Sarı simin pıçıltısı və
bir stəkan çay...
DƏYƏRLİ
QƏLƏM SAHİBİ RAFİQ HACIYEVİN PORTRET
CİZGİLƏRİ
Qədim
çin filosofu Konfutsinin sözüdür: "Müəllim
yetişmir, doğulur" - bu kəlamları eynən
jurnalistlərə də şamil edərdim. Hələ
orta məktəbdə oxuyurdum, rayon qəzetinə (Salyanda
çıxan "Sosializm yolu") məqalələr
yazardım.
Bakı-Astara
sərnişin qatarı ilə poçt gəlirdi,
ilk intizarla gözləyəni məndim: yeddinci sinif
şagirdi. Bu yeniyetmə həvəsi ötən əsrin
50-60-cı illərinin payına düşdü.., sonralar isə
məni peşəkar jurnalistikaya apardı...
Mən bu kiçicik xatirəni imzasına çoxdan bəri
rast gəldiyim, öz dəsti-xətti olan Rafiq Hacıyevi
yaxından tanıyandan, ünsiyyət
bağladığım və şəxsiyyət
bütövlüyünə inamımdan sonra dilimdən
çıxartdım. Getdikcə, illər ötdükcə bir nüansa da
diqqət yetirdim:
- O,
yalnız jurnalistdirmi?
- Vaxtilə
müxtəlif nüfuzlu qəzetlərdə, digər kütləvi
informasiya vasitələrində çalışmış qələm
sahibidirmi?
- Yoxsa O,
musiqi aləminə bələd, ədəbiyyat
dünyasından xəbərdar bir erudisiya xadimidirmi?
Bu "üçlük" suala fikrimdə cavab
axtarırdım. Nə gizlədim: Rafiq bəyin yeni məqalələrini,
yaxud araşdırmasını oxuyurdum,
düşünürdüm. Cavab Rafiq Hacıyevin hərtərəfli
istedadından gələn yaradıcılığı:
publisistikası, filoloqluğu, musiqişünaslığı
və hüquqşünaslığı - bu sahələrdə
ali təhsil alması, daha doğrusu,
peşəkarlığı idi. Və "Azərbaycan"
nəşriyyatının birinci mərtəbəsindəki
kafedə onu görüb stola dəvət edərək
yanımda əyləşdirdim. Çay içirdik,
ötən illərə də qayıtdıq...
Bilirdim, ona mane oluram, bəlkə də beynində
dolandırdığı hansısa mövzunun yetişməsinə
əngəl yaradıram, tapdığı yaradıcı
informasiyanı qırıram.
Bilirdim, amma nə edəsən ki, səni anlayan, səni
tanıyan, sənə diqqət kəsilən bir insanı
tapmaq bu gün üçün necə də çətindir. Həqiqətdir bu: ya eyforik
hisslərini büruzə verir, ya pessimist əhvalından
söz açır, ya da sağlam, düşüncəli qəlbdən
uzaqlığını göstərir.
Bu baxımdan çay stolunda söhbət etməyə həmişə
ehtiyac duymuşam. Kinliliyə nifrət etmişəm.
Həzrət Əlinin kəlmələridir: "Kin saxlamaq
ürək üçün böyük yükdür". Rafiq bəylə söhbətləşmək ona
görə xoşdur mənimçün - kiminsə
arxasınca gileylənmir, xeyirxah adamlardan söz açır,
yaradıcılıq durumundan danışır və
ilaxır. Bir kəlmə nə
keçmiş nailiyyətlərindən, nə
daşıdığı vəzifələrdən, nə də
qayğıya ehtiyaclığından bəhs etmir. Onsuz
da biz ziyalılar mövcud vəziyyətin, ictimai durumun, cəmiyyətdəki
əksiklərin kökünü də bilirik...
Onu da bilirəm ki, Rafiq Hacıyev "Kommunist"
(müxbir, baş müxbir, məsul katib müavini, məsul
katib əvəzi), "Səhər" ("Kommunist" qəzetinə
əlavə: məsul katib), "Azərbaycan" (məsul
katib), "Həyat" (məsul katib), "Odlar Yurdu"
("Vətən" Cəmiyyəti: baş redaktor) qəzetlərində
və AzərTAC-da (müxbir, buraxılış redaktoru, ilk
hüquq məsləhətçisi) və digər sahələrdə
çox gənc ikən çalışmışdır.
