"Əllərilə danışıb, gözlərilə eşidirlər..."  

 

İŞARƏ DİLİ TƏLİMÇİSİ: "RAMİZ RÖVŞƏNİN ŞEİRİ ONLARIN AİLƏSİNİ XİLAS ETDİ..."

 

 

Əvvəl yaşadığımız binada eşitmə və danışma məhdudiyyətli ər-arvad var idi. Onların iki qızları isə tamamilə sağlam idilər və valideynləri ilə ancaq əl hərəkətləri vasitəsilə ünsiyyət qururdular. Bu, mənə çox maraqlı gəlirdi.

 

Sonralar ətrafda belə məhdudiyyətli insanlarla tez-tez qarşılaşırdım və başqalarından fərqli olaraq, mən onlara acıyaraq deyil, əksinə, böyük maraqla tamaşa edirdim. Nə zamansa onların "dilini" öyrənmək istəyim vardı, ancaq necə və hardan, bunu bilmirdim. Bu yaxınlarda jurnalist kimi dəvət olunduğum tədbirdə Turan Məmmədli ilə tanış oldum. O, işarə dili təlimçisidir və həmin tədbirdə onun da üzvü olduğu komanda Türkiyənin məşhur "Mənim dünyam" filmini surdo tərcümədə təqdim edirdi. Sonradan onunla əlaqə saxladım və təlimlərinə qatılmaq istədiyimi, işarə dilini öyrənmək arzumu bildirdim. Və artıq bir neçə həftədir ki, o, mənə bu dili öyrədir. Onun dərs prosesində danışdığı əhvalatlar çox marağıma səbəb oldu və oxucularımız üçün də maraqlı olacağını düşünüb bir müsahibə hazırlamaq qərarına gəldim. Sən demə, mənim kimi onun da bu dillə ilk tanışlığı bir məhdudiyyətli qonşusu vasitəsilə olub:

"Yaşadığım yerdə qonşuluqda mənimlə yaşıd eşitmə və danışmaq məhdudiyyətli bir qız var idi. O qız məhdudiyyətli olsa da, həm dünyagörüşü geniş idi, həm də çox ünsiyyətcil, mehriban, sülhsevər idi. Ancaq insanlar onu çox da anlamırdılar. Mənsə həmişə onu maraqla müşahidə edərdim. Yaşım artdıqca, xüsusən universitetdə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alarkən fikirləşdim ki, mən bu dili işarə dili ilə bağlamalı və gələcəkdə hər iki sahəni birlikdə aparmalıyam. Çünki mənim düşüncəmə görə, fiziki və ya əqli məhdudiyyətindən, dilindən, dinindən, irqindən, imkanından asılı olmadan, hər bir insan ta uşaqlığından mükəmməl təhsil almalıdır. Çünki normal cəmiyyət qurmağın yeganə yolu təhsilli, zəngin dünyagörüşlü vətəndaşlar yetişdirməkdir ki, bu da uşaqlıqdan, ibtidai təhsildən başlayır. Bu dili öyrənməyə başlayanda təbii ki, ilk olaraq, internetdən axtarış verdim, çünki düzünü desəm, o zamana qədər bu dilin tədris olunduğu məktəblərə, kurslara, təlim və seminarlara rast gəlməmişdim. Qarşıma çıxan bir neçə qurumda isə "ixtisasınız bu yöndə deyilsə, sizə bu dili öyrədə bilmərik" cavabını vermişdilər. İnternetdə axtarış elədiyim dövrdə sosial şəbəkədə Nuranə Abıyeva adlı xanımla tanış oldum. O da ixtisası fərqli sahə olmasına baxmayaraq, həvəskar şəkildə işarə dilini öyrənib və mahnıları tərcümə edirdi. Özü bu dili məhdudiyyətli insanlardan öyrənmişdi. Onun kursu başlayanda mən də yazıldım, dərslərdə iştirak etdim və məhdudiyyətlilərin özündən sertifikat aldım. O vaxta qədər mənim ətrafımda bu cür insan bircə qonşum idisə, ondan sonra mənim ətrafım genişləndi və onlarla daha sıx əlaqə saxlamağa başladım. Onların həyatı, dünyagörüşü, problemləri artıq mənə daha yaxşı aydın olurdu.

