Mir Cəlalın "Ədəbi tənqid"
kitabı mənəviyyat məcrasında
Bugünlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi əsasında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ədəbi tənqidi məqalələrini əhatə edən "Ədəbi tənqid" kitabı nəşr olunub.
Milli
Kitabxananın arxiv materialları əsasında tərtib olunan
və ilk dəfə işıq üzü görən bu
topluya professor Asif Rüstəmlinin yazdığı
"Ön söz"ü cüzi ixtisarla oxuculara təqdim
edirik.
Böyük
yazıçı, Əməkdar elm xadimi, filologiya elmləri
doktoru, professor Mir Cəlal Paşayevin çoxşaxəli
yaradıcılığında, zəngin və mənalı
həyat yolunda üçrəngli milli
bayrağımızın rəngləri kimi mənəvi
bütövlüyü rəmzləndirən və eyni zamanda,
heç bir vaxt kəsişməyən, paralel olaraq
ömrü boyu cəmiyyətə, mühitə nur saçan
üç ilham qaynağı, sənət eşqi yuvalanaraq
istedad və zəhmətin mənəviyyat məcrasında
sıralanmış - müəllim, alim, yazıçı
taleyi görünməkdədir. Bu elmi-pedaqoji və
ədəbi-bədii yaradıcılıq sahələrinin fərqli,
müstəqil fəaliyyət istiqa-mətləri olduqları
qədər də bir şəxsin timsalında eyni məqsədə
və mərama xidmət missiyası baxımından mükəmməlliyin,
idrak və bədii təfəkkürün zəhmət, fədakarlıq
müstəvisində mükəmməllik təzahürüdür.
Böyük ədib, alim və pedaqoqun həyat və
yaradıcılığının elmi tədqiqatların,
ciddi araşdırmaların gündöyənində
olduğu bir vaxtda Mir Cəlal müəllimin bu
yaradıcılıq sahələrindən hansına birinci
olaraq qəlbində hissiyyat oyandığını, rəğbət
yarandığını müəyyənləşdirmək çətin
olduğu qədər də duyulan və dərkolunandır. Şübhəsiz ki, onun ötən əsrin 30-cu
illərində yazdığı anket və tərcümeyi-hal
xarakterli sənədlər müəyyən fikir
aydınlığına, dəqiqləşdirmələr
aparmağa və qənaətlər söyləməyə əsas
verir.
Ədibin
1938-ci il 21 may tarixində
yazdığı tərcümeyi-halına əsasən o,
1908-ci ildə Əndəbil kəndində (Şərqi Azərbaycanın
Ərdəbil vilayəti Xalxal şəhəri
yaxınlığında, Xəzər yaxasında
yaşayış məskənində - A.R.) dünyaya göz
açıb. Atası Mir Əli Mir Paşa
oğlu onu və böyük qardaşını təxminən
1916-17-ci illərdə Gəncə şəhərinə gətirir.
Onlar burada aşbaz, çörəkçi
peşəsində halal zəhmətlə
çalışır, Mir Cəlal isə Gəncə şəhərində
ibtidai məktəbə daxil olur. Lakin ailənin
sevincli günləri uzun sürmür. 1918-ci
ildə Mir Əli Mir Paşa oğlu dünyasını dəyişir
(Mir Əli kişinin dünyasını dəyişməsinin
Gəncədəki hərbi, ictimai-siyasi hadisələrlə
bağlılıq dərəcəsini müəyyənləşdirmək,
erməni quldur bandaları tərəfindən qətlə
yetirilməsi ehtimalını dəqiqləşdirmək
üçün ciddi tədqiqata ehtiyac vardır - A.R.). Dövrün keşməkəşinə, sosial
ehtiyacların sərtləşməsinə baxmayaraq, Mir Cəlal
Mir Əli oğlu böyük qardaşının himayəsi
və xeyriyyə cəmiyyətlərinin maddi dəstəyi ilə
təhsilini davam etdirir. O, 1923-cü ildə Gən-cədəki
I dərəcəli şəhər məktəbini bitirərək
buradakı Darülmüəlliminə (Pedaqoji Texnikuma - A.R.)
daxil olur.
Mir Cəlal Paşayev 1927-ci ildə Gəncə
Darül-müəllimini (Pedaqoji Texnikumunu) bitirərək
vaxtilə təhsil aldığı Gəncə şəhər
I dərəcəli məktəbdə müəllimlik fəaliyyətinə
başlayır. 1928-29-cu illərdə isə Gədəbəydə
7 illik natamam orta məktəbin direktoru vəzifəsində
işləyən gənc pedaqoqa böyük etimad göstərilir.