Onu da bilirəm ki, layiqli, nüfuzlu mükafatlar
almışdır. "Qızıl qələm", "Həsən bəy
Zərdabi", "Cəfər Cabbarlı", "Rəsul
Rza" mükafatlarını, bu sıraya Fəxri Fərmanları
da əlavə edərdim. Bu nailiyyətlər təsadüfi
qazanılmamışdır, gənc ikən, ali
təhsilli (Bakı Dövlət Universitetinin Jurnalistika və
Hüquq fakültələrini bitirmişdir) jurnalist kimi daima
fəaliyyətdə, hərəkətdə, axtarışda
olmuşdur.
Oxuculara onu çatdırım ki, hələ tələbə
ikən diqqətdə olan Rafiq Hacıyevin 1980-ci illərdə
respublikamızın ən nüfuzlu və rəsmi qəzeti
olan "Kommunist"dəki fəaliyyətini unutmaq olmaz. Xüsusən,
məsul katibin müavini və mükəmməl maket
ustası olaraq gündəlik mətbu nəşrin tərtibatındakı
xidmətlərini, əsl rəssam zövqü ilə qəzetə
necə maraqlı tərtibat verməsini. Hərçənd
bu gün arxaik sayılsa da, hər şey kompüterin
ixtiyarındadır. Sovet dönəmində isə
maketin qabaqcadan kağız üzərində, məxsusi
formada çəkilməsi qəzet
buraxılışının ən mühüm məsələlərindən
biriydi, hər jurnalistin də bacarığı deyildi... Yeridir haşiyəyə çıxım ki, belə
səriştəlilik Rafiq bəyin rəssamlıq
bacarığından irəli gəlirdi. Şagird
ikən çəkdiyi şəkillər "Azərbaycan pioneri"
qəzetində çap edilmişdir. O, saralmış
bir qəzeti çıxarıb bir şəkili göstərdi,
özünün də fotoportreti uzaq illərdən
boylanırdı. Mən hiss olunmadan "iki Rafiqə"
baxıb köks ötürdüm. Və illərin
amansızlığını yaşadım. Bir uşaq Rafiq, bir də yaşa dolmuş Rafiq
Hacıyev. İstedadlı qələm sahibi Müsəllim
Həsənov demişkən: "O, gözəl rəssam da ola bilərdi"...
Fikrimə qayıdıram. Hətta heç zaman dilinə gətirmədiyi
bir görkəmli jurnalist və ictimai xadimin, "Kommunist"
qəzetinin 2 dəfə baş redaktoru olmuş (mətbuat
tariximizdə nadir
hadisədir) Rza Quliyevin - dayısının
böyük nüfuzundan heç bir vaxt istifadə etməməsidir.
Rza müəllim Səməd Vurğun, Mirzə İbrahimov,
Mir Cəlal, Nəsir İmanquliyev, Süleyman Rüstəmlə,
digər görkəmli elm, ədəbiyyat, mədəniyyət
xadimləri ilə dostluq və əməkdaşlıq
etmiş, uzun illər Azərbaycanın Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət
Heyətinin sədri işləmişdir.
Rza Quliyev eşidəndə ki, Rafiqin qələmi var,
jurnalistikaya meyllidir, onu deyib ki, bala, hansı ixtisası
seçsən, sənə kömək etməyə, irəli
çəkməyə hazıram, ancaq, jurnalistikanı
seçirsənsə, burada mənim köməyimə bel
bağlama.
Jurnalistikaya ürəkdən bağlanmalısan, heç bir
kömək, heç bir dayı sənə
yardımçı ola bilməyəcək.
Müdrik nəsihət deyilmi?
Bacıoğlu da bu məsləhəti layiqincə doğrultdu!..
Rafiq bəy nəzəri və praktik savadından istifadə
üçün bölgələrə (Laçın rayonu)
göndərilmiş, o da həmkarlarına təcrübəsini
öyrətmiş, qəzetçiliyin və poliqrafiyanın
sirlərini əyaniləşdirmişdir. Onun
özü də heç vaxt öyrənməkdən - kamilləşməkdən
çəkinməmişdir. Filosof Herbelin
yazmışdır: "Həyat sona qədər kamilləşməyi
tələb edir, öyrənməkdən imtina etmək
özünü öldürmək deməkdir".
Rafiq Hacıyevin bir üstünlüyü də
ondadır, bu vərdişindən, iradəsindən, hövsələsindən
qalmır. Kim onunla üzbəüz söhbətdə
bulunmuşsa, mənimlə razılaşar. Belə
xarakterli yaradıcılar nə bilirsə onu az
hesab edir, kifayətlənmir, elmi, savadı, biliyi daha ucada
görür və ora çatmağı arzulayır. Məhz
müdriklik də o zirvədədir: öyrənə-öyrənə,
oxuya-oxuya, anlaya-anlaya o pik nöqtəyə əlini vurasan və
daha ucalığa can atasan...
