Yazılı abidələrimizin yorulmaz tədqiqatçısı
DƏYƏRLİ
ALİM, FƏDAKAR ƏLYAZMAÇI PAŞA ƏLİOĞLU
60 YAŞINDA
Ədəbiyyat
tariximizin, ümumiyyətlə, tariximizin tanınmış tədqiqatçısı,
yazılı abidələrimizin yorulmaz
araşdırıcısı, ədəbiyyatşünas, əlyazmaçı
alim, filologiya elmləri doktoru Paşa Əlioğlu (Paşa
Əli oğlu Kərimov) Bakı Dövlət Universitetinin
filologiya fakültəsində təhsilini bitirdikdən sonra
1982-ci ilin fevralından bu günə qədər, 37 ildir ki,
yalnız bir yerdə - AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunda çalışır.
Onu bu mənəvi sərvət xəzinəmizə
yazılı abidələrimizə böyük maraq və məhəbbət
gətirmişdi. Onun Əlyazmalar İnstitutundakı ilk
araşdırma işi Cəfər Cabbarlının şəxsi
arxivi ilə bağlı oldu. Görkəmli dramaturqu
istedadlı bir ədəbiyyat tədqiqatçısı kimi
təqdim etməyə imkan verən, əlyazma halında olan
“Dramanın əsasları”, “İslamiyyətdən sonrakı
fars ədəbiyyatı” və digər məqalələrini
ictimaiyyətə təqdim etdi, ədibin
yaradıcılığının naməlum tərəfləri
barədə məqalə yazdı. Bundan sonra
elmi fəaliyyətini orta əsrlər türkdilli əlyazmalarının
tədqiqatçısı kimi davam etdirdi. Qeyd edim ki, Paşa Əlioğlu
yaradıcılığa şeir yazmaqla
başlamışdır, mətbuatda bir çox şeirləri,
dünya ədəbiyyatından tərcümələri nəşr
edilmişdir. O, 1998-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. Paşa
Əlioğlu atası - qüdrətli şairimiz Əli Kərimin
əsərlərinin bütün əsas nəşrlərinin,
ikicildliklərinin tərtibçisidir. Fikrimcə,
yalnız elə buna görə onun ədəbiyyat tariximizdəki
əhəmiyyətli xidmətlərindən danışmaq
olar.
Paşa Əlioğlunun elmi maraqları çox
genişdir. Onun ədəbiyyat tariximizin bütün dövrlərinə
dair maraqlı tapıntıları, elmi məqalələri
vardır. 20-dən çox kitab, 200-ə
qədər elmi məqalə müəllifidir, dünyanın
müxtəlif elmi dərgilərində əsərləri ilə
çıxış edib, müxtəlif şəhərlərdə
keçirilən beynəlxalq konfransların
iştirakçısı olub. Alim mətbuatda,
elmi ictimaiyyət qarşısındakı
çıxışlarında tez-tez təkrar edir ki,
bütün çətinliklərinə baxmayaraq, müstəqilliyin
bizə verdiyi imkanlardan istifadə etmək, dünya kitabxanalarında
saxlanan əlyazmalarımızın surətlərini ölkəmizə
gətirmək, tədqiqata cəlb etmək lazımdır.
Bu, qarşımızda duran ən böyük vəzifələrdən
biridir. O, dediklərinə əlavə edir ki, əvvəlki
nəslin nümayəndələrinin əlində bizim istifadə
etdiyimiz əsərlərin olmaması onların zəifliyi
deyil, bizim xoşbəxtliyimizdir. Paşa müəllimin tədqiqatlarında,
ümumiyyətlə, elmi maraqlarında bir cəhəti
xüsusi olaraq qeyd etmək istərdim: O, Azərbaycan ədədbiyyatını
tədqiq edərkən hər hansı bir faktı Şərq
və Avropa xalqları ədəbiyyatı nümunələri
ilə müqayisə etməyə önəm verir. Dünya ədəbiyyatına yaxşı bələd
olması, geniş bilik dairəsi buna imkan verir. Bu məsələdə mən onu görkəmli ədəbiyyatşünas
Araz Dadaşzadə ilə müqayisə edərdim. Tədqiqatçının
1987-ci ildə “Ulduz” jurnalında çap etdirdiyi “Kafkanın qəsri”
məqaləsini, müxtəlif mətbuat orqanlarında Avropa,
yapon ədəbiyyatına dair nəşr etdirdiyi məqalələrini,
dünya ədəbiyyatından çoxsaylı tərcümələrini
(o cümlədən, Kamal Tahirin “Yorgun savaşçı”
romanı, Orxan Pamukun “Gizli üz” ssenarisi) fikrimi sübut
üçün örnək gətirə bilərəm.
