Siseron - natiqliyin sinonimi

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

Oktavianın Romaya yürüşü ona konsulluğunu saxlamağa imkan verdi. Siseronun bədbəxtliyinə səbəb olan, onun dediyi “bu gənc adam təriflənəcək, hörmətə sahib olacaq və sonra onları itirəcəkdir” sözləri Oktavianın diqqətindən kənarda qalmadı.

 

Oktavian, Antoni və Lenid Triumviratı oktyabrın axırında formalaşmışdı və tezliklə Siseronun edam edilməsi üçün onun axtarılmasına başlandı. O, əsir götürüldü və 7 dekabrda Qeta yaxınlığında öldürüldü. Onun başı və əlləri rostra üzərində qoyuldu, bu isə, Romadakı Forumda natiqlər üçün olan platforma idi.

Siseronun siyasətdəki işi daim öz opponentləri tərəfindən inkar edilir, dostları tərəfindən isə onun ləyaqətləri şişirdilirdi. Kübar əcdada malik olmayan yeni adam kimi o, heç vaxt Optimatlar dairəsinin aparıcı şəxsləri tərəfindən qəbul edilməmişdi. 63-cü ildən sonrakı öz siyasi bədbəxtliklərinin ardınca ona qısqanclıq göstərilir, bəzən də möhkəm xarakterə malik olmadığına görə onunla razılaşmırdılar. Pompeylə siyasi ittifaqa girməyə ləngidiyindən o, heç vaxt buna nail ola da bilmədi. O, respublikanı qoruyub saxlamaq üçün başqalarından daha çox kompromisə getməyə hazır idi, lakin özünün “De Republica” əsərində onu da qəbul edirdi ki, respublika hökuməti güclü fərdin iştirakını tələb edir. Misal üçün, idealizə olunan Pompey kimi, qoy bu fərd də stabilliyi təmin edə bilsin.

Lakin o, Roma respublika inzibatçılığına xas olan zəifliyə də elə bir diqqət vermirdi. Bu administrasiya rüşvətxorluğu yoxlamaq barədə qanunvericilikdə nəsə etməkdə uğursuzluğa düçar oldu. Romadakı qanuna və qaydaya dəstək vermək üçün elə bir mexanizm yox idi. Onun 63-cü ildə “Concordia ordinium” konsepsiyasını qəbul etmək barədə müraciəti Optimatlar və Populyarlar arasında razılığın olmaması ucbatından real problemlər cərgəsinə daxil edilmədi.

Siseronun Terentsiyaya 82-ci ildə evlənməsi - bu qadın varlı olmaqla yanaşı, yaxşı tərbiyə görmüşdü, - 79-cu ildə qızı Tulliyanın, 65-ci ildə isə oğlu Markın dünyaya gəlmələri ilə nəticələndi. O, Terentsiyanı 46-cı ilin əvvəlində boşadı və 15 yaşlı Publiya adlı qızla, onun puluna görə evləndi. Çox sevdiyi qızı Tulliya üç dəfə ərə getməklə, 45-ci ilin fevralında öldü. Bundan azacıq sonra Siseron özünün ikinci arvadını da boşadı.

Onun qardaşı və cavan qohumu 45-ci ildə ikinci triumviratdan sonra tərtib edilən proskriptsiya siyahısına (onu ilk dəfə diktator Sulla tətbiq etmişdi) görə öldürüldülər. Onun o qədər sevmədiyi oğlu Mark qaçıb Filippidə vuruşdu. Sonralar gənc Mark Oktavianla barışdı və 30-cu ildə konsula çevrildi.

Vəkillərə rəmzi haqdan artıq pul almaq qadağan olunduğu halda, Siseronun pulu məhkəmələrdən, çox hallarda minnətdar müştərilərin irsindən gəlirdi. Onun bədxərcliyi, xüsusən çox sayda villalara malik olması, pula görə daim davam edən çətinliklərinin yaranmasına səbəb olurdu.

