Bədii qiraətdə təkrarsızlıq

 

ƏMƏKDAR ARTİST AĞALAR BAYRAMOVUN 65 YAŞINA

 

 

 

Şeiri yazmaq qədər onu böyük auditoriyaya təqdim etmək, özündə daşıdığı ruhu insanlara ötürməyi bacarmaq da misilsiz istedad istəyir.

 

Tarix boyu şairlərin öz şeirlərini gözəl səsləndirməsi çox az təsadüf edilən bir hal olub. Buna görə də onların əvəzindən bu məsuliyyətli missiyanı bədii qiraət ustaları üstləniblər. Bədii qiraət özündə bir neçə sənəti birləşdirən sahədir. Qiraət ustası gözəl səs, iti yaddaş və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə və yüksək zövqə malik olmalı, sözün qüvvətini hiss etməyi bacarmalıdır.

Bu gün bu sənəti layiqincə yaşadan, təbliğ və tədris edən sənətkar Ağalar Bayramovun sadəcə adını çəkmək insanların üz-gözünün sevgiylə, məhrəm duyğularla işıqlanmasına səbəb olur. Onun uzun sənət yolunda qazandığı saysız-hesabsız titullarını hələ ki, sadalamadan sadəcə adını çəkməyim heç də təsadüfi deyil. Çünki Ağalar Bayramov bəzəksiz-düzəksiz, titulsuz, sadə adıyla neçə on illiklərdir ki, insanların könlündə ən yüksək taxtını qurub. Sonralar qazandığı yüksək titullar isə əlbəttə, dövlətimizin onun sənətinə, zəhmətinə göstərdiyi sayğının, dəyərin nümunəsidir.

Bu gün yubileyini qeyd etdiyimiz sənətkarımızın həyat və yaradıcılıq yoluna qısaca nəzər salmaq onun bu sənətdə heç də təsadüfi olmadığını, alnının təri, əlinin zəhməti ilə bu yerlərə qədər gəlib çıxdığını bir daha sübut edir:

Ağalar Xanlar oğlu Bayramov 1954-cü ilin yanvar ayının 16-da Ucar rayonun Boyat kəndində anadan olub. Valideynlərini erkən yaşda itirdiyinə görə onu nənəsi böyüdüb. 1961-1971-ci illərdə orta məktəbdə, 1971-1972-ci illərdə isə Göyçay texniki peşə məktəbində təhsil alıb.

1972-1974-cü illərdə Göyçayda işləyib, 1974-cü il mayın 31-də hərbi xidmətə yollanıb. Krasnoyarskda keçən hərbi xidmətini 1976-cı ildə başa vuraraq əsgərlikdən Ucara qayıdan A.Bayramov, nənəsi rəhmətə getdiyindən, artıq rayonda qala bilmir, 6 ay sonra Bakıya yollanır. Bakıda fəhləlik edib pul qazanan aktyor əvvəlcə sənədlərini Bakı Dövlət Universitetinin "Filologiya" fakültəsinə verir, lakin qəbul ola bilmir. 1979-cu ildə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə bitirərək, özfəaliyyət dram rəhbəri ixtisasına yiyələnir.

Aktyor 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə ailə quran aktyor 1984-cü ildən, hələ institutu bitirmədən rektor, akademik Aslan Aslanovun qərarı ilə institutun "Aktyor sənəti" kafedrasında əmək fəaliyyətinə başlayır, bir müddət sonra isə dekan müavini vəzifəsinə təyin olunub. Hələ universiteti bitirməmiş, yəni 1984-cü ildən Tədris teatrında aktyor kimi fəaliyyətə başlayıb, 1991-ci ildən bu günə kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dosent kimi, aktyorlara "Səhnə danışığı" fənnini tədris edir.

1983-cü ildən bu günə qədər Dövlət Teleradio şirkətində bədii qiraətçi-aktyor kimi çalışmaqdadır.

