyğundur?" Növbəti sualı isə özümə verdim: "...Bəs biz haçan hər şeyi öz adı ilə çağırmağa başlayacağıq?"
Hər şeydən öncə böyük oxucu kütləsi üçün
nəzərdə tutulmuş
bu Açıq məktuba belə açıq-saçıq başlamağım
səbəbsiz deyil; mənə elə gəlir ki, oxucu da mənim
kimi bu fakta
dərhal diqqət yetirəcək və bu minvalla da
"Bakıdan sevgilərlə"
romanını əldə
eləyəcək ki,
əsəri varaqlasın
və bu faktın mahiyyətinə
varsın.
Son həftələr daha tez-tez yazışmağımız,
şübhəsiz ki,
sənin nigarançılığınla
bağlıdır. Amma əsla
narahat olmağa dəyməz. Əgər Bakı
Kitab Mərkəzi (mərkəzin direktoru Günel Anarqızı olmaqla) sənin romanını dəyərləndirərək
həm rus, həm Azərbaycan dilində nəfis tərtibatla nəşr eləyibsə, bu romanın uğurundan xəbər verir. Əgər tanınmış
yazıçı, kinodramaturq,
Azərbaycan Yazıçıları
Birliyinin katibi İlqar Fəhmi "Bakıdan sevgilərlə"
kitabına ön söz yazıbsa, bu təqdimatla sənin məqsədini, məramını peşəkarcasına
açıqlayıb və
ümumiyyətlə, sənin
yaradıcılığından, "Yeddinci yetgin",
"Hafiz və sultan", "Həc yolları",
"Qız qalası"
kimi irihəcmli romanlarından söhbət
açıbsa və bu romanları "sadəcə donuq romanlar deyil, məhz günün tələblərinə cavab
verən və ilk səhifədən son səhifəyə
kimi oxucunu gərginlikdə saxlayan"
əsərlər kimi
qiymətləndiribsə, bu
özü bir dəyər örnəyidir.
İ.Fəhmi vurğulayır
ki, romanın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ərəfəsində Bakıda
iki dildə çap olunması da zənnimizcə, həm müəllifin özü üçün,
həm də Azərbaycan ədəbiyyatı
üçün əlamətdar
hadisədir.
Bəli,
əziz qardaşım,
mən İlqar müəllimin bu müddəası ilə də tamamilə şərikəm: "Bakıdan
sevgilərlə" romanı
Azərbaycan ədəbiyyatı
üçün əlamətdar
hadisədir və fikirləşirəm ki, mənim ziyalı borcum sadəcə bu əsəri təbliğ etməkdir.
Bu məktubu da bu məqsədlə qələmə alıram.Və
düşünürəm ki, "Bakıdan sevgilərlə" romanı
yalnız Azərbaycan
ədəbiyyatı üçün əlamətdar
hadisə deyil. Əsər təbliğ olunduqca, oxunduqca dünya ədəbiyyatı müstəvisində
də öz layiqli yerini tutacaq. Bələdçi axtarmaq lazım
deyil. Romandakı bənzərsiz sevgi
xətləri kifayətdir.
Hadisələr iki müxtəlif
məkanda və iki müxtəlif zamanda cərəyan edir: 1988-ci ilin Moskvasında və 1918-ci ilin Bakısında. Sənin qəhrəmanın 1918-ci ilin
Bakısına yuxularında
gedir və o yuxuların bədii təsvirində də mən 1918-ci ilin reallıqlarını gördüm.
Sənin
istinad etdiyin sənədlər artıq
çoxlarına məlumdur.
Amma sənin məharətin bu sənədləri ədəbiyyatın süzgəcindən
necə keçirməyində
və bu günün oxucusuna necə çatdırmağındadır.
"Bakıdan sevgilərlə"
romanı, demək olar ki, dialoqlar
üzərində qurulub
və mən bu əsərdə "yüklənməmiş", "çəkisiz" bir dialoqa rast gəlmədim.
