Bir neçə
söz və termin haqqında - (İkinci yazı)
Türk dilinin orfoqrafiya qaydalarını ilk dəfə Vəli
Xuluflu hazırlamış və 1925-ci ildə nəşr
etdirmişdir.
İlk orfoqrafiya lüğətini də Vəli Xuluflu tərtib
etmişdir və bu kitab 1929-cu ildə işıq üzü
görmüşdür. Mən ona görə türk dili
yazıram ki, həmin vaxt dilimiz belə
adlandırılmışdır. Bu fikrin doğruluğu
üçün həmin kitabların adlarına baxmaq bəs
eləyir: 1. V. Xuluflu. Yeni türk əlifbası
ilə yazı qaydaları; 2. V. Xuluflu. İmla
lüğəti. "Azərbaycan
dili" adı 1937-ci ildən sonra işlənməyə
başlamışdır. 1937-ci ilə qədər
bütün kitablarımız "Türk dili" adı ilə
nəşr olunmuşdur.
V.Xuluflu ilk yazı qaydalarını da, orfoqrafiya
lüğətini də yoxdan hazırlamışdır. Onun əlinin
altında hazır material olmamışdır. Ona görə lüğətlərdən
danışanda Vəli Xuluflunun adını qədirbilənliklə
xatırlamaq borcumuzdur.
Orfoqrafiya lüğətimiz sonrakı dövlərdə
təkmilləşdirilmiş, zənginləşdirilmiş, mükəmməlləşdirilmiş
və dönə-dönə nəşr edilmişdir. 2013-cü il
nəşrini 1975-ci il nəşri ilə tutuşduranda biz bu
zənginləşməni aydın şəkildə
görürük. Son nəşrdə sözlərin sayı
110 563-ə çatdırılmışdır ki, bu da 1975-ci
il nəşrindəkindən təxminən
iki dəfə çoxdur. Bu artırmada heç bir süniçilik yoxdur.
Dilin lüğət fondu həm alınmalar və
terminlər, həm də öz dilimizin unudulmuş doğma
sözlərinin hesabına bu qədər zənginləşmişdir.
Bu işin uğurunun kökündə
lüğətin redaktoru professor İsmayıl Məmmədlinin
dilə yaxşı bələd olduğunun və zəngin təcrübəsinin
durduğunu ayrıca vurğulamaq lazımdır.
Dilin lüğət fondu o qədər zəngindir ki,
orfoqrafiya lüğətinə bütün sözlər daxil
edilmişdir deyib onu heç vaxt tamamlamaq mümkün deyil. Çünki
hər gün yeni-yeni sözlər tapılır və yaranır.
Burada bir neçə söz və termin
haqqında danışmaq istəyirəm.
Sürçən. Maşının sürətini
ölçən bir cihaz var, onun adı spidometrdir. Orfoqrafiya lüğətində sürətölçən
sözü var. Bu da yaxşıdır, lakin onun birinci tərəfi
alınma sözdür. Maşın
yalnız sürüləndə sürət yaranır.
Ona görə sürmək feilinin sür kökünə
çən sözdüzəldici şəkilçisini
artıranda çox yaxşı bir söz alınır:
sürçən. Bu yolla dilimizdə başqa
sözlər də əmələ gəlmişdir. Kökü də, şəkilçisi də, yaranma
yolu da dilimizə xas olduğuna görə bu sözü
işlətmək məsləhətdir.
Əvən.
Çilingağac oyununda çilingi vuran adam
çevrənin içində durur və ordan
çıxmır. Həmin çevrənin
içinə əvən yeri deyilir. Bu söz çox
güman ki, ev kökündən
yaranıb, mərkəz, duracaq anlamı verir. Çilingi vuran
adam çevrəni - evi qoruyur. Onun rəqibi çilingi çevrənin içinə
ata bilsə, çilingvuran uduzur.
Əvən qədim türk sözüdür. Şumerdə
bir Avan şəhəri olub. Gədəbəy rayonunda da
biz Avan kəndinin adına qaynaqlarda rast gəlirik.
Yardımlı rayonunda hazırda Avan adlı kənd
var. Avan və Əvən sözlərinin eyni köklü
olduğu şübhə doğurmur.
Düyçə. Cəhrədə yunu əyirəndə
onu iyin üstünə dolayırlar. İyin
üstünə dolanmış ip düyçə
adlanır. Bu söz düymək felinin
düy kökünə çə sözdüzəldici
şəkilçisi qoşulmaqla yaranıb. Kələfçə sözü də bu yolla (kələf+çə)
əmələ gəlib. Kələfçə
sözü lüğətdə var, düyçə
sözü yoxdur.
