"Adam doğma yurd sarıdan yetim qalırmış..."

 

65 YAŞI TAMAM OLAN TANINMIŞ XANƏNDƏ ŞAMİL ƏHMƏDOV İNDİ CƏBRAYIL VƏ QARABAĞ HƏSRƏTİNİ MUSİQİYLƏ, ŞEİRLƏ OVUTMAĞA ÇALIŞIR

 

 

16 yanvar tanınmış xanəndə, bir çox sevilən mahnıların müəllifi Şamil Əhmədovun doğum günüdür. Bu gün onun daha bir yubiley yaşı - 65 illiyi tamam olur.

 

Artıq uzun müddətdir, sənətdən uzaqlaşan Şamil müəllim lent yazılarındakı əvəzsiz ifaları ilə indi də dinləyicilərin qəlbini oxşamaqda davam edir.

 

Yubiley ərəfəsində sevənlərinə ondan bir xəbər vermək üçün Şamil müəllimlə söhbətləşdik, gələnlərdən-keçənlərdən danışdıq.

 

Müsahibimiz söhbətimizin əvvəlində özü haqqında kiçik arayış verməyi də unutmadı: 

- Atam da, anam da əslən Cəbrayıl rayonundandır. Atamı o vaxt Füzulinin Qaradağlı kəndinə ferma müdiri göndəriblər. Buna görə də ailəliklə köçüb orada yaşayıblar. Mən də 1954-cü il, yanvarın 16-da həmin kənddə dünyaya göz açmışam. Amma orada çox qalmamışam. 6-7 yaşım olanda indiki Beyləqan rayonunun Şahsevən kəndinə getmişəm. Ora köçməyimin də səbəbi bu olub ki, məndən böyük olan rəhmətlik qardaşım institutu qurtarandan sonra təyinatını ora veriblər, o da orada torpaq alıb yurd salıb, mən də onun yanında qalıb orta məktəbi başa vurmuşam. 1970-ci ildə orta məktəbi bitirib o vaxtkı Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika və Ümumi Texniki Fənlər fakültəsinə daxil olmuşam. Sənət yolum da oradan başlayıb. Elə ali məktəbə daxil olduğum il institutun ansamblına yazılmışam, konsertlərdə çıxış eləmişəm. Ali məktəbə daxil olmaq da məndə bir azar idi. Deyirdim, elə instituta girim. Əslində, sənədlərimi riyaziyyata vermişdim, balım çatmadı deyə, Fizika və Ümumi Texniki Fənlər fakültəsinə daxil oldum. Tələbəlikdə pisdən-yaxşıdan oxuyurdum, sonra 7 il də müəllim işləmişəm. Amma müəllimlikdə özümü tapmadım. İnstitutu bitirdikdən sonra uzun illər Cəbrayılda mədəniyyət şöbəsində "Çinar" mahnı və rəqs ansamblında solist olmuşam. Sənət taleyimdə çox uğurlu hadisələr olub.

- Şamil müəllim, musiqi, sənət eşqi sizdə nəsildənmi gəlir?

- Nəsildən gəlir deyərdim, çünki dayım Aşıq Surxay bizim zonanın ən böyük aşıqlarından olub. Sonralar mənim ifamı dinləyən köhnə kişilər sən demə, uzaqdan deyirmişlər ki, oxuyan Aşıq Surxayın bacısı oğludur. Səsim o dərəcə oxşayırmış.

- Daha oxumursunuz?

- (gülür) O qədər oxuyan var, daha niyə oxuyum ki? Öz məclislərimizdə, dost-tanışın istəyilə bir ağız nəsə oxuyuram, vəssalam.

- Darıxırsınız oxumaq üçün?

- Artıq yox, darıxmıram. Bəlkə beş il öncəyə kimi darıxırdım, amma daha daxırmıram. Bir işin qulpundan otuz il yapışmaq çətindir. Mən iki inək sağan sağıcıya da oxumuşam, min nəfərlik zala da. Cəbrayılda ziyalılardan ibarət "Arazbarı" ansamblı yaratmışdım. "Arazbarı" Azərbaycan Dövlət Televiziyasında dəfələrlə canlı konsert proqramı ilə çıxış edib, dəvətlə məxsusi çıxışları olub. Onda fonoqram-zad yox idi, canlı oxuyurduq. "Arazbarı" ilə çox uğurlarım olub. 1987-ci ildə, Oktyabr İnqilabının 70 illiyi münasibətilə dünyanın əksər dövlət və hökumət başçılarının iştirak etdiyi Kremlin qurultaylar sarayında Azərbaycandan dəvət olunmuş yeganə xanəndə kimi mən çıxış etmişəm. Jak Şirak, Fidel Kastro, Marqaret Tetçer, Reyqan kimi dünya liderlərindən ibarət auditoriya qarşısında çıxış etmək də böyük məsuliyyət idi.