Mən Rafiq bəyi yaxından tanıyandan sonra bu qərarımda
israrlıyam.
Onu nə üçün mən müdriklik sırasında
görürəm - sual deyil, onun üçün ki, o,
heç bir halda özünü vəzifəli adamlara
möhtac hiss etməmişdir, əksinə, fəhmlə
duymuş ki, belələri haçansa ona üz tutacaqlar. Bu
yanaşmam oxucularda təəccüb doğurmasın: necə
fəaliyyət göstərirsə, o rəsmi şəxs -
özünü haqqında yazılanda görür, əbədiləşir,
tarixləşir, bu da yazılara, o cümlədən, jurnalistlərə
qismətdir. Rafiq bəyin sualımla
bağlı söyləmələrindən bu qənaətə
gəldim.
Bu fakt da maraqlıdır ki, geniş diapozonlu gənc
jurnalist-publisist başqa bir sahədə özünü
sınadı, doğrultdu. Belə ki, kriminal aləmin
sirlərinin açılmasında, dedektiv yozumda Rafiq bəyə
müstəntiqlər yanaşıblar, fikir mübadiləsi
aparıblar, proqnozlar irəli sürüblər. Bu
olaylar həqiqətdir, məsələnin dərinliyinə
varanda Rafiq Hacıyev ali hüquq təhsili almış, cinayətlərin
ört-basdır olunması, izlərin itirilməsi
texnologiyası və digər faktorların nəzəriyyəsini
Universitet auditoriyasında əxz etmiş, dedektiv
yazıçıların romanlarını, hekayələrini
oxumuşdur. Və qələmini də
sınamışdır.
Bu problemdə
iki nüans var: birincisi məlumatlıq məsələsidir,
"özgə şeyi" bilmək intuisiyasıdır. Fransız yazıçısı A.Fransın bir
hekayəsində zoologiya muzeyində məşhur geoloqa
mamontun dişinə aid sual verir birisi. O, cavabında deyir
ki, bu, mənim hissəmə aid deyil. Yazıçı
belə düşünür ki, mən heç vaxt
özümü "hissəyə" baxmaq ləzzətindən
saxlaya bilmirəm. Mütəxəssis xeyli
"özgə şeyi" bilməlidir. İkincisi,
peşəkarlıq bir yana, bədii ədəbiyyatdan,
xüsusilə macəralardan faydalanmaqdır.
Məşhur
yazıçı Edqar Ponun "Oğurlanmış məktub"
hekayəsini çox-çox qabaq oxumuşam,
xatırlayıram: Səkkiz yaşlı oğlan "təkmi-cütü"nü
məharətlə oynayır. Oyunçulardan
biri ovcunda bir neçə kürəcik (deyək ki,
fındıq) gizlədir, rəqibi tapmalıdır, sayı təkdir,
ya cütdür. Taparsa udur, tapmasa uduzur.
Səkkiz yaşlı uşaq hamını
aparır, çünki oyundaşlarının fərasətini
müşahidə edir dərindən. Məsələn:
rəqiblərindən biri - sadəlövh - əlindəki
kürəcikləri çıxarıb deyir ki, "təkmi-cüt",
yəni təkmi, cütmü - tap! Səkkiz
yaşlı "tək" cavabı ilə uduzur. Fikirləşir
ki, sadəlövh birinci dəfə "cüt"
götürüb, bicliyi bura qədərdir, indi "tək"
götürəcəkdir, deməli, "tək" deməliyəm,
"tək" deyib udur. Və səkkiz yaşlı oğlan
mülahizə edir ki, mən ilk dəfə "tək"
dedim, o isə yadında saxlayıb, belə hesab edib ki, gələn
dəfə "cüt" deyəcəm. Deməli, o, "tək"
götürməlidir, həm də fikirləşər ki, bu,
çox sadə kələk oldu, "cüt"
götürmək qərarına gələcək, deməli,
ən yaxşısı mən "cüt" deyim və təxminində
- məntiqində yanılmır, udur. Bu prosesdə rəqibin
mimikaları və udanın sir-sifətinin də rolu az deyil. Oğlanın suala cavabı: "Rəqibimin
nə qədər ağıllı, yaxud səfeh, xeyirxah və
hirsli olduğunu, nə düşündüyünü
ayırd etmək üçün sir-sifətimi onunkuna
oxşadıram və bu halda ağlıma nələr gəldiyini
fikirləşirəm".