O, ictimai fəallığına görə Gədəbəy
Rayon Xalq Deputatları Sovetinin və pleniumun üzvü
seçilir.
Mir Cəlal müəllimin pedaqoji fəaliyyətlə
paralel elmi və bədii yaradıcılığa ciddi
marağı da Gədəbəydə işlədiyi dövrdə
özünü büruzə vermişdir. Ədibin "Maarif yolu"
jurnalının 1928-ci il 10-11, 12 və 1929-cu il 1-2-ci
saylarında işıq üzü görən "Ədəbiyyatdan
romantizmə" adlı ədəbiyyatşünaslığa
dair ilk sanballı və irihəcmli məqaləsi ədəbi-elmi
ictimaiyyətin diqqətini cəlb etmişdir.
Çalışdığı
sahələrdə uğurlar qazanmasına rəğmən gənc
Mir Cəlal ali təhsil almağa, sistemli
elmi araşdırmalar üzərində
çalışmağa güclü mənəvi ehtiyac
duyurdu. Beləliklə, 1930-cu ildə Qazan
Dövlət Universitetinin ədəbiyyat-linqvistika şöbəsinə
(bəzi sənədlərdə Qazandakı Şərqşünaslıq
İnstitutuna - A.R.) daxil olur. Ədibin həyat yolundan bəhs
edilən əksər monoqrafiyalarda böyük sənətkarın
ali təhsilini yarımçıq qoyaraq
Qazandan Bakıya qayıtması yanlış olaraq 1932-ci ilə
aid edilmişdir.
Lakin Mir Cəlalın 1938-ci ildə yazdığı və
şəxsən imzaladığı ömürnaməsində
indiyədək məlum olmayan yarımçıq
qayıdışın səbəbi və tarixi haqqında
qeydlər mövcuddur. O yazır: "1930-cu ilin sonunda təhsil almaq
üçün Qazana getdim. Şimal mühiti səhhətimə
mənfi təsir etdiyi üçün 1931-ci ilin əvvəllərində
Bakıya qayıtdım, Az.DETİ-nin I kursuna imtahan verdim.
Az.DETİ 1932-ci ildə ləğv edildikdən
sonra isə APİ-nin aspiranturasına
köçürüldüm".
Ədibin eyni vaxtda doldurduğu "Kadrların
uçotu üzrə şəxsi vərəqə"sində
isə qeyd edilmişdir ki, o, "1931-ci ilin aprel ayında"
təhsil almaq üçün Azərbaycan Dövlət Elmi Tədqiqat
İnstitutuna daxil olmuşdur. Rəsmi sənədlərinə
əsasən Az.DETİ-nin Dil və Ədəbiyyat Bölməsi
üzrə aspiranturasına 1931-ci ilin aprelində 8 nəfər
qəbul edilmişdir. Bu elmi-tədqiqat
ocağının 6 iyun 1932-ci il tarixli
iclasının protokoluna əsasən attestasiyadan keçirilən
dilçi və ədəbiyyatşünas aspirantlar
haqqında belə qərar verilmişdi: "Dil və Ədəbiyyat
bölməsi. II kursa keçirilsin: 1.Vəkilov S. 2.Paşazadə
Mir Cəlal. 3.İbrahimov M. 4.Nəsirli Y. 5.Məmmədov
Ağasi..."
Bu mənbədə və daha əvvəlki qaynaqlarda Mir
Cəlalın soyadının Paşazadə variantına rast gəlinsə
də, 1934-cü ildən böyük
yazıçının rəsmi sənədlərdə familyası
Paşayevdir.
O, Qazandan Bakıya qayıtdıqdan sonra təhsilini davam etdirmək,
elmə xidmət yolunu seçmək üçün
dövrünün ən nüfuzlu elmi-tədqiqat müəssisəsinə
qəbul edilmişdir. Azərbaycan Dövlət
Elmi Tədqiqat İnstitutu güclü və çoxsahəli
elmi potensiala, müstəqil fəaliyyət dairəsinə,
diqqətçəkən uğurlara nail olsa da, 1932-ci ilin iyul
ayında Moskvanın göstərişi və Azərbaycan
MK-nın (Polonski) qərarı ilə ləğv edilir.
