Ziyadxan Əliyevin 70 illiyinə həsr
olunmuş sərgi
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Ziyadxan Əliyevin anadan olmasının 70 illiyi münasibətilə
Azərbaycan Rəssamlar
İttifaqında sərgi
açılıb.
Tədbirdə çıxış edən
Azərbaycan Rəssamlar
İttifaqının sədri,
Xalq rəssamı Fərhad Xəlilov Ziyadxan Əliyevin yaradıcılığından söz açıb. Bildirib ki,
Ziyadxan Əliyev 20-dən
çox monoqrafiyanın
və yüzlərlə
elmi-publisistik məqalənin
müəllifidir. Z.Əliyev,
həm də Azərbaycan Rəssamlar İttifaqının nəzdindəki
"Tənqid və sənətşünaslıq" bölməsinin sədri kimi milli incəsənətimizi
fəal şəkildə
nəinki respublikamızda,
onun sərhədlərindən
çox-çox uzaqlarda
da təbliğ etməkdədir.
Bildirilib
ki, Ziyadxan Əliyevin Azərbaycan sənətşünaslıq elmində
xüsusi yeri var. O, 40
ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif
sahələrini, onun inkişaf tendensiyalarını,
ayrı-ayrı sənətkarların
yaradıcılığını ardıcıl araşdırmaları
ilə yerli və xarici ölkələrin mətbuatında
təbliğ etməkdədir.
Bu mənada ABŞ, Rumıniya, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qırğızıstan,
Özbəkistan, Türkmənistan
və Türkiyə mətbuatında çap olunan elmi-publisistik məqalələri qeyd etmək olar. O, hər zaman çox cəsarətli sənətşünas kimi
əsl sənət fədailərindən yazıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü, Azərbaycan
Rəssamlıq Akademiyasının
rektoru, Xalq rəssamı Ömər Eldarov, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar
mədəniyyət işçisi
Zərifə Salahova, Mədəniyyət Nazirliyinin
sektor müdiri Qalib Qasımov, Türkiyənin Azərbaycandakı
səfirliyinin mədəniyyət
və tanıtma müşaviri İrfan Çiftçi, şair-publisist
Azər Abdulla və başqaları vurğulayıblar
ki, Ziyadxan Əliyev müasir Azərbaycan sənətşünaslığında
təsviri sənətin
ən müxtəlif problemləri haqqında dolğun və ətraflı tədqiqat işi aparan, tədqiqatlarını çoxsaylı
kitablar, məqalələr
və kataloqlar şəklində ictimaiyyətə
təqdim edən alim kimi tanınır.
Ziyadxan Əliyev hər bir yeni işində
axtarışlara meylli
olan və faktlara əsasən yeni söz deməyi
bacaran sənətşünasdır.
Qeyd edilib ki, o, 1974-cü ildə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini
fərqlənmə diplomu
ilə bitirib. Sonra isə İ.Y.Repin adına
Sankt-Peterburq Rəngkarlıq,
Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq
fakültəsində (1976-1982) təhsil alıb. 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1987-ci ildən
isə bu təşkilatın Rəyasət
Heyətinin üzvüdür.
Sənətşünaslıq fəaliyyətinə 1980-ci ildə
Azərbaycan Dövlət
İncəsənət Muzeyində
başlayan Z.Əliyev,
əvvəlcə elmi
işçi, sonra isə "Qərbi Avropa və rus incəsənəti"
elmi şöbəsinin
müdiri vəzifəsində
çalışıb. Burada 1993-cü ilə qədər davam edən fəaliyyəti dövründə
dünya və milli təsviri sənətimizin öyrənilməsi,
təbliği sahəsində
səmərəli fəaliyyət
göstərib. Həmin
illərdə onun tədqiqatları sayəsində
indiyə kimi elmə naməlum qalmış fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin,
holland rəssamı Frans Xalsın, flamand rəssamı Piter Klassın, məşhur Azərbaycan rəssamı usta Qənbər Qarabağinin
və görkəmli memar Zivərbəy Əhmədbəyovun rəngkarlıq
və qrafik əsərlərinin dəqiq
atribusiya nəticəsində
müəllifliyi müəyyən
olunub. Etiraf edilib ki, bu cür uğurlu
elmi atribusiyalar milli sənətşünaslığımızda
və muzeyşünaslığımızda
rast gəlinən
nadir hadisələrdəndir.
