Fəlsəfə və biz - “Bu gün dünəndən başlayır” silsiləsindən

 

 

 

1992-ci ilin may ayında Azərbaycan radiosunun “Vaxt” adlı gənclik proqramında mən fəlsəfə elmləri namizədi Osman Əfəndini  həm də o zaman yenicə yaradılmış Türk Milli Demokratik İdrak partiyasının sədri kimi görüşə dəvət eləmişdim.

 

Əvvəlcədən şərtləşdiyimiz kimi, söhbətimizin mövzusu milli şüur və Azərbaycan gəncliyi olmalıydı. 40 dəqiqəlik proqram çərçivəsində son dərəcə gərgin, dinamik, bir sözlə, maraqlı bir veriliş hasilə gəldi. Bir neçə gün ərzində cəmiyyətin müxtəlif təbəqələrindən redaksiyamıza məktublar gəldi, zənglər oldu, həmin verilişin təkrarını dinləmək istədiklərini bildirirdilər. Bu yazımdasa müəyyən mənada aktuallığını nəzərə alaraq 27 illik fasilədən sonra o verilişdən bəzi məqamları xatırlatmaqla, həm də son dövr elmi yaradıcılığındakı yeniliklərlə tanış olmaq üçün artıq fəlsəfə elmləri doktoru kimi Osman Əfəndiyə üz tutmuş, bir daha həmin mövzuda - milli şüur və gəncliyimiz mövzusunda düşüncələrini  öyrənməyə çalışmışam.

Əvvəlcə Osman Əfəndi ilə tanışlığımın qısa tarixçəsi haqqında. Ötən əsrin 70-ci illərinə təsadüf eləyir. O zaman Filarmoniya bağında “Zülfünün çayçısı” kimi ad çıxarmış bir isti yuvamız vardı. Biz gənclər tez-tez bura yığışar,açıq havada çay içə-içə dünya işlərindən, oxuduğumuz kitablardan, baxdığımız filmlərdən gap eləyər, bəzən də dünyaca məşhur filosoflardan sitatlar gətirər, onların elmi konsepsiyalarına, gəldikləri nəticələrə toxunar, hətta yeri gələndə özlüyümüzdə onları yıxıb sürüməkdən də çəkinməzdik. Bax, belə məqamlarda adətən susmağı, danışılanları sakitcə izləməyi  üstün tutan Osman Əfəndinin dili açılar, ahəstə səsi, büllur təfəkkürü, aydın məntiqiylə məsələlərə aydınlıq gətirər, çılğınları ipə-sapa yatırar, radikal yönümlülərin məntiqini alt-üst edərdi. Elə o zamandan tanışlığımız, 1992-ci ildə ilk radio debatımızdan  sonra isə dostluğumuz başladı.

Beləliklə...

- Osman bəy, gəlsənə söhbətimizə əvvəlcə özünü təqdim eləməklə, səni tanımayanlara özünü tanıtdırmaqla başlayasan.

- Nə deyirəm ki, olsun. Mən bütün həyatım boyu yaradıcılığımı fəlsəfəyə, xüsusən də onun mühüm sahəsi olan estetikaya həsr eləmiş, özümə layiq olan biçimdə yaradıcılıq işləri aparmışam. İşlərimdə baş yeri estetik ideal problemi tutur. Deyim ki, bu problem estetikanın ən mücərrəd problemlərindən biridir, fəlsəfi fikrin mürəkkəb sahəsidir, özü də olduqca az işlənmişdir. Bu sahə üzrə dünyada iki məşhur mütəxəssis mövcuddur. Ancaq  mən onlardan fərqli olaraq öz sistemimi yaratdım və onların hər ikisinin sistemindəki nöqsanları üzə çıxarıb öz sözümü deyə bildim ki, bu da mötəbər dairələrdə mənim tanınmağıma səbəb oldu.

- Buna necə nail oldun?