Professor Vəli Xuluflunun rəhbərlik etdiyi bölmənin
bazası əsasında Xalq Maarif Komissar-lığının
29 iyul 1932-ci il tarixli qərarı ilə əsasən
təhsil yönümlü Azərbaycan Dil, Ədəbiyyat və
Sənət İnstitutu (Az.DƏSİ) təsis edilir. Az.DETİ Dil və Ədəbiyyat
Bölməsinin aspirantları, o cümlədən, Mir Cəlal
Paşazadə yeni yaradılmış Az.DƏSİ-yə
köçürülür. Lakin bu institut da
uzun müddət fəaliyyət göstərə bilmir.
Professor Vəli Xuluflunun direktor, sənətşünas,
professor Pyotr Fridolinin tədris hissə müdiri işlədiyi,
Hüseyn Cavid, Əli Nazim, İdris Həsənov, Qulam
Bağırzadə, Abdulla Tağızadə və b. görkəmli
ziyalıların çalışdığı elm və təhsil
ocağı 1932-ci il dekabr ayının 22-də ləğv
edilir, bu qurumun bütün əmlakı yeni yaradılan
SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan
Bölməsinə (Az.OZFAN) təhvil verilir, aspirantları isə
Ali Pedaqoji İnstitutun müvafiq şöbəsinə
köçürülür. Mir Cəlal
Paşazadə 1934-cü ilin yazında (Bu tarix bəzi sənədlərdə
təhrif olunaraq 1935-ci ilə aid edilir - A.R.) APİ-nin aspiranturasını əla qiymətlərlə
bitirdiyinə görə institutun rəhbərliyi tərəfindən
qiymətli hədiyyələrlə təltif olunur və
burada müəllim vəzifəsində saxlanılır.
Professor Vəli Xuluflu hələ Az.DETİ-nin
aspi-ranturasına daxil olanda (1931) diqqətini cəlb edən,
uğurlarını fərəh hissi ilə izlədiyi Mir Cəlalı
1934-cü ilin noyabr ayında Az.OZFAN-ın tərkibində fəaliyyət
göstərən Azərbaycan Şura Ensiklopediyasına
işə dəvət edir. AŞE-nin elmi katibi V.Xuluflunun 15
noyabr 1934-cü ildə (M.C.Paşayevin AŞE-yə qəbul
olunduğu tarix) imzaladığı 35 saylı əmrdə
göstərilirdi ki, Mir Cəlal Paşayev bu il noyabr
ayının 14-dən üç yüz manat əməkhaqqı
ilə AŞE-nin terminlərlə iş üzrə mütəxəssis
vəzifəsinə təyin edilir. Bu əmr ədibin
akademiya sisteminə daxil olduğu tarixi təsdiqləyən
ilk sənəddir.
Az.DETİ-nin aspiranturasında onunla eyni vaxtda (1931-1932)
oxuyan Heydər Hüseynovun 1936-cı ildə SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının Ensiklopediya və
Lüğətlər İnstitutuna (ELİ) direktor təyin
edilməsi Mir Cəlalın fəaliyyətində müsbət
dəyişikliyə səbəb oldu. O, səmərəli işinə və
təşkilatçılıq bacarığına görə
terminlərlə iş üzrə mütəxəs-sislikdən
elmi işçi, daha sonra isə ədəbiyyat şöbəsinin
müdiri vəzifəsinədək irəli çəkildi.
M.C.Paşayev 1934-cü ilin noyabrın 14-dən 1939-cu il fevral ayının 5-dək böyük həvəslə
Ensiklopediya və Lüğətlər İnstitutunda
çalışmışdır. Amma təəccüblüdür
ki, böyük ədibin dörd ildən çox Ensiklopediya və
Lüğətlər İnstitutunda göstərdiyi fəaliyyət
onun haqqında yazılmış bir sıra monoqrafiyalarda
öz əksini tapmamışdır.
Mir Cəlal Paşayevin Ensiklopediya və Lüğətlər
İnstitutundan çıxmasının səbəbləri
yaranmış mövcud maliyyə böhranı, bu elmi-tədqiqat
ocağında fəaliyyətin zəifləməsi və bir
sıra obyektiv zərurət ilə şərtlənsə də,
çox güman ki, ən başlıca qayə - böyük
elm yolları ilə ədəbiyyatşünaslıq məbədinə
doğru addımlamaq arzusu olmuşdur.
