Görüş və söhbət üçün gözəl bəhanə   

 

YAXUD BAKI QƏHVƏ VƏ ÇAY FESTİVALINDAN QEYDLƏR

 

 

 

Necə deyib bizdən əvvəlkilər:

 

"Könül nə qəhvə istər,

                           qəhvəxanə,

Könül söhbət istər,

                       qəhvə - bəhanə..."

Mən də həftə sonumuzu xoş söhbətlərlə bəzəmək üçün yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində ("Passaj 1901" kompleksində) çoxdan gözlənilən böyük tədbirə - Bakı Qəhvə və Çay Festivalına ("Baku Coffee & Tea Festival") üz tutdum.

Oraya getməzdən öncə mətbuatdan oxumuşdum ki, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb.

Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Festivalın keçirilməsində məqsəd qəhvəni Azərbaycanda çay qədər məşhurlaşdırmaqdır. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb. Öz qəhvəsi ilə məşhur olan bu ölkələrin festivala qatılması tədbirə xüsusi maraq yaradıb.

Üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gəlir. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista üzrə milli çempionat keçirilir. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniya və Hersoqovinada keçirilməli olan Dünya Barista Çempionatında ("World Barista Championship") təmsil edəcək. Bununla da ilk dəfə Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.

Qapıdan içəri girər-girməz qəhvənin insan ruhunu təzələyən qoxusu "xoş gəldin" etdi. Qəhvə bəhanə desəm də, burnumu qıdıqlayan qoxu bu xoş bəhanənin bizi gün ərzində izləyəcəyinin xəbərçisi idi. Kompleksin içərisində ora-bura gedən insan selinin arasıyla bizə tanış üzləri axtarmağa başladım. Amma ətrafda o qədər maraqlı stendlər qurulmuşdu ki, istər-istəməz gözüm hansınasa ilişir, diqqətimi özünə çəkirdi. Məsələn, qapının düz qarşısında balaca uşaqların ətrafına yığışdığı masa ilk qarşılaşdığım oldu. Burada uşaqlar bir neçə böyüyün köməyi ilə kağızdan və plastilindən nələrsə hazırlayırdılar. Onların yanından keçib əsas hissəyə - stendlərin yan-yana düzüldüyü yerə daxil oldum. Uzaqdan gözümə ilk dəyən Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi oldu: kanallardan birinə müsahibə verirdi. Müsahibəsinə mane olmamaq üçün ona yaxınlaşmayıb digər tanış üzləri axtarmağa başladım. Çox keçmədən də tapdım. Artıq hamımız birlikdə idik. Onlar bizdən xeyli qabaq gəldiklərindən artıq festivalla da, ayrı-ayrı stendlərlə də tanış olmuş, qəhvələrin dadına da baxmışdılar. İndi növbə bizim idi.

Ətrafda xeyli sayda xarici şirkətlərin, başqa ölkələrin cürbəcür stendləri qurulmuşdu. Bir çoxunu tanısam da, bəzilərini ilk dəfə idi ki, görürdüm. Amma uzaqdan diqqətimi cəlb edən tamamilə milli ab-havaya bürünmüş, bütün stendlərdən öz rəngarəngliyi və canlılığı ilə seçilən "Azərçay"ın stendi oldu. Burada düzülmüş xalçalar, mütəkkələr, milli geyimdəki xanımlar sanki böyük kompleksin XIX əsrə aid kiçik bir hissəsi idi. Həm də onları görərkən bir anlıq özümü yanvar ayının ortasında Novruz bayramını - Baharı qarşılayırmış kimi hiss etdim.

Vaxt itirmədən bir az da yerlipərəstlik edib ilk elə həmin stendə - "Azərçay"a yaxınlaşdım. Milli geyimdə olan iki xanım stendə yaxınlaşan qonaqları xoş təbəssümlə qəbul edir, onlara "Azərçay" haqqında geniş məlumatlar verirdilər:

"Bildiyiniz kimi, "Azərçay" yerli məhsuldur, Lənkəranın çayıdır. Çaylarımız bir neçə çeşidə bölünür: yaşıl çay, qara çay, kəklikotulu yaşıl çay. Mağazalarımızda çeşidlərimiz daha çox olsa da, festivaldakı iştirakçılara da fərqli çaylarımızı təqdim edirik. Festivala olan maraq çox sevindiricidir. Burada xarici şirkətlərin məhsulları nümayiş olunsa da, qonaqlar "heç nə yerli çayımızın yerini vermir" deyərək bizim stendə yaxınlaşırlar".

Bunları eşitmək çox xoşdur. Həm də paytaxtımızda kifayət qədər xarici qonaqların olduğunu və onların da bu festivala maraq göstərdiklərini nəzərə alsaq, Azərbaycan çayının bir brend kimi onlara təqdim olunması xeyli qürurvericidir.

