Naxçıvan ədəbi mühitinə
dair dəyərli tədqiqat əsəri
Ölkəmiz dövlət müstəqilliyi
qazandıqdan sonra milli sərvətimiz olan mənəvi dəyərlərimizin
də tədqiqi məsələlərinə diqqət
artıb. Artıq müstəqillik illərində ədəbiyyatşünaslığımızın
yeni bir mərhələyə qədəm qoyduğunu məmnuniyyətlə
söyləyə bilərik.
Müasir ədəbiyyatşünaslıq bütün
ölkəmizi - onun bölgələrini və tarixi ərazilərini
müxtəlif tarixi dövrləri əhatə etməklə
dərininə və keyfiyyətlə öyrənməkdədir. Bu baxımdan
xüsusilə qeyd edilməli məsələdir ki, çağdaş
ədəbiyyatşünaslığımızda
Naxçıvan ədəbi mühitinin öyrənilməsi
istiqamətində də xeyli ciddi uğurlar əldə
edilmiş, çoxsaylı sanballı elmi-tədqiqat əsərləri
ərsəyə gəlmişdir. Muxtar
respublikada elmə ayrılan diqqət tədqiqatçıları
daha səmərəli fəaliyyətə sövq edərək
çoxsaylı nailiyyətlərin əldə edilməsinə
imkan vermişdir. Qeyd edilən elmi əsərlər
sırasında bu yaxınlarda çapdan çıxan və
elmi ictimaiyyətə təqdim edilən "Naxçıvan ədəbi
mühiti: problemlər, perspektivlər" (Bakı, "Elm və
təhsil", 2018) əsəri də diqqəti cəlb edir.
"Naxçıvan ədəbi mühiti: problemlər,
perspektivlər" adlı əsər Azərbaycan Milli Elmlər
Akademiyasının Naxçıvan Bölməsi Rəyasət
Heyətinin qərarı ilə çapa məqsədəuyğun
bilinib. Əsərin müəllifi bölmənin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq
şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə
doktoru, dosent Ramiz Qasımovdur. Əsərin
elmi redaktoru görkəmli elm xadimi, AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəylidir. Bu zəhmətli
işin bəhrəsi şəxsən mənə görə
həm də onunla əlamətdardır ki, adını
çəkdiyimiz monoqrafiyanın müəllifi Ramiz
Qasımov vaxtilə bizim, yəni ADPU-nun filologiya fakültəsinin
istedadlı tələbələrindən olmuşdur. Bu gün vaxtilə müəllimi olduğum, qədim
və orta əsrlər dövrü Azərbaycan ədəbiyyatı
ilə bağlı dərs verdiyim bir tələbənin
özü indi yeni əsərlərlə, səmərəli
araşdırmalarla elm meydanına gəlir. Ərsəyə gətirdiyi, ortaya qoyduğu
fundamental ədəbiyyatşünaslıq tədqiqatları
ilə diqqəti cəlb edir.
Haqqında söhbət açdığımız
monoqrafiyada ilk növbədə diqqəti cəlb edən məqam
onun əhatə etdiyi mövzu dairəsidir. Naxçıvan
ədəbi mühitini ta qədimlərdən üzü bəri
araşdırmağa həvəsli olan gənc alim bu tədqiqatlarının
nəticələrini adıgedən əsərdə, onun məzmununda
kifayət qədər dolğun şəkildə əks
etdirmiş, Naxçıvan ədəbi mühitinin
keçdiyi çoxəsrlik tarixi inkişaf yolunun ümumi mənzərəsini
yaratmağa nail olmuşdur. Müəllif mətləbə
haqlı olaraq Naxçıvanın zəngin xalq ədəbiyyatı
nümunələrindən başlayır, sonra yazılı ədəbiyyat
nümunələrinə keçir. Yazılı
bədii sərvətin qaynaqlarını və inkişaf
şərtlərini geniş və əhatəli şəkildə
araşdırma predmetinə çevirir. Həmin
inkişafın xüsusiyyətlərini, spesifikasını,
tarixi-ictimai və ədəbi-estetik tendensiyasını təhlil
süzgəcindən keçirir. Müəllifin qənaətinə
qoşularaq özün də sübut və təsdiq etməli
olursan ki, Gəmiqaya, Əshabi-Kəhf yurdu, Nuh peyğəmbərin
ocağı, ilkin yaşayış və mədəniyyətin
beşiklərindən biri, 500-300 min illik ilkin
yaşayış tarixi, ən qədim duzçıxarma sənətinə
malik Naxçıvan mütləq sözlü ədəbiyyata
da məskən olmalı idi. Ola bilməzdi ki, bu
qədim oğuz-türk yurdunda, ilkin insan məskənlərindən
birində insanın bədii düşüncəsi,
istedadı parlamaya, onun səmərəli bəhrəsi,
nişanəsi, təcəssümü gözə dəyməyə.
