Sözün sönməyən
işığı
HƏYATI
XATİRƏLƏR XƏZİNƏSİNƏ
DÖNMÜŞ UNUDULMAZ ƏDİBİMİZ NAHİD
HACIZADƏNİ EHTİRAMLA ANARKƏN...
Nahid
Hacızadənin vəfatından bir il
keçir. Hüzn günü yazmışdım: “Səksən
iki yaşın astanasında cismən həyatdan köçən
dəyərli qələm sahibinin “bu işıqlı
dünyada işıqlı ürəklərin gözəlliyini
vəsf edən əsərləri” (Ə.Hacızadə) Onu mənən
yaşadacaq, sözünün işığı sönməyəcək!”
Nahid
Hacızadənin yaradıb ərsəyə gətirdiyi,
baş redaktoru olduğu “Yada düşdü” ədəbi-bədii
nostalji jurnalının Onun xatirəsinə həsr olunan
xüsusi nömrəsində və respublika mətbuatında
qələm dostlarının yazılarında silsilə
romanlar müəllifi Əlibala Hacızadənin vaxtilə
dediyi sözlər təqdir olunur: “Sənin əsərlərini
oxuyanda adamın ürəyinə, beyninə, gözlərinə
bir işıq seli axıb dolur - insanın içi
nurlanır”.
İllər,
qərinələr keçəcək Nahid Hacızadənin
Sözünün işığı sönməyəcək!
Və mən
istər-istəməz dəyərli Qələm-Söz
sahibinin ömründən keçən illəri
xatırlayıram...
... Yarım əsri arxada qoyan o çağlar sanki
dünən olub. Biz - universitetin “təzə”
tələbələri “köhnələrə” - yuxarı
kurslarda oxuyanlara qəribə bir maraqla baxardıq.
Yaşar Qarayevi, Şamil Salmanovu, Ağacavad Əlizadəni,
Famil Mehdini, Şamil Qurbanovu...
tez-tez görürdük, yazılarını oxuyurduq. Əlibala Hacızadənin lirik hekayələri
universitet qəzetində çap olunurdu. Onun yaxın
dostu Nahidin səsini efirdən eşidirdik, Azərbaycan
radiosunun efirindən!
İllər
ötdükcə bu səs gurlaşdı, Nahid qələm və
söz sahibi oldu, əvvəl Azərbaycan radiosunun, sonra
televiziyasının yaradıcı kollektivlərinə rəhbərlik
etdi...
Tale elə
gətirdi ki, onunla çiyin-çiynə işləmək mənə
nəsib oldu: altmışıncı illərin
axırlarında Azərbaycan Televiziyasının Gənclik
Baş Redaksiyasında. O, baş redaktor idi, mən şöbə
müdiri.
Məni üçüncü mərtəbəyə (o
vaxt radio ikinci, televiziya üçüncü mərtəbədə
yerləşirdi) baş redaktor qaldırmışdı. O, özünəməxsus
operativlik və istiqanlılıqla az vaxt içərisində
Komitə sədri İmran Mirzəyev, müavin Nəbi Xəzri,
radionun Xəbərlər və Təbliğat Baş
redaksiyasının baş redaktoru Hacı Hacıyevlə
danışıb (o vaxt həmin redaksiyada redaktor idim)
onların razılığını almış, məni
özünün dediyi kimi, “aləmin bir-birinə
qarışdığı” “Gənclər” redaksiyasına gətirmişdi.
Nahidin
sonralar xatirələrində yazdığı kimi:
“Yaşımızın, ömrümüzün gözəl
çağları idi. Ürək-ürəyə
verib işləyirdik. “Gənclər” redaksiyası az
vaxtda önə çıxdı, şöhrətləndi,
tamaşaçıların rəğbətini qazandı...”
Baş redaktorun təşəbbüsü ilə “Gənclər”
redaksiyası həftəlik “Səhər” verilişi
hazırladı. Moskvada nəşr olunan “Radio i televideniye”
jurnalı bu proqram haqqında qoşa səhifəlik reportaj dərc
etdi. Respublika qəzetləri, jurnalları,
xüsusilə də gənclər mətbuatı baş
redaksiyanın ayrı-ayrı verilişləri haqqında
vaxtaşırı olaraq materiallar verməyə
başladı.
Hələ
qələmi bərkiməmiş, təcrübəsiz
cavanların çalışdığı “Gənclər”
redaksiyası üçün baş redaktorumuz əsl
nümunə, örnək idi: təvazökarlığı,
redaktəsi, yazıları - əlindən düşməyən
qələminin “məhsulu” ilə!
Bizə
elə gəlirdi ki, onun qələmində qeyri-adi bir sehr var.
