Qaranlıqdan
aydınlığa: “Şollerin arxivi”
Həyat bir bumerqandır. Kim bu fikri necə istəyirsə,
eləcə də başa düşməkdə azaddır.
Ancaq mən sizə bu yazımda insanın öz
kökünə, doğulduğu torpağa, yurda
bağlılığından danışacağam. Daha doğrusu, o torpaqların sirli enerjisinin insan
ruhundakı, həyatındakı təsir gücündən.
Elm,
texnologiya inkişaf etdikcə, “o vaxtın insanları”nın sözlərini ya unudur, ya da yetərincə
ciddiyə almırıq. Bəlkə də bu
inkişaf ilk növbədə bizim eqomuzu yüksəldir.
Hər şeyi biz bilirik, biz oxuyuruq, biz
görürük kimi mənasız fikirlərə
qapılırıq. Amma elə ki
ayağımız bir çınqıla ilişir,
qarşımıza “boyumuzdan yekə” sual çıxır, o
saat qaçırıq yenə də böyüklərimizin
üstünə. Hə, onu deyirdim axı, böyüklərin
“ata yurdu” ifadəsi də zaman keçdikcə, həm elmi, həm
də praktiki cəhətdən öz təsdiqini tapır, biz
gənclər nə qədər qeyri-ciddi yanaşsaq da...
Bu həqiqətlə ilk dəfə 17 yaşımda
Qarabağ qaçqınları ilə ünsiyyət
zamanı qarşılaşmışdım. Yerini, yurdunu,
doğulduğu, havasını udub, suyunu içdiyi
torpaqları özlərindən asılı olmayan səbəblərdən
tərk etməyə məcbur qoyulan
soydaşlarımızın nitqində tez-tez eşitdiyim “ata
yurdu” kəlməsi o zamandan bəri yaddaşımın bir
küncündə müsəlləh əsgər kimi
dayanıb. Bənzər situasiyalarda tez
özünü göstərir, sanki “burdayam” deyir.
Həmin
vaxtlar Şuşadan olan məcburi köçkün bir
xanımla söhbətimiz əsnasında söylədiyi fikir
damarımda qanımı dondurmuş, ürəyimi
yandırıb cızdağını
çıxartmışdı: “Əvvəl gələndə
evimizə, illərlə topladığımız,
dişimiz-dırnağımızla
yığdığımız az-çox varımıza,
mal-qaramıza, rahat həyatımıza yanırdıqsa,
yaş ötdükcə doğulduğumuz torpağın həsrəti
bizi diri-diri qovurur. Hərdən düşünürəm ki,
o yığdıqlarımız da, mal-qara da, ev-eşik də
onların olsun, bircə dəfə, cəmi bircə dəfə
gedib doğulduğum torpağa ayaq basım, ata yurdumu
görüm, o havanı təzədən udum...”
Doğulduğu torpağın yaş ötdükcə
insanı özünə çəkməsi fikrini sonralar
tez-tez eşitdim. Bu yazıda haqqında
danışacağım “Şollerin arxivi” adlı Azərbaycan
bədii filmi də elə bu mövzuya həsr edilib. Filmdəki hadisələr XX əsrin 40-cı illərində
Azərbaycanda yaşamış alman mənşəli
Şollerlər ailəsinin həyatı üzərində
qurulub.
Almanların
Azərbaycana köçü haqqında xatırlatma
Azərbaycanda almanların məskunlaşması tarixi
XIX əsrin birinci yarısından başlayıb. Onların
Qafqaza köçürülməsi Azərbaycanın
Çar Rusiyası tərəfindən işğal edilməsilə
bağlıdır. Yəni o vaxtkı Azərbaycan
ərazilərinin İran və Rusiya arasında bölünməsinə
imkan verən Gülüstan müqaviləsindən sonra Rusiya
məskunlaşdırma siyasətinə başlayır və
Qafqaz qoşunlarının baş komandanı General Yermolov
Qafqaza Avropa xalqlarının köçürülməsini təklif
edir.