Qulac. Türklərin çox qədimdən işlətdikləri
ölçü vahididir. Əlin ən
uzun barmağının ucundan burnunun ucuna qədər olan
uzunluq bir qulac adlanır. Təxminən 1
m-ə bərabər götürülür.
Qulac sözü qol və aç tərkib hissələrindən
əmələ gəlib. Qol sözünün
qul şəkli sözün çox qədim olduğunu
göstərir. Qədim dövrdə o hərifi
olmamışdır. Qul sözü sonradan
qol şəklinə düşmüşdür. Bunu "Dədə Qorqud"da aydın
görürük. Burada ov əvəzinə, av, o şəxs
əvəzliyi əvəzinə a işlədilmişdir.
Bir şeyi qulacla ölçən zaman qolu tam
açıq vəziyyətdə tutarlar ki, bu da ada tam
uyğundur.
Kürmək. İpi, sapı, kəndiri, irəşməni, sicimi iki
cür bağlayırlar: kürmək və düyün. Düyünü açmaq çətin olur. Kürməyi elə bağlayırlar ki, onun gödək
ucundan tutub dartan kimi açılır.
Özün
düyünlədin neçə kürməyi,
Ağzında
bal daddı yadın dürməyi.
(İslam
Sadıq)
Çəyirli (cəyir). Etnonimdir, qədim
türk tayfalarından birinin adıdır. Azərbaycanın əksər bölgələrindəki
Cəyir və Cəyirli yer adları bu etnonimlə
bağlıdır.
Orfoqafiya lüğətində cəyirli sözü
verilmiş, qabağında xalça
yazılmışdır. Bu da o deməkdir ki, həmin
söz xalq adı kimi lüğətə düşməmişdir.
Qaytaq. Etnonimdir, qədim türk tayfalarından birinin
adıdır. Azərbaycanın şimal
bölgəsində, indiki Dağıstanda
yaşamışlar. Hazırda Dərbənddə
qaytaqlar yaşayırlar.
Tozağan. Bir bitkinin adıdır. Başında yumuru qoğuvu olur. Bu qovuğu partladanda duman kimi toz buraxır. Adı da ona uyğun olaraq tozağan qoyulub.
Bozaran
tozağan toz sandığıdı,
Yamyaşıl qərzəklər qoz
sandığıdır.
(İslam
Sadıq)
Gırdın. Böyük bir ağacı kəsib
bütün budaqlarını darayandan sonra yerdə qalan
gövdəsinə gırdın deyilir. Yalnız kəsilmiş
ağacın gövdəsi gırdın adlanır. Bitili ağaca gırdın deyilmir.
Üzündən
öpürlər hər dan açanın,
Zibillik
solanın, güldan açanın
Sağında,
solunda hər danacanın
Boynu gırdın kimi bir kələ durur.
(İslam
Sadıq)
Gırcıl.
Qışda heyvanların yeməyib axurda saxladığı,
yaxud altına dağıdıb bulaşdırdığı ot və saman qalığına gırcıl
deyilir. Gırcıl sözünün ədəbi
dildə qarşılığı yoxdur. Onun
lüğətə düşməyi yaxşı olar.
Yarlıq. Dilimizdə uzun illərdir ki, etiket əvəzinə
yarlıq sözü işlədilir. Ədəbi
dilə də daxil olmuşdur. Lakin yaddan
çıxarılıb "orfoqrafiya lüğəti"nə
salınmamışdır.
Sərdən. Köhnə vaxtlarda evin qabağında
taxıl sərib qurutmaq üçün sərdən
olardı. Bu söz sərmək feilinin sər kökündən
və dən ismindən əmələ gəlmişdir.
Bu gün də kənd yerlərində
taxılın sərilib qurudulduğu yerə sərdən
deyilir.
Sərdənimə
quşlar təzə sədd çəkir,
Sərdənimi quş əlində qoymaram.
(İslam
Sadıq)
Zinrik. Gecənin ən qaranlıq vaxtına zinrik deyilir.
Bu söz ədəbi dildə də işlənir.
Çünki onun qarşılığı
yoxdur.
Bir
yolçu yol gedir çay işığında,
Payız zinriyində, yay işığında.
(İslam
Sadıq)
Köpməcə. Unu yumurta ilə qarışdırıb
yoğururlar. Alınmış xəmirdən
kökəyəbənzər çörək bişirirlər.
Bişən zaman yaxşı köpür deyə
adını köpməcə qoyublar. Kökədən
də, çörəkdən də fərqlənir.