Sanki nağıllardakı “sehrli çubuq” kimi qələmini
hazırladığımız materialların, süjetlərin,
müsahibələrin, kompozisiyaların, müxtəlif
verilişlərin üstündə gəzdirərək
yazıların elə bil “rəngini” dəyişdirirdi: dili rəvan,
səlis, tamaşaçıları özünə cəlb
edən baxımlı, maraqlı verilişlər
yayımlanırdı.
Baş
redaktor televiziya tamaşaçılarının ürəyinə
yol tapmağı bilirdi və bunu gənc jurnalistlərə
öyrədirdi: özünəməxsus qayğı ilə,
səylə, səbrlə, yorulmaq bilmədən. O, qələminin
fəhləsi, əsl zəhmətkeş idi. Və
bu zəhmətin, gərgin işə dözümün
kökü onun uşaqlığına kölgə salan
müharibə illərinə gedib çıxırdı.
Nahid anasını bir yaşında itirmişdi, sonra
atası vəfat etmişdi. O, arxa cəbhə deyilən zillətdə
boy atmışdı: sal daşlar arasından sivişib
boylanan şiv kimi. Ruzigarın qovğasında hər cür əzaba
dözmüş, bir əlində kitab, o birində çubuq,
qabağında quzular, üfüqdə başı buludlu
dağlar, sonralar həsrətini çəkdiyi, yuxularında
gördüyü dağlar...
Yarıac-yarıtox
dolanıb çörəyə həsrət qalsa da, dərsdən
qalmadı, analığının “Bəs quzuları kim otaracaq?” sualına sinif müəlliminin “dərsini
də oxuyar, quzulara da baxar” cavabını qulağında
sırğa elədi. Zəhmətinə güvəndi,
məğrur böyüdü, aclığın əzrayıl
üzü onu özgə qapısı döyməyə məcbur
edə bilmədi. Ancaq tələbə vaxtı qapı
döyməli oldu: üçüncü kursda oxuyanda
ştatdankənar müxbir kimi, baş redaktorun
tapşırığı ilə, əsərlərini oxuyub
özlərini görmədiyi məşhur sənətkarların
qapılarını açdı, Rəsul Rza, Mir Cəlal,
Süleyman Rəhimov kimi görkəmli qələm sahiblərindən
müsahibələr aldı. 1957-ci ilin
yazında ilk oçerki efirdə səsləndi.
Beləcə, taleyini efirlə, ekranla bağladı. Yaddaşına silinməz
izlər həkk edən uşaqlıq çağları
arxada qalsa da, unuda bilmədi o illəri, cəbhəyə yola
salınan oğulları, ataları, bir də... atları: lap
axırda kəndin atlarını yığıb müharibəyə
göndərəndə atlar kəndə, örüşə,
dağlara sarı boylanıb elə kişnəmişdi ki,
arvad-uşağı qəhər boğmuşdu...
Zaman keçdi, o çağlar, o mənzərələr
necə varsa, eləcə Nahidin mənsur şeirlərinə,
hekayələrinə, povestlərinə köçdü. O, yalnız radio dinləyicilərinin,
televiziya tamaşaçılarının deyil,
çoxsaylı oxucuların ürəyinə yol tapan əsərlərin
müəllifi - istedadlı yazıçı kimi şöhrətləndi.
Bakıda və həmçinin, sovet dönəmində
dünyaca məşhur olan “Sovetski pisatel” (Moskva) nəşriyyatında
kitabları çapdan çıxdı.
Öz zəhmətinə
güvənən, yaradıcı işindən zövq alan, vəzifə borcuna məsuliyyətlə
yanaşan Nahid Hacızadə səlahiyyət pillələrində
də yüksəldi. Vaxtilə Azərbaycanda yeganə efir-ekran
məkanı olan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsində rəhbər vəzifələr
daşıdı: 30 il gənclər və
ədəbi dram verilişləri baş redaksiyalarının
baş redaktoru, Komitə sədrinin birinci müavini.
İngilis
yazıçısı Tekkerey mütəfəkkircəsinə
obrazlı şəkildə deyib: “Rəftar əkərsən
- adət biçərsən, adət əkərsən -
xasiyyət biçərsən, xasiyyət əkərsən -
tale biçərsən”. Tələbəlik
çağlarından tanıdığım,
çiyin-çiynə çalışdığım, rəftarına,
adətinə, xasiyyətinə vaqif olduğum Nahid
ömrü boyu öz taleyinin əkinçisi olub.
Taleyinə şükür edən bəndəsinə
Tanrısı nə verməyib? İnsan, Ziyalı,
Yazıçı olmaq istedadı, Ər, Ata, Baba olmaq səadəti!