1817-ci ildə o, almanların ilk dəstələrinin Azərbaycana
yerləşdirilməsi barədə göstəriş verir. Almanların
Azərbaycana ilk kütləvi köçü isə
1817-1819-cu illərə təsadüf edir. 1818-i
ilin sentyabrında 209 alman ailəsinin Azərbaycan ərazilərinə
köçürülməsi barədə qərar verilir.
Ailələrdən 118-i Gəncədən 7-8
kilometr aralıqda yerləşən, yerli əhalisi Çar
Rusiyasının hakimiyyətini qəbul etməyərək
Osmanlı və ya İran ərazilərinə
köçmüş Xanlıqlar kəndinə gətirilir.
91 ailə Şəmkir şəhərinin ətrafındakı
ərazilərdə yerləşdirilir.
Azərbaycana yerləşdirilmiş almanlar Vürtemburq
krallığının sakinləri olublar. Alman ailələri
Şəmkir yaxınlığında Helenendorf (Göygöl
rayonu) və Annenfeld adlı iki koloniya salıblar. Bu koloniyalardan başqa almanlar Azərbaycanda Georqsfeld,
Qrünfeld, Ayxenfeld, Traubenfeld, Yelizavetinka kimi kəndlər də
salıblar. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanda yaşayan almanların əksəriyyəti
xristianlığın protestantlıq qoluna etiqad ediblər.
1857-ci ildə Helenendorfda protestant kilsəsi
tikilib. Sonralar Gədəbəy, Şamaxı, Bakı,
Şəmkir ərazisində də alman lüteran kilsələri
tikilərək istifadəyə verilib. Hazırda
Şəmkirdə, Göygöldə restavrasiya edilmiş
kirxalar var. Lüteran kilsəsi Göygöldə tarix muzeyi
kimi fəaliyyət göstərir.
Almanların Qafqazdan köçürülməsi
prosesinin başlanğıcı isə 1871-ci ildə Vahid
Almaniyanın yaranması ilə əlaqələndirilir. O zamandan almanlar Rusiyada
arzuolunmaz xalqların siyahısına düşüblər. 1933-cü ildə Hitlerin Nasional Sosialist
Partiyasının Almaniyada qalib gəlməsi, Almaniya ilə
keçmiş SSRİ arasında 1941-ci ildə müharibənin
başlaması ilə Sovet İttifaqının Avropa hissəsindən
almanların deportasiyası barədə qərar qəbul
olunub. 1941-ci ilin oktyabr ayında Stalinin əmri və Mikoyanın
təşəbbüsü ilə təqribən 20 mindən
çox Azərbaycan vətəndaşı olan alman heç
bir tutarlı dəlil olmadan 15 gün ərzində Sibirə və
Qazaxıstana sürgün edilib. Sürgün
vaxtı yolda ölənlər, sonradan getdikləri yerdə
aclıqdan və soyuqdan qırılanlar da çox olub. Bir çoxu isə orada məskunlaşdıqları
üçün sonradan Azərbaycana dönməyib. Köçürülmüş almanların yerinə
ermənilər və yerli camaat gətirilib.
1939-cu ildə Azərbaycanda 13133 nəfər alman
yaşayırdı. 1989-cu ilin siyahıyaalınmasına
görə, onlardan cəmi 748 nəfəri qalıb. Bunun da 134-ü Bakıda yaşayırdı. Hazırda isə ölkədə 500 nəfər
qarışıq nikahların törəməsi olan alman var.
Bir arxivin
izi ilə...
“Şollerin arxivi” bədii filmi almanların Azərbaycana
gəlişinin 200 illiyi münasibətilə və Prezident
İlham Əliyevin imzaladığı müvafiq Sərəncama
istinadən çəkilib. Çəkilişləri bir ildən
çox davam etmiş film Avropa mədəniyyətindən, azərbaycanlıların
sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan,
ölkəmizin multikultural dəyərlərindən bəhs
edir. Filmin çəkilişləri Gəncə,
Xanlar, Tovuz və Bakıda aparılıb.
