Xeyirlə Şərin mübarizəsi yeni təqdimatda
GƏNC
TAMAŞAÇILAR TEATRININ SƏHNƏSİNDƏKİ
"DON KİXOT" VƏ "PƏRİ CADU" HAQQINDA TƏƏSSÜRATIM
"DON
KİXOT" - QƏHRƏMANLIQ HAQQINDA
İnsanlara xoşbəxlik bəxş
etmək, dünyanın
Şər üzü
ilə vuruşmaq, xeyirxahlıq etmək keçmiş cəngavərlik
nağıllarının, hekayələrinin
əsas məğzi idi. Bu mövzu istər Şərq, istər Qərb mədəniyyətinin onurğa
sütunu olub.
Yaşadığı şəhərlərin qeydinə
qalan, o şəhəri
qoruyan minlərlə qəhrəmanlar uydurulub. Əbədi mübarizəyə
həsr olunmuş bu əhvalatlar təkcə ədəbiyyatın
yaddaqalan nümunələri
olmaqla qalmayıb, həm də digər sahələrdə
- teatrlarda, klassik musiqilərdə, poeziyada da özünəməxsus
yer tutub. Bütün dövrlərdə bu cür hekayələr, macəra ədəbiyyatı
adamlara motivasiya verib, onları yenidən öz işlərinə, həyatlarına
həvəsləndirib. Avropanın sənayeləşməsi dövründə,
burjua inqilablarının
başlandığı ərəfələrdə,
ya da məşhur
xaç yürüşləri
zamanı cəngavərlik
mətnləri yaranmaqda,
inqilab, yürüş
iştirakçılarına inam və həvəs
qatmaqda idi. Orta Şərqdə sürətlə
imperiyaların bir-birini
əvəzlədiyi, tarixin
hər gününün
önəmli bir hadisəyə çevrildiyi
zamanlar o isti döyüşlərin qəhrəmanlarının
adı, igidliyi xalqın dilində əzbərə çevrilər
və insanlar öz qəhrəmanına
hekayələr, dastanlar
qurardı.
Yazılı ədəbiyyat o dövrlərdə,
demək olar ki, bu mətnlərdən
təsirlənirdi. Müəlliflər keçmiş dastanları,
əfsanələri yenidən
işləyir, yeni janrlarda da bu
mövzunu qabartmaqdan, kütləyə cəngavər
döyüşlərindən danışmaqdan doymurdular.
Realizm cərəyanın
hakim olduğu dövrlərdə
bu hekayələrin yerini əzilən, sənayenin və kapitalın qurbanına çevrilən aşağı
təbəqə adamları
haqqında romanlar tutsa da, modernizmin
özüylə gətirdiyi
absurd, sürreal, metafizik
qatda əsərlər
yazılsa da, təməl nöqtədə
yenə də qədimdən də qədim missiyanın - Xeyirlə Şərin mübarizəsini nağıl
etmək missiyasının
yazıçıların şüuraltında
qalmasının şahidi
olduq. Postmodern sənətdə isə bütün sahələr
- ədəbiyyat, rəssamlıq,
musiqi, teatr - yenidən keçmişə,
daha keçmişə
qayıdıb o nağılların,
o əfsanələrin məzmunlarına,
hətta bəzən birəbir mətnlərinə
söykədilər kürəklərini.
Yeni dövrün ən məşhur romançıları hələ
də "Min bir gecə" nağıllarından
tutmuş, "Robin Qud"
əhvalatına kimi bütün qəhrəmanlıq
və macəra mətnlərini yenidən
işləyirlər.
"SƏN
YANMASAN, MƏN YANMASAM..."
