20 illik fəaliyyətə güzgü tutan sanballı tədqiqat

 

 

Yarım əsrdən bəri fəaliyyətini davam etdirən Naxçıvan Dövlət Universiteti yarandığı vaxtdan bu günə kimi çox sayda uğura imza atıb.

 

Qocaman universitetin böyük nailiyyətlərindən biri də Tələbə Teatr Studiyasının yaradılması və onun uğurlu addımları olub. 20 ildir dayanmadan fəaliyyət göstərən Tələbə Teatr Studiyasının qarşısında duran ən çətin məsələlərdən biri həvəskar aktyor heyətinin təşkili olub. Universitetdə təhsil alan tələbələr bir neçə ildən sonra məzun olur, təhsil həyatına yeni tələbələr qədəm qoyurlar. Bu şərtlərlə Tələbə Teatr Studiyasının uğurlu fəaliyyətinin təşkili həqiqətən böyük əzmkarlıq tələb edir. Yarandığı gündən Tələbə Teatr Studiyasına rəhbərlik edən Naxçıvan Dövlət Universiteti teatr və mədəniyyətşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Gülxarə Əhmədova bu işin təşkilində həqiqətən böyük fədakarlıq və əzmkarlıq nümayiş etdirməkdədir. G.Əhmədova 20 il müddətində studiyada hazırlanan, demək olar ki, bütün tamaşaların rejissoru olub.

2017-ci ildə qocaman təhsil ocağı olan Naxçıvan Dövlət Universitetinin 50, 2018-ci ildə isə universitetin nəzdində fəaliyyət göstərən Tələbə Teatr Studiyasının 20 illiyi tamamlandı. 2018-ci ilin dekabr ayında nəşr olunmuş "Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası - 20" kitabını sözün əsl mənasında yubiley hədiyyəsi hesab etmək olar. Həmmüəllifləri - Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu teatr və musiqi şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Teatr Xadimləri və Jurnalistlər Birliyinin üzvü, NDU teatr və mədəniyyətşünaslıq kafedrasının müəllimi Ələkbər Qasımov və studiyanın rəhbəri Gülxarə Əhmədovanın birgə əməkdaşlığı sayəsində reallaşan kitab bütün dolğunluğu ilə studiyanın fəaliyyətini işıqlandırmışdır. "Avropa" nəşriyyatında çap olunmuş 144 səhifəlik kitab ön söz, giriş, əsas mətn, ədəbiyyat siyahısı, fotoşəkillər və bioqrafik məlumatdan ibarətdir. Kitabın elmi redaktoru akademik, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Milli Məclisin üzvü İsa Həbibbəyli, rəyçisi sənətşünaslıq üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi İlham Rəhimli, rəssamı Azərbaycan Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvü Fizzə Quliyevadır.

Kitabın ilk səhifəsi Ümummilli lider Heydər Əliyevin sözlərilə başlayır: "Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir".

Tələbə Teatr Studiyasının uğurlu fəaliyyətinin təmin olunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi diqqət və qayğısı mühüm rol oynamışdır. Cənab Vasif Talıbovun vaxtaşırı olaraq ali məktəb teatrının hazırladığı tamaşalara baxması, tələbə aktyor kollektivinə dəstək və tövsiyələr verməsi studiyanı cəmiyyətin diqqət mərkəzinə çəkmiş və bu kollektivin inkişafına təkan vermişdir. Tələbə Teatr Studiyasının fəaliyyətini yüksək dəyərləndirən hörmətli Vasif Talıbovun bu dəyərli sözləri də kitabın ilk səhifəsində əks olunmuşdur: "Azərbaycan universitetləri arasında Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası daha çox uğur qazanan gənc yaradıcı kollektiv kimi diqqəti cəlb edir".

Tədqiqat əsərinin növbəti səhifələrində yer alan "Tələbə Teatr Studiyasının işıqları" başlıqlı ön sözün müəllifi, akademik İsa Həbibbəyli yazır: "Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının ideya müəllifi və elmi məsləhətçisi olmuş bir rektor, eyni zamanda, bir ziyalı kimi ali məktəb teatrının rejissoru, rəssamı, bəstəkarı və tələbə aktyorları ilə birgə işləmək, hər dəfə tamaşaların məsuliyyətini və sevincini yaşamaq mənim tərcümeyi-halımın da unudulmaz anlarını təşkil edib. Tələbə Teatr Studiyası ali məktəbin elmi-pedaqoji və ictimai mühitinin zəngin və cəlbedici mədəniyyət hadisəsidir". Kitabda İ.Həbibbəylinin universitetin rektoru işlədiyi dövrdə Tələbə Teatr Studiyasına qayğısının, onun fəaliyyətinə verdiyi yüksək qiymətin kollektivi daha yeni-yeni nailiyyətlər qazanmağa, uğurlar əldə etməyə həvəsləndirdiyi də qeyd olunmuşdur.