2004-cü ildən DAK-ın qurultaylarında və keçirdiyi tədbirlərində fəal iştirak edib. Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən X (növbədənkənar) Birlik qurultayında Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri seçilib. DAK-dakı fəaliyyətinin başlıca məqsədi parçalanmış vətənimizin bütövlüyünə, Güney Azərbaycanımızın müstəmləkə buxovundan azad olmasına nail olmaqdan, harada çıxış etməsindən asılı olmayaraq, gənc nəsilə Bütöv Azərbaycanın varlığını, keçdiyi keşməkeşli yolları aşılamaqdan ibarətdir.

Aktyor "Oyun", türkçülükdən bəhs edən "Tanrı işığı" və Məhəmməd Peyğəmbərə həsr olunmuş "Adın hikməti" kimi filmlərdə baş rola çəkilib. Onun ssenarisi üzrə çəkilmiş və özünün iştirak etdiyi Aşıq Ələsgər, Məmməd Araz, Fikrət Qoca kimi sənətkarların əsərlərindən ibarət 11 ədəbi tamaşa ("Atamın kitabı", "Zamandan kənarda", "Heç demirsən, Ələsgərim hardadı?", "Qoca bəxtim", "Bilsin Göyçə mahalı", "Elindən xəbərin varmı?", "Ələsgərəm, hər elmdən halıyam", "Dərsi azlar Ələsgərdən dərs  alsın", "Mərd sözün üzə söylər", "Yol ayrıcında  söhbət", "Vətən desin!") televiziyanın Qızıl Fondunda qorunub saxlanmaqdadır.

Ağalar Bayramov yalnız qəlbəyatımlı səsə, gözəl diksiyaya malik sənətkar deyil. O, həm də incə zövqünə, sözə qarşı həssaslığına görə də seçilir.

İfasında ilk şeir Rüstəm Behrudinin "Vətən"i olub. Sənətkar bu günə kimi İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Abbasqulu Ağa  Bakıxanov, Mirzə Ələkbər Sabir, Aşıq Ələsgər, Aşıq Şəmşir, Tofiq Bayram, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Səməd Mənsur, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Abdulla Şaiq, Mikayıl Müşfiq, Hüseyn Cavid, Cabir Novruz, Qabil, Fikrət Qoca, Fikrət Sadıq, Zəlimxan Yaqub, Musa Yaqub, Əjdər Ol, Ramiz Qusarçaylı, Şahmar Əkbərzadə, Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, İslam Səfərli, Antanas Venslava (Litva), Aleksandr Markov, Yevgeni Yevtuşenko (Rusiya), Aoalı Takombayev (Qırğızıstan), Çingiz Aytmatov (Qırğızıstan) kimi söz ustadlarının şeir və hekayələrini, felyetonlarını bədii qiraətində təqdim edib. Xalq şairi Fikrət Qoca demişkən: "Ağalar Bayramov sanki söylədiyi şeirlərin müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən söyləyə bilməz".

Ağalar Bayramovun bədii qiraəti özü başdan-başa tamaşadır - mono tamaşa. Bu tamaşada yanğı da var, həsrət də var, od-alov da var, səmimiyyət də, kövrəklik də, sevinc də, fərəh də, qürur da, cəsurluq da, şücaət də... O, şeirin hər misrasının ab-havasına bürünür. Təkcə səsiylə, görkəmilə deyil, bütün qəlbilə, hərarətilə. Ona görə də tamaşaçı onu dinləyəndə şairin sözlərindən əlavə, qiraətçinin də ruh halını öz qəlbində, ruhunda duyur. Sanki misralar bir səsin sehriylə canlanır, həyat qazanır.

Onun fəaliyyəti yalnız ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Tanınmış qiraətçi mədəniyyətimizi, incəsənətimizi ölkəmizin hüdudlarından çox-çox uzaqlarda - Kanada, İsveç, Almaniya, Gürcüstan, Qazaxıstan, Belçika, İngiltərə, Rusiya, Danimarka, Avstriya, İran, Norveç, Hollandiya və digər ölkələrdə də layiqincə təmsil edib.