Siseronun yaradıcılığında epistolyar janr da xüsusi yer tutur. Siseronun b.e.ə. 67-ci ildən 43-cü ilə qədər olan məktublarından 900-ə qədəri bizim dövrə gəlib çatmışdır. Onlardan 835-ni o, özü yazmışdır, 46-nı dostlarına, maliyyə sahəsindəki məsləhətçilərinə və naşirlərinə, 419-u 94 sayda olan müxtəlif dostlarına, tanışlarına və qohumlarına ünvanlanmışdı. Antik dövr üçün müasir sayılan məktubların çoxu bizə gəlib çatmamışdır. Məktubların bir hissəsi Siseronun ölümündən sonra siyasi səbəblərə görə məhv edilmişdi. Onun Oktavianla məktublaşmasından da heç nə qalmamışdır. Onun daha ehtiyatsız olan və özünün düşüncələrini açıb göstərən məktubları Attikə və Kvintə ünvanlanmışdı. Bu məktublarda o, Attikə çox sayda yunan zərb-məsəllərini misal çəkir. 45-ci ildə özünün bəzi məktublarını dərc etdirmək ideyası Siserona hakim kəsildi. Bu məktublar dəqiq qaydada yazılmış, yaxşı dilə malik olmaqla, heç şübhəsiz, nümunə kimi seçilmişdi. Lakin bu məktublar Siseronun sağlığında nəşr olunmamışdı, onlardan çoxu dostlarına kömək göstərməsi barədə əyalət qubernatorlarına olan xahişlərdən ibarət idi.

Belə məktublar qədim dünyanın başqa heç bir yerində mövcud olmadıqarından, əsas tarixi mənbələr hesab olunur. Onlar çox hallarda dəqiq tarixləri göstərir, həm də Sezarın vətəndaş müharibəsi barədəki icmallarını gözdən salmaq üçün istifadə edilə bilərdi. Həmin hadisələr barədə xəbər verəndə, o, təbii ki, kifayət qədər obyektiv deyildir və özünə qarşı etibarı yüksəltmək üçün o, keçmiş hadisələri düzgün yada salmamaqla yanaşı, onları həm də düzgün olmayan qaydada təsvir etməyi də bacarmamış deyildi.

Siseron Latın poeziyasında bir şair kimi də tanınır, onun poeziyaya töhfəsi nisbətən kiçik olsa da, bu sahənin özündə də heç də hesaba alınmayan bir şəxsiyyət deyildi. Onlardan məlum olan ən yaxşı poemalar fraqmentlər şəklində bizim dövrə gəlib çatsa da, “Onun konsulluğu haqqında” və “Onun həyatı və zamanları haqqında” əsərləri özünü tərifləməyə həsr olunduğuna görə antik dövrdə tənqidə məruz qalmışdı. O, şeirdə hekzametr üslubunu xeyli yaxşılaşdırmışdı, sətrin sonunda iki və ya üç hecalı sözlərdən istifadə etməyə üstünlük verirdi. O, şeirdə öz dövrünün müasir meyllərinə heç də rəğbət bəsləyən deyildi. Onun Homerdən və yunan dramaturqlarından etdiyi tərcümələrin fraqmentləri də salamat qalmışdır.

Lakin Siseron natiqlik sahəsində öz dövründə özünə bərabər olan başqa birisini tanımırdı. Axı o, siyasətdə və qanun məhkəmələrində öz reputasiyasını bir natiq kimi qazanmışdı. Məhkəmələrdə o, müdafiə məqsədilə iştirak etməyə üstünlük verirdi, ancaq onun Verresə qarşı istintaqı ən məşhur hadisələrdən biri idi. Əsasən, öz emosional gücünə görə o, axırda danışmağı sevirdi. Təəssüf ki, heç də müdafiə etdiyi işlərin hamısında o, Verresə olan hücumunda olduğu kimi, mənəvi cəhətdən sağlam sayıla bilən münasibət nümayiş etdirmirdi. Onun dövründə Roma natiqləri dolğun, rəngarəng və möhtəşəm üsluba malik olanlara - “asiyalılara” və birbaşa sadə üsluba malik olan “attiklərə” bölünürdü. Birincilərə Kvint Hortensi, ikincilərə isə Yuli Sezar və Mark Brut daxil idi.