Kitabın "Giriş" hissəsində müəlliflər tədqiqat əsasında Azərbaycanda teatr studiyalarının yaranma və təşəkkül tarixinə, onların ayrı-ayrı inkişaf mərhələlərinə qısa bir nəzər salırlar.

Kitabın Tələbə Teatr Studiyasının fəaliyyətinə həsr olunmuş əsas hissəsində studiyanın 20 il ərzində keçdiyi yol, fəaliyyəti, uğur və nailiyyətləri, həmçinin bu illər ərzində hazırladığı tamaşalar və ədəbi-bədii kompozisiyalar haqqında məlumat verilmişdir.

Naxçıvan Dövlət Univeristeti Tələbə Teatr Studiyasının fəaliyyətə başlaması müstəqillik illərinə - 1998-ci il martın 28-nə təsadüf edir. Tələbə Teatr Studiyasının təsis iclasında studiyaya rəhbərlik o vaxt universitetin müəllimi kimi fəaliyyət göstərən Gülxarə Əhmədovaya tapşırılmışdır. O zamanlar universitetin maddi-texniki bazası bugünkü kimi deyildi. 2011-ci ildən fəaliyyətə başlayan universitetin teatr və mədəniyyətşünaslıq kafedrası da yox idi. Demək olar ki, maddi-texniki baza, tələbə-aktyor heyəti - bunlar hamısı universitetin bazası hesabına yaradıldı və əminliklə demək olar ki, özünü layiqincə doğrulda bildi.

1999-cu ildə Muxtar Respublikanın 75 illik yubiley tədbirlərində iştirak etmək üçün Naxçıvana gəlmiş ölkə Prezidenti Heydər Əliyev Dövlət Universiteti üçün yenicə tikilmiş əsas korpusun açılış mərasimində də olmuş və geniş nitq söyləyərək qırmızı lenti kəsmişdi. Sonra bu münasibətlə studiyanın hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuş və rəğbətlə qarşılanmışdır. Bu çıxışı yenicə yaranmış Tələbə Teatr Studiyasının ilk, məsuliyyətli debütü hesab etmək olar.

Tələbə Teatr Studiyası 1999-cu ilə kimi - ilk tamaşa hazırlanana qədər bir neçə dəfə müxtəlif kompozisiya proqramları hazırlayıb nümayiş etdirmişdi. Studiyanın hazırladığı ilk tamaşa "Beyrəyin taleyi" (müəllif K.Abdulla) olub. Həmin il Muxtar Respublikada da Dədə Qorqudla bağlı əlamətdar tədbirlər keçirilmişdi. Kitabda studiyanın hazırladığı bu tamaşa "Dədə Qorqud" dastanının 1300 illik yubileyinə layiqli töhfə hesab edilmişdi. Əsərin müəllifi (indi Azərbaycan Dövlət Dillər Universitetinin rektoru, akademik) Kamal Abdulla tamaşaya baxdıqdan sonra xoş təəssüratlarını yaradıcı heyətlə bölüşərək tamaşanın işini uğurlu sayaraq, kollektivə yeni-yeni nailiyyətlər arzulamışdı. Studiyanın bu uğuru "Ədəbiyyat qəzeti"nin müxtəlif nömrələrində də əks olunub. Məqalələrdən birindəki teleqramın mətni xüsusilə diqqətəlayiqdir: "Sizi və teatrsevər kollektivinizi alim-dramaturq Kamal Abdullanın "Beyrəyin taleyi" əsərinin uğurlu tamaşasına görə təbrik edir, yeni elmi nailiyyətlər, sənət sevincləri arzulayırıq. Hörmətlə: Həsənağa Turabov, Azərpaşa Nemətov, İlham Rəhimli".

Studiyanın fəaliyyəti növbəti illərdə də uğurlu tamaşaları ilə - "Türkün Atatürkü", "Ölülər", "Anamın kitabı", "Qəribə adam", "Zəncirlənmiş Prometey", "Sarı gəlin", "Boz", "Vaxtsız gələn qonaq", "Emiliya Qalotti" - yaddaqalan olmuşdur. Həmin tamaşaların səhnəqrafiya həllinin də daim diqqət mərkəzində saxlanılması kitabda geniş işıqlandırılır.

