Azərbaycan tənqidi realizmi yeni
araşdırmalar müstəvisində
Tənqidi realizmin estetikasına dair dünya ədəbiyyatşünaslığında kifayət qədər dəyərli tədqiqatlar aparıldığı məlumdur.
Azərbaycan ədəbiyyatşünaslığında da milli realizmin tipologiyası və mərhələləri məsələsi son 60-70 ildə aktuallıq qazanmış, bu istiqamətdə xüsusən professor Y.Qarayevin tədqiqatları ciddi maraq doğurmuşdur. Lakin keçmiş SSRİ məkanında
aparılan tədqiqatlar ideoloji təmayüldən
qaynaqlandığına görə tənqidi realizmin estetikasının
müəyyənləşməsində bir çox
baxışlar bədii mətnlərin həqiqi mahiyyətini
tam şəkildə ehtiva edə bilməmişdir.
Milli müstəqillik dövrünün ədəbiyyatşünaslıq
düşüncəsi həm ədəbiyyatımızın
tarixi inkişaf yoluna, həm də onun nəzəri problemlərinə
obyekltiv elmi baxışı gündəmə gətirir. Prof.
T.Salamoğlunun "Azərbaycan tənqidi realizminin
estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir
yaradıcılığı əsasında)" adlı
monoqrafiyası məhz bu baxımdan qədərincə elmi və
aktual təsir bağışlayır. Monoqrafiyada
məsələlərin qoyuluşu və onlara verilən elmi
təhlil müəllifin nəzərdə tutduğu məqsədi
gerçəkləşdirmək iqtidarını aydın
göstərir.
Məlumdur ki, C.Məmmədquluzadə və M.Ə.Sabir
Azərbaycan tənqidi realizminin iki böyük
simasıdır. Azərbaycan tənqidi realizminin
ideya-estetik xüsusiyyətlərinin müəyyənləşməsində
ədəbiyyatşünaslığımız tədqiqatın
ağırlığı məlum olduğu kimi, bir qayda
olaraq, bu iki sənətkarın yaradıcılığı
üzərinə düşmüşdür. Lakin yuxarıda da qeyd edildiyi kimi, sovet rejiminin ideoloji
basqıları bu sənətkarların yaradıcılığını
obyektiv şəkildə və bədii mətn həqiqətlərinə
tam uyğun olaraq mənalandırmağa və milli tənqidi
realizmin estetikasının obyektiv mənzərəsini ortaya
çıxarmağa imkan verməmişdir. Milli ədəbiyyatşünaslıq daha çox tənqidi
realizm əsasında formalaşdığı
üçün hazır estetik qəliblərdən istifadə
məcburiyyətində qaldığına görə, bu da nəticə
etibarı ilə milli tənqidi realizmin həqiqi məzmunu və
estetik xüsusiyyətlərini hərtərəfli
aşkarlanmasına mane olmuşdur.
Prof. T.Salamoğlu sözügedən tədqiqatda ilk dəfə
konseptual düşüncə müstəvisində bədii mətn
həqiqətlərindən çıxış edir və
milli tənqidi realizmin estetikasını bu həqiqətlər
əsasında müəyyənləşdirməyi
başlıca məqsəd kimi qarşıya qoyur və öz
təhlilləri ilə elmi konsepsiyasını gerçəkləşdirə
bilir.
Məlum olduğu kimi, bu dəyərli kitabın elmi
redaktoru akademik İsa Həbibbəylidir. İsa müəllim
eyni zamanda, monoqrafiyaya "Tənqidi realizmin estetikasına
realist elmi baxış" adlı son dərəcə məzmunlu
bir "Ön söz" yazmışdır. Görkəmli alimin çox böyük həssaslıq
və elmi duyumla ümumiləşdirdiyi
aşağıdakı mülahizələrdə
monoqrafiyanın qarşısında duran məqsədin elmi əsaslarla
səciyyələndirməsi aydın görünür.