Dünyanın ən qədim incəsənət
nümunələrindən olan Gəmiqaya qayaüstü rəsmləri
də burda yaşamış ən qədim insanların
istedadını nümayiş etdirən ən mükəmməl
nümunələr kimi çıxış edir.
Monoqrafiya müəllifi haqlı olaraq çeşidli
qaynaqlara istinadən deyilən məsələlərə
dolğun surətdə nəzər salır. XI əsr Azərbaycan
intibah ədəbiyyatının görkəmli nümayəndəsi
olan alim və şair Qətran Təbrizinin Naxçıvan ədəbi
mühiti ilə əlaqəsi məsələsini geniş
şəkildə işıqlandırır. Müxtəlif
mənbələrin verdiyi məlumatlara istinadən, xüsusilə
Qətran Təbrizinin özünün əsərlərinə
xitabən XI əsrdə Naxçıvanda mövcud olan,
şairin davamlı olaraq əlaqə və ünsiyyət
saxladığı hökmdar-şair Əbu Düləf
Deyraninin başçılıq etdiyi
Naxçıvanşahlıq dövründə münbit ədəbi,
mədəni mühitin mövcud olduğunu qətiyyətlə
təsdiq edir. Müəllif bu minvalla XIII əsrin
görkəmli alim və şairi, ensiklopedik bilik sahibi,
görkəmli dövlət xadimi Nəsrəddin Tusinin mənşəcə
Naxçıvanla bağlılığı məsələsinə
də diqqət yetirərək onun bədii
yaradıcılığı haqqında məlumat verir. Bu universal zəka sahibi və şairin təkcə
elmi fəaliyyətini deyil, şairlik missiyasını da diqqət
mərkəzində saxlayır.
Əsərdə bütün tarixi dövrlərə mərhələli
olaraq nəzər yetirən müəllif XII-XV əsrlər
Naxçıvanının ədəbi-mədəni
mühitinə elmi səfər edir, tarixi-mədəni
mühiti göstərməklə bərabər, həmin
mühitin başlıca xüsusiyyətlərini, görkəmli
şəxsiyyətlərini və yaradıcılıq
nümunələrini də təhlil hədəfinə
çevirir. Böyük ictimai fikir adamı, alim və şair Fəzlullah
Nəimi və Naxçıvan mövzusuna da geniş
müraciət edən müəllif mənbələrin imkan
verdiyi səviyyədə bu dövrə nəzər
salmağa müvəffəq olur. Eyni
zamanda, o dövrün (XV-XVI əsrlərin) tanınmış
anadilli şairlərindən olmuş Beyrək
Quşçuoğlunun həyatına da nəzər salır
və onun yaradıcılıq irsinə geniş yer
ayırır.
