Səhnəsiz səhnə aşiqi
Bəlkə də oxuculara qəribə gələr ki, haqqında söhbət açdığım teatr aşiqi Nizami Həmzəyevi səhnəyə bələkdə olanda, 2 aylığında çıxarıblar (Nizami Həmzəyev 12 sentyabr 1943-cü ildə Naxçıvanda doğulub).
Valideynləri - Xalq artistləri Miribrahim Həmzəyev və Zəroş Həmzəyeva Naxçıvan teatrının aparıcı sənətkarları idi. 1943-cü ilin noyabrında “Qaçaq Nəbi” tamaşası oynanılanda orada belə bir mizan vardı: Səlim bəy Nəbiyə göz dağı vermək üçün Həcərin qucağındakı uşağı alıb qayadan dərəyə atır. “Atlan” butafor kukla yox, qundaq uşağı Nizami olub. Həmin tamaşada Qaçaq Nəbini Miribrahim Həmzəyev, Səlim bəyi Rza Məmmədov-Bacıoğlu, Həcəri Zəroş xanım oynayırdılar. Teatrın repertuarının əsas ağırlığını çəkənlərdən ikisi də ər-arvad Həmzəyevlər idi. Ona görə evdə baxan olmadığına görə südəmər Nizamini də məşq və tamaşa zamanı özləri ilə teatra gətirirdilər.
Sonralar Nizami müxtəlif tamaşalarda 3, 5, 7... 15... yaşlarında da çıxış edib. Məktəbli vaxtı daha uğurlu ifası Cəfər Cabbarlının “Sevil” dramının tamaşasında Gündüz rolu olub. Qəribə burasıdır ki, xeyli səhnə təcrübəsi toplamasına baxmayaraq, atası orta məktəbi bitirən oğlunun aktyor olmasını istəməyib. Nizami də inadkarlıq göstərərək başqa ali məktəbə sənət verməyib və buna görə üç il müxtəlif yerlərdə fəhlə işləyib. Ağır işlərin qabar və çapıq nişanəsi indiyə qədər əlinin, ovucunun şırımlarında qalıb.
Nəhayət, 1964-68-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. İstedadlı tələbə olduğuna görə sənət müəllimi Rza Təhmasibin təklifi ilə təyinatını Bakıdakı teatrlardan birinə vermək qərara alınıb. Ancaq Nizaminin “tərsliyi” burada da tutub və deyib ki, mən Naxçıvandan ayrı qala bilmərəm. Təhmasib yaxşı bilirdi ki, Nizami tələbəlik illərində ayda bir dəfə fürsət tapıb mütləq Naxçıvana gedir. Buna görə də çox təkid göstərməyib. Beləliklə, onun təyinatı Naxçıvan teatrına verilib.
Nizaminin yaraşıqlı, cəlbedici səhnə görkəmi, məlahətli davranış tərzi vardı, səliqəli geyimi ilə tay-tuşlarından seçilirdi. Coşqun daxili ehtirasa, dramatik hərəkətlər kompleksə, həssas səhnə duyumuna, daxilən tükənməz enerjiyə malik idi. Aydın və səlis, sərrast və ifadəli danışıq tərzi onun aktyor cazibəsini daha da artırırdı. Səhnə sərbəstliyi 30-40 ilin aktyorlarını da heyran qoyurdu. Buna görə də Nizami Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyor truppasına qəbul edilən gündən teatrın repertuar ağırlığını inam və cəsarətlə çəkən aktyorlardan olub. Qısa müddətdə Cəfər Cabbarlının əsərlərində Eyvaz (“1905-ci ildə”), Bəhram (“Solğun çiçəklər”), Elxan (“Od gəlini”), həmçinin, Polad (“İldırım”, Cabbar Məcnunbəyov), Əli bəy (“Vaqif”, Səməd Vurğun), Fabritsio (“Mehmanxana sahibəsi”, Karlo Qoldoni), Kamal (“Anacan”, Yusif Əzimzadə), Ədalət (“Məhv olmuş gündəliklər”, İlyas Əfəndiyev), Kiçik oğul (“Kor padşah”, Nazim Hikmət və Vera Tulyakova), Nizami (“Məhsəti”, Kəmalə Ağayeva) kimi baş və əsas rollarda uğurlar qazanıb. Tezliklə teatrın aparıcı aktyoru kimi önə çıxıb.
Dramatik aktyor kimi sevilən Nizami Həmzəyevin xalq oyun-tamaşa estetikasına əsaslanan güclü və həssas komediya bacarığı vardı. Mütaliəni çox sevən aktyor milli karnaval estetikasını həssaslıqla mənimsəmişdi və yeri gəldikcə onları da səhnədə məharətlə, oynadığı obrazın xarakterinə uyarlı tərzdə istifadə edirdi. Üzeyir bəy Hacıbəylinin “Məşədi İbad”ındakı Həsən bəyi qroteks dəqiqliyi, Məcid Şamxalov və Zakir Bağırovun “Qaynana”sındakı Əli obrazı satirik-yumoristik çalarları, Anarın “Adamın adamı”ndakı Əyrizadə rolu açıq ironiyası ilə bənzərsiz idi. Dramaturq Şıxəli Qurbanov və bəstəkar Süleyman Ələsgərovun “Özümüz bilərik” operettasında oynadığı Bəbirli personajında aktyor realist ruhlu hiperbola ilə yanaşı, satirik komediyanın müxtəlif çalarlarından peşəkar ustalıqla bəhrələnməklə bu obrazı əvvəlki quruluşlarda oynamış aktyorlardan tamamilə fərqlənirdi. Bəbirlini o qədər gözəl oynamışdı ki, dostları bir müddət onu Murtuzovun (Mirhəsən Mirişli və Əyyub Haqverdiyev) tamaşadakı sözü ilə “Bəbir övladı” deyə çağırıblar.