Gənc Tamaşaçılar Teatrının
səhnəsində izlədiyim
"Don Kixot" məni
bir anlıq uşaq yaşlarıma apardı. O vaxtı mən nə Servanteslə tanış
idim, nə də Lamançlı Don Kixotla. Televeziya ekranlarında bu
hekayənin cizgi filmi verilirdi, çox seriyalı, gülməli, bəyaz rəngin tez-tez gözümü ağrıtdığı,
amma bir saat məni tamamilə bu dünyadan ayırıb başqa bir zamana atan cizgi
filmi idi. İllər sonra yenidən Don Kixotu və balacaboy Sanço Pansanı görmək üzümdə xəfifdən
bir təbəssüm
yaratdı. Oxuduğu kitablardan
təsirlənib dünyanın
hələ də cəngavərlərə ehtiyac
duyduğunu düşünən
və özünü
bu amala fəda etməyi düşünən yaşlı
Lamançlı dillərə
düşür. Tamaşa
boyunca "cəngavərlik
dövrü bitib, o isə hələ də qəhrəmanlıq
etmək istəyir"
ifadəsi bir neçə dəfə təkrarlandıqca, saf, xeyirxah qocanın düşdüyü yolun
bir az
da çətinliyini xatırlayırdım. O, sonuncu
qəhrəman idi. Onun yaradıcısı Servantes
ədəbiyyatın sonuncu
zirehli geyimli, qalxanlı, at üstündə
şəhərlər gəzən
qəhrəmanını yaratmışdı.
Tamaşaya baxanda zehnimdə Nazim Hikmətin o məşhur misraları dolanırdı:
"Sən yanmasan, mən yanmasam, necə çıxar aydınlığa qaranlıqlar?!"
"Sən" Sanço
idi, "mən"
Don Kixot. Çətinə düşənlərin, zalımın əlində
olanları xilas etmək üçün yola düşmüşdülər.
Əsər tamaşada daha
çox diktə edirdi, nəinki mənim uşaq yaddaşımda qalmış
filmdə. Baş
qəhrəmanları oynayan
Qurban İsmayılov və Şövqi Hüseynov ilk dəfə əsərlə tanış
olanlar üçün
tamaşanı ustalıqla
təqdim etdilər. Zaldan çıxanda da tamaşaçıların aktyorlar
haqqındakı müsbət
fikirlərini bir-birlərinə
pıçıldamaqlarını eşidirdim. Kitabda olduğu
kimi, tamaşada da əsas ideya
- dünyada ədalətin
və haqqın öz yerini tapması, bunun üçün insanın
özündən daha
çox bütün insanlığı düşünməyi,
"yanmağı" idi.
Yel dəyirmanına qarşı döyüşən
qocanın içindəki
bitməz-tükənməz saf və xeyirxah
hisslər hər yaşda olan tamaşaçı üçün
bir az
da həssas anlar yaratmışdı.
Dulsineya obrazı (Mehriban Hüseynova) tamaşaya lirika qatırdı. Lamançlı Don Kixotun Dulsineyanı axtarması, onun qəsrdə saxlanılmasını
xəyal etməsi tamaşaya ayrı tonda bir rəng
qatırdı. İnsanların Don Kixot və Sanço
ilə zarafatlaşmağı,
Sançonun qubernator olduğu səhnələr
və adamların onu məsxərəyə
salması bizə həqiqətən də cəngavərlik dövrünün
bitdiyini, insanların daha başqa şeylər haqqında düşündüyünü, saflığın və mübarizənin bir qədər (ya da çox) geridə qalmasını xatırladırdı sanki.
Servantes kimi quruluşçu rejissor Bəhram Osmanov da tamaşanın realist qatda
ab-havasını yarada
bilmişdi. Son səhnə isə tamaşaçıda ümid
yeri qoyurdu. Cəngavərlik dövrü bitsə
də, ədalətin
bərqərar olması
üçün tək-tək,
fərd-fərd mübarizə
aparmalı olduğumuzu
yadımıza salırdı.
Aktyor heyətinin
həmişə olduğu
kimi, həvəslə,
yaradıcı, fərqli,
tamaşaçı ilə
kontaktda oynaması tamaşanı daha da sevdirirdi. Mərhəmətin və sevginin əsas mövzu olduğu tamaşanın teatr səhnəmizdə uğurla göstərilməsi
bir tamaşaçı
kimi məni sevindirirdi. Üzərindən uzun müddət
keçəndən sonra
yenidən Don Kixotu və Sançonu izləmək məsum duyğu yaşatdı.
