Azərbaycan Dillər Universitetində yeniliklər

 

 

Bugünlərdə Azərbaycan Dillər Universitetində (ADU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və təhsil ekspertləri, QHT təmsilçilərinin iştirakı ilə mediatur təşkil olunub.

 

Onlar imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. Öz növbəsində KİV təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunur, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın sözlərinə görə, Azərbaycan Dillər Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargahın yaradılıb. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.

İmtahan sessiyasının təşkilində həyata keçirilən yeniliklərdən danışan K.Abdulla imtahanlara ayrılmış vaxtın 3 saata qədər artırılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil olunması, hər bir imtahan otağında tələbələrə yardım məqsədi ilə lüğət və proqramın qoyulmasından bəhs edib: “İmtahan keçirilən otaqlara lüğət və proqram qoyulub. Burada məqsəd tələbələrin yaddan çıxardıqları müəyyən məqamları xatırlamasına köməklik etməkdir. Tələbələrin cavabları köçürməsinə şərait yaratmaq deyil. Köçürmə olduğu təqdirdə cavablar yoxlanılan zamanı dərhal üzə çıxır”.

K.Abdulla valideynlərin imtahan sessiyasını müşahidə etməsinin təşkili ilə bağlı da danışıb: “Universitetdə imtahanı izləmək istəyən hər bir valideynə prosesdə iştirak etmək imkanı yaradılıb. Eləcə də övladlarının imtahanlarının obyektiv və şəffaf şəraitdə keçirilməsinə tam əmin olmaq üçün valideynləri universitetə dəvət edirik. Valideynlərin imtahan prosesinə cəlb edilməsi uşaqların da məsuliyyəti artır. Bu, həm də imtahan prosesinin açıq şəkildə keçirilməsinin prinsiplərindən biridir”.

Tələbələr də ADU-da obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirirlər. Prosesin obyektiv və şəffaf keçirilməsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını bildirirlər.

Onlar qeyd ediblər ki, imtahan zamanı tələbələrə il boyu öyrəndiklərini, biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Stress və həyəcan keçirmədən. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. Tələbələri narahat etmir, yersiz müdaxilələrlə fikrini yayındırmırlar. Biliyi, savadı olan yazır və qiymətini də alır. Ona görə də bu gün ADU-nun tələbələri dərsləri böyük həvəslə oxuyur.

Tələbələr vurğulayıblar ki, imtahan nəticələri isə obyektiv qiymətləndirilir. Biliyin qiymətləndirilməsi zamanı tələbəyə qarşı qərəzli mövqe nümayiş etdirilmir.

ADU-nun 4-cü kurs tələbəsi Fidan Fərzəliyeva deyir ki, o, Rusiya Federasiyasının vətandaşıdır: “Azərbaycana ali təhsil almaq üçün gəlmişəm və seçimi Azərbaycan Dillər Universiteti olub. Seçimimdə heç yanılmamışam. 4 il ərzində mən həvəslə dərslərimi oxuyur, fəal tələbə kimi çalışırdım. Mənə çox gözəl, səbirli, diqqətli müəllimlər dərs deyiblər. Çox dərin biliklər və əvəzolunmaz təcrübə qazanmışam. Amma 4-cü kursda mənim maddi cəhətdən problemlərim yarandı və bununla bağlı təhsil haqqını ödəyə bilmirdim. Məcbur olub rektorumuz Kamal Abdullaya müraciət etdim. O, yalnız öz sahəsində peşəkar deyil, adı böyük hərflərlə yazılacaq insandır. O, həssaslıq və anlayışla məni qəbul edib dinlədi. Bundan başqa, problemin həlli üçün böyük yardım göstərdi. Dünyada belə bir böyük ürəkli insanın olduğunu bilmək necə də xoşdur. Şanslıyıq ki, universitetimizin rektoru məhz Kamal Abdulladır. Bu semestr rektor imtahan saatını bir saat artırdı. Kamal müəllim tələbələri dinləməyə və kömək göstərməyə hər zaman hazırdır. Universtitetdə təşkil olunan tədbirlərdə fəal iştirak edir. O, bizə ata kimi yanaşır, bizi öz uşaqları kimi qəbul edir. Biz universitetimizin tələbələri kimi təsəvvür edə bilmirik ki, nə qədər şanslıyıq. Bu cür insanlar olduğu müddətdə ölkəmiz - Azərbaycan inkişaf edəcək və onu gözəl bir gələcək gözləyir”.

İctimaiyyət nümayəndələri, ziyalılar da rektor Kamal Abdullanın rəhnərliyi ilə universitetdə bir çox mühüm yeniliklər tətbiq edildiyini deyir.