İsa müəllim yazır: "Professor Təyyar
Salamoğlu böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin
və görkəmli satirik şair Mirzə Ələkbər
Sabirin simasında tənqidi realizm estetikası və ədəbiyyat
məsələlərini yenidən tədqiq edib, ümumiləşdirilmiş
şəkildə təqdim etmişdir. Bu məqsədlə
hər iki qüdrətli sənətkarın
yaradıcılığı yeni elmi təfəkkür
işığında təhlildən keçirilərək dəyərləndirilmişdir".
Görkəmli akademikin axırıncı tezisi - "hər
iki qüdrətli sənətkarın
yaradıcılığı yeni elmi təfəkkür
işığında təhlildən keçirilərək dəyərləndirilmişdir"
mülahizəsi monoqrafiyanın XX əsr Azərbaycan ədəbiyyatı
tarixi istiqamətindəki elmi təhlillərini
simvolizasiya edir. Həmin sitatda "tənqidi realizm
estetikası və ədəbiyyat məsələləri"nin yenidən tədqiq edilib, ümumiləşdirilməsinə
dair fikirlər tənqidi realizmin nəzəriyyəsi istiqamətindəki
araşdrmalar üçün yeni baxış bucağı təlqin
edir.
Yuxarıda deyilənlərdən aydın
görünür ki, araşdırmada bədii material həm ədəbiyyat
tarixi istiqamətində, həm də nəzəri aspektdə
təhlilə önəm verilmişdir.
Kitabın
təxminən iyirmi səhifəlik "Giriş"ində
alim tənqidi realizmin estetikası problemini ədəbiyyatşünaslıq
müstəvisinə çıxarır, xüsusən rus və
Azərbaycan ədəbiyyatşünaslığında
problemə elmi yanaşmalardakı tipoloji özünəməxsusluqları,
mövqelərdəki birləşən və ayrılan cəhətləri
üzə çıxarmaqla bərabər, öz baxış
bucağını da ortaya qoyur.
O da məlumdur
ki, bir zamanlar milli ədəbiyyatşünaslıqda
maarifçi realizmlə tənqidi realizm arasındakı əsas
tipoloji fərqlər və tənqidi realizmin
estetikasını müəyyənləşdirən əsas
xüsusiyyətlər "qəti inkar və rədd" məzmun
daşıyıcılığına görə önə
çəkilmişdir.
Milli ədəbiyyatşünaslığımızda
yer alan bu tendensiya T.Salamoğlunun ortaya
qoyduğu tənqidi realizm konsepsiyasında birmənalı
şəkildə qəbul edilmir. Tədqiqatçı
tənqidi realizmdə həm inkar, həm də təsdiq
pafosunun önəm kəsb etdiyini vurğulayır və məhz
onların paralelizminin bu realizmi tənqidi realizm kimi şərtləndirməsi
məsələsini elmi dövriyyəyə təqdim edir.
Kitabda sözügedən konsepsiyanın elmi əsaslara
malik olduğunu sübut etmək üçün tədqiqatçı
məsələyə mövqeləri təhlil müstəvisinə
çəkməklə bərabər, milli realizmin nəhəngləri
olan C.Məmmədquluzadə və Sabirin
yaradıcılığında bu tendensiyanı təsdiq edən
zəngin materialı əhatəli təhlil edir.
T.Salamoğlu rus ədəbiyyatşünaslığında
dünya tənqidi realizminin böyük nümayəndələrindən
olan Balzak, Dikkens, Tekkerey və digərlərinin yaradıcılığına
verilən təhlilləri ümumiləşdirərək belə
qənaətə gəlir ki, "...nə Balzakda, nə
Dikkensdə, nə də Tekkereydə burjua ictimai mühitini
bütövlükdə inkar tendensiyası yoxdur". Məsələyə
obyektiv baxışları tədqiq-təhlil süzgəcindən
keçirilir, dünya tənqidi realizminin böyük əksəriyyətinin
yaradıcılığında yumoristik tənqidin əsaslı
dəyər kəsb etməsinə aydınlıq gətirilir,
böyük realistlərin "tənqidin tərbiyəedicilik
funksiyasına inandıqları"na dair
rus ədəbiyyatşünaslığında səslənən
fikirlərə diqqət çəkilir. Mövqeyində
israrlı olan T.Salamoğlu yazır: "Ədəbiyyatşünaslıq
etiraf edir ki, "Dikkens dünya ədəbiyyatının ən
böyük yumoristik yazıçılarından biridir... Dikkensin gülüşü onun nikbinliyinin və
pisliklərin, bəlaların islah edilə bilməsinə
inamının təzahürüdür".
