Gənc Ədiblərin 4-cü
dalğası başlandı
Qəribə aurası var Yazıçılar Birliyinin. Hələ
gedib çıxmadan, qapısından içəri girmədən
insanı öz təsirinə ala bilir. Ona
doğru gedərkən sanki tarixin müxtəlif zamanlarına
səyahətə çıxırsan.
Hələ
düşünəndə ki, sənin qalxdığın bu
pilləkənlərdə uşaqlığından sevərək,
bəyənərək oxuduğun, əlçatmaz hesab etdiyin
Azərbaycan ədəbiyyatının ən mötəbər
nümayəndələrinin ayaq izləri, bu divarlarda
onların nəfəsləri var, ürəyin sevinc və
qürur hissi ilə dolur. Bunu indi yox, altı il
öncədən- ilk dəfə oraya ayaq basarkən hiss eləmişdim.
Sonralar da bu hiss heç dəyişmədi.
Qulaqlıqda səsinin ən zil tonundan “İki
yabancı” deyib nalə çəkən Teomanla Şəbnəm
Fərahı dinləyə-dinləyə Sahil bağı ilə
üzü Yazıçılar Birliyinə tərəf irəliləyirəm. Mahnıda
bir-birinin həyatında var olan, əslində isə olmayan
iki yad adamdan danışılır. Həzin
sevgi nəğməsi həmin an mənimçün qeyri-adi
dərəcədə fəlsəfi görünür. Bağda oturan, gəzişən, harasa tələsən
insanlara baxıram. Gündə
gözümüzün qabağından, həyatımızdan
nə qədər insan keçir. Onların
cəmi bir faizi bizə yad deyil. Bəzən isə yadlar
doğmalaşır, doğmalar yadlaşır...
Fikirlərim mahnının bitişi ilə
dağılır. Saata baxıram, düz 12:00-u göstərir. Ən çoxu iki -üç dəqiqə gecikəcəm,
amma yenə də narahatam. Yolun
qarşı tərəfindən birliyin binasına girən
Nicat Həşimzadəni görürəm. O ki
çoxdanın yazarıdır, yəni o da Gənc Ədiblər
Məktəbi üçün gəlib? İllərdir
yazır, imzasını da az-çox tanıtmağı
bacarıb. “Yəqin Birlikdə başqa
işi var” - düşünüb yolu keçmişdim ki,
Nicatın da məni gördüyünü və qapıda
gözlədiyini anlayıb gülümsəyirəm. Salam-kəlamdan sonra öyrənirəm ki, o da Gənc
Ədiblər Məktəbi üçün gəlibmiş.
Hə, unutdum axı sizə deyəm, həmin gün
AYB-də IV Gənc Ədiblər Məktəbinin ilk
toplantısı keçirilirdi. Biz də elə ona tələsirdik.
II Gənc Ədiblər Məktəbinin məzunu,
III Gənc Ədiblərin isə jurnalist kimi iştirakçısı
olduğumdan Rəşad Məcid məzunlar sırasında məni
də dəvət etmişdi tədbirə. Dördüncüyə toplanan gənclər elə
mənimçün də maraqlı idi. Görək
bu dəfə ədəbiyyatımıza kimlər və necə
gəlmək fikrindədirlər?
İkimiz də qaçaraq “Natəvan” klubuna
qalxırıq. Elə pilləkəndəcə Rəşad
Məcidin səsini eşidirəm, qapıdan boş
stulları görüb “müəllim uşaqların
azlığından narazıdır”- düşünürəm.
Yanılmamışam. O boyda zalda cəmi
10-12 nəfər gözə dəyir, onların da bir neçəsi
əvvəlki Gənc Ədiblərin məzunları və
xüsusi qonaqlardır. Birinci Gənc Ədiblər Məktəbinin
məzunu, təkcə yazıları, qalmaqallı müsahibələri
ilə deyil, həm də atmacaları ilə tanınan Kəramət
Böyükçölün yanında yerimi tutub tələsik
çantamdan “silah-sursatımı” çıxarıram. Jurnalistin, yazıçının “silah-sursatı”
isə dəftər-qələmdən o tərəf keçməz
ki. Zala göz gəzdirəndə gələrkən
dinlədiyim mahnı və düşüncələrimi bir də
xatırlayıram. Mənə tanış
olmayan üzlər var burda. Elə bir-birlərinə
də yaddırlar. Amma kim bilir, bir
neçə tədbirdən sonra kimlər doğmalaşacaq,
kimlər yad qalacaq...
Məndən
sağda gənc yazar Orxan Saffari, onun da sağında III Gənc
Ədiblər Məktəbinin məzunu Rəvan Cavid var.