- Əlbət ki, gecəli-gündüzlü çalışmalarımla. İstər yerli mətbuatda, istərsə də o zamankı ittifaq paytaxtı Moskva dərgilərində məqalələrim, esselərim dərc olundu. Bununla da estetik idealın estetik təbiətini açdım. Əlbəttə klassik fəlsəfəyə əsaslanaraq. Burada ən çox köməyimə gələnsə idealizm fəlsəfəsi oldu.

- Bu sahədə fəaliyyət göstərən opponentləriniz necə, buna sakitcə dayanıb tamaşa elədilərmi?

- Əlbəttə, yox. Təbii ki, mənə hücumlar da oldu. Axı dövrün tələbləri kontekstində sadəcə olaraq marksist mövqedən yanaşırdılar bu məsələyə, özü də bu mövqedən məsələnin şərhini bədii ideal səviyyəsindən yuxarıda görmək istəmirdilər. Bədii idealsa estetik idealın tərəflərindən biridir, həm də məhdud tərəfidir. Estetik idealsa artıq mütləq mücərrədlik tələb edən bir prosesdir və idealizm fəlsəfəsinə haqq qazandırırdı. Bu isə sovetlər dönəmində qəbulediməz sayılırdı. Odur ki, bir çox filosoflar bu “cəncəl” məsələdən yan ötüşür, öz başlarını qoruyurdular. Ancaq estetik ideal artıq elə bir keyfiyyət idi ki, bütün estetik məzmunların zirvəsində dayanırdı.

- Niyə məhz mücərrəd ideallar səni cəlb elədi, məyər sadə ideallar cəlbedici deyildimi? Axı mücərrədçiliyə varmaq geniş kütlə tərəfindən bir o qədər də həzm olunmur, çox hallarda qəbul edilmir.

- Bilirsənmi, hadisələri konkret, bəsit şəkildə araşdırmaq təbiətimə yaddır. Oxuduqlarımda, öyrəndiklərimdə özümü tapa bilmirdim. Vacib bildim ki, bu konkretlikdən qurtarmaq lazımdır. Marksizm isə təfəkkürü müəyyən bir çərçivədə saxlayır, çərçivədən kənarda düşünməyə imkan vermirdi. Addımını qəbul olunmuş normalardan kənara atmaq eyib sayılırdı. Hətta böyük alimlərin, filosofların düşüncəsinə bir fikir hakim kəsilmişdi ki, dünyada yeganə doğru metodologiya yalnız marksizimdir. Mənsə estetikanın sirlərinə bələd olmaq üçün Platon, Sokrat, Aristoteldən, orta əsrlər sxolastik fəlsəfəsindən, Şərq fəlsəfəsindən, Əl-Fərabidən, Bəhmənyardan, klassik alman filosofları Hegeldən, Kantdan və nəhayət, çox sevdiyim sufizm fəlsəfəsindən bəhrələnmişdim. Onların fonundasa marksist estetikası mənə olduqca yabançı, çılpaq görünürdü. Bu bəsitliyin, bu çılpaqlığın əsiri ola bilməzdim, onu mədh eləməyə özümdə daxili qüvvə görmürdüm. Bax elə buna görə də fəlsəfədə ən çətin sahə sayılan estetik ideal probleminin çözümünə baş vurdum, problemin təkcə  estetik  məzmununa yox, həm də onun köməyi ilə bir çox digər problemlərin həllinə yönələn müəyyən cığırlar açdım. Məsələn, götürək folklorda estetik ideal problemini. Sovetlər dönəmində bu istilahı ilk dəfə mən işlətmişəm. Milli şüurun inkişafı üçün mən bunun xüsusi əhəmiyyətini dərk eləmişdim. Odur ki, nəşr olunan və olunmayan fəlsəfi əsərlərimin əksərində milli folklorumuza məhz bu aspektdən yanaşır, xalqın, ən çox da onun gəncliyinin  şüurunda folklorun oynaya biləcəyi rola xüsusi önəm verirəm.

