İLK
CÜMHURİYYƏTİMİZ: OLMUŞLAR VƏ
DÜŞÜNCƏLƏR
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə
düşünmüş, bizlərə nəyi vəsiyyət
etmişlər - oxuyaq, düşünək, bu
günümüz üçün fəxr edək!
(Əvvəli
ötən şənbə sayımızda)
İNQİLAB
NƏĞMƏLƏRİ, YAXUD HƏBSXANƏ
ŞEİRLƏRİ
Azərbaycan gəncliyi 28 May İstiqlal Bəyannaməsinin
elan günündən və bilxassə bu istiqlalın
düçar olduğu məşum fasilədən etibarən
hər gün daha ziyadə bir əzim və fədakarlıqla
mücadiləyə girişmişdir.
Digər millətlərdə olduğu kimi, Azərbaycanda
da qanlı istiqlal yoluna girən gənclikdə böyük
bir inqilab ruhu tərbiyə olunur. Bu ruhun nə kimi əlamət
və təzahürata malik olduğunu göstərən vəsiqə
və vaqeələr ara-sıra “Yeni Qafqasiya” səhifələrinə
keçir. Fəqət bu səhifələrdə
səbt edə bildiyimiz “səhifələr” hər halda həqiqi
həyatı təsvir edə bilməkdən çox
uzaqdır. Qanlı “Çeka” idarəsinin
qaranlıq vəhşəti altında cərəyan edən
mücadilə, bütün səfahət və ənənatı
ilə yalnız bu zülmət pərdəsinin əbədiyyən
Azərbaycan üfüqlərindən qaldırılacağı
zaman həqqi ilə təsvir edilə bilir.
Məəmafih cahan tarixində digər misli
görülməyən bir zülüm və vəhşət
idarəsindən, bir fürsətini bularaq, bizə qədər
gələn mütəfərriq (dağınıq) məlumat
dəxi milliyyət və istiqlal naminə cərəyan edən
şanlı mücadilənin nə kimi bir ruh və iman ilə
məşbu olduğunu göstərməkdədir.
Məmləkətdən aldığımız bir məktub
dərununda (içərisində) bizə bəzi şeir
parçaları göndərmiş, dərcini rica etmişlərdir. Məktubun bu şeir
parçalarına təəlluq edən qismində deyilir ki:
“Bugünkü istiqlal mübarizləri bulunan Azəri gəncliyinin
ruhu və həyəcanı haqqında bir fikir verdirə bilmək
ümidi ilə həbslər əsnasında “Çeka”da
bulunduğumuz sıralarda, yazılan bir qaç şeir
parçalarını sizə göndərirəm. Göndərdiyim
parçalar içərisində qəvaidi ədəbiyyə
nöqteyi-nəzərindən pozuqları çox isə də,
məncə bunlar şeir deyil, istila idarəsinə
qarşı hərimi-səmimiyyətdən (möhtərəm)
qopan birər fəryaddan ibarətdir və əsil qiymətləri
də bundadır. Azərbaycanımızın
istiqlaliyyəti uğrunda istilaçı rus bolşeviklərinə
qarşı davam etdirdiyimiz mücadilədən doğan bu ədəbiyyatın
gələcəkdə mükəmməlləşərək
ədəbiyyat tariximizin səhifələrini təzyin edəcəyinə
(bəzəyəcəyinə) heç şübhə edilməsin.
Vaxtilə 15-ci Ludviqə qədər Fransız ədəbiyyatının
bəzəyi olan, Almaniyada alman istixlas cəmiyyəti tərəfindən
fransız istilaçılara qarşı yürüdülən
mücadilədən doğan, Lehistanın (Polşanın)
ruslarla çarpışmasından qopan inqilab ədəbiyyatı,
eyni tarixi saiqlərlə, Azərbaycan ədəbiyyat tarixini də
hissəsiz buraxmazdı...”
İşbu məktuba məlfuf (bükülmüş)
parça içərisində “qəvaidi ədəbiyyə”yə
uyğun olanları da, olmayanları da vardır. Nitəkim ruh
və ifadə etibarı ilə həzm təsiri ifadə edən
növhə ilə bərabər, intiqam atəşi ilə
coşan həmasətnamələr (cəsarətnamələr)
də vardır. Bunlardan bir qaç
parçasını, nümunə olmaq üzərə
aşağıda dərc edirik:
İşdə
məmləkətin əsarət zəncirində əzildiyini
görüb də qəlbi qanayan həssas və lirik bir
şair ki “əllərinin bağlılığından”
şikayətlə “elləri” çağırır:
Ay ellər
Hanı
yaz mövsimi gülüm, çiçəyim,
Tez
düşdü yurduma xəzan ay ellər!