T.Salamoğlu
milli ədəbiyyatşünaslıqda vaxtı ilə tənqidi realizmdə
təsdiq pafosunun əsas səciyyəvi cəhətlərdən
biri olduğuna dair elmi mövqeyin mövcudluğundan bəhs
açır, A.Əfəndiyevin 1971-ci ildə çap
etdirdiyi "Azərbaycan ədəbiyyatında sosialist realizminin
ərəfəsi və təşəkkülü"
adlı monoqrafiyasında (rus dilində) tənqidi realizmin təsdiq
pafosu ilə bağlı gətirdiyi arqumentləri təhlil
süzgəcindən keçirir, bədii mətnlərlə
bağlı mülahizələrini ətraflı şərh
edərək alimin ümumiləşmiş qənaətini təqdim
edir: "Məsələ onunla yekunlaşır ki, Sabir təkcə
tənqidçi-satirik deyildi, sözün geniş mənasında,
həqiqi realist idi. Kim bunu başa
düşmür, yaxud lazımınca dərk etmir, deməli,
o, böyük sənətkarın
yaradıcılığının mahiyyətini başa
düşmür.
Tənqidilik
- bu, ancaq onun realizminin bir tərkib hissəsi, bir elementidir. Onun realizminin digər vacib keyfiyyəti isə
müsbət tendensiyaların, hələ ki, ruşeym
halında, yeni doğulmaqda olan və gələcəyimizi
ifadə edən hadisələrin doğru-dürüst təsviridir".
T.Salamoğlunun araşdırmalarında tənqidi
realizmin təsdiq pafosuna çox böyük əhəmiyyət
verməsi heç də təsadüfi deyildir. Tədqiqatçı
hesab edir ki, tənqidi realizmin "qəti inkar və rədd"
pafosuna müncər edilməsi sovet ideologiyasının milli
keçmişlərə inkarçı münasibəti ilə
birbaşa bağlıdır. Bu
inkarçı münasibət ədəbiyyatşünaslığın
sovet rejimindən əvvəlki milli varlığı tənqidi
realizmin, guya "qaranlıq dünya" kimi təqdim etməsinə
dair mövqeyində öz əksini tapır.
Monoqrafiyanın
birinci fəslində "Qaranlıq dünya" problemi və
Mirzə Cəlilin nəsr qəhrəmanları", ikinci fəslində
isə "Mirzə Ələkbər Sabirin milli intibah
idealı" məsələləri müstəviyə
çıxarılır və hər iki istiqamətə tənqidi
realizmin inkar və təsdiq pafosları kontekstində elmi təhlil
verilir.
Birinci fəslin
birinci yarımfəslində "Qaranlıq dünya" -
"zülmət səltənəti ideyası və onun fəlsəfi-ideoloji
əsasları" araşdırılır, ikinci yarımfəsildə
isə İ.Həbibbəylinin "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" monoqrafiyasında
"Qaranlıq dünya" probleminə verilən elmi şərhin
əsas tezisləri bir araya gətirilir. Tədqiqatçı
düşünür ki, monoqrafiyada problemlə bağlı
qoyulan "konsepsiyanı istinad mənbəyi kimi alaraq sovet ədəbiyyatşünaslığının
XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına
ideoloji-sosioloji baxış konsepsiyasını dəyərdən
salmaq"la tənqidi realizmin estetikasına və nümayəndələrinin
yaradıcılığına yeni baxış bucağı
formalaşdırmaq mümkündür.