Mən bu misalla o iddiada deyiləm ki, Rafiq bəy peşəkar
kriminalistdir. Əvvələn, bu işin nəzəriyyəsindən
məlumatlıdır, müşahidəçidir, ikincisi,
yazıçıdır, fantaziyalıdır, bədii və
elmi təfəkkürə malikdir, bu keyfiyyətlər məgər
azdır?
Mən
daim bir məsələni götür-qoy etmişəm ki,
bizim hətta tanınan hüqüqşünaslarımız -
praktik mütəxəssislərimiz bədii ədəbiyyatdan
çox uzaq düşmüşlər, nə gizlədək,
mütaliələri son dərəcə zəifdir, gülməlisi
ondadır, ilhamları, poeziyada istedadları olmayan, hüquq təhsili
alıb öz sahələrində işləyənlər
şeir uydururlar, nə ehtiyac? Amma bizim
hüquqşünas şəxslərimiz, bu sistemdə
çalışanlarımız olub ki, öz təcrübələrindən
irəli gəlib dedektiv romanlar, hekayələr qələmə
almışlar. Onlara halaldır bədii
yaradıcılıqları.
Bu haşiyəni təsadüfən vurğulamadım. Rafiq
Hacıyev həzin və sərt (yeri gələndə) qələm
sahibi olaraq kriminal aləmə dəvət almışdır,
müşahidələrdə iştirak etmişdir, şəxsi
mülahizəsini bildirmişdir. Bir fakt: R.Hacıyev Azərbaycan
Respublikası Baş Prokurorluğu Mətbuat Mərkəzinin
məsul əməkdaşı kimi bu orqanda səmərəli
fəaliyyət göstərmişdir. Uzun illik müşahidələri,
prokurorluğun məsul şəxsləri ilə söhbətləri
toplanmış, şəxsiyyət əleyhinə törədilmiş
ən maraqlı cinayət işlərinin istintaqına həsr
olunmuş "İstintaqı peşəkarlar aparır"
(ön sözün müəllifi, Əməkdar jurnalist Rəfael
Nağıyevdir) bədii-sənədli kitabın müəllifidir.
Xatırlayıram ki, əsər nəşrindən
sonra əl-əl gəzirdi. Bir səbəb də o idi -
istedadlı qələmin məhsulu idi! Bu kitab Azərbaycan
Kütləvi İnformasiya Vasitələri İşçiləri
Həmkarlar İttifaqının "Qızıl qələm"
mükafatına layiq görüldü...
Bu məsələdə
Müsəllim Həsənovun fikri maraqlıdır:
"İstintaqı peşəkarlar aparır" adlı
kitabında da, sonralar qələmə aldığı povest
və hekayələrində də jurnalist peşəsi ilə
hüquqşünas biliyinin sintezi hiss olunur..."
Bu o deməkdi,
neçə-neçə maraqlı, sirli və sehirli kriminal
hadisələr bizim peşəkar mütəxəssislər tərəfindən
açılır, lakin qapalı qalır: niyə belə
olmalıdır? Təbii ki, kriminalistlərin
yazmaq imkanları məhduddur, amma qaçırlar
yazıçılardan, jurnalistlərdən? Axı
qarşıda gələcək nəsil: cavanlar,
hüquqşünaslar, genində aqressivlik simtomları cücərən
adamlar var ki, oxusunlar, ibrət götürsünlər,
faydalansınlar. Bir şərtlə ki, müəllifdən
"qan iyi" gəlməsin, qədim faciələrin dəhşətləri
görünməsin, oxuyanı yormasın, bir işıq
görsün, insan faktoruna həssas yanaşsın. Rafiq bəyin məhz bir üstünlüyü də
belə metaformozalardan kənarda qalmasıdır. Axı
onun içində insanlıq, humanizm, inam hissləri
güclüdür...
Bir də
çox istərdim universitetlərin hüquq fakültələrində
"Ədəbiyyat: dedektiv və elmi-fantastika" xüsusi fənn
kimi tədris olunsun. Bu, hüquq-mühafizə orqanlarında
çalışacaq gələcək gənc mütəxəssislərin
nitqinə, insana humanist yanaşma faktoruna yardımçı ola bilər. Eləcə də "Pedaqogika:
sosial və əxlaq" fənni. Əlbəttə, bu təklif
şəxsi fikrimdir, lazımsız fənləri proqramlardan
çıxarmağın zamanı yetişmişdir, kənar
informasiyaların mənbələri istənilən
saydadır...
