Operator Etibar Bağırov:
"Saçlarımı cəbhədə gördüklərim
ağartdı"
- Etibar
müəllim, ondan başlayaq ki, Xalq Təsərrüfatı
İnstitutunu bitirmisiniz, amma heç zaman bu sahədə
işləməmisiniz. Ömrünüzü həsr
etdiyiniz operatorluq sənətinə gələn yoldan
danışaq.
- Təxminən
1970-ci illərdə hərbi xidmətdən sonra Adil İsgəndərovun
köməkliyi ilə Kinostudiyada işə qəbul oldum. O, mənə
dedi ki, məni Moskvaya operatorluq sənətini öyrənməyə
göndərəcək, ancaq bir az gözləməliyəm.
Həmin ərəfədə laboratoriyada
işləməyə başladım. Orada
kinomexanikə ehtiyac var idi. Təxminən yarım il işləyəndən sonra bir qohumum vasitəsilə
Azərbaycan Televiziyasında Firudin Ağayevlə tanış
oldum və orada operator köməkçisi kimi işə
başladım. İşləyə-işləyə
1975-ci ildə Xalq Təsərrüfatı İnstitutuna daxil
oldum. Amma işimi atmadım.
- Bu sahədə
işlədiyiniz halda bəs niyə bunu deyil, tamam ayrı
ixtisası oxudunuz?
- Hərbi
xidmətə getməzdən öncə bir neçə
instituta sənəd versəm də qəbul ola
bilməmişdim. Moskvada Kinomatoqrafiya
İnstitutunda konkursdan keçə bilmədim. Burada
İncəsənət İnstitutuna sənəd verdim, amma mənə
dedilər ki, gecikmisən, gələn il gəl,
səni qəbul edəcəyik. Mən də elə bil bir az küsən kimi oldum və əsgər
getdim. Qayıdandan sonra anam dedi ki, sən ali
məktəbə qəbul olmasan sənin üçün
heç kimin qapısına getməyəcəm. O vaxt bu məsələyə
ciddi baxılırdı, ali məktəbi
oxumayan oğlana çox çətinliklə qız verərdilər.
Beləcə qismət elə gətirdi ki, bu
instituta daxil oldum. Ancaq həmin vaxtlarda məni
işdən bir neçə dəfə Moskvaya təcrübə
keçməyə göndərdilər, bu sahəni orada
çox dərindən öyrəndim. Orada
necəsə kinoya marağım, sevgim də
yaranmışdı və ən əsası da kino
operatorluğu öyrəndim. Ancaq ailə
vəziyyətimizlə əlaqədar Moskvada qala bilmədim və
yenidən Bakıya qayıtdım. Bakıda
"Mücrü" filmi çəkilirdi və orada operator
köməkçisi kimi işləyirdim. Həmin
filmin çəkilişində Moskvada öyrəndiklərim
çox köməyimizə yetdi.
1980-ci ildə institutu bitirəndən sonra televiziyada
çox mühüm və ciddi verilişləri çəkməyə
başladım. "Telegüzgü", "Ticarətdə
qayda-qanun" kimi verilişlərdə dövlətin
hüquq-mühafizə orqanları ilə işləyirdik.
Mən xaraktercə çox şən,
zarafatcıl insanam. Etiraf edim ki, bu cür
verilişlər mənim xarakterimə yad idi, amma biz onun da
öhdəsindən yüksək səviyyədə gəlirdik.
Çünki çox böyük məsuliyyət
və sevgi var idi. Beləcə bu sahədə
püxtələşdim, bu zamana kimi Azərbaycan
Televiziyasında nə ki redaksiyalar olub, hamısında işləmişəm.
Ali məktəb diplomum isə indiyə kimi evdə
istifadə olunmamış qalıb.
-
Bildiyimiz qədərilə siz həm də kliplər çəkmisiniz.
- Bəli.
Bir gün bəstəkar Eldar Mansurov televiziyaya gəlmişdi,
mənə dedi ki, səninlə işləmək istəyirəm.
Mənə klip çəkməyi öyrətdi.
1990-cı illərdə Azərbaycanda çox
da klip çəkən yox idi. Biz demək
olar ki, ilk klipləri həmin dövrdə çəkdik.
Bunun üçün ona minnətdaram. Tanıdığınız, çox məşhur
müğənnilərin kliplərini çəkdik. Sonra "Payız melodiyası" film-klipini çəkdik.
Arif Qazıyevlə də işləyirdik.
