Müəmmalı qətl və
üç versiya...
Qadının günahları və
günahkarlığı Həvvadan başlanır, deyəsən. Şeytanla əlbirlik
də tarixi hadisədir. Buğda (ya da alma,
nə fərqi) yeyib cənnətdən çıxmaq qədər
böyük qəbahət olarmı?!
Müxtəlif tipli günahları dinin, ya da
insanlığın tarixi zərif məxluqun ayağına
yazıb. Hələ bəzi səhvlərin
qarşısını almaq üçün qadağalar da
düşünüb, yasaqlar da qoyub. Bütün
tarixi şəraitlərdə qadına bu münasibət davam
edib, orta əsrlərdə tonqalda yandırılan, meydanda
asılan qadınların sayı və günahının
mahiyyəti bilinmir. İndi sivil dünyada
yaşasaq da, yenə qadın daha çox şərin, sirrin,
müəmmanın simvoludu. Hollivud filmlərinin
“heppi-end”li yüngül filmlərindən tutmuş, ciddi əsərlərə,
sosial sorğulara kimi hər yerdə, hamı “qadın nə
istəyir?” sualının cavabını axtarır guya və
şübhəsiz ki, tapa bilmir. Əslində,
hər şey göründüyü qədər qəliz və
kinoya, kitaba sığacaq qədər sadə deyil. Soyuq bazar axşamında YUĞ Teatrı səhnəsində
“Müəmmalı qətlin üç versiyası”
tamaşasına baxdıqca bunları götür-qoy edirdim.
Və birdən qəribə ardıcıllıq hiss etdim. Mehriban Ələkbərzadənin müəllifi
olduğu bütün işlərdə bu ideya var, hadisələrə,
yaxud böyük bir HADİSƏyə müxtəlif yönlərdən,
baxış bucaqlarından baxmağa cəhd edilir. Görünür, R.Akutaqavanın bu əsərini,
“Cəngəllikdə” hekayəsini seçməyə, səhnələşdirib
quruluş verməyə səbəb də elə söylədiyim
ideyadır. Ortada bir zorlanma və bir
ölüm hadisəsi var və bu hadisə şahidlərin
gözündə bir cür, iştirakçıların hər
birinin şərhində ayrı cür səslənir,
göstərilir. Bir az detektivvari, bir
az müəmmalı süjet tamaşaçının beynini
sualla doldurur. Mehriban xanım isə “mərhumu kim
öldürüb?” sualına cavab tapmaqdan daha çox
Gülzar Qurbanovanın canlandırdığı
qadını göstərməyə, anlatmağa
çalışır. Və elə bunun özü də bir
az əvvəl dediyim ardıcıllıq
“qanununu” təsdiqləyir.
Məsələ
burasındadır ki, Mehriban Ələkbərzadə
yaradıcılığı mənim nəslimdən olan bir
çoxlarının yeniyetməlik “dərsliyidir”, yaxud o
dövrün dəbdə olan ifadəsiylə desək, “əyani
vəsaiti”dir. Məktəbdə tarix dərslərində
öyrəndiklərimizi efirdə Mehriban Ələkbərzadənin
“13 dəqiqə” layihəsində eşitdiklərimizlə
möhkəmləndirirdik. Tarixi verilişləri,
filmləri üstünlük təşkil edirdi, amma bundan
başqa “Persona”sında həmsöhbət olduğu bir
çox sənətkarları tamam başqa tərəfdən
öyrənə bilirdik. Qaçqın
şəhərciklərində, vaqonlarında
götürdüyü müsahibələr, Azərbaycanın
başına gələnlərin tarixi köklərini
araşdırması o dövrün uşaqları
üçün tam yeni idi. Hər hadisəyə bir az ayrı cür yanaşmaq, mövzuları
başqa tərəfdən göstərmək əsas idi
bütün bu işlərdə. Misal üçün, elə
o illərdən unutmadığım kadrlar var. Mehriban Ələkbərzadə
vaqonların arasında gəzir, Qarabağ köçkünlərindən
müsahibə alır və bığıburma bir kişi
üsyankar tonda - torpağımızı bizə
qaytarsınlar - deyəndə təmkinini pozmadan sakitcə
cavab verir - amma mən istəyərdim ki, o torpağı həm
də sən qaytarasan. Az qala, 20 ildən
çox zaman keçdiyi üçün ifadəni
yaddaşımda qaldığı kimi gətirirəm və
az-çox təhrif edə bilərəm, amma mahiyyət məhz
bu idi və o cür təzadlı dövrdə bir
qadının belə söz deməsi, elə indinin
özündə də inanılmaz görünür. Yaxud Mir
Cəfər Bağırova həsr olunmuş
“Qırmızı terror və ya Mircəfər Bağırov”
filminin bir neçə seriyasında repressiyalardan, törədilən
cinayətlərdən, tökülən qanlardan
danışır, amma sonuncu “Rəsmi portretin görünməyən
cizgiləri” bölümündə Bağırovun müsbət
işlərini də sadalayırdı, həm də bunu
müxtəlif tarixçilərin, o dövrdə
yaşamış şahidlərin sözləriylə
çatdırırdı. Bir sözlə, “mütləq həqiqət
yoxdur” ideyasını, insanları birmənalı müsbətə,
mənfiyə bölməyə etirazı Mehriban Ələkbərzadənin
müəllifi olduğu bütün işlərdə görmək,
hiss etmək olurdu və elə bunun özü də istər
tarixə, istər sənətə bir az ayrı cür
baxmağa sövq edirdi tamaşaçını. Bu mənada “Müəmmalı qətlin üç
versiyası” ardıcıllığı pozmur, davam etdirir.