- Bəs bu dili təlim etmək fikri necə yarandı sizdə?

 

 

- Nuranə xanımın təşkil etdiyi seminarların birində bir psixoloq belə bir fikir söyləmişdi ki, öyrəndiklərinizi özünüzdə saxlamayın, bacardığınız qədər öyrədin. Bu söz məni çox düşündürdü və fikirləşdim ki, əvvəllər bu dili öyrənmək istəyəndə heç kimi tapa bilmirdim. Mənim kimi onlarla, yüzlərlə insan var ki, eyni çətinliklə üzləşirlər. Bəs mən niyə onlara kömək olmayım? Beləcə ölkədə ilk dəfə olaraq, universitetlərdə uzunmüddətli şəkildə təlimlər keçməyə başladım. Azərbaycan Dillər Universitetinin debat klubunun ən yaxşı natiqi, danışıq üzrə məşqçisi və təlimçisi kimi fəaliyyət göstərdiyimdən tələbə dostlarım, ətrafım geniş idi. Buna görə də ilk elə Azərbaycan Dillər Universitetinə müraciət elədim və Tələbə Gənclər Təşkilatı bunda bizə köməkçi oldu. Biz iki ay şənbə və bazar günləri 250-dən çox tələbəyə tam təmənnasız işarə dilinin təlimini keçdik. Onda mən özüm də 3-cü kurs tələbəsi idim. Bu, çox böyük marağa səbəb oldu. Hətta ordakı təlimə başqa kolleclərdən, ali məktəblərdən tələbələr, loqopedlər də gəlməyə başladı. Daha sonra bu, Azərbaycan Turizm İnstitutunda, Azərbaycan İqtisad Universitetində təşkil edildi. Bunların sayəsində mən gördüm ki, sən demə, cəmiyyətdə nə qədər maraq var imiş, amma insanlar da mənim kimi mənbə tapa bilmirlər.

Bu işləri gördüyümüz müddətdə biz Nuranə xanımın rəhbərliyi ilə "Deaf Community" komandasını yaratdıq. Bu komanda əvvəllər fərqli MMC-lərin tərkibində olsa da, artıq özü bir MMC-dir və biz onlarla çox fərqli, mühüm işlər görürük. Artıq "Xənnas", "Oğlan evi", "Madaqaskar" (uşaqlar üçün cizgi filmi) və "Mənim dünyam" kimi dörd filmi surdo tərcümə etmişik. Bu dili öyrəndiyim insanlar sırasında dili ən dərinliklərinə qədər öyrənməyimdə mənə sonsuz köməyi dəyən Arzu Babayevanın adını çəkməsəm olmaz. O, həmin MMC-nin baş surdo tərcüməçisidir ki, onun da valideynləri məhdudiyyətli olduqlarından bu dili tam dərinliklərinə qədər bilir.

- Artıq bir neçə ildir ətrafınızda eşitmə və danışma məhdudiyyətli insanlar çoxluq təşkil edir. Yəqin ki, onların problemləri ilə birbaşa tanışsınız. Onları ən çox narahat edən, ən çox qarşılaşdıqları problemlər nələrdən ibarətdir?

 

 

