Ulucanlar həbsxanası, Nazim Hikmət və başqaları...   

 

 

İçəri addım atanda həlim, doğma, isti bir səda səni qarşılayır. Bir az qulaq verirsən, eşidirsən ki, bu, Zülfü Livanelinin səsidir.

 

Yanıqlı-yanıqlı necə oxuyursa, adamın ürəyinin cızdağı çıxır:

Bugun efkarlıyım açmasın güller,

Yiğidimden kara haber verirler.

Demirden döşeyin taştan sedirler,

Yiğidim aslanım burda yatıyor.

Dinləyərək addımlayırsan, mahnının sözlərindən isə belə başa düşürsən ki, içəridə səni tutqun ab-hava gözləyir. Sonra düşünürsən ki, nə qədər ağır ola bilər, uzaqbaşı dəmir barmaqlıqlar, köhnə əşyalar, qırıq stollar, çirkli pəncərələr olar da... Amma getdikcə tükürpədici mənzərələr, mumiyadan hazırlanmış insan fiqurları, işgəncə səsləri adamın canına necə vəlvələ salırsa, az qalırsan özünü dayandığın yerdən götürüb ən uzaq məsafəyə atasan. Söhbət Ankaranın Ulucanlar səmtində yerləşən Ulucanlar həbsxanasından gedir. 1925-ci ildən 2006-cı ilədək - düz 81 il cəza evi kimi fəaliyyət göstərib. Türkiyənin siyasi və ədəbi həyatında önəmli yerə sahib olan aydınlarının ağrılarına, əzablarına, qışqırıqlarına, al qana qərq edilmələrinə, edamlarına şahidlik edib. 2010-cu ildən Muzey və Kültür Sənət Mərkəzinə çevrilərək qapılarını hər kəsin üzünə açıb. Nədənsə, tutqun, boz, soyuq Ankaranı burada daha çox hiss etmək olurdu. Gəzindikcə adama elə gəlirdi ki, şəhərdəki məyus görüntünün, solğun rəngin ağırlıq təşkil etməyinin səbəbi bir vaxtlar bu divarlar arasında günahsız insanlara edilən haqsızlığın, ədalətsizliyin, ah-nalələrin əksidir, hopub şəhərin canına...

Yazdığı şeirə, romana, söylədiyi fikrə, inandığı həqiqətlər uğrunda mübarizə apardığı üçün bu cür qalın divarların arxasına atılan insanların şəkillərini görəndə adamın lap nitqi quruyur. İlahi, kimlər yoxdur? Siyasətçi Muhsin Yazıcıoğlu, şair Necip Fazıl Kısakürek, keçmiş millət vəkili Osman Bölükbaşı, keçmiş baş nazir Bülent Ecevit, rejissor-ssenarist Yılmaz Güney, jurnalist Metin Toker, yazıçı Yaşar Kemal, siyasətçi Yavuz Öbekçi, siyasətçi Selim Sadak, siyasətçi Sırrı Sakık, jurnalist Cüneyt Arcayürek, yazıçı-siyasətçi Mahmut Alınak, yazıçı Fakir Baykurt, keçmiş millət vəkili Hatip Dicle və xüsusi təqdimata ehtiyacı olmayan Nazim Hikmət. Sonuncu mənim üçün lap gözlənilməz oldu. Özümü qəflətən doluya məruz qalmış kimi hiss etdim. Deməli, o da burada imiş, məmləkətin dərdini bu divarların arasında çəkib, Pirayəyə məktubları işıq düşməyən, gün görməyən, ayağını bir-iki dəqiqə ərzində götürməsən buz kimi kəsən bu betonun üstündə düşünərək yazıb?! Heyrətdən gözüm elə genişlənir ki, az qalır hədəqəsindən çıxsın! Nazim Hikmət siyasi fikirlərinə görə dəfələrlə həbs olunub, sürgün edilib. Ulucanlar Həbsxanasında çəkdiyi cəza isə 30-cu illərə təsadüf edir. Sən demə, o məşhur şeiri də məhz bu cəza evində yazıb:

Bugün pazar.

Bugün beni ilk defa güneşe çıkardılar.

Ve ben ömrümde ilk defa gökyüzünün

Bu kadar benden uzak

Bu kadar mavi

Bu kadar geniş olduğuna şaşarak

Kımıldamadan durdum.

Sonra saygıyla toprağa oturdum,

Dayadım sırtımı duvara.

Bu anda ne düşmek dalgalara,

Bu anda ne kavga, ne hürriyet, ne karım.

Toprak, güneş ve ben...

Bahtiyarım...

Başımı səmaya qaldırdım, Nazim Hikmətin gözü ilə buludlara baxdım, qəhərdən boğula-boğula dərindən nəfəs aldım, ayağımı var gücümlə torpağın üstünə basdım, günəş şüalarının altında dayanaraq divardan mənə boylanan rəsmlərini seyr etdim. Sonra içəri keçib, barmaqlarımı yatdığı çarpayının üstündə gəzdirdim. Mənə elə gəlirdi ki, belə etməklə ona toxunurdum. Çox sevdiyi Pirayəyə yazdığı məktublarını xatırlayır, hər kəliməsində duyğu seli olan cümlələri dilimdən dolaşdırırdım:

“O qədər heç, o qədər boş, mənasız, elə haqsız yerə səndən uzağam, bu çiləni heç bir günahım olmadığı halda elə çəkirəm ki, bəzən hirsimi cilovlamasam, havalanacağam deyə düşünürəm”. Böyük şairin bu cümlələrinin ağrısını indi daha aydın hiss edirdim!