Vaxtı
ilə, akademik Həmid Araslı həyatının son
dövrlərində Əlyazmalar İnstitutunun Türkdilli
Əlyazmalar tədqiqi şöbəsinin müdiri vəzifəsində
çalışan zaman əlyazmaların
araşdırılması sahəsində ondan çox
şeylər öyrənmiş Paşa Əlioğlu
ömrü boyu Həmid müəllimin qarşısına
qoyduğu ən vacib məsələlərin həlli
işində onun davamçısı olmuşdur. Paşa Əlioğlu da Həmid müəllim kimi əldə
olan bütün vasitələrdən istifadə edərək
ədəbiyyat tariximizin bütün dövrlərindəki mənzərəsini
bərpa etməyə çalışır. Bu istiqamətdə hələ çox işlər
görülməli, axtarışlar aparılmalı,
fundamental tədqiqatlar yazılmalıdır.
Yazılı abidələrimizin, əlyazmalarımızın
surətləri dünya kitabxanalarından, əlyazma xəzinələrindən
gətirilməli (bir sıra obyektiv və subyektiv səbəblərdən
bu, indi də
müəyyən çətinliklərlə
bağlıdır), araşdırılmalı,
ayrı-ayrı yeni aşkar edilmiş şəxsiyyətlərin
və əsərlərin ədəbiyyat tariximizdəki,
mövqeyi müəyyən edilməlidir. Xüsusi olaraq qeyd
etmək istərdim ki, Əlyazmalar İnstitutunda 12 min əlyazma,
əski çap kitabları və sənədləri nəzərə
almaqla - cəmi 40 min material var. Dünya kitabxanalarında isə
əsərlərimizin sayı bundan bəlkə yüz dəfə
çoxdur. Paşa müəllimin elmi toplantılarda təkrar-təkrar
dediyi bir fikirlə razılaşmamaq olmur: Yeni-yeni abidələri
alınaraq, tədqiqata cəlb edildikcə ədəbiyyat
tariximizi vaxtaşırı yenidən yazmaq zərurəti
qarşıya çıxır.
Akademik Həmid
Araslı əlində olan bütün imkanlardan, əlyazma
nüsxələrindən, müxtəlif təzkirələrdəki
məlumatlardan istifadə edərək 1956-cı ildə
“XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi”
adlı monoqrafiya yazıb çap etdirmiş, ilk dəfə
bu iki əsrin ədəbiyyat tarixini bir monoqrafiyada əhatə
etmiş, dövrün ədəbiyyatı, onun əsas
inkişaf təmayülləri barədə fikir söyləmişdir.
Akademikin dərin erudisiyası, elmi təfəkkürü
əldə olan məhdud sayda mənbələrdən
çıxış edərək belə bir əsəri
ortaya qoymağa imkan vermişdi.