Mən
yaza bilmədim əllərim bağlı,
Yoxmu bir dərdimi
yazan ay ellər!
Təəssür
və təəllümdən (kədərdən) ağlayan
şair “Neylim” deyə dərdini anladır və ağlamaqda
haqlı olduğunu isbat etmək istəyir:
Dedilər
ki cavanlıq göz yaşı sevməz,
Biçarə
gönlümün dərdi var neylim!
Çıxmaq
istərkən turi dildara
Quldurlar əsamı
çaldılar neylim!
Dərdim
çox böyükdür etməyin sual,
İllərcə
yürüdüm, yollarım qumsal,
Buldum
sevgilimi, gəldilər dərhal,
Cananı əlimdən aldılar, neylim.
Qəlbimə
söylədim üsyan et, bağır,
Bulunmayan haqqı imdada çağır.
Baxtım
ki, haqqın da vicdanı ağır,
Bu insanlar kimi ruhu kar neylim.
Barı sən
gəl dedim, dinləyib bir az,
Ey vəfalı qələm, dərdimi gəl yaz.
Gəldi
bir çirkin əl, söylədi: olmaz.
Dinləyənlər
məni kec duyar, neylim!
Söylə
Allah üçün budamı bir haq!
Dərdli
bir qəlb üçün ağlamaq yasaq!
Bu
cansız ölkədə canandan iraq
Hıçqırıqlar
məni boğar, neylim!
“Çüka”nın hökmüran olduğu məmləkətdə
ağlamaq da yasaqdır, yazmaq da. Buraya nəql
etdiyimiz yazıların belə sahibləri kəşf edilirsə
cəzaları mühəqqəq ölüm olmasa da, həbs
və ya sürgündür.
Bakı “Çeka”sındakı məhbuslardan birisi
“Neçün yazmayırsan” sualı ilə kəndisinə
xitab edən məchul digər birisinə cavab olmaq üzərə
“Yazma!” ünvanı ilə bir şeir yazmışdır. O parçayı buraya nəql
edirik:
Yazma!
Görürəm,
qanlı qaranlıqların
Ölümdən
yapdığı qorxunc bir varlıq
Zülmə
baş əydirən alçaqlıqların
Elləri
gömdüyü dərin məzarlıq
Qumlarından öksüz qanları sızar.
Mənliyimi
gömmək üçün məzarçı,
Qazmada
toprağa bir yeni məzar...
Hayqırmaq
istədim: “Məzarçı qazma,
Qazma
yaşayıram, ölməmişəm mən!
Qəlbim,
qanım sıcaqtır səninkindən
Ümidim
böyükdür, gömülməz, qazma!
Kiçikdir
mənimçün aldığın ölçün,
Nafilə
yorulma... göy yerə sığmaz!
Ancaq...
Susdurur səsimi
qaranlıqların
Qan
köpürən öksürüklü nəfəsi...
Çınlatır
afaqi bir bayquş səsi
Acı
çığlığilə bağırır: “Yazma!”
Digər
bir məhbusda “Yazma” şairanə şöylə müqabilədə
bulunur:
Yaz!
Üfüqdə
duyulan bayquşun səsi
Qulaqlar
çınlatar, ruhlar xırpalar
Qaranlığın
qan donduran nəfəsi
Bəzən bizi belə qorxuya salar.
Əvət
söylədiyin alçaq qatillər
Hər yerə soxular, hər yeri gəzər.
Dediyin qan
tökən, insafsız əllər
Yıxar,
yaxar, boğar, yıxdırar, əzər
Bil ki hər
şey yapar, fəqət o şeytan
Bir cənnət
var, orda bir şey yapamaz,
O cənnət
ideal, bəkçisi iman,
İman
olan yerdə şeytan yaşamaz!
Od
oğullarında ulu iman var
İmanla
şənlənən yaşıl baxçalar,
İçinə
şeytanlar ayaq basamaz!
Duymaqçün
baxçada bülbül səsini
Dinlərkən
bayquşun mənhus nəfəsini
Bütün
varlığımla söyləyirəm: Yaz!..