Nazim Hikmətin çarpayısının yanından ayrılıb digərlərinin üstündə yazılan bioqrafiyaları oxuya-oxuya mikrafonla ucaldılan işgənc səsləri yayılan tərəfə irəliləyirəm. Tükürpədən fəryadlar insanı vahiməyə salırdı: “Çıxardın məni burdan”, “Mən sizə nə etmişəm?”, “Yetər, əl çəkin”, “Mən günahsızam” cümlələrinin ard-arda sıralandığı səsə tərəf gedirəm. Qarşıma yan-yana düzülən zindanlar çıxır. Dildən-dilə, ağızdan-ağıza gəzən, şairlərin şeirindən, yazıçıların romanından əskik olmayan o yer deməli, belə olurmuş. Qapısından içəri girmək üçün iki qat əyilməlisən, mən də belə etdim. Dar, balaca, qaranlıq, havasız, buz kimi zindanda neçə saniyə, neçə dəqiqə qalmağın mümkünlüyünü yoxladım. Dözülməz idi! Yaxşı, bəs, o qədər insan buna necə dözə bilib?

Bu həqiqəti fikirləşmək belə insanın ruhunu əzir! Muzeyi gəzdikcə mumiyadan hazırlanan insan fiqurlarını görmək mümkündür: kimi əzab çəkən yerdə, kimi işgəncəyə məruz qalan məqamda, bəzilərini saz çalarkən, digərlərini də yemək yeyərkən. İlk baxışda canlı olduqlarını zənn edirsən. Çarəsizlik bu qədər peşəkar şəkildə yaradıla bilərdi!

Divarlarda həmin dövrdə yazılan bəzi məktublar asılıb. Onlardan ən öldürücüsü bir atanın oğluna yazdığı bu misralar idi: “Oğlum, sənə pul gətirdim. Müdir bəy yox idi, qapıdan içəri keçirmədilər. Gələndə göndərəcəm. O gələnə qədər buradan getməyəcəm. Özünə diqqət et, yavrum!” Bunları nəinki yaşamaq, 50-60 il sonra şahidi olmağın özü belə insanı sarsıtmağa kifayət edirmiş.

Mərkəzdə yanıqlı musiqilər bir-birini əvəzləyir. Zülfü Livanelidən sonra Selda Bağcanın ifası və o dönəm səsləndirilən mahnılar öz axarı ilə davam etdiyini eşidirik. Məhkumlardan qalan əşyalar burada qorunub saxlanılır. Muhsin Yazıcıoğlunun səccadəsini, toxunma jiletini, digərlərinin əlyazmalarını, siqaretini, dərsliklərini, ayaqqabılarının, qalstuklarının, təsbehlərinin saxlandığı şüşə qutuların üzərindəki məlumatları oxuya-oxuya davam edirik.

Günəş içəriyə daha çox dolduğu, çölü aydın seyr edilən mənzərəsindən dolayı “Hilton” adı verilən koğuşa daxil oluruq. Lövhələrdən baş nazir Bülent Ecevit, millət vəkili Osman Bölükbaşı kimi dövlət adamlarının burada saxlandığını öyrənirik.

Ulucanlar cəza evində gəzdikcə nəhəng bir tarixin buradan keçməsi iliklərə qədər hiss edilir. İçəriyə girdiyin andan kədər, qəhər, məyusluq, ürək çırpınması insandan əl çəkmir. Elə bil ürəyinə iynələr sancılır, ruhun izdirabla dolur! Sakit baxmağa çalışırsan, alınmır. Muzey elə qüsursuz restavrasiya edilib ki, hətta heç bir məlumatın olmasa da, gördüyün mənzərələrdən vaxtı ilə burada nələrin baş verdiyi haqda təsəvvürün yaranır.

Çıxışa doğru irəliləyəndə artıq ağrılı mənzərələri, Türkiyə tarixinin o dönəmə məxsus dəhşətli həqiqətlərini geridə qoyduğunu fikirləşirsən, elə bu məqamda bir addımlığında dayanan Dar ağacı ilə göz-gözə gəlirsən. Sümüklərindən bir gizilti keçir. Alim İskilipli Atıf Hoca, Qurtuluş Hərəkatının mənsubları inqilabçılar Necdet Adalı, Deniz Gezmiş, Yusuf Aslan, ülkücü Mustafa Pehlevanoğlu, yaşı 17-dən aşağı olan, lakin asmaq üçün 20 göstərilən Erdal Erenin də aralarında olduğu 19 nəfərin edam edildiyi bu yerə dayanıb baxanda adama elə gəlir ki, elə indicə beyninin içi oyulub yerə töküləcək.

Muzeydən çıxdıqdan sonra hamımız susaraq xeyli yeridik. Sanki sözümüz tükənmişdi! Bəlkə də, başımız həqiqətlərin açdığı yaralara qarışmışdı, nə bilim!

Ankara

 

Türkan TURAN

 

 

525-ci qəzet.- 2019.- 12 yanvar.- S.24.