Müəyyən vaxt keçdi və istedadlı tədqiqatçı
Araz Dadaşzadə yeni mənbələrdən istifadə edərək
XVIII əsr ədəbiyyatımız barədə daha ətraflı
fikir söyləmək imkanı olduğunu dərk etdi, 1980-ci
ildə 227 səhifədən ibarət “XVIII əsr Azərbaycan
lirikası” adlı monoqrafiya çap etdirdi, bu mövzuda
doktorluq dissertasiyası müdafiə etdi. Müəllif əvvəlki
dövrün araşdırmalarına, Salman Mümtazın,
xüsusilə də Həmid Araslının qənaətlərinə,
bir sıra yeni mənbələrə əsaslanaraq XVIII əsr
ədəbiyyatımızı yeni dövrün tələb və
imkanlarından çıxış etməklə
araşdıra bilmişdi, xüsusilə də dövrün
poetik nümunələrinin mövzu dairəsində, janr
iyerarxiyasında baş verən dəyişikliklər barədə
ciddi elmi fikir söyləmişdi. XVII əsr Azərbaycan
ədəbiyyatı barədə monoqrafiya yazmağı
qarşısına məqsəd qoymuş Paşa
Əlioğlu bir neçə baxımlardan daha çətin
vəziyyətdə idi. Əgər XVIII əsrə
dair ədəbiyyat nümunələrimizin əksəriyyəti
ölkəmizdə, Əlyazmalar İnstitutunda
saxlanılırsa, Səfəvilərin hakimiyyəti
dövrü olan XVII əsr ədəbiyyatımıza dair ədəbi
qaynaqlarımız dünyanın müxtəlif
kitabxanalarında, əlyazma xəzinələrində
mühafizə edilməkdədir. Əksər
kitabxanaların qaneedici kataloqunun olmaması vəziyyəti
daha da çətinləşdirir. Əvvəlcə
XVII əsr ədəbiyyatımıza dair yazılı mənbələrin
surətlərini əldə edərək toplamaq, onların hər
birini ayrı-ayrılıqda araşdırmaq lazım idi.
Qeyd etdiyimiz kimi, akademik Həmid Araslının
dövrünün ədəbiyyat tarixçiliyində
mühüm rol oynamış “XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı
tarixi” monoqrafiyası artıq günümüzün, müstəqillik
illərinin tələblərinə cavab vermirdi. Paşa Əlioğlunun 1991-ci ildə müdafiə
etdiyi namizədlik dissertasiyası “Əlican Qövsi Təbrizi
“Divan”ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni”
adlanır. Əgər H.Araslı Qövsinin
divanının iki əlyazması əsasında 1958-ci ildə
onun 145 səhifəlik şeirlər toplusunu oxuculara təqdim
etmişdisə, Paşa müəllim şairin
divanının London, Tiflis, Bakı, İstanbul nüsxələri
əsasında əsərin elmi-tənqidi mətnini ərəb
əlifbasıyla tərtib etmiş, 150 səhifəlik tədqiqat
işinə 800 səhifəlik mətn əlavə edərək
kitab halında nəşr etdirmişdir. Tədqiqatçı
2005 və 2012-ci illərdə Qövsi divanının Təbriz,
Tehran və Məşhəd nüsxələrindən də
istifadə edərək onun 4700 beytdən ibarət anadilli
divanının tam mətnini müasir əlifbada nəşr
etdirmişdir. Məlum olduğu kimi, XVII əsr
anadilli poeziyamız Qovsi Təbrizi ilə məhdudlaşmır.
P.Əlioğlu 2008-ci ildə tərtib edərək geniş
ön sözlə nəşr etdirdiyi (M.Hüseyni ilə)
“XVII əsr Azərbaycan lirikası” antologiyasında şeir
topluları dünyanın müxtəlif kitabxanalarında
saxlanan, Səfəvilərin hakimiyyəti dövründə,
XVII yüzillikdə yaşamış Sadiq bəy
Əfşar, Rəhməti Təbrizi, Şah Abbas Kəbir,
Şah Abbas Sani, Mürtəzaqulu xan Zəfər, Tərzi
Əfşar, Saib Təbrizi, Vəhid Qəzvini, Vali Qəzvini,
Vali, Hacı Abbas bəy Kəsvəti, Müsahib Gəncəvi,
Məczub Təbrizi, Qövsi, Mövci Əhəri, Mirzə
Saleh Təbrizi, Məlik bəy Avcı, Vaiz Qəzvini, Səfiqulu
bəy Səfi, Mürtəzaqulu Sultan Şamlu, Təsir Təbrizi,
Şükri və bir sıra başqalarının anadilli
şeirləri barələrində qısa məlumat təqdim
edilmişdir. Qeyd edək ki, tədqiqatçı
bunlardan başqa, Kəsbi Ərəşi, Şüğli və
Rövnəqi adlı həmin dövrdə yaşamış
şirvanlı şairlərin əsərlərini də
Əlyazmalar İnstitutundakı qaynaqlardan taparaq tədqiqatlarında
istifadə etmişdir.