İştə
“Qartal” namlı müstəari (ləqəbi) ilə yazan digər
bir məhbus ki “Qanlı bəşər”ə meydan oxuyur:
Bəsdi,
yandırma məni zülmlə ey qanlı bəşər
Mənə
qəlbimdəki kin atəşi əlbəttə yetər!
Çox
qıcırdatma, saqın leş dağıdan dişlərini!
Çək
də o qan qurumuş kirli olan əllərini,
Çək
dedim, xlrpalama, bəsdi yetər kim bu qədər,
Dağıdıb
parçaladın köksümü alçaq canavar,
Yaramazsan
mənim iman yatağı qəlbimi sən
Bəlkə
mən məhv olaram sarsılmaz vicdanım,
Bunu
hökm edir mənə hörmətli yasam, Quranım!
O
böyük Türk elinin oğlu ölər, yeltənməz!
Çeynənir
kəndisi, vicdanı onun çeynənməz!
Vicdanlarının deyil, vücudlarının çeynəndiyini
tərcih edən bu gənclər şəhid düşən
arqadaşlarına qibtə edirlər. İştə istiqlal yolunda şəhid
düşən arqadaşı “Seymur”a yazdığı mərsiyəni
“Bay” namı müstəzacarı (ləqəbi) ilə imza edən
bir gənc atidəki qitə ilə bitirir:
“Məzarın
başında istiqlal günü
Yapılacaq
azadlığın düyünü
Dilərəm
Tanrıdan mən də o günü
Olaydım yanında həp yatan Seymur!”
Üslub
və ifadələrindən yeni üsul tədris və məktəbin
məhsulu olduqları aşikar olan bu gənclər kimi, əski
klassiq şeir və tərbiyənin təhti-təsirində
bulunan “ixtiyar” məhbuslar da vardır ki, həyəcanlarında
fəlakət arqadaşları gənclərdən heç də
geri deyildirlər. İştə bu mücərrəb
(sınanmış) mücahid tipini göstərən bir əsər:
İllər
ilə “Çeka”da qalsam əgər ar deyil,
“Çeka”
ərbabına yalvarmağa razı deyiləm
Nə qədər
cövrü cəfa etsə də minnətdi mənə
Fikrim
üstə əziləm, gər söyüləm, həm
döyüləm
Zalimin
zülmü nə qədər olsa da mən tab edərəm
Etməsin zənni ki, bir zərrə yolumdan çəkiləm.
Deyiləm
mümki hər əldə oyuncaq olum
Bir qədər sıxmaq ilə sağa-sola mən əyiləm.
Çəligəm
mən, bunu inkar edəməz bir kimsə
Deyiləm şişə ki bir zərbə ilə mən
əziləm.
Aç
gözün, yaxşı tanı ey vətənin cəlladı
Deyiləm
köhnə xarabə ki əlinlə söküləm
Mənim
ol mushafi natiq ki bükülməz vərəqəm
..................................................................
Tanı,
Türk oğlunu, ey qatili millət Bağırov
Olmaram sən kimi, tarixdə daim söyüləm.
İştə
28 May Bəyannaməsində mündəric böyük
istiqlal şüarının qüdsiyyət və ülviyyəti
yolunda amansız ölümə varıncaya qədər hər
türlü işkəncə, iztirab və məhrumiyyətləri
sevə-sevə qəbul edən fədakar mücahidlər ki,
məfkurənin yalnız əziz və müqəddəs
qurbanları olmaqla qalmır, eyni zamanda, böyük cidalın
ədəbiyyatını da yazırlar.
Böylə
fədakar və idealist bir nəsil yetişdirən Azərbaycanın
təkrar müqəddəs istiqlalına
qovuşacağını kim inkar edər?!.
Yaşasın
istiqlalçı Azərbaycan Türk gəncliyi!
Yaşasın
istiqlal!