- Bu sənətin
sizə qazandırdığı ən böyük uğur nəyi
hesab edirsiniz?
-
Ümummilli lider Heydər Əliyev kimi böyük bir liderlə
yaxın ünsiyyət bu sənətin mənə
qazandırdığı ən böyük nemətdir. Sovet dövründə respublikaya rəhbərlik
etdiyi zamanlarda Heydər Əliyevlə bağlı bir çəkiliş
olduğunu bildirdilər. O, rayonlara silsilə səfərlər
edirdi, bunu çəkməli idik. Məndən
başqa bir operatora müraciət etmişdilər. O isə
çəkinmişdi ki, Heydər Əliyev zəhmli
adamdır. Mənsə bu çəkilişə
könüllü razı oldum. O, kənd camaatı ilə
görüşdəykən mən də onu çəkirdim.
Hərdən maraqlı kadrlar alınsın deyə
kombaynın üstünə, ağacın başına
çıxırdım. Sən demə,
bunlar onun diqqətini cəlb edibmiş. Onunla
çox işlədik. Ancaq o, sonradan
Moskvaya getdi və biz yenə də başqa ölkə rəhbərləri
ilə işləyirdik. Sonra isə 1990-cı il hadisələri başladı və o illər
hamı kimi mənim də həyatımda, karyeramda silinməz
izlər qoydu.
- Bu haqda
az-çox məlumatımız var. Siz həm də Qarabağ
müharibəsini də, qaçqınların həyatını
da ilk çəkən operatorlardan birisiniz.
- Bu illər
ərzində biz nələri çəkməmişik ki... (köks ötürür) O dövrdə "Xəbərlər"in
baş redaktoru Ənvər Qafarlı idi. Bir
gün o, operatorları yığdı, ölkədəki vəziyyət
haqqında danışdı. Mən
könüllü şəkildə cəbhədəki vəziyyəti,
qaçqınların həyatını çəkməyi
öz öhdəmə götürdüm. Bizim orada gördüklərimiz sadəcə dəhşət
idi. Mənim saçlarım orada
ağardı. Orada çəkdiyim kadrları
Qorbaçovun özü də şəxsən izləmişdi
və bir dəfə Vaqif Mustafayev dedi ki, sənin çəkdiyin
kadrlara görə Qorbaçov mənə müsahibə verdi. Füzuli, Qubadlı, Şuşa,
Laçın, Ağdam, Kəlbəcər - işğal olunan
bütün ərazilərimizdə çəkilişlər
aparırdıq. Hətta olurdu ki, kəndlərdən
ən axırıncı mən çıxırdım.
Hamı deyirdi ki, səni öldürəcəklər,
qalacaqsan burda, amma mənim ürəyim dözmürdü,
qoyub gələ bilmirdim. Bir əlimizdə
kamera, o biri əlimizdə silah müqavimət göstərməyə
çalışırdıq, yaralılara kömək edirdik.
İlk gündən axırıncı günə
kimi cəbhədə olduq.
O zaman həm
də Afiyəddin Cəlilov mənə onunla işləməyi
təklif elədi. Onunla da Naxçıvana, Sədərəyə
gedirdik, əsgərlərə yardımlar aparırdıq. Ümummilli lider Heydər Əliyev də o vaxt
Naxçıvanda idi. 1992-ci ilin iyunun 15-də
Afiyəddin Cəlilovun kabinetində Heydər Əliyevlə
görüşdük. Söhbət əsnasında
o məndən soruşdu ki, Azərbaycanda səndən
başqa operator yoxdur? Dedim, əlbəttə var. Dedi, bəs
niyə həmişə sən gəlirsən yanıma? Dedim,
çünki mənim sizə bir lider kimi, insan kimi
böyük hörmətim və məhəbbətim var,
ikinci isə siz mənim qaynatam Ağabala Əliyevlə birlikdə
işləmisiniz. O da sevinclə dedi ki, Ağabala Əliyev mənim
ətrafımda ən yaxşı işçilərdən
biri idi. Bu söhbətimizdən ruhlanıb mən də ona
Bakıya qayıtması üçün müraciət etdim,
dedim ki, Azərbaycan çox pis vəziyyətdədir, onu siz
xilas edə bilərsiniz. Bu söhbətdən bir il sonra ulu öndər Heydər Əliyev
qayıtdı Bakıya. Biz onda da onu
qarşılamağa getmişdik. Həmin
vaxtlar Ümummilli lider Heydər Əliyevin mənə göstərdiyi
insanlığı, ata qayğısını heç bir
zaman unutmuram. İndiyə kimi də onunla
bağlı çəkdiyim kadrları efirdə görəndə,
həmin günləri xatırlayanda ürəyim qürurla
dolur.