Boşluqdan istifadə edib hal-əhval tuturduq ki, I Gənc
Ədiblərin məzunu, yazıçı və ədəbiyyatşünas
Pərvin xanım zala daxil oldu. Onun gəlişi
ilə sanki bir canlanma yarandı. Bayaqdan
oğlanların arasında tək xanım idim, indi isə
güclü bir dəstək gəlib. Elə
gələn kimi də birləşib, yarızarafat tərzdə,
xanımların üstünlüyünü göstəririk.
Biz söhbətdəykən boşluqdan
sıxılan insanlar ora-bura gedib-gəlirlər. Rəşad
Məcid isə çox üzə vurmasa da, hər halda, məyusdur:
“Axı özünüz istədiniz ki, biz bunu təzədən
yaradaq. Amma normal yığışa bilməmisiz.
Hanı bu Ümid Oruc?”
IV Gənc Ədiblərə müvəqqəti
koordinator təyin olunan oğlanı soruşur Rəşad
müəllim.
Yerdən kimlərsə “metrodadı”, “gəlir”,
“çatır” deyirlər. Rəşad
müəllim isə vaxtdan xeyli keçdiyini görüb
onları gözləmədən toplantını
açır. 2008-ci ildən yaranan və
artıq üç dəfə məzunlar yola salan məktəb
haqqında ətraflı danışır, bayaqkı gərginliyi
aradan qaldırmaq üçün “hələ ilk
toplantıdır, inanıram ki, gələcəkdə
sayınız daha da artacaq” deyib sözünü
yekunlaşdırır. İki daşın arasında
beynimdən ildırım sürətilə bir fikir
keçir: insanların, xüsusən gənclərin
könlünü almağı bəlkə də onun qədər
bacaran ikinci adam yoxdur.
Ondan sonra söz keçmiş Gənc Ədiblərin məzunlarına,
yəni bizə verilir.
Kəramətin israrı ilə ilk sözü Pərvin
xanım alır. O, öz təcrübələrindən, 2008-2010-cu illərdə
iştirakçısı olduğu Gənc Ədiblər Məktəbindən
və orada öyrəndiklərindən böyük həvəslə
danışır. Deyir ki, mənim uşaqlıq arzum sadəcə
universitetdə dərs demək idi, ədəbiyyatda
qazandığım digər bütün uğurlarımı
Azərbaycan Yazıçılar Birliyinə, Gənc Ədiblər
Məktəbinə və “525-ci qəzet”ə borcluyam... Bu səmimi etiraf sanki öz səsimmiş kimi mənim
də içimdə təsdiqini tapır.
Daha sonra
Pərvin xanım bir pedaqoq kimi çıxış edir,
uğur qazanmağın şərtlərindən
danışır: içindəki tənbəlliyə, yəni
özünə qalib gəlməyi bacarmaq! Anar müəllimin
sözləriylə fikrini daha da qüvvətləndirir:
“Yazmaq soyuq suya girmək, ya da yuxudan durmaq kimidir”.
Onun çıxışının sonunda Rəşad Məcid
Gənc Tamaşaçılar Teatrını xatırladır. Axı Pərvin
xanım həm də teatrın mətbuat katibidir. O da gəncləri
teatra dəvət edir, onlar üçün istədikləri
tamaşaya baxmaq şəraiti yaradacağına söz verir. Bundan gözəl fürsət?!
Sonra söz Kəramətə verilir. Onun
çıxışının mərkəzində isə
istedad məsələsi var. Gənclərin mühitinin ədəbiyyat
üçün daha zəngin material verdiyinə
inandığını deyən Kəramət istedadlı
yazıçının qatlaşmalı olduğu
sıxıntıları bir-bir sadalayır. Sonda da gənclərə:
“İstedadınız yoxdursa, geri qayıdın” məsləhətini
verir və o an Rəşad Məcid müdaxilə edir: “Hələ
bir gəlsinlər, sonra qayıdarlar da...”
II Gənc Ədibləri mən, III-nü isə Rəvan
Cavid təmsil edirik. Rəvanın da
çıxışı maraq doğurur. O, Gənc
Ədiblər Məktəbinin ona qazandırdıqlarından
danışır, ən çox yadında qalan
görüşlərdən söz açır, öz
tövsiyələrini də gənc dostlarımızdan əsirgəmir.