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 28 May 1927, ¹17
MİLLİ
HARS UĞRUNDA MÜCADİLƏ
Komunist sisteminin Azərbaycan milliyyətpərvərligi
ilə məfkurəvi bir mücadilədə olduğunu
bilirik. Bu
xüsusda şair Hüseyin Cavid Bəyin əsərlərinə
qarşı açılan “mətbuat səfəri” ilə
Qarayevlərlə Axundovların Sovet kürsüsündən
vüqu bulan “nitq bombardmanlarını” keçən nüsxələrimizdə
xəbər vermiş, Bağırovun da maarif və məktəb
cəbhəsində Türk milliyyətçiliyinin mütəcaviz
bir vəziyyətdə olduğundan bəhs sözlərini nəql
etmişdik. Məfkurəvi vasitələrlə
milli demokrasi cərəyanına, istiqlal ruh və davasına
qarşı mücadilədən aciz qaldıqlarını
görən cəlladlar, müəssir ədd etdikləri yeganə
silahlarına müraciət etmiş, münəvvər gəncliyə
qarşı zəcri (məcburi) tədbirlər almağa
başlamışlardır. Yüzlərcə həbslər,
hesabsız nəfylər (sürgünlər), qaranlıq
bodrumlardakı şeytani işkəncələr, iştə
qəlbini milliyyət və istiqlalına qəbt edən Azərbaycan
Türk gəncliyinin Qızıl rus hökumətindən
gördüyü müqabilə!
Fəqət bu müqabilənin
(qarşılaşmanın) yol almış bulunan bu
böyük cərəyanı kəndi məcrasından
döndürməyəcəgi bizcə mühəqqəqdir. Daima zikr
etdiyimiz bu qənaəti qüvvətləndirən yeni vəsiqələr
aldıq. Son günlərdə məmləkətdən
aldığımız pək mühüm məktublarda Azərbaycan
cəmiyyətinin səmimi dərinliklərində cərəyan
edən şanlı mübarizənin çox mühəyyic
(həyacanlı) vaqeələri zikr olunur. Biz bu vaqeələri bütün ənənə və
xüsusiyyətləri ilə qeyd və təsbid etmək
imkanından - məlum səbəblərə görə - məhrumuz.
Vaqeənin vüsuqunu təyid edən şəxs
və məkan zikrində çox kötü davranmaq zərurətində
bulunmamız əlbətdə təqdir olunur. Məəmafih söyləyə biləcəyim vaqeə
belə mübarizənin qiymət və mahiyyəti
haqqında mücməl də olsa bir fikir verə bilir.
Komsomol və pioner təşkilatının bilxassə
Türk gəncləri arasında kafi dərəcədə rəğbət
görmədiyini komunist mətbuatı dəfələrlə
qeyd etmişdir. Eyni zamanda bu mətbuatdan gəncliyin
müxalif cərəyan təsiri altında
qaldığını təyid edən vəqaeyi də
öyrənirik. Məktəblilər arasında müxtəlif
ad və ünvanlar altında gizli gənclik təşkilatı
varmış: Komunist Gənclər Birliyinə qarşı
Türk Gənclər Birliyi. Bu birliklərdə
milli məfkurə tərviç olunuyor. Çeçənlərdə
bu təşkilata mənsubiyyətləri kəsb olunan bir
qaç tələbəni məktəbdən tərd eyləmişlərdir.
Sovet hökuməti duyduğu bu “təhtülərz”
(yer altı, gizli) cərəyana qarşı da həbs, tərd
və “təmizləmə” ilə qarşı qoyur. Məktəbdən
ixrac və “Çeka”ya cəlb olunan gənc bir tələbənin
xilası üçün bir komunistin vəsateti ilə
Ağamalıoğluna, icra heyəti rəisidir müraciət
edildiyi zaman o:
- Bu adam
qatil deyildir ki, əfv edəyim, hırsız deyildir ki,
buraxdırayım. Bir kərə düşününüz,
bu adam Müsavatçıdır.
Müsavatçı nasıl əfv olunur?!.
- deyə cavab vermişdir.
Öylə ya, “bu amansız düşman”ın təsiri
müdhişdir. Çünki ona əfv olunan məfkurə
həyatıdır. Milliyyət duyğusunun gənc
ruhlara təlqin etdigi ilham böyükdür!
İştə
bir misal: Bakı məktəblərindən birində
asılı bulunan divar qəzetəsinə tələbənin
biri bir şeir yazmış. Mövzu gözəl bir qız təsviri:
gözlər mavi, yanaqlar qırmızı, çarşaf
yaşıl. Təsvirdəki rənglər müfəttişə
şübhəli gəlmiş Çocuğa:
- Bu nədir,
yazmışsan, deyə sormuş.
-
Duyğumu yazdım, deyə cavab vermiş.
- Nədən
oraq və çəkic haqqında bir şey yazmırsan?
- Oraq və
çəkic mənə ilham vermir! - demiş.
“Oraq və
çəkic”dən ilham alamayan bir tələbənin Sovet
hesabına təhsil görməsi caiz görülməmiş,
ilhamını milli rənglərdən alan
kiçik şair məktəbdən tərd (azad)
edilmişdir.