Triller
janrında çəkilmiş ekran əsərinin ssenari
müəllifi, quruluşçu rejissoru və baş
prodüseri Cəlaləddin Qasımov, rejissoru Adil Qulamov,
operatoru Fahir Səmədoğlu, montajçısı Faiq
Nağıyevdir. Filmdə Xalq artisti Sabir Məmmədov,
Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad
Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev
və başqaları rol alıblar.
Filmin sujet xətti real həyatdan
götürülüb: “Almanları sürgün edəndə
azərbaycanlı ailəsinə bələkdə bir uşaq
vermişdilər. O vaxt qayda belə idi ki, almanlara kim
kömək etsəydi, həmin adamı Azərbaycanda cəza
gözləyirdi. O, sürgün oluna bilərdi. Odur ki, həmin bələkdəki uşağı
gizlincə götürüb saxlayıblar. Sonra da 1945-ci
ildə Şoller nəvəsinin dalınca gəlir...”
Müharibə haqqında çox əsərlər
yazılıb, çox filmlər çəkilib. Dünya ədəbiyyatı
bu cür dəyərli nümunələrlə zəngindir.
Bəzilərində müharibənin od-alovu, bəzilərində
arxa cəbhənin çarəsizliyi, bəzilərində isə
ayrı-ayrı insan talelərinə vurduğu fərqli yaralar
mövzu kimi seçilib. “Şollerin arxivi”
filmi də müharibənin gətirdiyi bəlalardan
danışır. Ancaq müharibəni, o
odu, alovu göstərmədən. Azərbaycanın Tovuz
rayonunda, kiçik bir dağ kəndində məskunlaşan,
buradakı yerli əhaliylə qaynayıb-qarışan, öz
hesabına burada bir çox quruculuq işləri görən
Şollerlərin yüz ildən artıqdır məskunlaşdıqları
torpaqdan çıxarılmasının bircə səbəbi
vardı-müharibə!
Əgər
onlar nə zamansa gəldikləri, bir neçə nəslin
ömrünü sürdüyü torpaqdan
çıxarılmışdılarsa, filmin başqa bir qəhrəmanı
taleyin qurduğu amansız oyun nəticəsində düz otuz
il öz kimliyindən xəbərsiz, ata
yurdundan çox uzaqda ömür sürməyə məhkum
olmuşdu. Əfqanıstandakı hərbi xidmətdə
keçirdiyi qəza nəticəsində yaddaşını
itirən 20 yaşlı gənc Aslanın sonrakı taleyi
Almaniyaya qədər gedib çıxır. Həkimlərin “su yaddaşı” dedikləri bu xəstəliyin
tək çarəsi doğulduğu torpaq, başqa sözlə,
ata yurdudur. Deməli, böyüklərimizin
bu qədər müqəddəs saydıqları “ata yurdu”nun
tibbi izahı da varmış. Doğulduğu,
böyüyüb boya-başa çatdığı torpaqdan
ayrılan insan kökündən ayrılan ağac kimidir,
gec-tez mütləq yıxılacaq. Aslanın kim olduğunu, hardan gəldiyini isə heç
kim bilmir. Gəncliyində bəlkə də
bunu özünə çox dərd etməyən,
keçmişinin izinə düşməyən Aslan illər
ötdükcə yaddaşsızlığının əziyyətini
çəkməyə başlayır, özü haqqında
daha çox şeylər bilmək istəyir. Fələyin
ona hazırladığı sürprizlər isə çox da
uzaqda deyil...
Şollerin Azərbaycandan çıxarkən
Qasımovlar ailəsində əmanət qoyduğu arxiv
neçə qaranlıq taleyə işıq tutur. Həmin
arxivin izi ilə Tovuz rayonuna gələn Şollerin nəvəsi
Mark və onun dostu Covanni burada onları hansı həqiqətlərin
gözlədiklərindən xəbərsizdirlər. Həqiqət isə onları kiçik bir kənddə,
dağların qoynunda uzun illərdir ki, gözləyir.