Basalaq. Kəndin caatının sıx
yaşadığı yerinə basalaq deyirlər. Hər kənddə bir neçə basalaq olur.
Çox zaman hər bir basalağa ayrıca ad da
qoyurlar.
Tutalğac. Dilimizdə "üzünə tutalğac eləmək"
deyimi var. Bir adam üzü gəlmədiyi
yerə getmək üçün nəyisə üzünə
tutalğac eləyir. "Orfoqrafiya lüğəti"ndə
tutqac sözü var. Tutqac parçadan hazırlanır və
isti qab-qacağı, daha çox qazanı ocağın
üstündən götürmək üçün işlədilir.
Tutqac tutalğac deyil. Onlar
ayrı-ayrı sözlərdir. Tutalğac
konkret bir əşyanın adı olmadığından
çox şeyləri üzə tutalğac eləmək
mümkündür.
Tuşutmaq. Bir şeyi yönləndirməyə, səmtləndirməyə
tuşutmaq deyilir. Bu söz daha çox
canlılar haqqında işlədilir. Məsələn,
atı bulağa tuşutmaq. Bu o deməkdir
ki, atın üzünü bulağa sarı tutub buraxırlar.
At da gedib bulaqdan su içir və
qayıdır.
Mətəris. Yağışda, küləkdə, qarda
insan daldalanmağa bir yer axtarır və ora girir. Həmin yerə mətəris, ora
sığınmağa mətərislənmək deyilir.
Mətərislənmək nə
daldalanmaqdır, nə də sığınmaq. Kimsə səni görməsin deyə bir
ağacın, daşın, divarın dalında daldalana bilərsən,
bu mətərislənmək deyil. Bir qorxu
zamanı kiməsə, nəyəsə
sığınmağa da mətərislənmək demirlər.
Yalnız yağışdan, küləkdən,
qardan, günəşin istisindən qorunmaq üçün
harasa girməyə mətərislənmək deyirlər.
Çara. Doğacaq heyvan doğmağa yaxın
çara buraxır. Heyvanın
doğacağını da çox zaman bundan bilirlər.
Onun ədəbi dildə
qarşılığı yoxdur.
Balqabı. Bal qoyulan qaba baldanla yanaşı,
balqabı da deyirlər. Hər iki söz dilimizdə
eyni dərəcədə işlənir. Heç
biri də "Orfoqrafiya lüğəti"nə
düşməmişdir.
Boyğördü. Qız ər evinə köçəndən
bir neçə gün sonra ata-anası, qohum-qardaşı onu
görməyə gəlirlər. Buna
boyğördü deyirlər. Oğlan tərəfin
adamlarının gəlini ilk dəfə görməyə gəlmələri
də boyğördü, boyğörmə adlanır.
Silgəc. Bu söz "Orfoqrafiya lüğəti"nə
silkəc şəklində daxil edilib. Söz
heç vaxt silkəc şəklində deyilmir. Onun silgəc şəklində
yazılışı daha yaxşı olar. Sözün bu cür
deyilişi də qulağa daha xoş gəlir, səslənişindəki
şirinlik aydınca duyulur. Silgi
sözü də onun silgəc şəklində
yazılışının daha doğru olduğunu göstərir.
Sitildəmək. Üşümək hələ sitildəmək
deyil. İnsan üşüyər, lakin
sitildəməyə bilər. Sitildəmək
isə nəinki üşüməkdir, hətta onun ən
ağır, bəlkə də son mərhələsidir.
Sitildəmək sözün həqiqi
anlamında soyuqdan tir-tir əsməyi, dişlərin
ağızda şaq-şaqqıldamağını bildirir.
Sitildəmək tək hala, sitildəşmək cəm
hala aiddir.
Üşüyən adam tək olanda, ona
sitildəşir yox, sitildəyir deyirlər.
Yarıxmaq. Çayı keçməyin bir neçə
yolu var. Üstündən körpü salıb keçirlər.
Addamaş düzəldib keçirlər. Bir də ayaqlarını soyunub suya girir və bu
cür bu taydan o taya keçirlər. Sonuncuya
yarıxmaq deyirlər. Məsələn,
çayı necə keçdin? sualının
üç cavabı var. Birinci deyir ki, körpüdən
keçdim. İkinci deyir ki, addamaşdan
adladım. Üçüncü deyir ki,
yarıxdım. Göründüyü kimi,
bunun hər üçü çayı keçməyi
bildirir. Lakin yarıxmaq, addamaq və
körpüdən keçmək ayrı-ayrı şeylərdir,
ona görə də hər biri haqqında ayrıca söz
işlədilir.