- Bəs indi haralardasınız, nə ilə məşğulsunuz?

- İndi dövr, zaman da başqadır, musiqilər də. Mənim də yaşım keçib. Bundan sonra nə edəcəyəm ki? Dostlarla günümü keçirirəm. İndiyə qədər həyatımı öz bildiyim kimi yaşamışam, indi isə Ramiz Rövşənin şeirləri ilə yaşayıram. Harda məclislərdə oluramsa, dost-tanış arasında onun şeirlərini söyləyirəm, bundan rahatlıq tapıram. Məşğuliyyətim Ramiz Rövşənin kitabıdır, onun şeirləridir. İndi oxumaqdan çox şeir deyirəm. Ramiz Rövşənin şeirləri ilə nəfəs alıram.

- Deyirsiniz ki, musiqilər də başqadır. Gileydirmi bu?

- Giley deyəndə ki, əvvəllər bir Azərbaycan Televiziyası var idi. O televiziya bəs edirdi. İndi isə 8-9 kanal var, amma bəs eləmir, insan istədiyini ala bilmir. Axşama kimi çalıb-oxuyurlar, amma ortada heç bir şey yoxdur. O çalıb-oxuduqları da bir-birinə bəznəyir. Heç baxmağa da bir şey olmur, günümüz kanal dəyişməklə keçir. Divan və televizor (gülürük). Mahnılar da söz də, musiqi də yoxdur. Elə eyni sözlər, eyni musiqilərdir: "Mən səni sevirəm, sən sevmirsən" və sairə. Bizim dövrümüzdə radionu açanda elə ilk cümləsindən kimin oxuduğunu bilirdik: Sara Qədimovadır, Xan Şuşinskidir, Süleyman Abdullayevdir... İndi bu aparatlar hər kəsin səsini də bir-birinə oxşadır, adam bilmir ki, bu, kimdir. Fikir verirsinizmi, indi gənc xanəndələrin səsini seçmək olur. Bilirsən ki, bu, Ehtiramdır, İlkindir, Təyyardır, Babəkdir. Amma toyxana müğənniləri, estrada müğənniləri elə bir-birinə oxşayır.

- Keçmişdə necə idi bəs?

- Keçmiş cavanlığımız idi, daha həvəsli, şövqlü idik. Musiqilərin də təmiz vaxtı idi. İndi də, sağ olsunlar, o musiqilərimizi yaşadan cavan uşaqlarımız var. Xanəndələr də var, tar, kamança ifaçılarımız da. İnsan baxıb ürəyi açılır. Hamısı da bir-birindən gözəl oxuyurlar. Amma musiqiyə axışan bu qədər böyük kütlənin içərisində onlar sözünü axıra kimi deyə bilmirlər. Digərləri bir-birinə oxşayan mahnıları ilə bütün efirləri zəbt ediblər. Hərdən cavan xanəndələrimizin ifasını eşidəndə ləzzət alıram, öz gəncliyimi xatırlayıram.

- Sizin ifanızda bir yanğı, nalə var. Hardan gəlir bu?

- Bunu mənə çox adam deyib. Ancaq hardan gəldiyini özüm də bilmirəm. Durub deyim ki, oxuyanda ağlayıram, yox, elə deyil. Amma nə olduğunu bilmirəm. İndi mən çox şey itirmişəm, valideyn, bacı-qardaş, doğma yurd... Bu qədər itkisi olan adamın səsindən nə gözləyə bilərik ki? Tək mən yox, Qarabağdan olan xanəndələrin çoxunun ifasında var bu yanğı. Muğamı oxumağa başlayan kimi Qarabağ gəlib durur gözümüzün önündə. Adamın bütün fikri orda qalır, o təsirdən çıxmır.

- Qarabağsız ömür necə gedir?

- (köks ötürür) Bəlkə də elə "Qarabağ şikəstəsi"ni oxuya-oxuya itirdik torpaqlarımızı. Harda tədbirlər olurdusa, məni çağırırdılar, "Qarabağ şikəstəsi"ni oxuyurdum. Qarabağ heç cür yadımdan çıxmır. Yurd həsrəti yamandır. Ana da, ata da, qardaş da, bacı da, dost da itirmişəm, amma yetim olmamışam. Sən demə, adam doğma yurd sarıdan yetim olurmuş. İllər keçdikcə Cəbrayıla qovuşmaq ümidimiz də azalır. Çox oldu e, bu ayrılıq çox uzun çəkdi. Yurd həsrətində olan adamların çoxu dünyasını dəyişdi. Qalanlar elə bizlərik ki, biz də bu həsrətlə nə qədər yaşayacağıq, bilmirəm. Cavan uşaqlar arasında vətənpərvərləri çoxdur, amma köhnə kişilər, köhnə adamlar bu hissləri daha dərindən duyurdu. Dağda ki doğulub, böyüyür, orada yaşayır, oranın havasını-suyunu udur, onlar bilir yurd nədir, Qarabağ nə deməkdir. Biz burada doğulub-böyüyənlərə Qarabağın, Cəbrayılın nəyini göstərib sevgi umacağıq ki? Şəklini? Gərək Cəbrayılda ayaqyalın gəzəydi ki, torpağı da sevəydi.