Çox qısa zamanda bütün dünyanın diqqətini
öz üzərinə çəkməyi bacaran “Şollerin
arxivi” filmi müharibə, məhəbbət və ümid
haqqında bənzərsiz bir əsərdir. Burada alman ailəsinin
timsalında insan dramı var. Filmi izlədikcə anlayırsan
ki, əslində ətrafımızdakı insanların həyatında
baş verən hadisələr hansı yollarlasa bizə, bizim
həyatımıza da təsir edə bilir. Bir əsgərin
itkin düşməsi onun ailəsinin, sevdiyi qızın, az qala bütün kəndin həyatını
necə dəyişibsə, dörd nəfərdən ibarət
alman ailəsinin sürgünü özündən sonrakı
nəsillərin belə həyatında izlər
buraxmağı bacarıb. Sirr isə heç zaman gizli
qalmır, gec-tez açılır, mütləq
açılır...
Ötən
ilin ən uğurlu filmi
“Şollerin arxivi” bədii filmi dünyada böyük
marağa səbəb olub, altı ayda iyirmi beynəlxalq
festivalda uğur əldə edərək Azərbaycan kino
tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi
müəyyənləşdirilib.
Filmin Böyük Britaniyanın 27-ci Chichester Beynəlxalq
Film Festivalında premyerası keçirilib. Beş
festivalda qızıl mükafata layiq görülən ekran
işi dekabr ayında daha üç festivalda qələbə
uğrunda mübarizəyə qoşulub. Film
Hollivudda “Global Nonviolent Film Festival”, Fransada isə “Mediterranean
Film Festival Cannes” festivallarında “Ən yaxşı bədii
film” adını qazanıb. Həmçinin
bu ekran əsəri Hollivudda “Global Nonviolent Film Festival”ın
jurnalına daxil edilib.
“Şollerin
arxivi” Yaponiyanın “Genre Celebration” festivalında “Ən
Yaxşı Dram” nominasiyasına, “Move me Productions Belgium” - film
festivalında “Ən Yaxşı Film” nominasiyasına,
“Barcelona Planet” film festivalında isə “Ən Yaxşı Bədii
Film” nominasiyasına layiq görülüb. Los Anceles “CineFest” , Kanadanın “AltFF Alternative” Film Festival və
“European Cinematography AWARDS” festivallarında final mərhələsinə
qədər çıxıb. ABŞ, İngiltərə və
Yaponiya kinoteatrlarında nümayiş etdirilən film “Oskar”ın
siyahısına düşməyin bir
addımlığındadır. Bu günlərdə
isə ekran əsəri növbəti uğurunu Almaniyanın
Capital Filmmakers Festival - Berlin festivalında qazanıb.
Baş prodüser hesab edir ki, bu film Azərbaycan ilə Avropa arasındakı mədəni əlaqələrdə çox mühüm yeri olan bir sənət əsəridir. Elə biz də o fikirdəyik.
Sondan başlanğıca...
Əslində, həyatımız işarələrlə
doludur. Hər anımız bizə gələcək nələrinsə
işarəsini verir. Biz isə yaşamağa o qədər
aludə olmuşuq ki, başımızı qaldırıb o
işarələrə baxmağı, onları anlamağa
çalışmağı ağlımıza belə gətirmirik.
Bir müddət öncə Fransada yaşayan həmyerlimiz
Şahin Sinarianın “İvon Bottonun arzuladığı həyat”
kitabını oxuyanda onunla az qala eyni mövzuya toxunan
“Şollerin arxivi” filminə baxacağımı və hətta
haqqında yazı yazacağımı düşünməmişdim.
Filmi izləyərkən isə ekranın bir küncündən
mənə doğru boylanan o yaşıl, yorğun gözlər-İvon
Bottonun gözləri elə hey deyirdi: “Sizin həmyerliniz
Aslan qürbətdə otuz il keçmişini xatırlamadan
yaşamışdısa, mən doğma elimdən, yurdumdan, valideynlərimdən,
əzizlərimdən uzaqda - Azərbaycanda düz 66 il
ömür sürdüm, özü də hər Allahın
günü onları xatırlayaraq”. Və
düşündüm, bu gözlər də mənə bu
yazı ilə başladığım mövzunu davam etdirmək
üçün bir işarədir. Qərib fransız
qızı İvon Bottonun həyatında görüşənədək...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.14.