"PƏRİ
CADU" - İBLİSİN MİSSİYASI
İnsanın ondan üstün bir yaradılış olduğunu anlayan İblis Tanrıdan küsür və bundan sonra o, özünü insanlığın məhvinə həsr edir. Tamaşanın əsas ideyası insanın qisas hissinin və səbirsizliyinin onun sonuna gətirib çıxarması, dünyada iblisin yalnız bu yolla qalib olmasını göstərmək idi. Əsərlə ilk tanışlığım zamanı sanki ovsunlanmışdım. Həvəslə izlədiyim növbəti tamaşa idi bu. Alim Qasımovun səsiylə pərdələr açıldı və mistik bir aura səhnədən sıralara - tamaşaçıların üzərinə yayıldı. Quruluşçu rejissoru Nicat Kazımov olan tamaşa qisas almaq həvəsi ilə İblisi çağıran Pərinin bədbin monoloqu ilə başlayır. Səhnə akustikası, dekorlar, musiqi, tryuklar əsərə daha çox həyəcan verir. Tamaşada baş qəhrəman Şərdi. Bu dəfə bütün hadisələr onun və qullarının ətrafında cərəyan edir. Şamama qarı vasitəsiylə xoşbəxt ailələrə nifaq salan İblis bu vəzifəni Pəriyə - artıq Pəri Caduya tapşırır. Növbəti qurbanları isə Elşən Rüstəmovun ustalıqla canlandırdığı odunçu Qurbanın ailəsidi. Qurban var-dövlətə, gözəlliyə, maddiyata vurğun biri kimi təsvir edilir və bu da onun faciəvi sonuna işarədir. Şamama qarı Qurbanın zəifliyini anlayır və onu ailəsindən uzaq salır. Faciə bu ailənin konteksində verilib. Pəri Cadunun tapşırığı ilə əcinnələr bütün yollarla Qurbana onların yanına gəlməsi üçün şərait yaradırlar. Tez-tez dəyişən və mistik atmosferi daha da həyəcanlı edən musiqi parçaları dialoqları izləyir. İblisin hökmü ilə Qurban qatilə çevrilir və meşəyə Pəri Cadunun yanına gəlir. Burada da o, öz nəfsinə, şöhrət hissinə yenilir. Ancaq Ə.Haqverdiyevin müəllifi olduğu mistik-faciədən fərqli olaraq tamaşada Xeyir qalib gəlir. Qurbanın qulaqlarında balaca körpənin, Səlimənin səsləri cingildəyir. O, Pəri Cadunu öldürsə də, özü də bu faciənin bir hissəsinə çevrilir. Tamaşanın sonunda Xeyirlə Səlimə səhnədən keçir.
Nəsrimizin böyük ustadı, Azərbaycan dilinin bədii həllini tapmış yazıçılarımızdan olan Haqverdiyevin Xeyir və Şər mübarizəsinə həsr etdiyi bu faciə günümüzdə də aktuallığını qoruyub saxlayır. İstedadlı aktyor Nicat Kazımov əsəri teatr səhnəsinin uğurlu nümunəsinə çevirməyi bacarıb. Əməkdar artist Kəmalə Hüseynovanın baş rolu oynadığı tamaşada hadisələr yorucu olmayan bir axarla davam edir. Tamaşaçı rəğbətini qazanmış səhnə əsərinin ən maraqlı nüansları tryukların və səhnənin əsas dekoru təşkil edən İblisin hörümçək torunun olduğu anlar idi. Həm azyaşlı uşaqlar üçün, həm gənclər, həm də böyüklər üçün maraqlı tamaşa olduğu sonda zalın alqış səslərinə bürünməyindən bilinirdi. Kulisdə nə qədər çalışıldığı, aktyor heyətinin nə qədər canla-başla hazırlanmağı tamaşanın uğurlu olmasından hiss olunurdu.
XEYİR VƏ ŞƏR
Hər iki tamaşa eyni mövzuya fərqli rakurslardan baxış sərgiləmişdi. "Don Kixot" Xeyirin tərənnümçüsü idisə, "Pəri Cadu"da İblisin bu mübarizədə "rolunu" izlədik. İki klassik əsərin teatr səhnəmizdə uğurlu nümayişi aktyorlar kimi, tamaşaçıları da sevindirdi. Başda ədəbiyyat olmaqla incəsənətin təməl nöqtəsini təşkil edən Xeyirlə Şərin mübarizəsi dünya ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da, teatr səhnələrində də həmişə aktual mövzu olaraq qalacaq.
Rəvan
CAVİD
525-ci qəzet.- 2019.- 15 yanvar.- S.7.