Milli hökumət dövründə türkləşmiş
bulunan məktəblərdən çıxan tələbənin
miqdarı getdikcə artır. Yeni yetişən bu
münəvvər kadrosu Darülfünunun türkləşməsi
ilə idarələrin milliləşdirilməsini ciddiyyət
və hərarətlə tələb edirlər. Təkrarla verdikləri vədlərə rəğmən,
bu iki cəhəti ehmal edən Sovet hökuməti kəndisini
gündən-günə köpürən nifrət və
müxalifət qarşısında bulur. Bu
müxalifət ünsürlərini azaltmaq məqsədilə
bolşevik hökuməti milliləşmiş məktəblərdən
bir qismini qapamaq çarəsinə əl atmışdır.
Məsəla Şəkidə bir qız və
bir oğlan məktəbi qapadılmışdır. Gəncədə dəxi bir orta türk məktəbi
bağlanmışdır. Bakıda təsərrüf
məqsədilə birləşdirilən və qapadılan
türk məktəblərindən başqa, yalnız
işçi fakültəsindən 300-dən ziyadə
türk tələbə dışarı
atılmışdır. Bu atılanlardan
bir çoxunun komsomol təşkilatına mənsub
olduqları şayani-diqqətdir. Bunların
komunist olsalar da, türkcə olaraq təhsil görmüş
olduqları və qəzalardan gəldikləri
üçün ruscadan zəif olaraq ruhən də
rusçuluq əleyhində bulunduqları qovulmalarına ən
böyük bir səbəb olmuşdur. Məktəbdən
qovulan bu tələbələr icra etdikləri böyük
bir nümayiş əsnasında maarif komisarını təhqir
eyləmiş, komisar müavininin üzünə
qarşı:
- Siz,
rusçuluq siyasətinin ajanlarısınız. Bizi
ruslaşdırmaq istiyorsunuz! - deyə
hayqırmışlar, kəndisini təhdid etmişlərdir.
“Təmizləmə” yalnız tələbə
arasında deyildir. “Milli təhlükə”nin
önünə keçmək üçün şimdi
meydana yeni bir şüar atılmışdır:
- Komunist
olmayan müəllim olamaz!
Bu şüarı həyata tətbiq etmək üzrə
müəllimləri “saf-çürük” edirlər. Azərbaycanın
məşhur şairi Hüseyin Cavid Bəy, Mirzoyanın məruf
bəyanatına rəğmən, müəllimlik səlahiyyətindən
nəz (məhrum) edilmişdir. Digər
şair Ə.Cavad Bəy də bir çox yerdə müəllim
ikən, şimdi yalnız bir məktəbdə tədris edir.
Məsləklərində məruf qədəmli
bir çox türk müəllimlərinin də hərbiyə
məktəbində dərs vermələri mən
olunmuşdur.
Azərbaycan maarif komisarlığı Macar
professorlarından Julies Meszaros ilə türk
Köprülüzadə Fuad və sair professorlarla Azərbaycanda
dərs vermələri üçün müqavilə
bağlamışdı. Bu müqavilələr şimdi ləğv
olunmuşdur. “Zarya Vostoka” qəzetəsində
görüldüyünə nəzərən, bolşevik rəislərindən
Orconikidze “Müsavat” firqəsi yaşıyormu, Azərbaycanda
milliyyəçiliklə nasıl mübarizə etməlidir?”
mövzuları üzərinə söylədiyi nitqində əz-cümlə
bu məsələyə yanaşaraq, “bütün müəllimləri
milliyyətçi olan Azərbaycanda bu professorların verəcəyi
dərs milli ruhu daha ziyadə təqviyə edər”
demişdir.
Azərbaycan Ali Pedağoji İnstitutu sırf türkcə
dərs verilən bir məktəb idi. Şimdi bu məktəbin
istiqlalı ilğa olunaraq, rus professorlarının təhdi
idarəsində olan Darülfünuna bir şöbə
olmuşdur. Bittəbii dərslərin qismi
külliyyəsi də rusca verilməyə
başlanmışdır. Əz cümlə,
Türkiyədən dəvət olunaraq gətirilən
müq-dədir müəllimlərdən Xəlil Fikrət Bəyin
Berlin əzimətindən bil-istifadə bir daha geri gəlməsinə
müsaidə edilməmişdir. Zatən
Fikrətin Azərbaycandan tərdi (çıxarılması)
üçün Moskva nəzdində qaç dəfə təşəbbüs
edilmişdi. Şovinist rus professorlarının müraciətlərini
nəzərə alan Moskva yalnız Xəlil
Fikrət Bəyi Azərbaycandan təbidlə
(uzaqlaşdırma) ilə qalmamız, onun türkcə olaraq tədris
etdiyi psixoloji və bədiiyyat dərslərini də rus
professorlarına vermişdir.