Sənət aləminə öz dəst-xətti ilə
qədəm qoyan istedadlı nasirin şeir kimi axıcı
dili müqtədir sənətkarların, çoxsaylı
oxucuların diqqətini cəlb etdi. Söz sənətinin
silahı olan Dilin Nahid Hacızadə qələmində sanki
muma döndüyü, Sözün zərgər dəqiqliyi, zərrəbinlə
öz yerində işləndiyi xüsusi vurğulandı.
Real həyat materialı, poetik duyum, hisslərin zənginliyi
- bütün bunlar yazıçının qələmindən
çıxan hekayələrin, povestlərin, pyeslərin,
romanların cövhəri, əsas məziyyətləridir. Onun əsərlərini
oxuyanda elə bil adamın ürəyinə bir işıq
seli axır. Bu əsərlərdə insana, təbiətə,
gözəlliyə məftunluqdan doğan poetik təsvir
gözümüzü, könlümüzü oxşayır,
məhəbbətin yaşarılığı, qüdrəti
(“Məhəbbət ölüncə var”, “Payız
leysanları”), torpağa, doğma yurda bağlılıq
(“Dağlar, sizdə gözüm qaldı”), müharibəyə,
haqsızlığa, qəddarlığa nifrət (“Bir ana
tanıyırdım”, “Köçündən ayrılan
durna”), mənəvi-əxlaqi keyfiyyətlər təbii, həyati,
bədii boyalarla qələmə alınıb.
O,
görkəmli yazıçılar, şairlər, bəstəkarlar,
rəssamlar, səhnə ustaları haqqında xatirələrini
qələmə almış, “Yada düşdü” kitabını nəşr
etdirmişdir.
Kitabın
redaktoru, təcrübəli jurnalist Dilarə xanım Vəkilova
“Yada düşdü”nün son səhifəsində müəllifə
müraciətlə yazmışdı: “Siz müasir oxucuya,
xüsusən də gənclərə çox gərək
olacaq bu kitabın nəşrini gerçəkləşdirməklə
yaddaşlarda yaşayan insanlara, həmçinin,
özünüzə sözdən bir abidə qoydunuz, təməlində
nəciblik, sədaqət, etibar duran bir abidə -
İnsanlıq abidəsi!”
Nahid Hacızadənin həyatı xatirələr xəzinəsi
idi. Onun
baş redaktoru olduğu “Azərbaycan Respublikasının Xatirə
Kitabı” redaksiyası İkinci Dünya müharibəsində,
Əfqanıstanda, 20 Yanvar faciəsində və Qarabağ
uğrunda döyüşlərdə həlak olmuş
soydaşlarımız haqqında 10 cildlik ensiklopediya
hazırlayıb.
***
Qalx, qalx,
ulu Torpaq!
Qalx, qalx,
ulu Bayraq!
Qalx, qalx,
sən ey mərd Xalq!
Yer titrəsin
məhvərindən!
Nahid Hacızadənin sözlərinə bəstəkar Eldar Mansurovun bəstələdiyi “Qalx, qalx, ulu Torpaq!” mahnısı Qarabağ uğrunda mübarizənin himninə çevrilib. Onun şeirlərinə otuza yaxın mahnı bəstələnib.
Yarım əsrdən çox yaradıcılığı efir, ekran və kino ilə bağlı olub. Ssenariləri əsasında sənədli filmlər və bədii televiziya filmi çəkilib. Teletamaşaları - “Son qəmin olsun, Vətən!”, “Qayalarda qalan səs”, “Yaşa, ey haqq!” televiziyanın “Qızıl fond”una daxil edilib.
***
Silsilə romanlar müəllifi, bənzərsiz qələm sahibi Əlibala Hacızadə yazıçı dostunun yaradıcılığını yetərincə dəyərləndirib: “Nahid Hacızadənin kitablarında işıqlı bir dünya yaşayır. Bu işıqlı dünyanı işıqlı ürəklərin gözəlliyi bəzəyir”.
Bu, həqiqətən belədir. Onun hər sözünün öz işığı, öz rəngi, öz çaları var. Nahidi oxuyanda adamın ürəyinə bir işıq seli axır. Bu işıq selinin rənglərindən yaranan təbiət mənzərələri, müxtəlif insan xarakterlərini əks etdirən obrazlar göz önündə canlanır.
Səksən iki yaşın
astanasında cismən həyatdan köçən dəyərli
qələm sahibinin, “bu işıqlı dünyada
işıqlı ürəklərin gözəlliyini” vəsf
edən əsərləri Onu mənən yaşadacaq,
Sözünün işığı sönməyəcək!
Əlövsət
BƏŞİRLİ
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.16.