Yüksək intellekt dərhal
özünü büruzə
verir. Və mənə elə
gəlir ki, oxucu üçün bu, çox önəmli amildir. Etiraf edim ki, məhz
bu məziyyətinə
görə iki gün ərzində sənin bu yeni
- məcazi mənada da yeni romanından
ayrılmadım və
əsəri oxuyub tamamladım.
Sovetlər Birliyi çökəndən
sonra 1918-ci ilin mart soyqırımı haqqında
onlarla, bəlkə də yüzlərlə irili-xırdalı əsərlər
yazılıb. Müəlliflər
əsasən, son olaraq
ölməz C.Cabbarlının
gəldiyi nəticənin
üstündə qərar
tuturlar: "Atan kazaklardı!"
Sənin
qəhrəmanın Murad
isə 1918-ci ilin mart günlərində nişanlısına
qovuşmaq üçün
Moskvadan Bakıya gəlmiş, bəlalarla üzləşmiş zavallı
Yelizaveta Petrovnaya belə deyir:
" - Bütün bunları törədən yeni hökumətin özüdür".
Və söhbət
Bakıda baş verən hadisələri öz nəzarətində
saxlayan UFK-dan (Ümumrusiya Fövqəladə
Komissiyasından) gedir.
Sənin
matros obrazlarından biri isə zavallı
qızı belə dilə tutur:
" - Siz heç qorxmayın. Bu əcnəbilər
ruslara dəymirlər.
Onlar ancaq bir-birilərini qırırlar".
Maraqlıdır ki, bu matros "əcnəbi"
deyəndə şəhərin
yerli sakinlərini nəzərdə tutur: Azərbaycanlıları və
erməniləri.
Epizodik personajlardan
biri isə erməniləri nəzərdə
tutaraq söyləyir ki, şüşənin qapağını açıb
cini buraxıblar, hər şey nəzarətdən çıxıb. Amma məlum olur ki, bu növbəti
şayiədi və hər şey nəzarətdədir, yəni
necə deyərlər,
artıq zərb-məsələ
çevrilmiş bir ifadə: "Atan kazaklardı!"
Sənin qəhrəmanın Murad
mart qırğınlarına laqeyd yanaşan bir - yəhudi həmsöhbətinə şair
Con Dona istinad edərək
söyləyir ki, hər bir insanın
ölümü mənə
də aiddir. Çünki mən insanlıqla vəhdətdəyəm.
Samid, qardaşım,
mən səni də, demək olar ki, romanın
hər cümləsində
İNSANLIQLA vəhdətdə gördüm. Yəni öncə insanlıq və sonra digər
anlayışlar...
Yadımdadır, Bakı kitab Mərkəzində keçirilən
təqdimat mərasimindən
təxminən iki saat sonra mənə
telefon açmışdın:
soruşdun ki, necə keçdi? Təbii ki, mən ürək
sözümü söylədim.
Axı, iştirakçılar
da sadəcə oxucular, kitab həvəskarları deyildi;
Çingiz Abdullayev, Fəxrəddin Manafov, Şükufə Usubova, İlqar Fəhmi, Aydın Talıbzadə, Əli Əmirli kimi ziyalılarımız
romanın işığına
toplaşmışdılar. Sən sualları cavablandıranda
inan ki, mənim qəlbim dağa dönürdü.
Amma yeri gəlmişkən, bir məqama qayıtmaq istəyirəm.
Söylədin ki, "Drujba
narodov" jurnalında
romanı bəyənsələr
də, çapına
razılıq verməyiblər.
Məncə, əsla inciməyə
dəyməz. Axı, nəyə
görə "Drujba
narodov" oturduğu
budağa balta vurmalıdır? Özü də
Samid Ağayevin baltasını. Bəyəm maraqlar
dəyişib? Hələ
üstəlik də romanda sənin obrazlarından birinin dediyi kimi: "İnternasional ölüb..."