Məxsusi
vurğulanmalıdır ki, araşdırmada yer alan "Novruzəli
və Məhəmmədhəsən əmi obrazları bədii
mətn həqiqətləri kontekstində", "Novruzəli
- Vəli xan, Məhəmmədhəsən əmi - Xudayar bəy
münasibətlərinin tarixi və estetik mahiyyəti",
"Ədəbiyyatşünaslığın "Usta
Zeynal" məntiqi", "Sabir realizminə elmi-nəzəri
və metodoloji yanaşmanın bəzi aspektləri",
"Sabir satirasında "ictimai yuxarılar", "Sabir
satirasının dialoji-polifonik məzmunu: inkar və təsdiq
pafosu" və s. məsələlər öz qoyuluşu və
elmi həlli baxımından tamamilə yenidir. Tədqiqatçı
belə qənaətdədir ki, "tənqidi realistlərin
yaradıcılığında xarakterin yaradılmasında
ümumiləşdirmə və fərdiləşdirmə tip
yaratmanın elmi-nəzəri əsası kimi qəbul edilsə
də, obrazın fərdi xarakterinə münasibət bədii
mətn diktələrindən kənarlaşdırılır
və daha çox onun mənsub olduğu təbəqəyə
aid edilmiş ümumi nəzəri postulatlar əsasında dəyərləndirilir".
T.Salamoğlu, ilk dəfə olaraq, Mirzə Cəlilin nəsr
qəhrəmanlarını - Məhəmmədhəsən əmi,
Novruzəli, Usta Zeynal, Vəli xan, Xudayar bəy və digərlərini
stereotip qiymətləndirmədən - ümumi nəzəri
postulatlar müstəvisində dəyərləndirmədən
kənara çıxarır. Bu obrazların hər
birini mənsub olduğu təbəqədən qaynaqlanan
xüsusiyyətlərlə deyil, fərdi xarakterlərinin bədii
mətndə əks olunan səciyyəvi cəhətlər əsasında
qiymətləndirilir. Nəticədə, T.Salamoğlunun
araşdırmalarında Məhəmmədhəsən əmi
və Novruzəli heç bir sosial düşüncəyə
malik olmayan "yatan qəhrəman" qəlibindən
çıxarılıb həyatın gəlişini-gedişini
başa düşən, özünəməxsus məntiqə
və mühakiməyə, sosial düşüncəyə
malik normal həyat adamları kimi təfsir olunur.
Müəllif
Xudayar bəy və Vəli xan obrazlarına fərdi xarakter müstəvisində
son dərəcə orijinal təhlil verməyə, "Novruzəli
- Vəli xan, Məhəmmədhəsən əmi - Xudayar bəy
münasibətlərinin tarixi və estetik mahiyyəti"ni konkret faktlar əsasında yetərincə
nail olur.
"M.Ə.Sabirin
milli intibah idealı" məsələsinin tənqidi realizmin
estetikasını açmaq imkanı nə dərəcədədir
- sualına aydınlıq gətirən T.Salamoğlu kontekstdə
Azərbaycan tənqidi realizminin estetikası ilə
"M.Ə.Sabirin milli intibah idealı" arasındakı məntiqi
əlaqəni, bir-birini tamamlayan cəhətləri bir araya gətirməklə
araşdırmasında düşündüklərini elmi
şəkildə gerçəkləşdirmək
bacarığını nümayiş etdirir.