- Osman bəy, bir xeyli müşahidələrimdən məndə yaranmış qənaəti istərdim səninlə   bölüşəm. Açığı, bu hal məni həm də narahat edir. Bax, bir halda ki, filosoflar cəmiyyətdə baş verənləri bu dərəcədə ayıq başla görüb dərk edir, təhlil süzgəcindən kecirirlər, bəs niyə çox zaman, bizdəsə həmişə sanki bilərəkdən kənarda saxlanır, qlobal məsələlərin həlli yollarının araşdırılmasında  yaxına buraxılmırlar. Axı, onların onların gəldikləri fəlsəfi qənaətlərin çözümünə, üzərində zaman-zaman baş sındırdıqları konsepsiyaların  həyata keçməsinə istər cəmiyyətin, istərsə də onları idarə edən hakimiyyət dairələrinin ehtiyacı var. Sənə elə gəlmirmi ki, cəmiyyət içində, idarəçilik sistemindəki bir sıra qaranlıq məqamların yaranmasında məhz bu faktorun rolu var? Hər halda bu, mənə elə gəlir. Səhv etmirəm ki?

- Xeyr, qənaətində haqlısan. Bəşər tarixinə nəzər saldıqda görürük ki, ictimai proseslərin, dolayısıyla milli şüurun yaxşılığa doğru inkişafında  aparıcı qüvvələrdən biri və ən əsası filosoflar olub. Bu da təbiidir. Ona görə ki, filosofun bilik dairəsinin genişliyi buna imkan verir. O, hadisələri sintetik şəkildə, tam mənasıyla idrak süzgəcindən keçirməyi bacarır, təfərrüatı qavrayır, mahiyyəti dərk edib onun əsasında fikir söyləyir. Bir sıra hallarda onların sözünün, fikrinin qəribçiliyə salınmasına gəldikdə isə bunun müxtəlif səbəbləri var. Xalqla ziyalı arasında birbaşa əlaqələrin pozulması bunun başlıca səbəbi ola bilər. 70 illik kommunist rejimi dövründə bu məsələyə xüsusi səylə təzyiq göstərilib. Təsəvvür edin ki, hansısa bir bölgəyə bələd olmayan, onun problemlərindən xəbərsiz birisini tapıb həmin bölgə üzrə deputat təyin eləyirlər. Belə bir “elçi” xalqın ümdə arzularını hakimiyyət dairələrinə necə, hansı səviyyədə yetirə bilər? Bax belə olan təqdirdə xalqın inamına, düşüncə tərzinə təcavüz edilir, onun qabaqcıl ziyalısına olan hörmət hissi, inamı sarsılır. Bundan istifadə edən məmurlarsa ziyalılara qara yaxır, təhqir edir, lağa qoyur, beləliklə də xalqın vacib problemlərinin həlli məqamlarında onları qapı arxasında saxlayırlar. Yəni öz şəxsi mənafelərini milli mənafedən üstün tutur, gərəkli ziyalıları, o  cümlədən, filosofları özlərinə yaxın buraxmırlar. Çünki belələrinə ağıllı ziyalıların, müdrik filosofların ictimai proseslərdə həlledici səs malik olmaları sərf eləmir. Əslindəsə məhz o ziyalılar cəmiyyəti milli şüura aparan yolu dəqiq müəyyənləşdirə bilər, nəticədə  milli idrak çiçəklənər, milli ideallar bərqərar olunar. Odur ki, uzun sürən kommunist  hakimiyyəti illərində belə bir halla razılaşa bilməzdilər. Mən belə bir əqidənin sahibiyəm ki, sağlam ziyalıları tapıb ortaya çıxarmaq, onların nümunəvi əxlaqından yararlanmaq  lazımdır. Xalq bilməlidir ki, kimə arxalanır, kimin ardınca gedir. Təəssüf ki, bəzən dəyərli ziyalılar, onların da  arasında filosoflar çörək imtahanına məruz qalır, abırlarına sığınıb səslərini çıxarmır, bir kənara  çəkilib küskün həyat yaşayırlar.