Komunist məfkurəçilərinin, Cavid-Cavad-Cabbar səpayəsi
(üçlüyü) üzərində duran bugünkü
Azərbaycan ədəbiyyatının əleyhində
olduqlarını bilirdik. Məgərsə “proletar ədəbiyyatı”nın təsisinə bir türlü müvəffəq
olmayan bu zuppələr (zövzələr -
çıxır-bağır salanlar) yalnız bir
növünün deyil, ələlitlaq (bütün) milli ədəbiyyatın
əleyhinədirlər. Azərbaycan Pedaqoji İnstitutunda
mövcud xüsusi Lisan və Ədəbiyyat Fakültəsinin
ilğası (ləğv edilməsi) üzərinə kəndisinə
müraciət edən tələbəyə Maarif Komisar
müavini və Pedaqoji İnstitutu müdiri Məhəmməd
Cəlil:
- Bizə
ədəbiyyat lazım deyil, mövcudundan bizar ikən yeni
milli ədəbiyyatını yetişdirəcəyiz? Yola gəlməzsiniz, institutu tamamilə qaparız -
demişdir.
Bütün
bu vaqeələrə Ruhullah Axundovun Maarif
Komisarlığına təyin olunduğu xəbərini əlavə edərsək,
Türk hars və ürfanının bolşevikləri bi-həqqin
əndişəyə düşürən milliyyət ruh və
cərəyanının qüvvətlənməsinə
qarşı Azərbaycanda ciddi bir mücadilə cəbhəsi
açıldığına hökm etməliyiz.
Axundov
“milli harsı” inkar edən bir müfrit (ifratçı),
milliyyətçiliyə qarşı Draqon qanunlarının
tətbiqini tələb edən bir qəddar və rus
istilasına təhəmmül göstərəməyən
mücahidlərə qarşı “amansız hücum” tələb
edən bir xinxar (zalım)dır.
Mustafa Quliyevin böylə bir zatla təbdili (dəyişdirilməsi),
Türk hars və ürfanına (adət və ənənəsinə)
qarşı bir reaksiyonu, milli ruh və cərəyanı əleyhində
tətbiqi düşünülmüş yeni bir planı
göstərir.
Azərbaycan
istiqlalının müstövlülərin
(işğalçıları) kirli çizmələri
altına düşdüyü bu məsum gündə intiqam
hissi ilə təcdidi-əhd edərkən, Türk
harsının düçar olduğu təcavüz və
türk ruhunun məruz qaldığı təərrüzü
dəf üçün enerjilərimizi birə on
artıralım, atəşin və müqəddəs bir həmlə
ilə mücəhhəz Azəri Türk gəncliyinin bu kibi
tədbirlərlə doğru yolundan
şaşmayacağını göstərəlim,
düşmənləri məyus, dostları şad edəlim!
Yaşasın
Azərbaycanın atəşli gəncliyi! Yaşasın
istiqlal!
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 1 şubat (fevral) 1926, ¹15
ƏSARƏT
FƏLSƏFƏSİ AZƏRBAYCAN
KOMUNİSTLƏRİNİN RUHİYYATI
Keçəndə
27 nisan münasibətilə intişar edən
bir məqalədə, rəsmi statistik rəqəmlərinə
istinadən, Azərbaycan Komunist Firqəsi deyilən təşkilatda
Türk ünsürünün ancaq 100-də 20 nisbətində
olduğunu göstərmişdik. Halbuki rus
ünsürü 100-də 60-70 nisbətini ehraz etməkdədir.
O gündən bu günə qədər firqə kadroları
şübhəsiz dəgişmişdir. Fəqət
ədədcə çoxalan əzanın mənsub
olduqları milliyyət nisbəti qeyd etdigimiz müadiləyi
(miqdar fərqini) hala dəgişdirməmişdir.
Məsələnin gərək bu cəhəti, gərək
Azərbaycan Komunist Firqəsi ilə Rusiya Komunist Firqəsi
arasındakı təşəkkül münasibətləri
məlumunuzdur.