2012-ci ildə
“XVII əsr anadilli Azərbaycan lirikası” mövzusunda
doktorluq dissertasiyası müdafiə edənə qədər
P.Əlioğlu Qövsidən başqa Mürtəzaqulu xan Zəfər,
Vəhid Qəzvini, Sadiq bəy Əfşar və Təsir Təbrizinin,
müdafiə etdikdən sonra Məczub Təbrizinin (M.Məhəmmədi
ilə) anadilli divanlarını geniş ön sözlə nəşr
etdirdi. Faktiki materialın zənginliyi
özünü elmi işin keyfiyyətində göstərməkdədir.
Dissertasiyanı yazarkən tədqiqatçının gəldiyi
əsas qənaətlər onun “XVII əsr anadilli Azərbaycan
lirikası” və “XVII əsr anadilli Azərbaycan poeziyası”
adlı monoqrafiyalarında əksini tapmışdır.
Paşa Əlioğlu Səfəvilərin 235 illik hakimiyyəti
dövrünün (1501-1736) ikinci əsrində inkişaf edən
anadilli Azərbaycan ədəbiyyatının yayılma
coğrafiyası, bu dövrdə Azərbaycan türkcəsinin
Səfəvilər sarayında və yüksək dairələrdə
mövqeyi, ədəbiyyatın, poeziyanın ən səciyyəvi xüsusiyyətləri, mövzu
dairəsinin genişliyi, xüsusilə bu zaman vətənpərvərlik,
tarixi mövzularda əsərlər yazılması, ənənə
və yenilikçiliyin münasibəti, şifahi xalq
poeziyası, Nəvai və Füzuli
yaradıcılığı ilə əlaqə, Azərbaycan-özbək, Azərbaycan-Türkiyə ədəbi
əlaqələri, “hind üslubu”nda yazılan anadilli şeir
nümunələri, poeziyanın janr və forma xüsusiyyətləri,
bədii ifadə vasitələri, dil və üslub
xüsusiyyətləri və s. barədə yeni elmi fikir
söyləyə bilmiş, bununla da ədəbiyyat tariximizə
dəyərli töhfə vermişdir. Onun Səfəvilərin
hakimiyyətinin birinci əsrində - XVI yüzillikdə
yaşamış Yusif bəy Ustaclunun divanının surətini
Londonun Britaniya muzeyindən əldə edərək 2012-ci ildə
əsəri geniş ön sözlə çap etdirməsi
dövrün poeziyasının bəzi məsələlərini
işıqlandırmağa kömək edir. Alim Yusif bəy
Ustaclunun, bəzi başqa şairlərin əsərlərinə
istinadən göstərir ki, XVI əsrin ortalarında anadilli ədəbiyyatımızda
böyük nüfuz sahibi olan özbək şairi
Əlişir Nəvai təsirinə Füzuli təsiri əlavə
olunur, zaman keçdikcə Füzuli təsiri Nəvai təsirini
üstələməyə başlayır. Əgər
XVI əsrdə Füzuli kimi dahi bir şairimiz meydana
çıxmasaydı, XVI-XVII əsrlərdə ədəbiyyatımızda
Nəvai təsiri və bunun nəticəsi kimi ədəbi
dilimizdə cığatay (orta əsrlər özbək ədəbi
dili) elementləri daha çox olardı. Alimin 2013-cü
ildə çap etdirdiyi “Sadiq bəy Sadiqinin türkdilli
yaradıcılığı” adlı monoqrafiyası o cəhəti
ilə diqqəti cəlb edir ki, burada görkəmli şair, rəssam,
alim və xəttatın türkdilli
yaradıcılığı Azərbaycan, cığatay və
osmanlı dillərində yazdığı şeir və məktubları
dünya kitabxanalarındakı əlyazmalardan
götürülərək təqdim edilmiş, hərtərəfli
araşdırılaraq Sadiq bəyin ədəbiyyat tariximizdəki
mövqeyi barədə fikir söylənmişdir. Təbii ki, şairin əsərləri ortada olmadan,
onlar ətraflı araşdırılmadan bu mövzuda
danışmaq mümkün olmazdı.