Sənətşünas Z.Əliyev həm də təsviri sənətimizin müxtəlif
sahələrinə aid çoxsaylı
elmi və publisistik məqalələrin
müəllifidir. O, hələ təhsil illərində
"Qobustan" jurnalında
"Şamaxının qədim
abidələri" adlı
ilk məqaləsini çap
etdirməklə sənətşünaslıq
elminə qədəm
qoyub. Bundan sonra onun yüzdən çox elmi məqaləsi həm Azərbaycanda, həm də xarici dövlətlərin
nüfuzlu jurnallarında
dərc olunub.
O, təsviri sənət sahəsində həm də bir çox
elmi tapıntılara
nail olmuş mütəxəssis
kimi tanınır. Onun 1989-cu ildə nəşr olunmuş "Azərbaycan
ekslibrisi" kitabı
apardığı tədqiqatın
nəticəsində işıq
üzü görüb.
Bu nəşrdə o, ilk ekslibrisin - kitab nişanının Avropadan
da çox qabaq Şərqdə - Azərbaycanda yaradıldığını
sübut edib. Bu yaddaqalan işdən
sonra Ziyadxan Əliyev XIX əsr Azərbaycan təsviri incəsənətində öz
möhtəşəm yaradıcılıq
irsi qoymuş Mir Möhsün Nəvvabın
yaradıcılığı haqqında kitab yazıb. "M.M.Nəvvabın rənglər
aləmi" kitabında
rəssamın təsviri
sənət sahəsindəki
bütün irsi ətraflı təhlil edilib.
Qeyd edilib ki, sənətşünasın
təşəbbüsü və axtarışları
nəticəsində hələ
sovet dönəmində
- 1989-cu ildə Azərbaycan
Dövlət İncəsənət
Muzeyində respublikada
ilk dəfə olaraq xarici ölkələrdə
yaşayan azərbaycanlı
rəssamların əsərlərindən
ibarət "Əzizim
Vətən yaxşı..."
adlı tarixi sərgi təşkil olunub.
Ziyadxan Əliyevin
çoxsaylı kitabların
və kataloq mətnlərinin müəllifi
olduğunu bildirən
natiqlər müəllifin
Xalq rəssamı Səttar Bəhlulzadəyə
həsr olunmuş
"Sənətin Məcnunu"
kitabını xüsusi
qeyd ediblər. Səttar Bəhlulzadə
yaradıcılığının öyrənilməsinə ömrünün
30 ilini həsr edən sənətşünasın
yazdığı bu kitabı təqdirəlayiq
tədqiqat əsəri
kimi dəyərləndiriblər.
Z.Əliyevin bir alim kimi
gənc sənətşünasların
yetişməsində müstəsna
xidmətləri olduğunu
söyləyən çıxışçılar
vurğulayıblar ki,
o, hazırda elmi-pedaqoji
fəaliyyətini davam
etdirir. Bildirilib ki, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində İncəsənət
tarixi fənnindən dərs deyən Z.Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında
çalışır. O, müxtəlif elmi-nəzəri
konfransların iştirakçısı
və məruzəçisi
olub, ölkəmizin sərhədlərindən çox-çox
uzaqlarda təşkil olunan rəssamlıq sərgilərinin təşkilində
yaxından iştirak edib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin hazırda yeni-yeni mövzular üzərində
işlədiyini söyləyən
natiqlər onun qədim milli-mənəvi
dəyərlərimizin indiyə
qədər qaranlıq
qalan səhifələrinə
işıq sala biləcək axtarışları
davam etdirəcəyinə
və yeni tapıntılarla sənətşünaslıq
elminə layiqli töhfələr verəcəyinə
inamlarını ifadə
ediblər.
Tədbir çərçivəsində Z.Əliyevin 70 illik yubileyinə həsr olunmuş "Sənətşünas
taleyi" kitabının
da təqdimatı olub.
Kitaba sənətşünasın
müxtəlif illərdə
respublikamızın qəzet
və jurnallarında çap olunmuş məqalələri və
sənət haqqında
fikirləri daxil edilib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirən yubilyar bundan sonra da
Azərbaycan rəssamlarının
yaradıcılığına işıq salacaq yeni əsərlərlə
sənətsevərlərin görüşünə gələcəyini
söyləyib.
Sonra iştirakçılar Z.Əliyevin
anadan olmasının
70 illiyi münasibətilə
açılmış sərgi
ilə tanış
olublar. Sərgidə sənətşünasın uzun illər haqqında yazdığı
rəssamların ən
dəyərli əsərləri
nümayiş olunub.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 11 yanvar.- S.8.