Monoqrafiyada
Naxçıvan elmi-mədəni mühitində elmin
inkişafı üçün mövcud olan münbit mühit,
habelə türk-islam mədəniyyətinin görkəmli
şəxsiyyəti sayılan Nemətullah Naxçıvani də
dövrü, mühiti və irsi ilə əsərdə
özünə layiqli yer taparaq araşdırmaya cəlb
edilmişdir. Gənc tədqiqatçı
Naxçıvan elmi-mədəni mühitinin mənzərəsinə
əhatəli nəzər yetirməyə müvəffəq
olmuş, bununla əlaqəli dəyərli mülahizələr
ortalığa qoymuşdur. Yaxşı
haldır ki, türk-islam mədəniyyətinin görkəmli
nümayəndəsi olan Nemətullah Naxçıvani irsinin
öyrənilməsi, tədqiqi və nəşri məsələlərini
diqqət mərkəzində saxlamaq və inkişaf etdirmək
məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədri tərəfindən sərəncam
imzalanmışdır. Bu əsəri həmin
sərəncamın qayəsinə uyğun töhfələrdən
biri hesab etmək olar.
Əsərdə
XIX əsr və XX əsrin ilk onilliklərində
Naxçıvan ədəbi mühiti, onun görkəmli
nümayəndəsi və ağsaqqalı Məhəmməd
Tağı Sidqi, eləcə də ədəbi mühitin digər
tanınmış nümayəndələri barədə də
diqqətəlayiq məlumat və analizlərlə
rastlaşırıq. Həmin ədəbi-ictimai simalardan olan
Eynəli bəy Sultanovu, Hüseyn Cavidi, Cəlil Məmmədquluzadəni,
Əliqulu Qəmküsarı, Məmməd Səid Ordubadini və
başqalarını göstərə bilərik. Bəlli olduğu kimi, həmin sənətkarların
xalqımızın milli-mənəvi intibahında, maarif və
tərəqqi yoluna düşməsində, milli ideallara və
düşüncəyə yiyələnməsində müstəsna
dərəcədə böyük xidmətləri
olmuşdur. R.Qasımov bu ədəbi
simaların da həyatı və yaradıcılıq irsinə
nəzər yetirmiş, özünəməxsus təhlil və
fikirlər ortaya qoymuşdur.
Monoqrafiyada
bu görkəmli sənət və maarif bahadırlarının
davamçıları və ardıcılları olan XX əsr
Azərbaycan poeziyasının parlaq ədəbi simaları,
Naxçıvan ədəbi mühitinin görkəmli yetirmələri
- Xalq şairi Məmməd Araz və İslam Səfərli
irsi də diqqətdən kənarda qalmamışdır. Gənc tədqiqatçı bu gözəl şairlərin
əsərləri, bədii fəaliyyətləri barədə
maraqlı, orijinal fikirlər söyləmişdir.
Naxçıvanda ən yeni dövrdə ədəbi-mədəni
inkişaf və mühit də əsərdə özünə
geniş yer tapmışdır. Artıq qeyd edildiyi
kimi, əsərin də elə özünəməxsusluğu
Naxçıvanda ədəbi-mədəni inkişafda
tarixiliklə müasirliyin, sələflərlə xələflərin
bir arada verilməsi, təqdim, təsvir və təhlil edilməsindədir.
Müəllif Naxçıvanda ən yeni, müasir dövrdə
gedən ədəbi proses və inkişafa nəzər
salır, onu bütün yönləri və tərəflərilə
təhlil etməyə təşəbbüs göstərir. Əlbəttə,
düşmən tamahına daha çox tuş gələn,
blokadaya salınan və ilk düşmən gülləsi ilə
də sakitliyi pozulan qədim mədəniyyət yurdu və
dilbər guşələrdən olan Naxçıvan
poeziyasında vətən və insan taleyinin
araşdırılması bu məğrur, vətənpərvər,
igidlər, ərlər yurdunun insanlarının tale və fəaliyyətlərinin
də öyrənilməsi baxımından diqqətəlayiqdir.