Amma bu tamaşa başqa bir ardıcıllıq
haqqında da düşündürür. Axı
Mehriban Ələkbərzadənin bədii
yaradıcılığında da bir silsilə ayırd etmək
olar. “Məhkumlar” bədii filmi, “Qatarın altına
atılan qadın”, “Herostratı unudun”, “Qatil”, “Cəza”
tamaşaları, hər birində qadını anlamaq, yaxud
anlatmaq cəhdi var. “Məhkumlar”da cüzama yoluxmuş
qadınların taleyi, hissləri, ağrısı,
“Qatarın altına atılan qadın”da ömrünü sənətə
həsr etmiş və sonda da uduzmuş, unudulmuş, “öz əlindən
düşüb sınmış” qadın, “Qatil”də
ömrü boyu tək yaşayan və sevgiyə möhtac
qadın, “Cəza”da hər şeyi olub, əslində,
heç nəyi olmayan, hisslərinin arxasınca gedən və
əbədi bir qəlb iflasına uğrayan qadın... Beləliklə, sadaladığım əsərlərin
hər birində qadın taleyi, qadın problemi, qadın
ağrısı, hətta ənənəvi Sovet termini ilə
desək, qadın hüquqsuzluğu məsələsi önə
çəkilib. Elə isə,
“Herostratı unudun” tamaşası bu siyahıya necə daxil
olur? Məsələ burasındadır ki, Artemida məbədini
yandırmaqla tarixə düşən, əslində, sadəcə
hakimiyyət arzusuyla alışıb yanan Herostrat ölkənin,
şəhərin hakiminin qadınını öz yanına gətirdə
bilir və tamaşada heyrətamiz məqam məhz bu
qadının halı, murdar bir Herostrat qarşısında
düşdüyü vəziyyət idi. Necə
olur ki, şah balası kimi, əl üstündə yaşayan
qadını adi bir küçədən keçən, hətta
çox aşağı, hətta çox alçaq birisi təsirləndirə,
düşündürə bilir?! Bax bu
suala cavab yoxdur. Dostoyevskinin söylədiyi
“insan çox “geniş”dir” fikri öz təsdiqini tapır.
“Müəmmalı qətlin üç versiyası”
tamaşasını müxtəlif yönlərdən, fərqli
ideyaları əsas tutaraq təhlil etmək olar. Quldur (Oqtay
Mehdiyev) aşiq olduğu, bəyəndiyi qadını əldə
etmək üçün ənənəvi metoda əl
atıb. Axı qaçaq-quldur
üçün istədiyini ələ keçirməyin
yalnız bir yolu var, yağmalamaq, oğurlamaq, soymaq, əlindən
almaq. Tamaşanın sosial mesajı məhz onun dilindən
verilir: “Bu, sizə çox qorxulu gəlir? Boş
şeydir, kişini öldürmək sadə məsələdi.
Qadını əldə etmək istəyəndə
kişini həmişə öldürürlər. Amma mən qılıncla öldürürəm, kəmərimin
altında həmişə qılınc var, amma siz heç də
hər zaman qılınca əl atmırsız, hakimiyyətlə,
pulla, hərdən də tərifli sözlərlə
öldürürsüz. Düzdü, belə olanda qan
tökülmür, kişi sağ-salamat
qalır, amma nə fərqi siz onu öldürürsüz hər
halda. Və dərin düşünəndə
kimin günahı daha ağırdı, sizin ya mənim?!