Tədqiqatda, ilk növbədə, "Sabir
satirasında xalq və millət" problemi sənətkarın
milli intibah idealının "ictimai yuxarılara"
münasibət kontekstində şərhi nöqteyi-nəzərindən
diqqətimizi çəkdiyini qeyd etməliyik. T.Salamoğlu "millət"
sözünü Sabir satirasının "əzəl
mübtədası" hesab edərək, ədəbiyyatşünaslıqda
bu sözün "xalq" anlayışı ilə əvəz
edilməsini sənətkarın milli intibah idealının
ifadəsi baxımından qüsurlu və kifayət qədər
ideoloji əsaslı hesab edir. Xəlqilik və millilik bir-birini
tamamlayan anlayışlar kimi, Sabir satirasına münasibətdə
"xalq" anlayışı "ictimai
aşağılar"a aid edildiyinə
görə əlbəttə ki, bir mənada onun milli intibah
idealının məqsədini gerçəkləşdirmək
gücündə deyil. Professor Təyyar Salamoğlunun əsaslandırılmış
qənaətlərinə görə, Sabirin milli intibah
uğrunda mübarizəsi ancaq "ictimai
aşağılar"ı, başqa sözlə,
"xalq"a münasibəti deyil, "ictimai
aşağılar"la "ictimai yuxarılar"ın
birliyini ehtiva edən "millət" uğrunda mübarizə
anlamı kontekstində daha inandırıcı təsir
bağışlayır.
Müəllif Sabir satirasında
"ictimai yuxarılar"a kəskin tənqidi münasibəti
qəbul etmir, "ictimai şüur yoxsulluğuna
qarşı mübarizədə həm "ictimai
aşağıların və yuxarılar"ın eyni dərəcədə
hədəfə alındığını önə
çəkir ki, tədqiqatçının
aşağıdakı qənaəti ilə tam
razılaşmaq olar: "Ümumiyyətlə, Sabirin estetik
düşüncəsində ölümə məhkum olan
milli-sosial təbəqə yoxdur. Sabir yenicə
yaranmaqda olan burjua münasibətləri zəminində meydana
çıxan sosial-təbəqə və zümrələri
milli birlik uğrunda mübarizəyə səsləyir".
T.Salamoğlu qəti fikirdədi ki, Sabir milli birlik
uğrunda mübarizədə ictimai şüur yoxsulluğuna
kəskin tənqidi münasibət ifadə etməklə bərabər,
cəmiyyətdə gedən mütərəqqi prosesləri də
riyazi dəqiqliklə əks etdirib. Tədqiqatda "Sabir
satirasının dialoji-polifonik məzmunu: inkar və təsdiq
pafosu" yarımfəslində Sabir satirasının məna
polifonizmini açan cəhətlərə diqqət çəkilir,
sosial tiplərin monoloq və dialoqlarında onların özlərinə
məxsus düşüncə və mövqeləri ilə bərabər,
əks mövqe və düşüncələrin ifadəsinə
önəm verilir və kontekstdə mövqe və
düşüncələrdə cəmiyyətdə gedən
mütərrəqqi proseslərin, ictimai tərəqqinin
danılmaz faktlarının əks olunmasına dair əsaslı
fikirlər yer alır. Məhz həmin fikir və
mövqelər Sabir satirasının nikbin pafosunu müəyyənləşdirir,
tənqidi realizmdə inkar pafosu ilə yanaşı, təsdiq
pafosunun da aparıcı mövqedə
dayandığını isbat edir.
Təyyar Salamoğlunun "Azərbaycan
tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və
M.Ə.Sabir yaradıcılığı əsasında)"
adlı monoqrafiyasında məsələlərə sırf
elmi-nəzəri kontekstdə yanaşıldığı
aydın görünür və müasir ədəbiyyatşünaslıq
düşüncəsi axarında yazılan bu əsər həm
çap olunmağa, həm də müasir ədəbi-elmi
prosesin hadisəsi kimi qəbul olunmağa layiqdir.
Düşünürük ki, bu tədqiqat milli ədəbi-tarixi
prosesə, xüsusən Azərbaycan tənqidi realizminə
yeni elmi baxış ənənəsinin formalaşmasına əsaslı
təkan verəcəkdir.
Himalay
QASIMOV
ADPU-nun
kafedra müdiri, filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet.- 2019.- 9 yanvar.- S.7.