Filologiya elmləri doktoru Paşa Əlioğlunun elmi
yaradıcılığı yalnız Səfəvilər dövrü
ədəbiyyatımızın tədqiqi ilə məhdudlaşmır. O, 1988-ci ildə XIX əsrdə
yaşamış görkəmli satirik şair Mirzə
İsmayıl Qasirin (T.Nurəliyeva ilə), 2018-ci ildə digər
XIX əsr şairi Mirzə Baxış Nadimin (R.Kərimovla)
şeirlər toplusunu ilk dəfə nəşr etdirmişdir.
Nəcəfqulu bəy Şeydanın
“Gülşəni-maarif” təzkirəsində istər təzkirəçiliyimiz,
istərsə də XIX-XX əsrlər ədəbiyyat tariximiz
barədə maraqlı məlumatlar vardır. Paşa Əlioğlu 2014-cü ildə həmin əsəri
geniş ön sözlə müasir əlifbada nəşr
etdirmişdir.
Paşa Əlioğlu uzun illərdir ki, elmi-təşkilati
fəaliyyətlə məşğuldur. Əlyazmalar
İnstitutunun elmi katibi, elmi işlər üzrə direktor
müavini olmuş, iki ildən artiq bir müddətdə
direktor vəzifəsini icra etmişdir. Hazırda
direktor müavinidir. O, dünyanın müxtəlif
şəhərlərində keçirilən elmi tədbir və
konfranslarında iştirak etmiş, 2011-ci ilin noyabr-dekabr
aylarında İtaliyanın paytaxtı Romada və Vatikanda
keçirilən Azərbaycan mədəniyyəti günlərində
Mehriban xanım Əliyevanın başçılıq etdiyi
nümayəndə heyətinin tərkibində ölkəmizi
təmsil etmişdir. 2012-ci ildə Türk Ədəbiyyatı
Vəqfinin təsis etdiyi “Türk ədəbiyyatına xidmət
baratı”na layiq görülmüş, Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı
ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə
görə “Tərəqqi” medalı ilə təltif
olunmuşdur. 2017-ci il mart ayının
birində baş tutmuş İqtisadi Əməkdaşlıq
Təşkilatının 13-cü sammitində P.Əlioğlu
bu təşkilatın “Elm və texnologiya” nominasiyası
üzrə mükafatına layiq görülmüşdür.
Qeyd etdiyimiz kimi, Paşa müəllim elmi fəaliyyətlə
məşğul olduğu illər ərzində
çalışdığı müəssisəyə
qarşı sədaqəti ilə də bir nümunə
olmuşdur.
O, 1982-ci ildən bu günə qədər işlədiyi
Əlyazmalar İnstitutunu heç bir zaman tərk etməmişdir,
ilk günlərdən
qarşısına qoyduğu elmi vəzifələri səbr və
təmkinlə yerinə yetirməkdədir. P.Əlioğlunun
ən böyük arzularından biri bütün dünyada
saxlanan Azərbaycan əlyazmalarının surətlərinin
toplanaraq ölkəmizdə yaradılacaq mərkəzdə
yerləşdirilməsindən ibarətdir (Misir və Birləşmiş
Ərəb Əmirliklərində ərəb əlyazmalarının
surətlərinin toplanması artıq həyata
keçirilmişdir). O, bu fikirdədir ki, XXI əsrdə
alim-mütəxəssislərimiz dövlətin yardımı
ilə bu vəzifənin öhdəsindən gəlməlidirlər. Bu, bütün dünya azərbaycanşünaslarını
bir yerdə - Bakıda toplamağa imkan verərdi.