- Problemləri bilavasitə gördüyüm, şahid olduğum hadisələrdir. Əslində bu insanları bizdən fərqləndirən yeganə amil onların fizioloji olaraq ağız aparatı ilə danışıb, qulaqla eşitməkləri yox, əllərlə danışıb, gözlərlə eşitməkləridir. Onlara nə qədər eşitmə və danışma məhdudiyyətli desək də, bəzən düşünürəm ki, axı onlar tamamilə susqun deyillər. Onlar da eşidirlər və danışırlar, sadəcə fizioloji olaraq bizdən fərqli şəkildə. Bayaqdan haqqında danışdığımız türklərin "işarət dili", beynəxalq termin kimi isə "jest dili" adlandırılan bu dil onların özlərini ifadə etmək dilidir. Buna ancaq ünsiyyət dili deyib keçmək də olmaz. Çünki biz bilirik ki, heç bir dil təkcə ünsiyyətə xidmət etmir. Bunun digər funksiyaları da var. Məhdudiyyətlilər üçün də jest dili onlara həmçinin, ətraf aləmi qavramaqda, anlamaqda kömək edir. Bu gün onların qarşılaşdığı ən böyük problem cəmiyyətin jest dilini bilməməsi və maraq göstərməməsidir. Məsələn, onların çoxunun şikayəti var ki, müəyyən yaşa gələndən sonra asudə vaxtlarını bizim kimi sərbəst şəkildə restorana, kafeyə, hansısa əyləncə mərkəzinə gedərək keçirə bilmirlər. Çünki orada öz istəklərini çatdıra, özlərini ifadə edə bilmirlər. Mən özüm də bu hallarla çox qarşılaşmışam. Böyük və ya kiçik marketlərdə satıcıyla bu cür məhdudiyyətli alıcıların dəqiqələrlə bir-birini anlamaq cəhdlərini görmüşəm. Daha doğrusu, problem odur ki, sağlam insanlar onları anlamağa elə də cəhd göstərmirlər, məhdudiyyətlilər özləri məcbur qalıb hansısa vasitələrlə istəklərini başa salmağa çalışırlar. Hətta bəzi insanlar öz sağlamlıqlarını üstünlük kimi də görürlər.

Bundan başqa, onların qarşılaşdıqları problemlərdən biri işsizlikdir. Onları anlayacaq, onlarla ünsiyyət yarada biləcək insanlar olmadığından müəssisələr onları işə götürmək istəmir.

Bəzi insanlar isə övladlarının bu dili öyrənməsini istəmir, onları çəkindirirlər. Hətta ixtisası loqopediya olan elə gənclərimiz var ki, mənim kursuma gəlib bu dili öyrənir, ancaq sonda verdiyim sertifikatı almaq istəmir ki, evdə bilmirlər bunu öyrəndiyimi, evə apara bilmərəm. Çox təəssüflər olsun ki, gülməli də səslənsə, bəziləri bunun "düşər-düşməzi olar" deyə də düşünürlər.

Bir daha təəssüf ki, küçədə, çöldə-bayırda belə insanları görüb onlara gülən, lağ edən, onları gülməli vəziyyətə salmağa çalışan insanlar da var. Bütün bunlar onu göstərir ki, cəmiyyətimiz hələ onları qəbul etməyə, onlarla ünsiyyət yaratmağa hələ də maraq göstərmir.

 

 

- Bəs siz bu dili öyrənərkən ətrafınızda sizə qarşı reaksiya necə idi?

- Bəziləri heç belə bir dilin varlığından belə xəbərdar deyildilər. Hətta indinin özündə belə mən şeirləri surdo tərcümə edib videolar yükləyərkən insanlar yazır ki, bu, intonasiyanın bir növüdür, maraqlı olsun deyə əllərindən bu qədər istifadə edirsən? Mənsə deyirəm ki, mənim hər hərəkətimin bir mənası var, bu, işarə dilidir. Bəzən deyirdilər ki, sənin bu dili öyrənməyinə nə ehtiyac var ki? Axı onların özlərinin öz ətrafları var. Məsələn, öz dərziləri, taksiləri və s. Sənin bu dili öyrənməyin onların həyatına nə cür təsir edəcək? Mən həmişə onlara bu əhvalatı danışıram. Təlimçilik fəaliyyətimə təzə başladığım zamanlarda bir gün avtobusda gedərkən qarşımda 5-6 yaşlarında məhdudiyyətli əkiz qızlar və yanlarında da anaları oturdular. Onlar öz aralarında danışırdılar. Mən də təbii ki, başa düşürdüm. Birdən balaca qız bacısından soruşdu ki, görəsən, günəş nə səs çıxarır? O da dedi ki, mən bilmirəm, gəl anadan soruşaq. Analarından soruşdular. O da dedi ki, mən bilmirəm, sabah müəlliminizdən soruşarsız. Mən onlarla söhbət etməyə başladım. Dedim ki, günəş heç bir səs çıxartmır. Onların yaşındakı sağlam uşağa heç zaman günəşin səs çıxartmadığını izah etmirik, çünki onlar eşidir və bilir ki, günəşin səsi yoxdur. Məhdudiyyətli uşaqlar isə özlərindən başqa hər şeyin səsi olduğunu düşünürlər. Bizim heç zaman fikir vermədiyimiz, ağlımıza belə gəlməyən bu adi məlumat onlar üçün elə böyük sevinc idi ki. Bu da onu göstərir ki, sağlam insanlarla ünsiyyətdə olmamaq onların dünyagörüşünü nə qədər dar edir.