Biliyoruz ki, Azərbaycan Komunist Firqəsi
namını daşıyan müəssisə III
İnternasyonala daxil digər milli komunist firqələrindəki
istiqlala malik degildir. O, III İnternasyonala bilavasitə
deyil, bilavasitə girər Rusiya firqəsi tərəfindən
təmsil olunur.
27 nisan xəyanətini işləyən bu firqənin
hankı hüquqi əsaslarla nə kibi insani mülzəməsindən
mürəkkəb olduğunu bilməklə bərabər
buradakı Türk əqəliyyətin nə kibi bir ruh və
fəlsəfə ilə mütəhəssis olduğunu da tədqiq
etmək faydasız degildir.
Kəndi məmləkətlərinin yabancılar tərəfindən
istilasına təhəmmül edən (dözən), əsarət
və istilayı, hürriyyət və istiqlal şəklində
göstərmək zillətinə qatlanan bu zatlar əcaba
hankı məfkurəyi daşıyor, hankı haləti-ruhiyyənin
məhsulu bulunuyorlar? Daha doğrusu mühərrik bulunduqları
hassis (şəxsi) mənfəətləri nə surətlə
təvil (izah) ediyorlar?
Bu suala
cavab vermək üçün, biz, nisbətən namuslu
olduğu qəbul edilə biləcək Nəriman Nərimanovu
alalım: 27 nisan xəyanətinin mütəvəffa
(mərhum) Nərimanov namı ilə icra edildigi məlumdur. Azərbaycan komunistləri tərəfindən
mürşid və lider sifətilə tanındığı
da onun bu mövzu üçün ən müvafiq bir tədqiq
və təhlil tipi olduğunu təmin edər.
Nərimanovun
tərcümeyi-halını yazan komunist bir müəllif “Rus
kültürü və rus mühərrirlərinin təhti-təsirində
qalan Nərimanın rus çarizmi ilə mücadilə etdigi
halda, daima rus harsı ilə fikri cərəyanlarına sadiq
qalaraq siyasi sahədə dəxi “daima Rusiyaya mütəvəccih
olduğunu” lisani-təqdirlə yad edər”.*
Daima gözü Rusiyada bulunan Nəriman bittəbii, milli
istiqlal fikirlərindən uzaqdaydı. O, “Müsavat” firqəsinin milli
istiqlal və federasyon nəzəriyyələrini bir
dürlü həzm edəməz, bunları “axmaq şüar”
deyə rədd edərdi. “Hankı şüarlarla Qafqasiyaya
gediyoruz?” ünvanı ilə Moskvada nəşr etdigi bir məqalədə
Azərbaycan milliyyətçilərini Türkiyə
haqqında bəslədikləri hissiyyatı təhsil (öyrənmək)
ilə “Osmanlı türklərinə güvənən
“Müsavat”çılar, Rusiyanın inhilal və həlakinə
inandılar və hər millətin kəndi müqəddəratını
düşündügünü görərək onlar da kəndilərinə
bir şey tasarlamaya başladılar” - deyə yazıyordu.*
Nərimanca milliyyət naminə meydana çıxan
“Müsavat” firqəsi “Qafqasiya müsəlmanlarını
federasyon kibi bir taqım axmaq şüarlarla ovutmuş,
onları türk imperyalizminin çəkmələri
altında çeynətmişdir”.*
Qafqasiyanın müqəddəratını rusluq camiəsi
xaricində təsəvvür edəməyən Nəriman qədər
Türkiyənin Qafqasiyadakı nüfuzuna qarşı
açıq vəziyyət almış 2-ci bir azərbaycanlı
yoxdur. Azərbaycan
hökumətinin rəisi Yusifbəyli Nəsib Bəy naminə
yazdığı məktubun bir yerində Nəriman atidəki
sətrləri yazmışdır:
“Mən daima Türkləri Qafqasiyaya dəvət edənlərin
şiddətlə əleyhində bulundum. Bakı bələdiyyəsi
ictima salonunda söylədigim son nitqdə buna aid idi”.
Bu nitq Bakının milli Azərbaycan qüvvətlərilə
Azərbaycan həlasına (vəziyyətinə) yardım
üçün gələn qəhrəman Türk ordusu tərəfindən
mühasirə edildigi günlərdə söylənmişdi. Nəriman bu nitqində
türklüyü çəkişdirmiş, Türkiyəyi
istiqbala hazırlaşan Azərilərin pək böyük
bir xəta işlətdiklərini, Rusiya əmələsindən
qorxmaq lazım gəldigini bakılılara anlatmış,
sonra da solluğu Rusiyada almış səlaməti “ana vətənə”
ilticada bulunmuşdu.