Ölüdən nə umursan?
Elektron məktublarından görürəm
ki, sən həm də romanın gələcək
taleyindən nigaransan.
Düzü, heç bilmirəm
nə söyləyim?
Əgər sən Bakıda
bir vəzifə tutmuş olsaydın, sənin romanın haqqında onlarca yox, bəlkə də yüzlərcə məqalə, resenziyalar yazılardı. Bakıya
gəlişini də,
gedişini də ekranlaşdırardılar və
s... Amma indi məsələ başqa cürdür: Sən neçə illərdən
bəri seminar apardığın
M.Qorki adına
Dünya Ədəbiyyatı
institutunu da öz ərizənlə tərk etmisən. Səbəbi
təxminən məlumdur.
Yeri gəlmişkən, sənin
baş qəhrəmanın
Murad da Moskvanın əsl simsasını özündə
gizlədən bir taksi parkında sürücülük edir
ki, ac qalmasın.
2002-2003-cü illərdə mən Xalq artisti Şükufə Usubovanın xahişi ilə sənin fəlsəfi-tarixi (və son dərəcə müasir) "Yeddinci yetgin" ("Sedmoy soverşennıy") romanını rus dilindən ana dilimizə çevirib qurtaranda bilirdim neyləyim. Romanın həcmini (24 çap vərəqi) görüb çap üçün tərəddüd edənləri qınaya bilməzdim. Amma baş redaktor İntiqam Qasımzadə romanla qismən tanış olandan sonra məsuliyyəti öz boynuna götürdü. Sən demə, Anar müəllim də bu romanı oxuyubmuş, təqdimat yazdı və "Yeddinci yetgin" "Azərbaycan"ın altı sayında (2004-2005-ci illərdə) bütünlüklə nəşr olundu. Düzü, o zaman mənə elə gəlirdi ki, İslam tarixinin yaxşı mənada altını üstünə çevirən bu əsər ən azı ədəbi aləmdə partlayışa səbəb olacaq. Amma təəssüf ki, sanki dərin bir quyuya daş atdılar. Yalnız Vaqif Yusifli ədəbi tərcümə ilə bağlı yazılarının birində bu əsərdən bəhs elədi, vəssalam. Və yeri gəlmişkən, bir məzəli məqam: şair Ağacəfər Həsənli ilə birlikdə (mən sizi Bakıda tanış etmişəm) qərarlaşdıq ki, Lənkəranda - sənin ana vətənində "Yeddinci yetgin"in müzakirəsini keçirək. Amma son anda əsas "təşkilatçı" soruşdu: o bizim bir uşağı Moskvada instituta düzəldə bilər? Düzü, o zaman mən səni yaxşı tanımasam da, kamilliyin son zirvəsində olan ədəbi qəhrəmanını - İmranı tanıyırdım.
İndi, Samid, qardaşım, "Bakıdan sevgilərlə" romanının Bakıda necə əks-səda doğuracağını söyləyə bilmərəm. Amma indi sənin Bakıda, daha doğrusu, Bakı Kitab Mərkəzində Günel Anarqızı kimi arxan var.
Bəlkə mənim bu
aşıq məktubumdan həvəslənib öz
fikirlərini səninlə bölüşmək istəyənlər
də oldu, nə bilim
... Bakıdan sevgilərlə...
P.S. Həm də deyəsən, səni
maraqlandıran şeylərdən biri də
romanın Azərbaycan variantı-ana dilimizə tərcüməsi
idi. Bu barədə
görüşəndə danışarıq. Çünki inanmıram ki,
bu söhbət oxucu
kütləsi üçün maraqlı ola. Məzmun çatdırılıb. Fikirlər
ciddi şəkildə təhrif
olunmayıb...
05.01.2019
525-ci qəzet 2019.- 8 yanvar.- S.7.