Bu illər ərzində Tələbə Teatr Studiyasının əldə etdiyi uğurların təkcə tamaşalarla kifayətlənmədiyini nəzərə alan həmmüəlliflər kitabda kollektivin böyük əməyi olan digər növ ədəbi-bədii tədbirlər haqqında da məlumat vermişlər. Ümumiyyətlə, studiya bu tədbirlərin hazırlanmasında təkcə öz üzvlərilə kifayətlənməmiş, həmçinin, müxtəlif fakültələrlə də əməkdaşlıq etmişdir. Fransız dili ixtisası üzrə tələbələrin "Frankafoniya" bayramlarının təşkili, "Koroğlu", "Dədə Qorqud", "Leyli və Məcnun", "Rəşid bəy və Səadət xanım", "Hacı Qara", "Dərviş Parisi partladır" tamaşalarının fransız dilində səhnəyə qoyulması, ərəb dili ixtisası tələbələrinin "Əshabi-kəhf" əfsanəsinin motivləri əsasında ərəb dilində hazırladıqları eyniadlı tamaşa bu əməkdaşlığın uğurlarıdır.

Naxçıvan Dövlət Universitetində xarici ölkə vətəndaşları da təhsil alırlar. Onların universitetin ədəbi-bədii, musiqili-əyləncəli tədbirlərində iştirakı da diqqət mərkəzində saxlanılır. Bu işi Tələbə Teatr Studiyası da uğurla davam etdirməkdədir. Kitabdan məlum olur ki, studiyanın fəal üzvləri arasında türkiyəli tələbələr üstünlük təşkil etmiş, Türkiyə Respublikasının bayramları və əlamətdar günlərinin qeyd olunmasında onların imkan və bacarıqlarından istifadə olunmuşdur. Belə bir nəcib iş Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun nəzərindən yayınmamış, studiyanın bu istiqamətdəki fəaliyyətini müxtəlif mükafatlarla, diplomlarla və fəxri fərmanlarla layiqincə qiymətləndirmişdir.

Kitabda Naxçıvan Dövlət Universitetinin 40 illik yubiley tədbirləri də xüsusi yer almışdır. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncamı bu ali təhsil ocağının tarixinə qızıl hərflərlə yazılmış, unudulmaz və şanlı səhifələrdən biri kimi qeyd edilmişdir. Həmin anları təsvir edən həmmüəlliflər yazırlar: "Ölkə Prezidenti, xalqın sevimlisi İlham Əliyevin yubiley günlərində universitetə gəlişi bütün kollektivdə ikiqat bayram əhval-ruhiyyəsi yaratmışdı. Tələbə Teatr Studiyası kollektivinin də sevincinin həddi-hüdudu yox idi. Universiteti təmsil edən Tələbə Teatr Studiyasının bütün üzvləri dərk edirdilər ki, onların çox məsul və şərəfli bir yaradıcılıq imtahanı gözləyir. Bayram konsertində bədii qiraət, xor və kamera orkestrinin çıxışları uğurlu alınmış, cənab prezident başda olmaqla rəsmi qonaqların və bütün tamaşaçıların yaddaşında silinməz izlər qoymuş, xoş təəssüratlar oyatmışdır".

Tələbə Teatr Studiyası yarandığı gündən ərsəyə gətirdiyi tamaşalarla məktəb teatrını inkişaf etdirmişdir. Azərbaycanda məktəb teatrlarının formalaşmasında Tələbə Teatr Studiyasının xidmətləri də əvəzsiz töhfələrdən biri olmuşdur.

Elmi və praktiki əhəmiyyətə malik kitab ümumilikdə tədqiqatçılar üçün əvəzsiz mənbə, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının fəaliyyətilə tanış olmaq istəyənlər, teatrsevərlər,  ümumiyyətlə, geniş oxucu kütləsi üçün də olduqca dəyərli bir ərməğandır.

Bu əsərə görə həmmüəllifləri təbrik edir, onlara gələcək fəaliyyətlərində, yaradıcı və elmi işlərində uğurlar, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasına isə yeni nailiyyətlər arzulayırıq.

 

Fizzə QULİYEVA

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri, Azərbaycan Rəssamlar və Teatr Xadimləri ittifaqlarının üzvü

 

525-ci qəzet.- 2019.- 15 yanvar.- S.7.