Onu da qeyd etmək istərdim ki, hazırda Paşa
Əlioğlunun başçılıq etdiyi Əlyazmalar
İnstitutunun Multidissiplinar əlyazma və çap
kitabları şöbəsində elm tariximizə, orta əsrlər
elminin müxtəlif sahələrinə dair əlyazmalar
araşdırılmaqdadır. Son zamanlar şöbədə
onun rəhbərliyi və elmi redaktorluğu ilə çap
edilmiş, Əlyazmalar İnstitutunda saxlanan tibbə dair əlyazmalar
kataloqu və Tarixə dair türkdilli əlyazmalar kataloqu elmi
ictimaiyyətin böyük marağına səbəb
olmuşdur. P.Əlioğlu dünyanın
müxtəlif kitabxanalarından, əlyazma xəzinələrindən
tariximizə, elm, ədəbiyyat, mədəniyyət, dil
tariximizə dair onlarla, yüzlərlə əlyazmanın surətlərinin
ölkəmizə gətirərək onların müəyyən
hissəsini tədqiqata cəlb etmişdr. Onun
mətbuat səhifələrində, radio və televiziya kanallarında
çıxış edərək yazılı abidələrimizi,
qədim tarix və mədəniyyətimizi yorulmadan təbliğ
etməsi həqiqətən təqdirəlayiqdir. Fikrimcə, onun elmimiz qarşısındakı ən
böyük xidmətlərindən biri yazılı abidələrimizi
öyrənən əlyazmaşünas mütəxəssislərin
yetişməsinə çoxlu vaxt sərf etməsindən
ibarətdir. Bu cür mütəxəssislər
illər, onillər ərzində yetişir və onların
düzgün istiqamətdə inkişaf etdirilməsi gələcəyimizə
ən böyük xidmətdir.
Sözümü tamamlayarkən Paşa müəllimin müxtəlif yığıncaq və tədbirlərdə təkrar etdiyi bir fikrini də geniş oxucu kütləsinə çatdırmaq istərdim: “Biz alimlər, ədəbiyyatımızın tarixi ilə məşğul olanlar əslində, siyasətdən kənar olmalıyıq, sırf elmlə məşğul olmalıyıq. Lakin bizdən asılı olmayan məsələlər var. Milli varlığımızı, tariximizi, milli mədəniyyətimizi, ədəbiyyatımızı, ana dilimizin qədimliyini inkar edən qüvvələr bizə qarşı elə düşmən mövqedədirlər ki, orta əsrlərdə yazılmış hər hansı bir yazılı abidəmizin ortaya çıxarılması, bizim halal əsərimiz kimi təqdim edilməsi onların sərt etirazlarına səbəb olur. Milli mədəniyyətimizə, ədəbiyyatımıza dair nə iş görürüksə, düşmənlərin hikkəli inkarı ilə qarşılaşmalı oluruq. Biz indi milli mübarizənin ön cərgəsindəyik. Bu mübarizədə yeganə silahımız sənədlər - yazılı mənbələr, uydurulmamış, saxtalaşdırılmamış əlyazma qaynaqlarıdır. Həqiqətə, sözün düzünə xidmət etdiyimizə görə qələbə çalacagımıza heç bir şübhə yoxdur”. Haqq işimizin qələbəsi üçün bir amil də lazımdır - həqiqətpərəstliyi ilə vətənpərvərliyi, yüksək amalları ilə dərin zəka və biliyi, elmi səviyyəsi uyğun gələn Paşa Əlioğlu kimi tədqiqatçıların, alimlərin olması. 60 yaşının tamam olduğu bu günlərdə görkəmli alimimiz, ədəbiyyat tariximizin, yazılı abıdələrimizin yorulmaz tədqiqatçısı, filologiya elmləri doktoru Paşa Əli oğlu Kərimova uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.
Raqub
KƏRİMOV
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.18-19.