Heydər
Hüseynov Ensiklopediya və Lüğətlər
İnstitutunun rəhbəri olmaqla yanaşı, 1939-cu ilin
yanvar ayının 1-dən Az.FAN Rəyasət Heyə-tinin qərarı
ilə Nizami adına Ədəbiyyat və Dil İnstitutunun da
yarım ştat (0,5) direktoru təyin
edilmişdir. O, 1939-cu il 4 fevral tarixli Az.FAN Rəyasət Heyətinin
sədr müavini Əhəd Yaqubova ünvanladığı
məktubda yazırdı: "Ensiklopediyada işlərin
müvəqqəti dayandırıldığına görə
Ensiklopediya və Lüğətlər İnstitutu Ədəbiyyat
şöbəsinin müdiri Mir Cəlal Paşayev
yoldaşın Nizami adına Ədəbiyyat və Dil İnstitutuna
köçürülməsi üçün sərəncam
verməyinizi Sizdən xahiş edirəm".
H.Hüseynovun müraciəti özünü çox
gözlətmədi. Ertəsi gün, fevralın 5-də Az.FAN
Rəyasət Heyətinin iclasında müraciətə
baxıldı. Seçim çox dəqiq
idi. Fəaliyyət meydanını
genişləndirməyə çalışan Ədəbiyyat
İnstitutuna istedadlı, gənc, böyük potensiala malik
bir ədəbiyyatşünas göndərilirdi. Az.FAN Rəyasət
Heyətinin 1939-cu il 5 fevral tarixində keçirdiyi 8 saylı
protokolda yazılırdı: "Ensik-lopediya və Lüğətlər
İnstitutu Ədəbiyyat şöbəsinin müdiri Mir Cəlal
Paşayev yoldaş bu ilin fevralın 5-dən aylıq əməkhaqqı
700 manat olmaqla Nizami adına Ədəbiyyat və Dil
İnstitutuna böyük elmi işçi vəzifəsinə
köçürülsün. Sədr - Yaqubov Ə.Ə.
Katib - Ostrouxov N.N."
Onu da
vurğulamağa ehtiyac duyulur ki, Heydər Hüseynov 26 fevral
1939-cu il tarixli, 32 saylı əmri ilə fevralın 16-dan Ədəbiyyat
şöbəsinə müvəqqəti müdirliyi Ədəbiyyat
İnstitutuna yenicə daxil olan Mir Cəlal Paşayevə həvalə
etmişdir. Doğrudur, müvəqqəti
şöbə müdirliyi uzun sürməsə də, bu fakt
gənc Mir Cəlal üçün onun elmi-təşkilatçılıq
imkanlarından xəbər verən sevindirici hadisə idi.
Nizami adına Ədəbiyyat və Dil İnstitutuna
qəbul edildikdən dörd ay sonra böyük ədibin fərdi
iş planı ilə bağlı hazırladığı
yarımillik hesabat Akademiya sistemində yaradıcı əməyə
yeni baxışların təzahür forması olmaqla
yanaşı, nümunə etiketidir. Ədəbiyyatşünaslıq
sahəsində görülən nəhəng işlərin
miqyasını təsəvvür etmək üçün də
Mir Cəlal Paşayevin hesabatı müqayisə
baxımından yetərlidir: O yazır: "Ədəbiyyat
şöbəsinə (Yarımilliyin yekunları haqqında məlumat).
1939-cu ildə plana görə mən 1. Haqverdiyevin prozaçılığını
çapa hazırlamalı; 2.
Füzulinin poetik xüsusiyyətlərini
yazmalı idim.
İyunun 15-nə qədər Haqverdiyevin əsərlərinin
prozaçılığını kommentariyası ilə bərabər
hazırlayıb, şöbəyə təhvil vermişəm. Plandankənar
Füzulinin I cildini resenziya etmişəm. Dissertasiya
temasının əsas materiallarını (Füzulinin
divanını) oxumuşam, qeydlər götürmüşəm.
Məzuniyyətdən sonra qalan üç ayda (X-XII)
temamı yazıb qurtaracağam. İnstitutun elmi işçisi:
Paşayev Mir Cəlal".
Bir elmi işçinin qısa müddət ərzində
bu qədər ağır və əhatəli işi öz
üzərinə götürməsi, həm də müxtəlif
mövzularda elmi-tədqiqat planını uğurla yerinə
yetirməsi ciddi və mötəbər ənənənin
mövcudluğundan xəbər verməklə yanaşı, Elmlər
Akademiyasında çalışanlar üçün də
örnək sayılmağa layiqdir.
(Ardı var)
Asif RÜSTƏMLİ
AMEA Nizami adına
Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2019.- 15 yanvar.- S.6.