1983-cü ildən xalqının verdiyi əbədi ad - bədii qiraət ustası adını şərəflə daşıyan sənətkar, 2001-ci ildə "Qızıl qılınc" mükafatına, 2002-ci ilin 24 dekabrında isə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Onun sənətinə onlarla məqalə, bunun iki misli qədər şeirlər həsr olunub. Onun sənətinə dərin rəğbətlə yanaşan böyük şair Musa Yaqub deyib: "Ağalar şeir deyəndə könlümüz ehtizaza gəlir, onun dilində, onun ifasında elə bil sözümüz də təzədən doğulur. Ağalar şair duyğularının sədasına təzə bir sim qoşur. Sözə təzə bədii rəng vurur. Belə bir sənətçini saxlamaq, qorumaq, qiymətləndirmək bizim mənəvi borcumuzdur".

Şair Əjdər Ol da bu bənzərsiz sənətkarın yaradıcılığını yüksək dəyərləndirir: "Ağalar Bayramov hər zaman öz üzərində işləyən bir sənətkardır… Ağalarda ən çox xoşuma gələn cəhətlərdən biri odur ki, o, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün tədbirlərdə ürəklə iştirak edir və tədbirlərə çox hazırlıqlı gəlir. Onun deməyə hər zaman sözü olur və o sözləri hər zaman yüksək ruhla, müsbət enerjiylə insanlara çatdırır. Ağaları ona görə də çox sevirlər. Onu elə-belə sevmirlər. Sevilib sevmək üçün gərək zəhmət verəsən. Çünki xalqa heç nəyi zorla sevdirmək olmaz. Ağalar istər klassiklərdən, istərsə də müasirlərdən bəhrələnən və Azərbaycan poeziyasını insanlarımıza sevdirən bir sənətkardır. Hər bir insan Azərbaycan poeziyasını sevdirmək hökmündə ola bilməz. Ağalara Allah səs verib, enerji, bitməz poeziya eşqi verib. Belə sənətkarlar da həmişə xalq tərəfindən sevilir. Kim ki, köhnə ehtiyatlarından istifadə eliyərək həmişə sənətini davam etdirmək, səhnələrdə, tribunalarda qalmağı sevir gec-tez insanları bezdirir. Səhnə yeniliyi, təzələnməyi sevir. Ağalar da hər gün dəyişən, inkişaf eləyən, özünü hər zaman formada saxlayan sənətkardır. O, gənc şairlərin də şeirlərinə müraciət edir, onların şeirlərinə də repertuarında yer verir. Bu da onu sübut edir ki, Ağalar həddindən artıq diqqətli insandır, həssas sənətkardır".

Şair Səlim Babullaoğlu deyir ki, Ağalar Bayramov özünəməxsus sənətkarlığı olan bədii qiraət ustasıdır: "Onu təkcə səsi yox, ifa tərzi, şeirə yanaşması, qiraətindəki təbiilik, səmimilik və şirinlik fərqləndirir. Vətənpərvərlik mövzusunda, milli ruhda olan şeirləri səsləndirən zaman isə onun ifasında həm əzəmətli, həm də yanıqlı məqamlar duyulur. Ağalar Bayramovun təqdimatında Məmməd Arazın və Əjdər Olun şeirlərinin səslənməsini xüsusilə bəyənirəm".

Bu gün 65 illik yubileyini qeyd edən sənətkarımıza hələ günlər öncədən təbriklər ünvanlanır, hər kəs sevgilərini, xoş sözlərini çatdırır. Çünki hələ ki, Əməkdar artist kimi təqdim etdiyimiz qiraət ustası çoxdan xalqın artisti, sənətkarıdır. Biz də öz növbəmizdə sənətkarın doğum gününü ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyir, gələcək doğum günündə onu "Xalq artisti" kimi təqdim edəcəyimizə böyük ümidlər bəsləyirik!

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 16 yanvar.- S.7.