P.S. Hörmətli oxucular, əlim qələm tutalı haqqında yazacağım qəhrəmanıma, həmsöhbətimə verəcəyim suallar hafizəmə şeir kimi gəlib desəm, bəlkə də inanmazsınız. Özü də öz şeirini əzbərdən bilməyən şairlər kimi. Odur ki, bir sualı həmsöhbətimə ikinci kərə verməkdə çətinlik çəkirəm. Osman Əfəndiylə də belə oldu. İllər öncəki bir görüşümüzdən sonra qələmə aldığım və oxucularla paylaşdığım bu yazını daha da genişləndirmək məqsədiylə qədim dostum Osman Əfəndini axtarıb tapdım, fikrimi ona bildirdim. Axı, o görüşümüzün üstündən xeyli illər ötmüşdü, pedaqoji fəaliyyətində xeyli uğurlar əldə etmiş, fəlsəfə elmləri doktoru alimlik dərəcəsinə yiyələnmişdi. Budəfəki  söhbətimiz də çox maraqlı alındı və təbii ki, məndə yeni suallar  yarandı, o sualları sistemə salıb ona yazılı surətdə təqdim eləmək üçün vədələşib ayrıldıq. Bir gün sonra təxminən ona yaxın suallarımı Osman bəyə verdim. İki-üç həftə ötsə də, ondan səs-soraq çıxmadı. Evlərinə zəng elədim, qayıtdı ki, ay müəllim, suallarını hayana qoymuşamsa tapammıram. Bəlkə təzədən yazasan. Mən də ki, o məsələ, yəni həmin suallara bir daha qayıda bilməzdim. Çox heyif deyibən çəkildim hücrəmə. Bu yaxınlarda Osman bəy bir daha mənə telefon açıb görüşmək istədiyini bildirdi. Razılaşdım. Amma görüşə əliboş getməyim deyə baş sındırıb ona verəcəyim sualları kağıza köçürdüm. Həmişə olduğu kimi, bu səfər də aramızda çox səmimi, məzmunlu söhbətlər oldu və ayrılarkən özümlə gətirdiyim sualların  əl yazısını ona verib zarafatla dedim daha bunları da o birilərinin  gününə salma, möhkəm qoru. Yenə üstündən xeyli vaxt keçəndən sonra mənə zəng eləyib dedi gəl görüşək, sənə sözüm var. Dalağım sancdı, soruşdum nə barədə, qayıtdı ki, sualların məni açmadı,  mənlik deyil onlar. Buçağacan yüzlərlə elm, sənət xadimiylə görüşüb müsahibələr aparan, verilişlər hazırlayan 50 ilin jurnalistinə tuşlanan bu sözlərdən alınsam da, üzə vurmadım. Bircə onu dedim ki, mən öz suallarımı mücərrəd ibarələrlə süsləyə bilmərəm, jurnalist olaraq mənim də öz üslubum, dəst-xəttim, canlı xalq danışıq dilinə rəğbətim var, onçu da bütün yazılarımda, eləcə də müsahimlərimə ünvanladığım suallarımda oxucularımı, dinləyicilərimi nəzərə alır, onları çətinə salmamağa çalışıram. Yox,  Osman bəy, mən suallarımdan imtina eləmirəm, sənin də onlara cavab verəcəyini gözləyirəm. Hörmətli filosofumuzun son sözləri belə oldu ki, yox-yox, mən də yox. Dostluğumuz qalır öz yerində, amma mən bu suallara cavab verməyəcəm.

Bax belə, əziz oxucular. İndi mən  Osman Əfəndiyə ünvanladığım, amma cavabın almadığım həmin sualların məndə olan nüsxəsini sizin müzakirənizə  verir, ən çox da filosoflarımızın, həmin sahə üzrə digər mütəxəssislərin nəzərinə çatdırıb rica edirəm öz fikirlərini bildirsinlər.