Siseron isə özünün hansısa bir məktəbə məxsus olmasından və ona meyl etməkdən imtina edirdi. O, rodoslu Molon tərəfindən natiq kimi tərbiyə olunmuşdu. Molonun isə üslubu eklektik idi və o inanırdı ki, natiq müxtəlif üslubları qarışdırmalı və onlardan istifadə etməlidir.

Siseron auditoriyaya müraciət etməyə bənzər bir qaydada ritmlərin öyrənilməsinə yaxınlaşırdı, xüsusən cümləni və ya kəlməni vurğulayırdı. Onun ritorikası bu sənətin formalarının qarışığı idi və auditoriyanın qulaqları bu effektlərə uyğun olaraq özünü sazlayırdı. Onun 58 çıxışı bizim dövrə gəlib çatmışdır, onlardan da bəzisi tam şəkildə saxlanmamışdır. Bəzi çıxışları dərc edilməkdən ötrü təftişə məruz qalmışdır. Onlardan ən mühümü “Pro Milone” çıxışıdır. Siseronun orijinal çıxışı bu vaxt uğursuz oldu və o, çıxışını yenidən yazıb Marsiliyada (Marseldə) sürgündə olan Milona göndərdi (Milon yolda sözləşdiyi Klodini öldürmüşdü, o, Siserona yaxın olmaqla, onun sürgündən qayıtmasına köməklik göstərmişdi. Klodi isə məşhur vəkil olan senatorun qəddar düşməni idi). Bir qayda olaraq, Siseronun dərc etdirdiyi çıxışları orijinaldan fərqlənirdi.

Siseron özünün “Brutus”unda bir natiq kimi öz silahını təsvir edir, - bura fəlsəfəyə əsaslanmaq, ədəbiyyatı, qanunları, tarixin anbarını bütünlüklə bilmək, opponentin qollarını sarımaq və jürinin gülməsinə imkan verməmək bacarığı daxildir. Xüsusi işdə ümumi prinsipləri çıxışın əsasına qoymaq qabiliyyəti, geri çəkilməkdən istifadə etmək, acıq və ya yazıq gəlmə emosiyalarını qaldırmaq gücü, bilavasitə mahiyyət nöqtəsinə öz intellektini yönəltmək bacarığı ritorika cəbbəxanasının vacib vasitələridir. Bunlar heç də ədalətsiz mənzərə deyildir.

Siseron “Pro Archia” nitqində deyirdi: “Bu növləri (ədəbiyyatı və fəlsəfəni) öyrənmək gənc adamın qidasıdır, yaşlı adamın əyləncəsidir, uğura aludə olmaqdan, düşmənçiliklə barışmaqdan imtina etməkdir. İctimai zərər görmədən şadlanmaq, istər xaricdə, istərsə də ölkənin daxilində olsun, gecələr bizim daimi sirdaşımızdır”. Onun yumoru da Stoiklərin ən yaxşı zarafatlarına bənzəyirdi. Bir qətl mühakiməsindəki nitqi barədə Siseron sonralar lovğalanmışdı ki, “jüri üzvlərinin gözünə kül üfürmüşdü”.

Biri özünün anonim əsərində yazılırdı ki, “Siseron yayılan böyük yanğın kimi xətt üzrə uzağa və eninə gedir və fırlanır; onun daxili odu aşıb-daşır və sönmək bilmir; o, müxtəlif intensivlikdə müxtəlif nöqtələrdən istifadə edir və yanacağa bel bağlayaraq onu qidalandırmaqda davam edir”. Onun natiqlik uğurları, nobilitetein “yeni adama” (“homo novus”) müqavimət göstərməsinə baxmayaraq, öz siyasi fəaliyyəti üçün ona yolu təmizlədi.