Çünki qədim dövrün müdriklərindən
olan Aristotel də haqlı olaraq deyirdi ki, ədəbiyyat tarixdən
daha ciddi və elmidir. Məhz müasir
Naxçıvan poeziyasının timsalında insanların həyatı,
yaşantıları, mübarizəsi və taleləri bu bədii
nümunələrdə əks olunmaqla başqalarının
da həyatı və düşüncəsinin bir hissəsinə
çevrilir, həyat həqiqətləri bədii vasitələrlə
insanların diqqət mərkəzinə gətirilir. Bu qəhrəman torpağın
övladlarının həyat və yaşam mübarizəsi
məhz bu əsərdə ədəbi prosesin əhatəli təhlili
ilə özünə layiqli yer tapmışdır.
Burada həmçinin,
Naxçıvan ədəbi mühitində Cənub
mövzusu, quruculuq və ədəbi proses, İslam mədəniyyətinin
2018-ci il üçün paytaxtı olan Naxçıvanın
türk-islam mədəniyyəti abidələrinin bədii nümunələrdəki
əksi, Naxçıvan ədəbi mühitində bədii
nəsrin inkişafı, Naxçıvanın aşıq sənəti
və el şairləri, bədii ədəbiyyatda Duzdağ və
duz mövzusu müəllifin mövzu və təhlil hədəfinə
çevrilmişdir. Bu zaman verilən məlumatların,
söylənən fikirlərin bir çoxu tamamilə yeni və
orijinal təsir bağışlayır.
Akademik
İsa Həbibbəylinin elmi redaktoru olduğu, AMEA-nın
müxbir üzvü, professor Əbülfəz Quliyev,
filologiya elmləri doktoru Fərman Xəlilov və filologiya
üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə
İsmayıl ilə birlikdə mənim də rəyçisi
olduğum bu kitab Naxçıvan ədəbi mühitinə həsr
olunan əsərlər arasında özünə layiqli bir
yer tutmaqdadır. Bununla bağlı məxsusi
qeyd etməyi özümüzə borc bilirik ki, əsərdə
Naxçıvanın qədim və orta əsrlər
dövrü ədəbi mühitinin elmi şəkildə təsviri
və təhlili ilk dəfədir ki, belə ayrıca, konkret,
bitkin bir şəkildə tədqiqata cəlb edilmişdir.
Bu ilk cəhd artıq böyük ümidlər
yaradır ki, bu kimi tədqiqat cəhdləri davam və
inkişaf etdiriləcək, daha mükəmməl, əhatəli,
bitkin bir Naxçıvan ədəbi mühitini əhatə
edən yeni əsərlər meydana gələcəkdir.
Monoqrafiyaya
ön sözündə müəllifin bu məqsəd və
vəzifəni də aydın ifadə etməsi belə bir mərama
böyük ümid yaradır ki, bu əsərin müəllifi,
vaxtilə istedadlı tələbəmiz olan Ramiz Qasımovun
özü bu işi uğurla davam etdirəcək,
özünün ziyalılıq vəsifəsinə vətəndaşlıq
mövqeyindən yanaşaraq doğma el-obasına öz
töhfəsini verəcəkdir. Deyilən
istiqamətdə gördüyü uğurlu işləri ilə
alim elmi ictimaiyyətimizə və ədəbiyyatşünaslıq
elmimizə layiqli töhfələr verəcəkdir.
Bütövlükdə alimlər, ziyalılar, müəllimlər,
tələbələr, bütün ədəbiyyatsevərlər və Naxçıvan ədəbi
mühiti ilə maraqlanan oxucular
üçün maraqlı hesab etdiyimiz bu əsəri
Naxçıvan ədəbi mühitinə həsr olunan dəyərli
və layiqli bir əsər kimi də yüksək qiymətləndirir,
onun müəllifinə yeni-yeni elmi nailiyyətlər arzu
edirik.
Yaqub BABAYEV
ADPU-nun
professoru, filologiya üzrə elmlər doktoru
525-ci qəzet.- 2019.- 11 yanvar.- S.6.