Mən bu faktları Rafiq Hacıyev haqqında
yazımın süjetinə tam daxil etmək istəməzdim,
lakin bir jurnalist, yazıçı və hüquqşünas
olması heç də hər bir qələmdaşa nəsib
deyil (Bu gün zootexnik də, inşaatçı da, mühəndis
də hüquq təmayüllü qəzetlərə baş
redaktorluq edirlər).
Rafiq
Hacıyev bədii-sənədli "Başsız
qadının sirri..." beş hissəli
romanını tamamlamışdır. O, suallarımdan irəli
gələn bu mövzudan elə maraqlı və təəccüb
doğuran faktları, hadisələri danışdı, armudu
stəkanda içməyə tələsdiyim çayım
soyumuşdu. Və bu, onun gözündən
yayınmadı.
-
Allahverdi müəllim, - dedi. - Qalanları qalsın sonraya. -
Gülümündü. - Sağlıq olsun, ilk nüsxəsini
Sizə bağılayacağam avtoqrafım ilə...
Hərçənd
çayım soyumuşdu, amma Rafiq bəyin "gizli"
saxladığı sirlər istisini itirməmişdi...
Rafiq
Hacıyevin yaradıcılıq diapozonu daha genişdir, onu
yaxından tanıyanlara bəllidir bu. Və hər kəsə
qismət olmayan tale yüküdür, bu "yükü" neçə
illərdir beynində və hisslərində yaşadır:
musiqiyə və poeziyaya aşinalığıdır. Bu, qoşa qanaddır, kimin yaradıcı bəxtinə
düşübsə səadətli insandır.
Bu fakt, düzü, məni yaxşı mənada sarsıtdı, çün güman eləməzdim və təsəvvürümə gətirməzdim ki, Rafiq bəy Bakı Dövlət Universitetinin "bədii özfəaliyyətində" (1975) səhnələşdirilmiş "Leyli və Məcnun" operasında Məcnunu özünəməxsus şirin, məlahətli səs tembri ilə oxumuşdur. Təəssüf ki, o roldan, o səsdən yadigar heç nə qalmamışdır. Yalnız "Kommunist" qəzetində kiçik bir xəbərdən savayı. Bax, insanda və hər adamda olmayan, qismətinə düşməyən ilahi istedad! (görəsən o səs bu səslə yola gedirmi?)
Mən hər iki sahə ilə bağlı Rafiq bəylə söhbət etmişəm, həm də araşdırmalarını oxumuşam, nə gizlədim, məmnun qalmışam: nəzəri biliyinə və estetik zövqünə. Nə gizlədim, hər bir təhsil görmüş incəsənət əsərini birdən - birə qavramağı bacarmır. Bu, milli musiqi alətlərində, solo mahnıların ifasında və iri həcmli əsərlərin səslənməsində də mövcud vəziyyətdir. Bir nümunə gətirəcəyəm, vaxtilə oxumuşdum. Dahi bəstəkar Cüzeppe Verdinin "Traviata" operasının ilk tamaşası (06.03.1852) Venetsiyada keçirilmiş və uğursuz alınmışdı. Lakin bir ildən sonra dünyanın bütün teatrlarına ayaq açdı. Bəs səbəb? Rədd edənlər, bəyənməyənlər burjua əxlaqını daşıyanlardı, nə üçün bəstəkar romantik qadın obrazı yox, yüngül əxlaqlı bir qadını qəhrəman etmişdir. Digər səbəb: artistlərin səhnəyə müasir geyimlərlə çıxmasıydı. V.Şekspirin "Hamlet"ində Hamlet Poloniyə deyir ki, "Şeylər öz-özlüyündə deyil, bizim nəzərimizdə pis və yaxşı olur". Əsərin nə günahı?
Bu mövzuda söhbətində Rafiq bəy deyir ki, dinləyicinin, yaxud oxucunun hazırlıq səviyyəsi eyni olanlar bir-birini başa düşürlər o halda! Qarşılıqlı anlaşma və ilk ithaf səviyyəsi kifayət qədər yaxın olmalıdır, buna isə məlumat rezonansı tərzində baxmaq lazımdır, yəni birinin verdiyi məlumatın xeylisi o birinin yaddaşındadır. Üzeyir bəyi nəyə görə dərhal başa düşürlər, qavrayırlar? Yox ki sadə yazır, lap başlıca səbəb musiqisi dərhal xatırlanır, çünki fitri istedad sahibidir.
Allahverdi
EMİNOV
(Ardı
var)
525-ci qəzet.- 2019.- 9 yanvar.- S.6.