- Bildiyimiz qədərilə, özünüz də mahnı mətnləri, musiqiləri yazırdınız. İndi də yazırsınızmı?

- Bəli, ara-sıra yazırdım. Rəhmətlik Məhəbbət Kazımovun "Dur gedək" mahnısının sözləri, "Yuxum çin olmaz" mahnısının söz və musiqisi, "Sarı bülbül, xarı bülbül" mahnısının musiqisi mənimdir. Heç zaman özümə şair, bəstəkar deməmişəm, təb gəlib, yazmışam. Təxminən 10 il öncə elə "525-ci qəzet"də silsilə şeirlərim çap olunub. İndi də ara-sıra şeir yazıram, öz-özümə oxuyuram.

- Sənət adamlarından kimlərlə dostluq edirsiniz?

- Süleyman Abdullayevlə, rəhmətlik Yaqub Məmmədovla, Vahid Abdullayevlə yaxın dost olmuşuq, digər xanəndələrlə də gözəl münasibətimiz vardı. Ədəbiyyatdan Ramiz Rövşən, Vaqif Bayatlı, Rəşad Məcid, Rüstəm Behrudi və digərləri həm sevdiyim şairlər, həm də dostlarımdır.

- 65 illik ömrünüzün, otuz illik sənət taleyinizin ən böyük fərəhi nəyi hesab edirsiniz?

- 1972-ci ilin sonu, 1973-cü ilin əvvəli Berlində keçirilən Ümumdünya Tələbə Festivalında iştirak etmişəm. Azərbaycanın ali məktəblərinin içərisindən yeganə xanəndə tələbə kimi mən çıxış eləmişəm və həmin festivalın laureatı olmuşam. Bir az təvazökarlıqdan uzaq olsa da, qeyd eləməliyəm ki, Azərbaycanda Ümumdünya Tələbə Festivalının yeganə laureatıyam. Ondan sonra Moskvadan qayıdanda mənə qarşı sanki bütün ölkədə münasibət dəyişdi. Mən orda olanda bunu dərk eləmirdim. Moskvada "Vremya" proqramı vardı, Moskva vaxtilə saat 9-da, Bakı vaxtlə isə saat 10-da televizorda nə göstərilir göstərilsin, kəsilirdi, "Vremya" göstərilirdi. Mənim də festivalda növbəm saat 10-a işləmiş gəldi çatdı. Özüm səhnəyə çox rahat şəkildə çıxdım ki, onsuz da bizdə televizorda göstərmirlər, necə oxusam da, azərbaycanlılar qulaq asmayacaq, ruslar da nə bilir, muğam nədir, qüsurlarımı heç kim bilməyəcək. O rahatlıqla sərbəst oxudum. Amma bura qayıdanda gördüm ki, sən demə, birinci konsert olub ki, onu televizorda kəsməyiblər, axıra kimi veriblər və Azərbaycanda, rayonumuzda hamı baxmışdı. Əlbəttə, azərbaycanlı nümayəndə heyətinin Kremlin Qurultaylar sarayında çıxışı heç də balaca iş deyildi. Bütün ölkəyə sədası yayılmışdı. Gələndə mənə qarşı olan diqqətdən özüm də xoşlandım (gülürük).

- Bəs ən böyük peşmanlığınız nədir?

- Cavan vaxtlarımda rəhmətlik Əliağa Quliyev Sabir Mirzəyevlə birgə bizim rayona konsertə gəlmişdi. Mən orda "Çahargah" muğamı oxudum. Əliağa Quliyev nə qədər elədi, hətta iki gün də artıq Cəbrayılda qaldı ki, məni razı salsın, gəlib Bakıda bu muğamı lentə yazdırım, gəlmədim. Kaş ki, o vaxt, səsim əlimdə olarkən bir neçə muğamı yazdıraydım. Düzdü, 10-15 il öncə Qulu Məhərrəmli AzTV-də "Səhər" proqramının baş redaktoru olarkən getdim orda üç-dörd mahnı oxudum, qalan da elə onlar oldu. İndi cəmi 7-8 mahnımın yazısı var. Özüm üstünə düşmədim, getmədim, nədənsə həvəs göstərmədim, heç kimə ağız açmadım. İndi olan-qalan lent yazılarıma şükür edirəm ki, nə yaxşı, heç olmasa bunlar var. Hərdən xəlvətə düşəndə internetdə açıb o lent yazılarımı dinləyirəm, fikirləşirəm ki, yox, elə də pis oxumamışam (gülür).

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 16 yanvar.- S.8.