Necə deyərlər, doğma məkanımızdan ayrılıb, bir az da digər təmsilçilərlə tanış olmaq istəyirdim ki, "Azərçay"ın sol tərəfində qurulan böyük bir stend diqqətimi çəkdi. Onu maraqlı edən bir cəhət də qarşısındakı insan sayı idi. O qədər çox insan var idi ki, qıraqdan baxanda buranın hansı şirkətə məxsus olduğunu bilmək müşkülə çevrilirdi. Yaranmış kiçik boşluqdan istifadə edib stendə daxil oldum. Sən demə, bura İtaliyanın "İlli" şirkətinin Azərbaycan üzrə təmsilçisi "ArtCofe"nin stendi imiş. İnsanların arasında, hər şeyə diqqətlə nəzarət edən rəhbər Anar Quliyevlə ayaqüstü söhbət etmək imkanı da əldə edirəm. Deyir ki, artıq 12 ildir Azərbaycanda təmsil olunurlar: "Əsas şirkətimiz "İlli" şirkətidir. Burada da "İlli" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi iştirak edir. "İlli" dünya üzrə artıq brendə çevrilmiş şirkətdir. Bizim şirkətimizdəki əsas məqsəd barist və barmenlərlə sıx əlaqədə işləmək, onları professional şəkildə yetişdirməkdir. Festivalın əsas məqsədi burada kofe mədəniyyətini genişləndirmək, barista sənətini tanıtmaqdır. Gördüyünüz kimi, burada barista üzrə çempionat keçirilir və həmin çempionatın qalibi Dünya Barista yarışında Azərbaycanı təmsil edəcək. Biz şirkət olaraq, dəmlənən və fincanda müştəriyə təklif olunan məhsulun yüksək səviyyədə olmasına nəzarət edirik. Missiyamız təkcə kofeni satmaq deyil, həm də onu ən yaxşı şəkildə təqdim etməkdir. Bunu əldə etmək üçün də ən yüksək avadanlıqlar və onlarla işləyə bilən mütəxəssislər cəlb olunur. Biz personalın işinə və içkinin keyfiyyətinə nəzarət edirik. Bizim qədər bunun dərinliklərinə bələd olan şirkət demək olar ki, yoxdur. Çünki biz kofenin dadından bilirik ki, kofe dəmlənən avadanlığın harasında nə nasazlığı var, ya da dəmləmə səhvi nədədir". 

Eşitdiklərim çox təəccübləndirir. "Qəhvə qəhvədir də, onun dadından avadanlığın necə işlədiyini, daha doğrusu, hansı hissəsinin xarab olduğunu necə bilmək olar ki?" - düşünürəm. Amma sən demə, bilmək olurmuş. Əlbəttə, əgər yaxşı mütəxəssissinizsə...

Anar bəylə söhbətimiz əsnasında kənardan dayanıb bizə maraqla baxan gəncin söhbətimizi anlamadığını, amma çox həvəslə dinlədiyini görürəm. Anar müəllim onun şirkətin xarici mütəxəssisi Cako Moladsini olduğunu deyir. Onun da təəssüratlarını bilmək maraqlı olardı. Hərçənd, sevinci və məmnunluğu üz-gözündən bilinirdi: "Səmimi desəm, çox fəxr edirik ki, bizim Azərbaycandakı təmsilçimiz "ArtCofe" şirkətidir. Sərgidə ən gözəl stend bizim stendimizdir. Bu mədəniyyəti inkişaf etdirmək üçün bu cür festivalların keçirilməsi çox əhəmiyyətlidir".

Onlarla sağollaşıb digər stendlərlə tanış olmaq üçün uzaqlaşıram. Gördüklərim həm təəccübümə, həm də sevincimə səbəb olur. Bir çox qəhvə və çaysevərləri bir araya toplayan qəhvə və çay festivalına maraq olduqca yüksək görünürdü. Həmçinin, festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün "brew bar", istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil edilmişdi.

Nəhayət, Türkiyə üçün ayrılmış xüsusi yerə gəlib çıxıram. Burada tanış simalar salamlayır məni. Elə bayaqdan gəzdiyim festivalın ilk qəhvəsini də bu stenddə dadıram. Türkiyənin məşhur içkisi olan səhləbin və türk paxlavasının dadına baxa-baxa İrfan Çiftçi ilə Türk qəhvəsinin tarixi, festivala olan maraq haqqında söhbətləşirik. Deyir ki, qəhvəni dünyaya çıxaran, tanıdan türklərdir. Dünyadakı bütün qəhvə növləri başlanğıcını türk qəhvəsindən götürüb. Bunun tarixi də maraqlıdır: "İlk dəfə 1554-cü ildə Yəmənə göndərilən Osmanlı paşası Özdəmir Paşa orada qəhvə bitkisini görür və Həbəşistanda bundan istifadə olunduğunu müşahidə edir. İnsanlar onu çeynəyir, yeyirmişlər. Bu, Özdəmir Paşanın marağına səbəb olur və onlar həmin bitkini qaynadaraq, suyla bişirərək bu gün bütün dünyada məşhur olan bu içkini alırlar. Ondan sonra Türkiyənin həyatına daxil olan qəhvə çox qısa zamanda modern təbəqənin ictimai həyatını bəlirləyir".