Kim bilir...” Bəli, insan
arzuladığını əldə etmək yolunda qansızdı,
qəddardı, acımasızdı və tamaşada Oqtay
Mehdiyevin oyunu bu qəddarlığı ən yüngül, ən
ironik formada göstərir.
Həyatda
“cəngəllik qanunları” deyə bir məhfum var. Yəni kim güclüdürsə, o da qalibdir. Güc isə nisbi məsələdir və
tamaşadan çıxardığım nəticə budur ki,
güclü olan qadındır əslində. Çünki zorlanan, aşağılanan qadın
necəsə yaşamağa, kiminləsə qalmağa, kiməsə
aid olmağa, davam etməyə çalışır. Amma kimin versiyasına görə? Quldurun, ərin, ya xanımın özünün?
Ərinin (Əbdülqəni Əliyev)
gözü qarşısında zorlanan qadın bu cür
aşağılanmağa dözə bilməz və mənə
görə əsərin əsas açarı məhz bu məqamdadı.
Hər üç versiya müxtəlifdir, hadisəni
quldur bir cür, qadın ayrı cür, ər isə
bunlarının ikisindən də fərqli danışır.
Amma hər üç şərhi birləşdirən
bir detal var, hər üç şərhdə qadın ərinin
öldürülməsini istəyir. Görünür,
Akutaqavanın böyüklüyü məhz qadın
psixologiyasının bu tərəfini göstərə bilməsindədir.
Və Gülzar Qurbanovanın təkrarsız oyunu bu ovqatı
dəqiq hiss etməyə kömək olur. Qadın ərinin
gözünün qarşısında zorlanıb, onun
aşağılandığını yalnız əri
görüb və belədirsə, bu
biabırçılıqla yaşamaq olmaz, ona görə də
ər ölməlidi və öldürülür də...
“Siz mənim rüsvayçılığımı
görmüsünüz, bundan sonra sizi sağ buraxa bilmərəm...”
...Nə
qədər düşündürücüdü, deyilmi? Qadın ona aid yaxşıları, xoşları,
üstünləri görən, bilən adamı sevə, hətta
baş tacı edə bilər, amma kimsə utancın,
murdarçılığın,
rüsvayçılığın şahididirsə, nifrətə
layiqdir.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhimin xəzan olmuş yarpaqlarla yaratdığı cəngəlliyin, qara və qırmızı rəngin harmoniyası ilə, işıq effektləri ilə çatdırdığı təzadların sayəsində bütün bu ağır ovqatda əsər birnəfəsə baxılır. Hələ üstəgəl, musiqi tərtibatçısı Vüqar Camalzadənin seçdiyi melodiyalar, musiqi parçaları da ayrıca gərginlik yaradır səhnədə. Həm də Mehriban xanımın epik teatr üslubunda qurduğu, dördüncü divarsız və əslində, ümumiyyətlə, sərhədsiz, çərçivəsiz, divarsız səhnə əsəri elə tamaşaçının özünü də iştirakçıya çevirir. Tamaşanın qəliz plastik həlli, hərəkət, dinamika da öz sözünü deyir. Gülzar Qurbanova gənc aktrisaların belə öhdəsindən gələ bilməyəcəyi “fiziki oyun”u psixoloji vəziyyətlə vəhdətdə göstərir, həm də bir az günahkar, bir az əzilmiş, bir az aşağılanmış olsa da QADINı nümayiş etdirir. Qadın bütün məqamlarda qadındı. Hətta kütləni, çoxluğu ifadə edən aktyorlar Vüqar Hacıyevin (İttihamçı), Amid Qasımovun (I Şahid), Elşən Əsgərovun (II Şahid) canlandırdığı qəhrəmanlar “günahkarsan” desələr də, yenə qadındı, həm də qətlə fərman verən də odu.
Tamaşanın ötürdüyü sosial
mesajlardan danışanda bu məqamı da xüsusi qeyd etmək
istərdim. Son vaxtlarda internetdə, sosial şəbəkədə
qəribə bir mənzərə var, qadına qarşı
zorakılıq, qətl hadisələri, qadınlarla törədilmiş
cinayətlərdə insanların, daha doğrusu, kütlənin
izahsız bir məntiqi üzə çıxır, günah
qadında - yəni öldürüləndə, zorlananda,
soyulanda, döyüləndədir. Və “Müəmmalı qətlin
üç versiyası” hər kəsin öz həqiqəti
ideyasından başqa, həm də bu haqda düşünməyə
çağırır. Qadını bir də anlamağa,
günahı boynuna yıxmaq üçün başqa obyekt
axtarmağa dəvət edir...
PƏRVİN
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.15.