- Təlimləriniz müddətində heç zaman unuda bilmədiyiniz maraqlı hadisələr və ya problemlər olubmu?

- Təlimlərim müddətində bu dili çox həvəslə öyrənən tələbələrim olub. Hətta Turizm Universitetindəki təlimlərim zamanı bir istirahət gününü-bazar gününü qurban verib, Sumqayıtdan gələn tələbələr də vardı. Bayaqdan bədbin tonda danışırıq. İndi isə sizə bir maraqlı, gülməli əhvalat danışım. Mən hər zaman ilk dərsimizdə tələbələrə deyirəm ki, siz məhdudiyyətli biri ilə qarşılaşıb salam verdiyinizdə onlar ilk sizdən eşidib, danışa bilib bilməməyinizi xəbər alacaqlar. Ona görə də ilk dərslərdə mən onlara ilkin danışıqları, ən vacib ifadələri öyrədirəm ki, dili tam bilməsələr də, qarşılarına məhdudiyyətli çıxanda onlarla müəyyən dialoq qura bilsinlər. Bir qrupum vardı, orda 30 nəfər tələbə vardı. Hər dərsdə kimlərsə gəlirdi ki, bu gün bir məhdudiyyətli gördük, onunla danışdıq, onu anladıq. Təkcə bir nəfər var idi ki, bütün tədris müddətində heç zaman qarşısına məhdudiyyətli çıxmamışdı və o, bu dili istifadə edə bilməməyini özünə dərd edirdi. Təlim bitəndən sonra bir gün mənə mesaj yazdı ki, mənim də qarşıma məhdudiyyətli insan çıxdı, amma gördüm, onunla heç bir ünsiyyət qura bilməyəcəm, getdim qəsdən ayağını tapdaladım ki, o, mənə baxsın və mən ona "bağışla" "deyim". Ancaq qız sadəcə "eybi yox" dedi və məndən başqa heç nə soruşmadı (gülürük). Bu hadisə mənə xoş gəlmişdi, çünki insanlardakı həvəs məni sevindirir. Mənə ən çox xoş gələn isə bu dili öyrətdiyim insanların sonra hardasa məhdudiyyətli insanlarla "danışıb", onu videoya çəkib mənə göndərməkləri olur. Həmişə bu cür mesajların başında belə bir cümlə yazırlar ki, bu gün özümü çox xoşbəxt hiss edirəm, elə bilirəm çox böyük bir qəhrəmanlıq etmişəm. Belə hadisələr çox olur və onda insan düşünür ki, belə kiçik nüanslarla bəzi problemləri həll edə biliriksə, deməli, zamanla böyük problemlərin də öhdəsindən gələ bilərik.

 

 

- Biz sizinlə təlimə başlayarkən ilk gün maraqlı bir əhvalat danışmışdınız və o əhvalatın adını "ədəbiyyatın dili yoxdur" qoymuşduq...

- Bəli, heç zaman unutmadığım hadisələrdən biridir o və tez-tez danışıram.