Elə bu arada bütün gənclərin sevimlisi,
heç kimi diqqətdən kənarda saxlamayan dəyərli tənqidçi
Vaqif Yusifli zala daxil olur. Bayaqdan hamını sakit qarşılayan
bizlər Vaqif müəllimi alqışlarımızla
salamlayırıq. O da öz yerini tutandan sonra bayaqdan
maraqla hamımızı müşahidə edən və əminəm
ki, zehnində nə qədər atmacaları
yığılıb qalan “Ulduz” jurnalının baş
redaktoru Qulu Ağsəs, nəhayət, onları söyləmək
imkanı tapır. Qulu müəllim gənc ədiblərin
ən yaxın dostlarından biridir. Çünki hər
dəfə “Ulduz”un bir və ya bir neçə
nömrəsini tamamilə gənclərin ixtiyarına verir:
“Burada dörd fəsil kimi dörd nəslin nümayəndələri
iştirak edir. İndiki dövrdə gənclərin
ədəbiyyata gəlməyi çox böyük nemətdir.
Çünki əvvəllər gənclər
Yazıçılar Birliyinə üzv olmaq, onun mətbu
orqanlarından çıxış etmək, karyera qurmaq, ev almaq, Birliyin verə biləcəyi güzəştlərdən
yararlanmaq üçün gəlirdilərsə, indi ədəbiyyat
böyük bir sosial rifah vəd etmir. Buna
baxmayaraq, ədəbiyyatı sevən və onunla məşğul
olmaq istəyən gənclər var”.
Bu arada IV Gənc Ədiblər Məktəbinin
koordinatoru Ümid Oruc başda olmaqla bir neçə gənc də
özünü çatdırır. Rəşad Məcid
onlara iradlarını yenə də özünəməxsus
zarafatyana tərzilə bildirir.
Çıxışlardan sonra söz toplantının əvvəlindən
bizi maraqla dinləyən gənclərə verilir. Bakı Dövlət
Universitetinin tələbəsi olan Fərid Kərimov
televiziyada yayımlanan bir müsabiqəyə qoşulmasından,
ondan sonra tanış olduğu insanlardan
danışır. Onun
çıxışı əsnasında AYB-nin sədri, Xalq
yazıçısı Anar zala daxil olur. Anar
müəllimi görən kimi gənclərin gözlərində
parlayan sevinc qığılcımı məni də
sevindirir. Sanki hər kəs indi daha ürəklidir.
Xalq yazıçısının onlara xeyir-dua
vermək üçün tədbirlərinə
qatılması hamısını qürurlandırıb.
Fərid indi daha həvəslə
danışır. Rəşad Məcidin təklifi
ilə gənclər öz şeirlərini oxuyurlar ki, Anar
müəllim də onları yaxından tanısın.
Şeirlərdən sonra hamımız diqqətlə Anar
müəllimə baxırıq, o gülümsəyir:
“Oxuduqlarınız şeirdir, amma elə bil
hamısını eyni adam yazıb. Sevgi,
pessimizim, ümidsizlik, həsrət... Həyatda
eşqdən başqa da problemlər var.
Çalışın zənginləşdirin
mövzularınızı, yaradıcılıq üfüqlərinizi
genişləndirin. Burada bir-birinizin
şeirlərini dinləməyiniz də yaxşıdır ki,
gələcəkdə bir-birinizi təkrarlamayasınız”.
Sonra isə Gənc Ədiblər Məktəbi
haqqında xoş düşüncələrini söyləyib,
gənclərə məsləhətlərini də əsirgəmir.
Toplantının axırına yaxın gəlib çıxan II Gənc Ədiblər Məktəbinin məzunlarından Ümid Abbas Nihaninin oxuduğu şeir də hər kəsin marağına səbəb olur.
Toplantının ikinci hissəsində, ənənəvi olaraq, şeirlərin müzakirəsi keçirilir.
Xatırladım ki, IV Gənc Ədiblər Məktəbi
hələ təzəcə fəaliyyətə
başlayıb. Yəni əgər bu
yazını oxuyur və bundan təzə xəbər
tutursunuzsa, hələ üstəlik ədəbiyyata
meyillisinizsə, “gecikdim” deyib gizli-gizli köks ötürməyin.
“525-ci qəzet”i izləyin ki, gənclərimizin növbəti
toplantılarından öncədən xəbər tutub
iştirak edə biləsiniz.
Yox, əgər sadəcə oxucusunuzsa və gənclərimizin
keçirəcəyi görüşlər sizə
maraqlıdırsa, yenə də əlinizdə tutduğunuz bu
qəzeti izləməkdə davam edin. Yəqin
ki, hələ bir müddət - elə mənim imzamda -
onların çıxdıqları bu maraqlı və məsuliyyətli
yolda yaşadıqlarından xəbər tutacaqsınız.
İnanıram ki, IV Gənc Ədiblər Məktəbində
gələcək görüşlər hamımız
üçün maraqlı olacaq!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-
2019.- 12 yanvar.- S.11.