Çoxdan bildiyimiz bir həqiqəti İrfan bəy də öz sözlərilə təsdiqləyir: "Türk həyatı qəhvə ilə başlayar. Məsələn, səhər yeməyinə biz qəhvəaltı (kahvaltı) deyirik. Yəni qəhvə içmədən öncə onun altından nəsə yemək. Qəhvə bizim həyatımızda çox geniş yer tutur. Zamanla bu, bizim dilimizə, mədəniyyətimizə də daxil oldu. Qəhvə ilə bağlı türkülər, mahnılar, atalar sözləri, məsəllər, lətifələr, hekayətlər, falı da var".

Bu anda yadıma "bir fincan qəhvənin 40 il xətri var" deyimi düşür. İrfan bəy isə dəyərli məlumatları ilə davam edir: "Qəhvənin hazırlandığı xüsusi yerlər var ki, ona "tahmis" deyilir. Dünyada ilk dəfə olaraq Türkiyədə spirtli içkinin olmadığı, amma hamının getdiyi, asudə zamanını keçirtdiyi sosial məkanlar yarandı ki, buna da "qəhvəxana" dedik.

Qəhvənin Avropaya çıxışı isə türklərin Vyana səfərindən sonra oldu. Onlar Vyana səfərindən qayıdarkən çox miqdarda qəhvə yaddan çıxıb orda qalır. Vyanalılar da onun nə olduğunu başa düşməyib dəvə yemi zənn edirlər. Ancaq orada da müharibə zamanı qıtlıq olduğundan qatıqla, südlə qarışdırıb bu gün Vyana qəhvəsi deyilən məhlulu alırlar. Oradan da dünyaya yayılır.

Türkiyə stendində qəhvədən başqa həmçinin, səhləb də sərgilənir. Səhləb Azərbaycanda çox da tanınan içki deyil. Səhləb və boza kimi içkilər bizdə qış fəslinə məxsus spirtsiz, ancaq insana enerji verən, ruh halını yüksəldən isti içkilərdir. Səhləb səhləb çiçəyinin kökündən və süddən hazırlanır. Əgər fikir verdinizsə, çox yumşaq, insanın boğazını yumşaldan içkidir".

Həqiqətən də hava mülayim olsa da, qışın soyuğundan qaçmaq mümkün deyil. Bu soyuqda isti səhləb lap yerinə düşmüşdü...

"Bundan başqa, Türkiyə mətbəxinə məxsus şirniyyatlar da qonaqlara təqdim olunur. Ancaq təqdimatımız yalnız içki və şirniyyatlarla kifayətlənmir. Biz həmçinin, böyük ekranlarda davamlı olaraq, türk qəhvəsinin hazırlanması ilə bağlı videolar və Türkiyənin məşhur aktrisası Türkan Şorayın rol aldığı "Qəhvəçi gözəli" filmimizi təqdim edirik. Festivalın gələcək günlərində Türkiyə səfirliyi olaraq, qəhvə ilə bağlı başqa-başqa məhsullarımızı da nümayiş etdirəcəyik. Çayı sərgiləmədik. Çünki Azərbaycanın özünün çayı yetərincə məşhurdur və burada da nümayiş edilir. Bu cür proqramlar çox lazımlıdır. Xüsusən gənclərin bilib faydalanması üçün çox əhəmiyyətlidir".

İrfan bəy deyir ki, insanı dinc və oyaq saxlayan qəhvə Türkiyədə elçilikdə, ən yüksək səviyyəli toplantılarda da təqdim olunur.

"Qəhvənin içmək tərzi belə fərqlidir. Böyüklər "bir acı qəhvəmizi için" deyərlər. Bunun aludəçiləri və nüfuzlu, böyük, hörmətli insanlar onu qəndsiz, yəni acı içərlər. Elə insanlara "qəhvənizi necə içərsiniz?" deyə soruşmazlar da. Qəhvəni acı içmək mərdlik, cəsurluq göstəricisi kimi qəbul edilər. Qadınlar və uşaqlar şirin, adi insanlar isə kəmşirin içərlər".

Bir millətin bir içkiyə bu qədər böyük önəm verməsi, ayrı-ayrı mənalar qatması çox xoşuma gəlir. Qəhvənin Türkiyə üçün önəmi və anlamı orda mənə daha çox aydın olur.

Kompleksi gəzərkən Yaponiyanın və Kolumbiyanın stendləri də diqqətimi çəkir. İnsanların sonsuz marağını, qəhvənin xoş qoxusunu, dayanmadan işləyən qəhvə maşınlarının uğultusunu arxada qoyub kompleksdən çıxarkən dodaqlarımda səhləbin yumşaq dadını, düşüncələrimdə aldığım son dərəcə maraqlı məlumatları, qəlbimdə isə ilk dəfə iştirakçısı olduğum festivalın həlim təəssüratlarını, özümlə aparırdım... Hə, doğrudan da, bu günümüzdə qəhvə sadəcə bir bəhanə oldu... Gözəl bəhanə...

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 15 yanvar.- S.8.