O, latın dilindəki yazını bütünlüklə inqilabiləşdirmişdi. O, “dövrü” üslubun əsl yaradıcısı idi. Onun üslubunda, əslində, Avropa Renessans üslubu formalaşmışdı. Siseronun pərəstişkarı olan Kvintilian bəyan edirdi ki, onun adı natiqliyin sinonimidir və tarixçi Livi yazırdı ki, ikinci Siseron onu adekvat qaydada tərifləməyə ehtiyac duyacaqdır.

Təsadüfi deyildir ki, Böyük Britaniyanın XVIII əsrdəki görkəmli siyasi xadimi, Yeddiillik müharibədəki (1756-1763-cü illər) qələbənin təşkilatçısı Böyük Uilyam Pitt daim qızıl dilli Siseronu oxuyurdu, həm də onun öz düşmənlərinə, əleyhdarlarına paylarını qəzəblə verməsinə vurulmuşdu. Böyük Pitt özü də İcmalar Palatasında ən məşhur natiq kimi şöhrət tapmışdı, təsadüfi deyildi ki, onu “əsl romalı” adlandırırdılar. 

Siseron ədəbiyyat nəzəriyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. B.e.ə. 55-ci və 46-cı illəri arasında o, natiqlik prinsipi və praktikası üzərində mühüm müşahidə apardı. Bu məsələyə “De oratore”, “Brutus” və “Orator” əsərlərini həsr etdi. Onun məsələyə geniş yanaşması klassik prinsipləri ilhamlandırdı.

O deyirdi ki, nitqin məqsədi üç amildən ibarətdir: nitq təlimatverici, cəzbedici və emosional olmalıdır. Birincisi üçün xeyli yaxşı saxlanmış ağıla malik olmalısan; ikincisi üçün asiyalıların ekzotisizmi ilə attikistlərin parlaqlığı arasındakı tarazlıq düşüncəsinə malik olmaq lazımdır. Üçüncüsü üçün isə psixologiyanın başa düşülən sağlamlığına malik olunmalıdır. Böyük nitq adətən təbii qabiliyyətin, məntiqin və sağlam liberal təhsilin kombinasiyasından meydana gəlir.

Siseron həm də görkəmli filosof idi. O, Epikurian filosofu Fedrin və larissalı akademik Filonun rəhbərlikləri altında təhsil almış və beləliklə, fəlsəfənin dörd başlıca məktəblərindən üçünə bütünlüklə əsaslanmaq imkanı qazanmışdı. Epikurianizmi o rədd edirdi, baxmayaraq ki, onun dostu Attik bu məktəbin pərəstişkarı olaraq qalırdı.

Siseron özünü akademik (Platonun Akademiyasının məzunu kimi nəzərdə tutulur) adlandırırdı, ancaq başlıca olaraq onun bilik nəzəriyyəsini tətbiq edirdi, onda olan dəqiqliyə üstünlük verirdi. Bu yolla o, özünün əsərlərindəki ziddiyyətlərə haqq qazandırırdı. Etikada o, daha çox doqmatizmə meyl edirdi və ona görə stoiklər ona maraq göstərirdilər. Lakin o, öz nüfuzu üçün stoiklərin arxasında olan Sokrata nəzər yetirirdi. Ömrünün çox hissəsində o, dinə münasibətdə aqnostik olaraq qalmışdı. Lakin 45-ci ildə qızı öləndən sonra dərin dini təcrübəyə malik olmuşdu. O, adətən, yazırdı ki, ateistdir.

(Ardı var)

 

 

Telman ORUCOV

 

 

525-ci qəzet.- 2019.- 12 yanvar.- S.22.