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, universitet təhsili dövründə tələbələrin maddi və mənəvi sıxıntılardan azad edilməsi, tədris və xüsusilə də imtahan prosesində tələbələrin psixoloji gərginliklərdən, müəyyən sarsıntılardan azad edilməsi əsas və başlıca şərtlərdən biridir. Bu baxımdan, Azərbaycan Dillər Universitetində də təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan demokratikliyin, obyektivliyin, aşkarlıq və şəffaflığın təmin olunması istiqamətində təhsildə lazımi uğurlar əldə edilməsinə, tələbələrin özlərini təhsil prosesinin bərabərhüquqlu subyektləri kimi hiss etmələrinə xidmət edə biləcək müəyyən addımlar atılır, onlarda özünə inam, özünə güvən hisslərinin formalaşması üçün müvafiq şərait yaradılıb: “Əsas yeniliklərdən biri ondan ibarətdir ki, imtahanlara ayrılmış vaxt 2 saatdan 3 saata qədər uzadılıb. Müddət tamam olar-olmaz imtahan işinin tələbənin əlindən alınıb, onun auditoriyadan xaric edilməsi kimi bir ənənəyə son qoyulub. Apellyasiya müddətinin vaxtındakı məhdudiyyət də aradan qaldırılaraq, növbəti imtahana qədər uzadılıb. İmtahan prosesində tələbələrə lüğətə və digər statistik vəsaitlərə nəzər sala bilmək üçün şərait yaradılıb. Tələbə kreditləri ilə bağlı ödənişlərin hissə-hissə ödənilməsi üçün imkan yaradılması da humanist addımlardan biri kimi dəyərləndirilməlidir. İmtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlər görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və müvafiq qaydalara uyğun keçirilməsinə kömək məqsədilə Operativ Qərargahın fəaliyyət göstərməsi, tələbə təşkilatlarının nümayəndələrinin imtahan prosesində iştirakı, valideynlərin sessiyanın gedişini müşahidə etməsi kimi məsələlərin təmin edilməsi Ölkə başçısı tərəfindən imzalanmış “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Sərəncamının yerlərdə icrasının bariz nümunəsidir.

Ümid etmək olar ki, ADU da təşkil olunan mediaturda təhsil ekspertlərinin, KİV və ictimaiyyət nümayəndələrinin imtahanların gedişini izləməsi, bu məqsədlə universitetin rektoru və kollektiv üzvlərinin birgə iştirakı ilə keçirilən mətbuat konfransında aparılan açıq fikir mübadiləsi, jurnalistləri və geniş ictimaiyyəti maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilməsi, təklif və rəylərin ümumiləşdirilməsi və ictimailəşdirilməsi baxımından faydalı olacaqdır. Hesab edirəm ki, tələbənin maddi və mənəvi rifahı naminə edilən istənilən yenilik, təhsilimizin inkişafi və daha da tərəqqisi yolunda atılan növbəti addımdır”.

Millət vəkili Fazil Mustafa bildirib ki, akademik Kamal Abdulla ADU-ya rektor təyin olunandan sonra universitetdə bir sıra müsbət yeniliklərə imza atıb: “Məsələn, ilk dəfə olaraq ADU-da tələbələr pedaqoji təcrübəyə Azərbaycanın rayonlarında yerləşən məcburi köçkün məktəblərinə göndərildi. Digər tərəfdən ADU-da maraqlı tələbə özünüidarə sistemi yaradılıb. Tələbələr özləri seçki yolu ilə seçilməklə bir gün ərzində universiteti idarə edirlər. Seçkidən sonra onların kölgə kabineti kimi fəaliyyət göstərmələri onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir edir. İmtahanlarda şəffalıq gözlənilir, ictimaiyyət nümayəndələri ilə birlikdə bu prosesin bilavasitə şahidi də olmuşuq.

Ən maraqlı yeniliklərdən biri də universitet tələbələrinə mağazalardan aldıqları ədəbi-bədii kitabların ödənişinin məhz universitet tərəfindən həyata keçirilməsidir. Üstəlik, ehtiyacı olan tələbə və müəllimlərə yardım göstərmək məqsədi ilə  Sosial fond da yaradılmışdır”.

F.Mustafanın dediyinə görə, ADU-da həm də “Səfir saatı” klubu fəaliyyət göstərir və bu klubda xarici ölkələrin səfirləri tələbələrlə görüşə gəlir, tələbələrin dili ilə Azərbaycanın mövqeyi açıq formada onların diqqətinə çatdırılır.

Millət vəkili Qüdrət Həsənquliyev vurğulayıb ki,  akademik Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir: “Bu yaxınlarda onun “Yarımçıq əlyazma” romanı Birləşmiş Krallığın Oxu üzrə Dünya Kitab Klubunda müzakirə edilib. Bu, hər bir azərbaycanlını məmnun edən ilk hadisə idi ki, Azərbaycan ədəbiyyatından əsər seçilmişdi. Onun rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələri yaxından izləyən şəxs kimi deyə bilərəm ki, Kamal müəllim rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalaq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlərlə ictimaiyyətin diqqətin cəlb etməkdədir.

Əlbəttə, iş olan yerdə səhvlərin də olması mümkündür. Heç kim səhvlərdən sığortalanmayıb və tənqiddən kənarda qala bilməz. Amma tənqid də gərək əsaslı olsun. Əgər kimsə deyirsə ki, Universitetin əksər məzunları ingiliscə danışa bilmir və o, dediklərində haqlıdırsa, deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görsənməsinlər. Tənqid gözdən salma xarakterli olmamalı, problemlərin həllinə kömək etməlidir.Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcəkdir”.

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2019.- 12 yanvar.- S.10.