Beləliklə...

1. Filosofun meydana gəlməsində, yaxud yetişməsində cəmiyyət nə dərəcədə rol oynaya bilər?

2. Əqli, idrakı baxımdan az inkişaf eləmiş cəmiyyətlərdə necə, filosof yetişə bilərmi ?

3. Dünyanın inkişaf qanunlarından  doğru-dürüst baş çıxaran, savadı, intellekti, elmi kəşfləriylə seçilən xalqların içərisindən əyər çoxlu filosoflar meydana çıxarsa, onlardan daha irəli getmiş az tanınan xalqın filosofu bu hala necə baxar, necə reaksiya verər, onda qibtə, qısqanclıq hissi yaranmaz ki ?

4. Ən yüksək elmi - texniki nailiyyətlərə, innovasiyalara  imza atmış, mənəvi boyalarla zəngin bədii nümunələr yaratmış ağıl, istedad sahibləri durub desələr ki, biz bütün bunlara filosoflarsız, onların fəlsəfi konsepsiyalarından xəbər-ətərsiz, özləriylə heç bir ünsiyyət qurmadan nail olmuşuq, filosof Osman Əfəndi onlara nə cavab verərdi ?

5. Cəmiyyətin əksər təbəqələrinin filosoflaşması ümumi işə xeyir gətirər, yoxsa onun ayrı-ayrı fərdlərinin bu titula sahib olması səmərə verər?

6. Əgər cəmiyyət, daha geniş mənada götürsək  xalq filosofun arzu elədiyi, cızdığı xətt üzrə getmirsə, onda o, neyləməli, özünə hansı yolu seçməlidir?

7. İndi isə daha konkret suallara keçirəm.Osman müəllim həyat idealı sanaraq niyə məhz fəlsəfə elmini seçdi, on illərlə külüng çaldığı, ömür xərclədiyi bu sahədə bilavasitə özününkü sandığı, özünün tapıb üzə çıxardığı daha hansı yenilikləri sadalaya bilər?

8. Jurnalist olaraq elmi kəşflərinə görə  sevinir, səni ürəkdən alqışlayıram. Amma bu yerdəcə bir sualı da verməkdən özümü saxlaya bilmirəm. Bu işlərinə görə aid olduğun sahədən, yəni  fəlsəfi cameələrdən  sənə dəstək verən, münasibət bildirən, sağ  ol deyən olubmu ?

9. Bir neçə təhsil ocağında sənətin üzrə dərs deyir, mühazirələr oxuyursan. Səni dinləyən gənclərin maraq dairəsindən, fəlsəfəyə olan meyillərindən, bir sözlə, fəlsəfi duyumlarından razısanmı?

10. İnsan istəsə də istəməsə də, yaş öz sözün deyir. Məsələn, idmançının gücü azalır, cərrahın skalper tutan əli əsir, şairin, nasirin ilham atı büdrəyir, rəssamın gözü zəifləyir, xanəndə zildə tövşüyür. Bəs filosoflar necə, yaşa boyun əyirlərmi? Deyirəm, bəlkə çoxunu yola salıb azıyla əlləşdiyimiz ömrün bu çağında bu suala da cavab axtaraq - filosofların yaşa boyun əyib-əyməməkliyi məsələsinə.

11. Səndən özün özünə bir fəlsəfi sual verməyini xahiş eləsələr, hansı suala üstünlük verərdin?

12. Son olaraq bir filosof kimi xalqımız, dövlətimiz, dövlətçiliyimiz, dünya məmləkətləri sırasında fəlsəfi mahiyyətimiz, özgürlüyümüz barədə fikirlərini öyrənmək, yeni elmi araşdırmalarından hali olmaq istərdim.  

P.S.S. Hamıdan öncə Osman Əfəndinin cavablarını gözləyirəm.      

3 Yanvar 2018. 

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2019.- 12 yanvar.- S.17;19.