Salba.
İnsana, heyvana, ağaca və s. atılan ağac
parçasına salba deyirlər. Əl
çatmayan meyvəni salmaq üçün ağaca salba
atırlar. Salba ancaq ağacdan olur.
Yığval. Dilimizdə bəxt və tale ilə
yanaşı, yığval sözü də işlədilir.
Bəxt və tale alınmadır, yığval
öz sözümüzdür. Üçüncünün
məna tutumu birinciyə və ikinciyə nisbətən daha
genişdir. Daha yaxşı səslənir.
Deyilişində bir şirinlik və
doğmalıq var.
Baxtı
yatıb, yoxsa onun
Yığvalımı nəs gəlibdi.
Neçə
vaxtdı bu dünyanın
Yumurtası tərs gəlibdi.
(İslam
Sadıq)
Sadır.
Bir adam uzun müddət əlini yumayanda
kir üst-üstə yığılır, dəri
görünmür. Buna sadır deyirlər.
Belə adamlar haqqında "filankəsin əlləri
sadır bağlayıb" cümləsini işlədirlər.
Sadırın ədəbi dildə
qarşılığı yoxdur. Onun
daşıdığı anlamı başqa heç bir
sözlə vermək olmaz. Ona görə ədəbi
dildə də işlənir. Bu söz çox adama tanış olmaya bilər. Buna
baxmayaraq, onu işlətmək lazımdır.
Nubar. Ağacın ilk meyvəsinə nubar deyilir. "Ağacım bu il nubar verib" o deməkdir ki,
ağac ilk dəfə meyvə gətirib "Orfoqrafiya
lüğəti"ndə novbar sözü var. Əgər
onu nubar sözünün əvəzinə lüğətə
daxil ediblərsə, bu, doğru deyil. Azərbaycanın
əksər bölgələrində ağacın ilk meyvəsinə
nubar deyirlər. Novbar sözü demək
olar ki, işlənmir. Ədəbi dildə
də onun nubar yazılışına daha çox rast gəlinir.
Pucuru
calayır quru budağa,
Özü də həvəslə nubar gözləyir.
(İslam
Sadıq)
Coma. Yay evinin bir növüdür. Yayda
yaylağa köçənlər coma qururlar. Coma asanlıqla sökülüb-yığılan
olur. "Orfoqrafiya lüğəti"ndə
alaçıq və dəyə sözləri var, coma yoxdur.
Bunların hər üçü yay evi olsa da,
bir-birinin eynisi deyildir. Dəyənin
üstünü qalın keçə ilə, comanın
üstünü çadırla örtürlər.
Qavlama. Təxminən 3-4 litr tutan mis qabın adıdır.
Bu gün də işlədilir. "Orfoqrafiya lüğəti"ndə qablama
sözü var, qavlama yoxdur. Qablama feildir,
yığışdırıb qablaşdırmaq
anlamındadır. Qavlama isə isimdir.
Göründüyü kimi, onlar ayrı-ayrı
sözlərdir. Deyilişləri də
eyni deyil.
Muxul(luq).
Muxulluq paxıllığın bir
növüdür, ancaq onun eyni deyil. Bu iki
sözün anlam çalarları üst-üstə
düşmür. Paxıl adam
paxıllığını tez bildirir, gizlətmir. Muxul muxulluğunu içində saxlayır, onu sezmək,
duymaq çətin olur.
Layın.
Layınlıq axmaqlığın bir
növüdür. Məsələ
burasındadır ki, hər axmağa layın demirlər.
Bu söz yalnız konkret adamlar haqqında
işlədilir. Axmaqlığın həmin
növünü başqa sözlə ifadə etmək olmur.
Çümrük. Ayranı qazanda qaynadıb
çürüdürlər. Sonra torbadan
süzüb şorunu götürürlər. Şoru götürüləndən sonra yerində
qalan suya çümrük deyirlər. Ana
dilimizin öz sözüdür, ədəbi dildə də
başqa qarşılığı yoxdur.
Kümə. Balaca qara dama kümə deyirlər.
Kümə daha çox yeri qazmaqla tikilirdi və
üstü torpaqlanırdı. Belə evlər
daha çox qara dam adlanırdı. Kümə
isə qara damın lap balacasıdır. Elə
ona görə indi də darısqal, balaca evlərə kümə
deyilir.
İfçin. Dörd nala bir ifçin deyilir. Atı ifçin nallamaq dörd ayağını da
nallamaq deməkdir. "Koroğlu" dastanının
"Həmzənin Qıratı aparmağı" qolunda
Koroğlu deyir:
Yay olanda
dağa yollat!