- Amma
bütün bunlara rəğmən sizdə sənətinizə
qarşı bir küskünlük hiss olunur sanki.
- Sənətimə
qarşı deyil bu küskünlük. Mən sənətimi
həmişə çox sevmişəm və işimi hər
zaman vicdanla görməyə çalışmışam.
İndi yetmişə yaxın yaşım var və
əlli ilə yaxındır ki, çiynimdə kamera getmədiyim
yerlər, çəkmədiyim kadrlar, ünsiyyətdə
olmadığım insanlar qalmayıb. Hərdən
geriyə boylananda və dönüb indiyə baxanda istər-istəməz
içimdə bir inciklik yaranır. O da sənətimə,
özümə gördüyüm laqeydlikdən irəli gəlir
yəqin ki. Məni ölkənin hər yerində
tanıyırlar. Arxivdə ən dəyərli
materialların müəlliflərindən biriyəm. Ancaq bunları dəyərləndirməkdə nədənsə
gecikirlər.
2006-cı ildə Şəkidə çəkiliş
zamanı at vurdu məni, bir aydan çox müalicə
almalı oldum.
Qarabağ müharibəsi veteranıyam, ikinci
qrup əliləm. Hər il mütləq
müalicə kursu götürürəm. Ömürə
etibar yoxdur, ondan narahatam. Hərdən dincəlmək
istəyirəm, amma çox heyf ki, ona da imkan yoxdur.
- Bunlara
baxmayaraq, hələ də işləyirsiniz (müsahibimin
çöhrəsinə yayılmış qayğılı
ifadəni dağıtmaq üçün gülərək
soruşuram):
- (o anda sanki yenidən canlanır) Bəli, əlbəttə
işləyirəm. Yetmiş yaşında insan əslində
həyatdan doyur. Mənsə hələ
doymamışam. Gündə çəkilişlərdəyəm.
Televiziyanın Mədəniyyət
redaksiyasında "Ədəbi dram" bölməsində
işləyirəm. Çox maraqlı
çəkilişlərimiz, verilişlərimiz olur.
- Bu illər
ərzində tələbələr yetişdirmisinizmi?
-
Sözsüz ki, çox dəyərli tələbələrim
var. Mən indi onlarla, onların gəlib
çatdığı yerlərlə çox fəxr edirəm.
Onların arasında indi aparıcı, rejissor,
redaktor, operator da işləyənlər var. Onların
hamısı öz sahələrində püxtələşmiş
insanlardır. Mən həmişə
onlarla qürur duymuşam.
- Peşəkar
operator kimi televiziyalarımızın indiki durumu haqda nə
düşünürsünüz?
- Öz sahəmdən danışsam, əminliklə deyə bilərəm ki, çox peşəkar, çox yaxşı operatorlarımız var. Mən onların işlərini görəndə sevinirəm. Deyirəm ki, həqiqətən də bu sənəti layiqincə davam etdirən, operator gözünə sahib, maraqlı nüansları tuta bilən insanlar var. Görürəm ki, axtarışdadırlar və tapırlar. Bu, məni çox sevindirir. Ancaq məzmuna qalanda bu haqda konkret nəsə demək olmur. Çünki illərdir televiziya sahəsində olan bir insan kimi o rejissorların, operatorların, redaktorların, müxbirlərin və başqa işçilərin nə qədər böyük zəhmət çəkdiklərinin birinci şahidiyəm. Bu qədər zəhmətin qarşısında onları yamanlamağı doğru hesab etmirəm. Çünki zəhməti dəyərləndirmək lazımdır. İntəhası, bəzən digər kanallarda şou, açıq-saçıqlıq daha çox olur ki, bu, bizə yaddır. Azərbaycan Televiziyası isə hər zaman öz səviyyəsi, sanballı verilişləri, layihələri ilə fərqlənib. Bizim rəhbərliyin bizə dediyi birinci söz odur ki, siz hər zaman örnək olmalısınız. Biz də hamımız ayrı-ayrılıqda öz sənətimizdə bizdən sonra gələnlərə örnək olmağa çalışırıq. Nə qədər bacarırıq, bunu zaman göstərəcək.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 10 yanvar.- S.7.