Nizaminin xasiyyətində rolun xarakterini tapmaq üçün inadkarlıq da vardı və buna görə də tipik səciyyəli personajları oynamağı çox sevirdi. Şair-dramaturq Ramiz Heydərin “Bahar qız” əsəri hazırlananda quruluşçu rejissor Vəli Babayev baş rol Xanı ona verdi, lakin aktyor etiraz edib səhnəyə tamaşa boyu bircə dəfə çıxan Kor çoban obrazını istədi. Onun inadkarlığı yaşlı aktyorlar arasında birmənalı qarşılanmadı. Hətta irad tutub gileylənənlər də oldu ki, institutu yenicə bitirib, ancaq rejissorla söz güləşdirir. Bu narazılıq Nizaminin özünün də qulağına çatmışdı və buna görə obrazı daha təbii və canlı oynamaq üçün ciddi axtarışlar aparırdı. Həmin illərdə Naxçıvanda yaşlı bir kor kişi vardı. Hər gün evdən çıxıb şəhərin Böyük bağına gələr, saatlarla orada əyləşib dincələr, günorta evə qayıdardı. Onu heç kim müşayiət etmirdi, yolu-yolağanı özü fəhmnən, əlindəki ağacın köməkliyi ilə əzbər bilirdi. Nizami günlərlə onun hərəkətlərini müşahidə edirdi. Eyni zamanda, məşqdən sonra teatrda qalır, gözünü bağlayıb lojaya aparan sərt pilləkanlərı çıxıb düşürdü. Elə bu zəhmət və axtarışlarına görə Kor çobanın səhnəyə gəlişi və aktyorun onun yeganə qısa monoloqunu həyacanla, titrəyişli coşqun səslə söyləməsi həmişə alqışlarla qarşılanırdı.
Yaradıcılığının pardaqlanıb formalaşan dövründə Nizami Həmzəyev müəyyən səbəblərə görə aktyorluqdan uzaqlaşıb və şəhər Pionerlər evində, Naxçıvan Mədəniyyət sarayında işləyib, Pedaqoji İnstitutda, Culfa Musiqi Məktəbində dərs deyib. Bir müddət Naxçıvan teatrında direktor kimi çalışıb. 1996-cı ilin fevralından 2004-cü ilin aprel ayına kimi Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri olub. 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilib.
Bütün bunlara baxmayaraq, səhnədən ayrılsa da, aktyorluqdan ayrılmayıb. Hüseyn Cavidin “İblis”ində İblisi, “Topal Teymur”da Əmir Teymuru və İldırım Bəyazidi, “Səyavuş”da Səyavuşu və Keykavusu, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”ında Qacarı, Nəriman Nərmanovun “Nadir şah Əfşar”ında Nadir şahı, Şıxəli Qurbanovun “Sənsiz”ində Tərlanı, Şekspirin “Otello”sunda Otellonu və Yaqonu, “Hamlet”də Hamleti, Şullerin “Qaçaqlar”ında Qoca Mooru və daha neçə-neçə faciə və dramda müxtəlif xarakterli obrazları monotamaşa kimi hazırlayıb və güzgü qarşısında dönə-dönə ifa edib. Səhnə aşiqinin fərdi, yəni “səhnəsiz səhnə” repertuarında klassik və müasir Azərbaycan şairlərinin əsərlərindən ibarət bədii-estetik kompozisiyalar da var. Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şeirlərinin ifasında Nizaminin aktyorluq istedadının lirik-psixolji mahiyyəti daha incə şəkildə özünü büruzə verir.
Nizaminin güclü yaddaşı var və lap uşaqlıq vaxtlarından teatrda gördüyü, şahidi olduğu son dərəcə maraqlı hadisələri dostlarına həvəslə, ürək dolusu sevinclə danışır. Bir neçə dəfə ona təklif eləmişəm ki, ata və anası, eyni zamanda, Naxçıvan teatrının görkəmli sənətkarları Səməd Mövləvi, İsa Musayev, Əyyub Haqverdiyev, Əkbər Qardaşbəyov, Mirhəsən Mirişli, Xadicə Qazıyeva, Firuzə Əlixanova, Sofiya Hüseynova, Roza Cəfərxanova, Baxşı Qələndərli, Vəli Babayev... haqqında xatirələrini yazsın. Çünki bunlar adi xatirtələr deyil, həmin sənətkarların səhnəyə məhəbbətlərinin, geniş mənada Naxçıvan teatrının müxtəlif mərhələlərinin teatrşünaslar tərəfindən təhlil və tədqiqi üçün əvəzsiz xəzinədir. Hər dəfə “sağlıq olsun, baxarıq” deyir. Ancaq yurdumuza təzə il yenicə gələndə Nizami, Moskva Akademik Satira Teatrının direktoru Məmməd Ağayev və mən Şahbuzun Ağbulaq kəndində bir neçə gün Məmmədin yazlıq malikanəsində birlikdə olduq. Onda Nizami xatirələrini yazacağına söz verdi. Bunu da deyim ki, Nizami sözünün ağasıdır, bir halda ki, ağzından razılıq kəlməsi çıxıb, deməli, ona mütləq əməl edəcək.
Əminəm ki, səhnəsiz
səhnə aşiqi Nizami
Həmzəyev teatr xatirələri
kitabını yazıb çapa
hazırlayacaq. Mən də bir dost kimi söz
verirəm ki, həmin kitaba
həvəs və maraqla redaktorluq
edərəm.
İlham RƏHİMLİ
525-ci qəzet.- 2019.- 17 yanvar.- S.7.