Yaz olanda
ifçin nallat!
İfçin sözü lüğətdə
ipçin şəklində verilmişdir. Burada f səsinin
p səsi ilə əvəzlənməsi sözün
deyilişində ağırlıq yaratmış, onu çətinləşdirmişdir.
Əslində, onların dəyişdirilməsinə
heç bir ehtiyac yoxdur. Onsuz da sözü heç kimi p
səsi ilə demir. Qıf sözünü
qıp, qıfıl sözünü qıpıl kimi
yazmırıqsa, ifçin sözünü ipçin şəklində
yazmağa da heç bir ehtiyac yoxdur. Ona
görə sözün ifçin kimi yazılmağı daha
yaxşı olar.
"Azərbaycan
dilinin Orfoqrafiya lüğəti"nin
2013-cü il nəşrində xoşagələn cəhətlər
çoxdur. Bunun biri sapılca, safıl,
laydır, əsən, xamralı, tağalaq, tanıq, təzənə
kimi dilimizin doğma sözlərinin unudulmamağıdır.
Digəri qaçaqaç, qovhaqov,
daşadaş, daşhadaş kimi sözlərin lüğətə
salınmasıdır. Bunlar eyni
sözün təkrarı yolu ilə yaranır, a, ba, bə,
ha hecalarından biri araya girərək onları bir-birinə
bağlayır. Dilimiz bu cür sözlərlə
çox zəngindir. Aşaaş, aşhaaş, yolayol,
yolhayol, qırhaqır, qalhaqal, tikəbətikə,
pıçhabıç, sürhasür, qovuşhaqovuş,
sovuşhasovuş və s. Bir neçə cümləyə
baxaq: "səhərin gözü yenicə
açılhaaçıldaydı ki, quşlar
pırılhapırıl uçub həyətdəki
ağcaqayın ağacının budaqlarına qonurdular";
"Şırhaşır yağan yağışdan sonra
sular təzəcə durulhaduruldaydı ki, göy gurhagur
guruldadı, buludlar qılınc kimi şaraqhaşaraq
şaqqıldadı". Həmin sözlərin
hesabına burada fikrin ifadəsinin nə qədər gözəlləşdirildiyi
göz önündədir. Bu cür
sözlərin bir çoxu lüğətdə var, lakin
onların sayı yetərincə çoxdur.
Yatıb
qaldım yathayatnan,
Batıb qaldım bathabatnan.
İçin-için
çathaçatnan
Yana-yana yanmaz oldum.
(İslam
Sadıq)
Sən bərəni
aşhaaşda,
Səbrim dolub daşhadaşda.
Qovhaqovda,
qaçhaqaçda
Yelim sənə
çatmır, axı!
(İslam
Sadıq)
Sular
axıb gedir şırılhaşırıl,
Quşlar uçub gedir pırılhapırıl.
Burda
gözəlliyə vurulhavurul,
Yaradan hər şeyi gözəl yaradıb.
(İslam
Sadıq)
Bu qəbildən olan sözlər dildə indi də
yaranır. Onları da toplayıb lüğətə daxil etmək
lazımdır.
"Azərbaycan
dilinin Orfoqrafiya lüğəti"nin
hazırlanmasının bütün ağırlığı tərtibçilərin
çiyinlərinə düşsə də, beş nəfər,
on nəfər onun öhdəsindən gələ bilməz.
Elə bir adam tapmaq olmaz ki, dilin lüğət
fondunu bütünlüklə yaddaşında saxlasın. Ona görə hər dəfə lüğət
işıq üzü görəndə zərrəbinlə
nöqsan, çatışmazlıq axtarmaqdansa, hər kəs
əlindən gələn bacardığı köməyi əsirgəməməlidir.
Unudulub lüğətə düşməyən
sözləri toplamaq, terminlər yaratmaq, dilin
saflığını qorumaq hər bir söz adamının,
sənətindən, peşəsindən asılı olmayaraq
bütün ziyalıların borcudur.
Mən
topladığım beş yüzə
yaxın sözü AMEA Nəsimi adına Dilçilik
İnstitutunun "Tətbiqi dilçilik" şöbəsinin
müdiri, lüğətin redaktoru professor İsmayıl Məmmədliyə
vermişəm. Yəqin ki, məsləhət
bildiklərini seçib lüğətin yeni nəşrinə
daxil edəcəkdir.
İslam SADIQ
525-ci qəzet.- 2019.- 9 yanvar.- S.8.