Mənim ədəbiyyata olan həvəsim, ən sevdiyim şair, vurğunu olduğum insan Ramiz Rövşəndir. Bunu ətrafımdakı hər kəs bilir. Şeir tərcümələrində də əlim çox zaman onun kitabına gedir. Nədənsə onun şeirlərini tərcümə edəndə elə bilirəm ki, bu, məndə daha yaxşı alınır. İlk tərcümə etdiyim şeirlərdən biri də onun "Qara paltarlı qadın" şeiri idi. O şeiri çox böyük emosiyayla, sevgiylə tərcümə etmişdim, çünki istəyirdim ki, məhdudiyyətlilər yaxşı anlasınlar. Həmin dövrdə mənim təlimlərimə qatılan, sosial şəbəkədən izləyən bir məhdudiyyətli oğlan vardı. O, özü kimi məhdudiyyətli bir qızla bir neçə ay idi ki, ailə qurmuşdu. Amma nəsə problemləri vardı və ayrılmaq istəyirdi. Əslində, elə böyük səbəb yox idi, sadəcə belə məhdudiyyətli insanlar o qədər səbrsiz olurlar ki, ilk problemdə ən asan yolu seçirlər. Həmin ərəfələrdə mən hər şeydən xəbərsiz bu şeirin tərcüməsini paylaşdım. Paylaşımdan bir neçə gün sonra o, mənə yazdı ki, bu şeirə mən neçə dəfə baxdım və ağladım, ondan sonra qərar verdim ki, ayrılmamalıyam. "Mən uzun müddətdir yoldaşımı ağladıram, amma şair düz deyir ki, mənə nəsə olsa yenə də ən çox yanan, üzülən yoldaşım olacaq. Çünki öz ailəm belə hansısa kiçik problemdə tez soyuyub uzaqlaşdıqları halda, yoldaşım o qədər ağlayır, amma yenə də məndən ayrılmaq istəmir". Bu hadisədən sonra anladım ki, ədəbiyyat sağlamlığından asılı olmayaraq, hər kəsin mənəvi qidasıdır.

- Bu cür insanlarla ünsiyyətdə cəmiyyətə verəcəyiniz tövsiyələr nələr olardı?

- Tövsiyə deməzdim, sadəcə diqqət etməli olduqları bəzi kiçik nüansları deyə bilərəm. İlk növbədə unutmamalıyıq ki, hər bir sağlam insan sabahın məhdudiyyətli namizədidir. Onlar belədirlər və ancaq hansısa möcüzə onları bircə anın içərisində sağlam edə bilər. Bizə isə möcüzə lazım deyil, yolda ayağımıza ilişəcək bir daş belə bizi asanlıqla onların yerinə qoya bilər. Biz bunu unutmamalı və empatiya hissimizi itirməməliyik. Əsas fizikamızın deyil, düşüncəmizin sağlam olmasıdır.

Bundan əlavə, onlarla ünsiyyət zamanı diqqət etməli olduğumuz nüansların bəzilərini sadalaya bilərəm ki, şəxsən qarşılaşdığım qızıl qaydalardır. Onlarla danışmaq istəyərkən sakitcə yaxınlaşıb çiyinlərinə toxunmalıyıq. Yanımızda surdo tərcüməçi olsa belə, danışarkən tərcüməçiyə deyil, məhdudiyyətliyə baxmalıyıq. Çünki yalnız tərcüməçiyə baxarkən danışsaq, onlar özlərini narahat hiss edəcəklər. Məhdudiyyətli insan sizinlə danışarkən nə demək istədiyini anlasanız belə sözünü kəsməyin, icazə verin sona qədər danışıb bitirsinlər. Fürsətdən istifadə edib son olaraq onu da deyim ki, hər bir ölkənin jestikası fərqlidir. Bəzən insanlar yalnışlığa yol verib internetdən, video çarxlardan Türkiyənin jest dilini öyrənirlər. Amma bizim məhdudiyyətlilər onu anlamırlar. Biz uzun illər SSRİ-nin tərkibində olduğumuzdan jest dilimiz Rusiya və indiki MDB, keçmiş sovet ölkələri ilə oxşar, hətta eynidir.

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 10 yanvar.- S.8.