Bitərəf
qarelərcə Qafqasiyanın istiqlalını müdafiə
edən bir adam üçün “Türkiyəyi
dəvət” əleyhində bulunmaq təbiidir, deyə Nəriman
təbriə edilə (başa düşülə) bilir. Fəqət Nəriman ilə bir Qafqasiya
istiqlalçısı arasındakı fərq
böyükdür. O, Qafqasiyaçı degil,
rusçudur, Türkiyə əleyhində ikən
Qafqasiyayı Rusiyadan ayrı təsəvvür edəmiyor. Hələ Azərbaycanın Rusiyadan
ayrılmasına mütəvəcceh hərəkətləri
əfvi qəbul edilməz bir günah kibi tələqqi ediyor.
Nəsib Bəyə yazdığı məktubunda
“Rusiyanın canının Bakı petrol ocaqlarında
olduğuna” işarət edən Nəriman Gürcüstan, Ermənistan
mühərrirlərinin xətasını əfv etsə də,
Rusiya əmələsi “Müsəlman ziyalılarının
işlədigi cinayəti qətiyyən əfv edəməz”
diyor, “Qızıl ordusu möcüzələr xəlq edən
bir millət və dövlətin həyatı ilə oynamaq
caiz olmaz” cümləsi ilə də bu “mərhəmətsizlik”ə
kəndisincə haq veriyor. Nəhayət
hökumət rəisini istiğfari-zünub (günahların
bağışlanması) ilə böyük Rusiyadan əfv
diləməyə dəvət ediyor. Yalnız
şu surətlədir ki, “rus əmələsinə
qarşı işlədiginiz günahın kəffarəsi
verilir” yoxsa “müsəlman xalqını çox böyük
fəlakətlər bəkliyor” deyə kəndi xalqını
rus məzalim və vəhşətilə təhdid ediyor”.*
Bu iqtibaslardan görünüyor ki, Nərimanov ilə
arqadaşları Türklügü atıyor, Azərbaycan
istiqlalını fəda ediyorlarsa, bunu insaniyyət, bəşəriyyət
və böyük ixtilal naminə degil, “Rusiya əmələsinə
qarşı günah işləməmək” üçün
icra ediyor. “Qızıl Ordusu möcüzələr xəlq edən
böyük millət və dövlətdən” qorxduqları
üçün ya-pıyorlar. Mühakimələrindəki
amil, ələlitlaq, “proletariat” degil, “rus
proletariatı”dır.
Azərbaycan Komunist Firqəsinin 100-dən 25-ni təşkil
edən türklərin münəvvər keçinən
qismi, işbu kibi qorxulardan və yaxud “qorxaqlıq” pərdəsi
altında gizlənən satılıq vicdanlardan ibarətdir.
27 nisan intiqamını almaq qayəsi ilə
istiqlal cidalının şanlı meydanına atılan gənclik
hər şeydən əvvəl hazırkı nəsli, Nərimanların
düçar olduğu bu fikir əsarətindən
qurtarmağa baxmalı, rusluğu idealizə degil, ona
qarşı qoyacaq bir hars və mədəniyyətlə silahlanmalıdır.
Yalnız çarizm və yalnız komunizmlə
degil, bütün rusluqla mücadilə etməlidir.
Komunist olub da əmələ qayəsini
daşımaq bir qəbahət degildir. Bu bir fikirdir. Fikrə
ehtiram edəriz. Fəqət ələlitlaq
yerli əmələyə degil, rus əmələsinə də
tapanlar bizcə möhtərəm olamazlar. Rus əmələsini
idealizə edən qızıl bir Türk komunisti ilə Rus
çarını idealizə edən “Ağ
padşahçı” bir Türk bəyi arasında, bizcə
bir fərq yoxdur. Mütəxasim (düşmənçilik
edən) 2 cəbhədə durmalarına rəğmən,
bunların yapısı eyni xəmirdən yoğrulmuşdur.
İkisi də rusçudur. İkisinin
də fəlsəfəsi əsarət fəlsəfəsidir.
İkisi də quldur! Bəyaz qul ilə qırmızı qul!...
Azəri
(M.Ə.Rəsulzadə)
“Yeni
Qafqasiya”, 27 nisan 1926, ¹12
(Ardı var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.20-21.